Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-250/2024 16.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh nümayəndəsi Vəkil iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5372/2023 saylı mülki iş üzrə 25 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 yanvar 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, 1(100)-34/2022 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2, 32.4, 312.2 və 313-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 2 il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İddiaçı ona dəymiş 160000 manat maddi zərərin ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hökmlə müəyyən olunmuşdur ki, Cavabdeh X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibarından sui-istifadə etmə yolu ilə İddiaçı 160000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 160000 manat pulun və dövlət rüsumu kimi ödədiyi 450 manat pulun cavabdehdən alınaraq, onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Gəncə şəhəri, Nizami rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyərkən 2012-ci ildə Gəncə şəhəri, Yeni Gəncə yaşayış massivində 0,20 ha.torpaq sahəsini onun adına sənədləşdirməklə mülkiyyətinə verəcəyini vəd edərək ondan 100.000 manat pul almışdır. Bundan başqa yuxarıda qeyd edilən həmin ərazidə daha 0.15 ha. torpaq sahəsini onun mülkiyyətinə verəcəyini vəd edərək daha 60.000 manat pul almışdır. Ancaq Cavabdeh vədinə əməl etməmiş, onu aldadaraq ümumilikdə 160000 manat pulunu aldatma yolu ilə ələ keçirmişdir. Cavabdeh haqqında zərərçəkmiş qismində tanındığı, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(100)-34/2022 saylı hökmü ilə Cavabdeh onun etibarından suiistifadə etməklə 160.000 manat pulunu ələ keçirməsi öz təsdiqini tapmışdır. Hökmdə ona dəymiş ziyanın mülki qaydada tələb edilməsi hüququnun olması izah edilmişdir
4. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5372/2023 saylı mülki iş üzrə 25 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Cavabdeh) iddia tələbi təmin edilmiş, Cavabdeh 160000 (bir yüz altmış min) manat məbləğində pulun və ödənilmiş 450 manat dövlət rüsumunun alınaraq, İddiaçı verilməsi qət edilmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5372/2023 saylı mülki iş üzrə 25 sentyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, o, qeyd edilən müddətdə Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin başçşısı olmuşdur. Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin sərəncamı ilə iddiaçıya ziyan dəymişdir. İddiaıya dəymiş ziyan sərəncam vasitəsilə yarandığından cavabdeh qismində Azərbaycan Respublikası çıxış etməlidir. Bundan başqa məhkəmənin istinad etdiyi ittihamda onun X6 ilə əlbir olaraq ziyan vurduğu müəyyən edilmişdir. Bu əsasla yanaşılsa, o zaman onun təkbaşına olaraq qeyd edilən ziyanı ödəmək vəzifəsi istisna edilir.
7. Cavabdeh nümayəndəsi Vəkil apellyasiya şikayətinə əlavə ünvanlayaraq, bildirmişdir ki, məhkəmə digər zərərvuran X4 vurduğu ziyana hüquqi qiymət verməmişdir. Bundan başqa hökmlə müəyyən edilmişdir ki, İddiaçı həmin pulu birbaşa Cavabdeh yox, Müşviq və Firdovsi adlı şəxslərə vermiş, həmin şəxslər isə Əli Rüstəmliyə vermişlər. Qeyd edilən puldan Cavabdeh hansı məbləğin çatması məhkəmə tərəfindən araşdırılmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9.Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Vəkil iştirak etdi və apellyasya şikayətində göstərilənlərə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi vəkil Nümayəndə iştirak etdi və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
11. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
12. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsiri, hüquqa zidd əməldir.
13. Maddə 1097. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
14. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
15. Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar.
16. Maddə 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 17.Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 18.Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 20.Maddə 81.Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
21. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
24.MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. 27.Belə ki, işin hallarından müəyyən edilir ki, hazırki işdə cavabdeh olan Cavabdeh X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibarından sui-istifadə etmə yolu ilə iş üzrə iddiaçı olan İddiaçı 160000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(100)-34/2022 saylı hökmü ilə Cavabdeh iddiaçının etibarından sui-istifadə etməklə 160.000 manat pulunu ələ keçirməsi öz təsdiqini tapmışdır. Hökmdə iddiaçıya dəymiş ziyanın mülki qaydada tələb edilməsi izah edilmişdir. Odur ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmiş, məhkəmə iddia tələbini təmin edərək, cavabdehdən 160000 manat pulun iddiaçının xeyrinə tutulması qənaətinə gəlmişdir. 28.Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərək, qeyd etmişdir ki, həmin məbləğdə pul ona verilməmişdir.
29. Kollegiya şikayətin həmin dəlilini əsassız sayır.
30. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(100)-34/2022 saylı hökmü ilə Məharət X1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibarından sui-istifadə etmə yolu ilə İddiaçı 160000 manat pulunu ələ keçirməsi işin faktiki halı kimi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının MPM-in 82.4-cü maddəsinin tələbinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Ona görə də, kollegiya şikayətin həmin dəlilini əsassız sayır.
31. Cavabdehin apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin sərəncamı ilə iddiaçıya ziyan dəymişdir. İddiaçıya dəymiş ziyan sərəncam vasitəsilə yarandığından cavabdeh qismində Azərbaycan Respublikası çıxış etməlidir.
32. Kollegiya şikayətin həmin dəlilini də əsassız sayır, belə ki, Məharət X2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma və etibarından sui-istifadə etmə yolu ilə, yəni cinayət yolu ilə İddiaçı 160000 manat pulunu ələ keçirmişdir. Bu halda Cavabdeh cinayət əməlinə görə Dövlət cavabdehlik daşımır.
33. Cavabdeh apellyasiya şikayətinin digər dəlili İddiaçı dəyən zərərin X6 ilə birlikdə vurulduğu, buna görə də yalnız onun tərfindən ödənilməli olmadığı barədədir.
34. Kollegiya şikayətin həmin dəlilini də əsassız sayır, belə ki, iddiaçı hazırki iddianı qaldırarkən X5 qarşı heç bir tələb irəli sürməmişdir.
35. Azərbaycan Respublikasının MPM-in 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Həmin Məcəllənin 51.3-cü maddəsinin tələblərinə görə, başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
36. Qeyd edilən prosessual qanun normalarının mətn və məzmunundan belə nəticə müəyyən edilir ki, iddiaçının yazılı razılığı olmadan başqa cavabdehin işə məhkəmə tərəfindən cəlb edilməsinə yol verilmir. Ona görə də kollegiya şikayətin həmin dəlilini də əsassız sayır.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətlərində göstərilmiş xüsusatları araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir.
38. Beləliklə, məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-5372/2023 saylı mülki iş üzrə 25 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-5372/2023 saylı mülki iş üzrə 25 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, onun tərərflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir