Məhkəmə qərarları › İş №2(104)-248/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-248/2025

21.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-248/2025 21.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 2(015)-851/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Məhkəmə kollegiyasına təqdim edilmiş, “Dostluq” firmasının xx.xx.2024-cü il tarixli, 12 saylı məktubundan görünür ki, 2024-cü ilin dekabr ayının 11-dək “Dostluq” firmasına məxsus Ağstafa bazarında vətəndaşlar, fermerlər və sahibkarlar tərəfindən satılan qoyun ətinin 1 kq pərakəndə satış qiyməti 10-12 manat, quzu ətinin 1 kq pərakəndə satış qiyməti 18-20 manat olmuşdur. Qiymətlər vətəndaşlar, fermerlər və sahibkarlar tərəfindən sərbəst qoyulmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat

2. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh ona məxsus heyvanları özbaşına satdığı üçün vurulmuş 10.200 manat ziyanın dəyərinin və məhkəmə üçün ödədiyi 120,60 manat dövlət rüsumu olmaqla 10.320,60 manat məbləğində pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun əmisi oğludur. O, 2023cü ilin mart ayında Ağstafa rayonu Ceyrançöl ərazisində ailəsinə məxsus yatağda Cavabdeh öz heyvanları ilə birlikdə onun heyvanlarını da, saxlayacağını bildirmişdir. Mart ayında cavabdehin istifadəsində olan yatağa 117 baş xırda buynuzlu qoyun vermişdir ki, saxlasın. Bir ildən sonra yəni 2024-cü ilin aprel ayında verdiyi heyvanları cavabdehdən götürsə də, heyvanlardan 12 baş xırda buynuzlu qoyun, 20 baş quzu, 1 baş erkək olmaqla, ümumilikdə 33 baş heyvanı verməmiş, heyvanları yatağa apararkən 3 ədəd erkəyi dəyişərək yerinə başqa erkək qoymuşdur. Sonradan isə erkəyi satan adama heyvanların foto şəklini göndərdiyi zaman bildirmişdir ki, bu onun satdığı heyvanlar deyildir. Erkəkləri dəyişdirmiş, satılmış, yəni ortada heyvanları satmışdir. Bu səs yazısında da, var. Ümumilikdə cavabdehin vurduğu maddi ziyan 10.200 manat təşkil edir. Dəfələrlə cavabdehdən həmin heyvanların qaytarılması və ya onların dəyərinin ödənilməsini bildirsə də, nəticə əldə edə bilməmişdir. Odur ki, dəymiş ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Ağstafa Rayon Məhkəməsinin 2(015)-851/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Z.Rəsulov) iddianın təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı Cavabdeh tərəfindən ona məxsus heyvanların özbaşına satıldığı üçün ona dəymiş ziyanın 10.200 manat olduğunu iddia etsə də, mülki iş materiallarında tərəflər arasında müqavilə bağlanması faktı təsdiq olunmamışdır.

6. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 324.4, 329.2-ci və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

7. Ağstafa Rayon Məhkəməsinin 2(015)-851/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2023-cü ilin mart ayında Ağstafa rayonu, Ceyrançöl ərazisində yatağında cavabdeh (öz doğma əmsioğlu) Cavabdeh öz heyvanlarının saxlanılması və o cümlədən, onun da, heyvanlarını saxlaması üçün ona vermişdir. Elə mart ayında cavabdehin yanında istifadəsində olan yatağa 117,00 ( yüz on yeddi ) baş xırda bunuzlu qoyun vermişdir ki, onları saxlasın. Daha sonra isə 1 ildən sonra, yəni 2024-cü ilin aprel ayında o, verdiyi heyvanları cavabdehdən götürsə də, verdiyi heyvanlardan 12 baş xırda buynuzlu qoyun, 20 baş quzu, 1 baş erkək olmaqla, umumilikdə 33 baş heyvanımı ona verməmişdir. Həmin heryvanları gah canavar, gah ayı yeyib, müxtəlif bəhanələr gətirirək heyvanlarını verməyərək ona maddi ziyan vurmuşdur. Heyvanları yaylağa apararakən aldığı 3 ədəd erkəyi dəyişib yerinə başqa erkəklər qoymuşdur. Sonradan isə erkəyi satan adama heyvanların foto şəkillərini göndərdiyi zamanı bildirmişdir ki, bu onun satdığı heyvanlar deyildir. Erkəkləri dəyişdirmişdir. Ortada onun heyvanlarını satıb yemişdir. O, bu barədə Ağstafa Rayon Məhkəməsində iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmə iclası vaxtı məhkəməyə bildirmişdir ki, o, məhkəməyə iddiaçı ilə bağlı səs yazısı olan disk təqdim etmişdir. Məhkəmə dedi sözləri görməzdən və eşitməzdən gələrək ona reaksiya verməmişdir və məhkəməni davam etdirmişdir, sonradan isə məhkəmə iclası vaxtı onun qardaşı oğlu zəng edərək, qəfil xəstələndiyindən o, məcbur qalıb ki, məhkəmə günü təxir ərzəsi versin. Amma göründüyü kimi, işin baxılma müddətinə xeyli vaxt qaldığı halda hakimin başqa rayon məhkəməsinə hakim təyin olunması və məhkəmənin tələmtələsik təxiri 3 gün sonraya salması bu işin birtərəfli aparılmasıyla yanaşı onun hüquqlarını pozmaqla, onu məcburi surətdə **********-saylı telefon nömrəsi ilə məhkəməyə çağıraraq bu məhkəmə iclasında iştirak etməlisiz deyilmişdir. İş tam araşdırılmamış, diskə baxış keçirilmədən, yəni sübutlar təhlil olunmadan tələm-tələsik birtərəfli qərar verməklə məhkəmə onun birbaşa Konstitusion hüquqlarını pozmuşdur. Telefon səs yazısı danışıqlarından da məlum olur ki, cavabdeh həmin heyvanların verilməməsində maraqlıdır və onları bilərəkdən danmağa çalışır və həmin heyvanlar barəsində açıqlama belə verə bilmir, sonda isə onu nalayiq söyüşlərlə təhqir edir, hətta səs yazısında qeyd edir ki, ona sənədlə heyvanı vermisən (səs yazısı olan disk işə əlavə olunur). Həmin səs yazısında onu təhqir edir, nalayiq söyüşlərə məruz qoyur. Məhkəmə istər qanuna, istərəsə də, ictimai qaydada uyğun olmayan şəkildə onun işinə baxmış, belə ki, iddiaçı kimi, işdə sübut təqdim etmək iddiaçının vəzifəsi olsa da, təqdim etdiyi diskə məhkəmə baxış keçirməyi bəhanə edərək diskə baxış keçirməkdən bilərəkdən yayınmışdır. Hansı ki, həmin disk iddia tələbində ilkin olaraq təqdim edilmişdir. Amma məhkəmə işə birtərəfli qaydada baxaraq sözü gedən qətnaməsini çıxarmışdır. Məhkəmə ümumiyyətlə işin mahiyyətini araşdırmamış maddi hüquq normalarını və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iddia tələbində təqdim edilmiş diskdə olan səs yazısına baxış keçirmədən cavabdehə müəyyən suallar vermədən, o cümlədən, onu təxir verilmiş iş üzrə 3 gün sonra təkrar məhkəməyə çağırıb gətirib, işə tələm-tələsik baxaraq sözü gedən birətəfli qətnaməni çıxarmışdır. Ona görə də, məhkəmənin qətnaməsi ilə razı deyildir, ona görə ki, məhkəmə ümumiyyətlə işin hallarını araşdırmamış, hətta iş materiallarına nəzər belə salmamışdır, işə ümumi əsaslarla yanaşmışdır. Hər bir halda məhkəmə obyektivliyi nəzərə alaraq, ədalətli qərar qəbul etmək üçün təqdim etdiyi sübutu araşdırmalı, yəni səs yazısına qulaq asmalı idi. Amma məhkəmə onun hüquqlarını pozaraq, səs yazısına qulaq asmadan həmin qətnaməni çıxarmışdır.

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayəti ilə uyğun izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, cəmi 117 baş heyvan vermiş və danışığı belə olmuşdur ki, o, yatağıda verəcəkdir. 2023-cü ilin mayında vermiş, 2024-cü ilin aprelində götürmüşdür.12 baş dişi qoyun, balalayan olmuşdur. 22 baş quzu, 1 baş qoyun olmuşdur.Heyvanlar yaylağa gedəndə dağa 107 heyvan yola salmışdır. O, qəbul etmişdir ki, 7 heyvan ölüb. Cavabdeh 95 heyvan qaytarıb, 22 qoyun qalıb.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahat verib bildirmişdir ki, Ceyrançöl qış-otlaq sahəsində yerləşən yatağda heyvanları saxlayan zaman bəzən heyvanlar müəyyən səbəblərdən ölə, yırtıcı heyvanlar tərəfindən parçalana və itə bilir. Tərəfindən heç bir xırda buynuzlu heyvanın satılmamışdır. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçıya 97 heyvan qaytarmışdır. Qoyunların ölməsinin günahkarı o, olmamışdır. Quzunun biri xəstə olmuşdur. Birlikdə 180 manata satıb, aralarında haqqhesab olduğu üçün razılaşmışlar. Yaylağa gedəndə iddiaçı dağa 107 heyvan yola salmış və ona təhvil vermişdir. 10 heyvan isə arıq olduğuna görə dağa yola gedə bilməmişdir. 107 heyvandan 1-ni ayı, 2-ni isə canavar yemişdir. 2-si iddiaçının qardaşının yanında ölmüşdür. 2-ni özü aparmışdır. Dağdan 100 heyvan qayıtmışdır. 1-i yatanda ölmüşdür. O, iddiaçıya 97 baş heyvan qaytarmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

12. Mqddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

13. Maddə. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir

14. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır

15. Maddə 21.1-ci maddəsinə əsasən, müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır:

23. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

24. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

25. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

26. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

27. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

28. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

29. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

30. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin 2(015)-851/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir.

32. Məhkəmə kollegiyasının iclasında tərəflərin qarşılıqlı izahatları və iş materialları müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh doğma əmioğludurlar. İddiaçı 2023-cü ilin mart ayında Ağstafa rayonu, Ceyrançöl ərazisində ailəsinə məxsus yataqda Cavabdeh öz heyvanları ilə birlikdə onun heyvanlarını da, saxlamağı xahiş etmişdir. İddiaçı mart ayında ona məxsus cavabdehin istifadəsində olan yatağa cavabdeh tərəfindən saxlanılması üçün 107 baş xırda buynuzlu vermişdir.

33. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə verilmiş 107-i xırda buynuzlu heyvan yaylağa yola salınmış, 10 baş heyvan arıq olduğu üçün aparılmamışdır. Həmin heyvanlardan 1-ni ayı, 2-ni isə canavar yemiş, 2-si iddiaçının qardaşının yanında ölmüş, 2-ni iddiaçı özü aparmışdır. Dağdan iddiaçıya məxsus 100 heyvan qayıtmışdır. 1-i yatanda ölmüşdür. Cavabdeh iddiaçıya cəmi 97 baş xırda buynuzlu heyvan qaytarmışdır. Göründüyü kimi, cavabdeh iddiaçıdan saxlamaq üçün 107-i baş xırda buynuzlu heyvan təhvil aldığını və həmin heyvanlardan 97 başını qaytardığını, 8 başının müxtəlif səbəblərdən tələf olduğunu qeyd etsə də, 2 baş heyvanın təhvil verilməməsini izah edə bilməmişdir.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfindən heyvanların satılması iş materialları ilə təsdiq olunmur. İş materallarında olan Daşkəsən rayonu, Yuxarı Daşkəsən kənd sakini Şahid2 və X2 tərəfindən verilmiş ərizələrdə “onlar həmin yerdə olan zaman Natiq və Amil arasında münasibətlərin yaxşı olduğunu, Amilin ora gələrək öz xırda buynuzli heyvanlarını işarələyərək getdiyini, həmin yataqdan heç bir ədəd olsun belə heyvan satılmadığını qeyd etmişlər.” Telefon danışığında cavabdehin iddiaçını təhqir etməsi isə mülki işin predmetinə aid deyildir. İddiaçı cavabdeh tərəfindən ona 10.320,60 manat məbləğində ziyan vurulduğunu qeyd etsə də, bu halı təsdiq edən mötəbər sübut məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.

35. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

36. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin 2(015)- 851/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi qismən təmin edilməli, Cavabdeh 2 baş xırda buynuzlu heyvan, bir ədədinin çəkisi 20 kq olmaqla (qoyun), olmadıqları təqdirdə onun hər birinin dəyəri 240 manat olmaqla, cəmi dəyəri 480 (dörd yüz səksən) manat məbləğində pul alınaraq, İddiaçı verilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

Qət etdi :

Ağstafa Rayon Məhkəməsinin 2(015)-851/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 2(015)-851/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2 baş xırda buynuzlu heyvan, bir ədədinin çəkisi 20 kq olmaqla (qoyun), olmadıqları təqdirdə onların hər birinin dəyəri 240 manat olmaqla, cəmi dəyəri 480 (dörd yüz səksən) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə üzrə iddia tələbinin təmin edilməmiş hissəsindən İddiaçı rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə üzrə iddia tələbinin təmin edilmiş hissəsindən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilməz. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar