Məhkəmə qərarları › İş №2(104)-2489/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2489/2023

08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2489/2023 08.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(013)-1985/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 manat pulun və dövlət rüsumu kimi ödədiyi 45 manat pulun, cəmi 2545 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tanıyır, onunla qohumluq münasibətləri vardır, cavabdeh hərbi qulluqçudur. Cavabdeh 2023-cü ilin yanvar ayında ehtiyacı olduğu üçün ona borc verməsini xahiş etmişdir. Cavabdeh ondan əvvəllər də borc alıb qaytardığı üçün onunla razılaşmışdır. Cavabdeh xahişini nəzərə alaraq ona 2500 manat borc pul vermişdir. Cavabdeh pulu hər ay 500 manat qaytarmaqla 2500 manat pulu 2023-cü ilin may ayının sonuna kimi tam qaytamağı söz vermişdir. Cavabdeh öhdəliyini pozaraq qaytarmamışdır. Pulun qaytarılması üçün dəfələrlə Cavabdeh xidmət yerinə müraciət etmiş, cavabdeh komandirinin yanında pulu qaytaracağına söz vermişdir. Cavabdehlə dəfələrlə aralarında telefon danışığı olmuş, mesajlaşmaları olmuş, Cavabdeh ona kart nömrəsi göndərməsini, pulu karta vuracağını bildirmiş və bu barədə ona mesaj da yazmışdır. Cavabdehin borcla bağlı səs yazısı da vardır. Pulunu tələb etməsinə baxmayaraq cavabdeh pulunu qaytarmamışdır. Belə olan halda başqa çıxış yolu qalmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh ona pul borclu olmasını Ağcabədi Rayonu Sarvanlı kəndində yaşayan X1 və rayonun Kəhrizli kəndində yaşayan X2 da təsdiq edə bilərlər. Hesab edir ki, cavabdehdən 2500 manat pul və dövlət rüsumu kimi ödədiyi 45 manatın alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmalıdır. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. Ağdam Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(013)-1985/2023 nömrəli qətnaməsi ilə (hakim E.Bayramov) iddia təmin edilərək, Cavabdeh - 2500 (iki min beş yüz) manat pul və dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 45 (qırx beş) manat, cəmi 2545 (iki min beş yüz qırx beş) manatın tutularaq, İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Ağdam Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(013)-1985/2023 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(013)-1985/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının göstərdikləri yalandır. Belə ki, o iddiaçıdan aldığı pulları geri qaytarmışdır. Onun ailə münasibətləri pozulduğunda görə bu yolla şantaj edilir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və ədalətsizdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İştirakçılıqla bağlı prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahat verib bildirmişdir ki, iddiaçı onun keçmiş arvadının nənəsidir. O, həqiqətən də iddiaçıdan 4000 manat borc pul almış, həmin pulun 1500 manatını köçürmə yolu ilə, 2500 manatı isə iddiaçı onların evində olarkən atasının və anasının yanında qaytarmışdır. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, arvadı ilə 2022-ci il tarixdə münasibətləri pozulmuş və o evdən çıxıb getmişdir. İş materiallarında olan əmisinin səs yazısına münasibətdə isə qeyd edir ki, iddiaçı əmisinə qardaşı oğlunun, yəni onu işdən çıxardıracağını bildirmiş və onu şantaj edəcəyini bildirmişdir. Əmisi də bu səbəbdən iddiaçıya pulu alıb verəcəyini demişdir. Lakin, o əmisinə pulu iddiaçıya qaytardığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verib bildirmişdir ki, cavabdehin göstərdikləri yalandır. Belə ki, məhkəməyə təqdim etdiyi cavabdehlə və onun əmisi Ədalətlə olan olan səs yazılarında pulun geri qaytarılmadığı öz təsdiqini tapır. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instasniya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş iddiaçının cavabdehlə olan WhatsAPP yazışmalarından görünür ki, o iddiaçıya olan 2500 manat borc məbləğinin 1900 manatını Ədalət əmisinə karta köçürməsini deməsini xahiş etmişdir ki, bu yazışma 30 may 2023-cü il tarixdə baş vermişdir. İddiaçı tərəfindən isə cavabdehin əmisinin telefonunda olan WhatsAPP tətbiqinə 01 iyun 2023-cü il tarixdə bank kartının fotoşəkili atmış həmçinin, 600 manatın ödənişinin isə ləngidilməsinin cavabdehə deyilməsi xahiş olunmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş cavabdehin əmisi tətərfindən iddiaçının telefonunda olan WhatsAPP tətbiqinə göndərilmiş səsli mesajdan isə cavabdehin pulu qaytarmadığı aydın olur. Cavabdeh isə iddiaçıya 2500 manat pulu qaytardığını iddia etdə də məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmaqla, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instasniya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Ağdam Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(013)-1985/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(013)-1985/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar