Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-250/2023 31.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(015)-652/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 **********0141 saylı müqavilə üzrə 2.820,28 manat əsas, 82,45 manat faiz olmaqla, cəmi 2902,73 manat, **********0131 saylı müqavilə üzrə 1.444,25 manat əsas borcun və ödənilmiş 63,50 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0141 saylı güzəştli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit alanın vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 2.820,28 manat, eyni tarixli **********0131 saylı müqavilə üzrə 1.537,62 manat qalıq məbləği illik 1% dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. **********0141 saylı kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən isə borclunun bir il güzəşt müddətində hər ay 2,43 manat dörd il müddətində isə hər ay 59,98 manat olmaqla və **********0131 saylı kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən isə borclunun bir il güzəşt müddətində hər ay 1,32 manat dörd il müddətində isə hər ay 32,70 manat bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0141-690355 saylı və **********0131-690355 saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqavilələrinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2022-ci il tarixinə olan maliyyə arayışına əsasən **********0141 saylı müqavilə üzrə 2.820,28 manat əsas, 82,45 manat faiz, borcu olmaqla cəmi 2.557,39 manat borc, **********0131 saylı müqavilə üzrə 1.444,25 manat əsas borcu təşkil etmişdir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(015)-652/2022 saylı qətnaməsi ilə (hakim Z.Rəsulov) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 **********0141 saylı müqavilə üzrə 2.820,28 manat əsas, 82,45 manat faiz olmaqla cəmi 2902,73 manat borcun, **********0131 saylı müqavilə üzrə 1.444,25 manat əsas borcun və ödənilmiş 63,50 manat dövlət rüsumunun tutulması qət edilmişdir. İşdə olan sübutar: İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0141 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, Cavabdeh1 2820,28 manat borc məbləğinin 60 ay müddətinə illik 1 faiz dərəcəsi ödənilməsi razılaşdırılmışdır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********0131 saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, Cavabdeh1 1537,62 manat borc məbləğinin60 ay müddətinə illik 1 faiz dərəcəsi ödənilməsi razılaşdırılmışdır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, həmin kredit müqavilələri üzrə öhdəliyin icrası üzrə zamin Cavabdeh2 borc alan Cavabdeh1 ilə birgə məsuliyyəti müəyyən edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Ağstafa Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(015)-652/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı tam araşdırmamışdır. Halbuki, birinci instansiya məhkəməsi tam araşdırma aparsa idi, ondan artıq pul tələb edildiyini müəyyən edə bilərdi. Buna görə də qətnamənin qismən ləğv edilməsini xahiş etmişdir. İştirakçılıqla bağlı prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı Cavabdeh1 məhkəməyə teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
Birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisələndirilən hissədə, yəni borc məbləğinin cavadbeh Cavabdeh1 tutulmasının əsaslı olub-olmaması hissəsində yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Ağstafa Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(015)-652/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli **********0141 saylı və **********0131 saylı kredit (restrukturizasiya) müqavilələri bağlanaraq, müvafiq olaraq 2820,28 manat və 1537,62 manat borc məbləğlərinin 60 ay müddətinə illik 1 faiz dərəcəsi ödənilməsi razılaşdırılmış, Cavabdeh1 müqavilə üzrə götürdüyü öhdəliyi lazmı qaydada yerinə yetmirməmişdir. Cavabdehin apellyasiya şikayəti qeyri-müəyyən olmaqla, onun konkret olaraq şikayətinin nədən ibarət olması anlaşılan olmamışdır. Lakin, şikayətin mahiyyətindən anlaşılır ki, cavabdeh ondan tutulan borcun məbləği ilə razılaşmamqdadır ki, bu narazılığını da hər hansı bir dəlillə əsaslandıra bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(015)-652/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Ağstafa Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(015)-652/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayət təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(015)-652/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.