Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2476/2024 16.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tovuz Rayon Məhkəməsinin e-2(062)-928/2024 nömrəli mülki iş üzrə qəbul etdiyi 25 oktyabr 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh(bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20.000 manat pulun və 150 manat dövlət rüsumunun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) 01 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh Rayon Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə verərək, ərizənin təmin edilməsini və apellyasiya şikayətinin baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Rayon Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli qərardadı ilə cavabdehin ərizəsi təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Rayon Məhkəməsi “ərizənin təmin edilməməsi” barədə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh müddətin bərpasına dair ərizəsinə müddətin üzürlü səbəbdən ötürülməsinə dair hər hansı sübut əlavə etməmişdir. Cavabdeh həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, həmin qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və şikayəti baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli qətnaməsindən məlumatı olmayıb, həmin dövrdə Bakı şəhərində olduğundan məhkəmə qətnaməsi anasına verilib, anası yaşlı olduğuna görə qətnamənin nə olmasını bilməmişdir. Qətnamədən icra məmurundan sms aldıqda məlumatlı olmuşdur. Borc məbləğindən 16.650 manat ödəniş etmişdir, bununla bağlı sübutları var. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, mülki işin 32-ci vərəqəsində olan poçt xəbərnaməsindən görünür ki, Rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, e- 2(062)-928/2024 nömrəli qətnaməsi 19 aprel 2024-cü ildə cavabdehə rəsmi qaydada verilmişdir(cavabdehin anası imza edərək qətnaməni qəbul etmişdir). Apellyasiya şikayəti isə 26 avqust 2024-cü il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülərək verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Bununla yanaşı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin Məhkəmə hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə olan halda hesab edilməlidir ki, Rayon Məhkəməsi “buraxılmış prosessual müddətin bərpasından imtina” barədə qərardad qəbul etməkdə və həmin qərardaddan cavabdehin verdiyi şikayəti təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, Məhkəmə, Mülki Prosessual Məcəllənin 398-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Tovuz Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 25 oktyabr 2024cü il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2476/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2476/2024
16.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver