Məhkəmə qərarları › İş №2(104)-250/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-250/2025

15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-250/2025 15.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı, nümayəndəsi (vəkili) Vəkil2, Cavabdeh və nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1149/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Qazax Rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Qazax RPŞ-də heç bir araşdırma material yoxdur.

2. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(088)-04/2018 nömrəli hökmünün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 313 və 320.2-ci maddələri ilə ona elan olunmuş ittihamlar üzrə cinayət məsuliyyətindən azad edilməsi və həmin hissələrdə cinayət işi üzrə icraata xitam verilməsi, İddiaçı X1 483 manat ziyan vurulması epizodu üzrə əməlində cinayət tərkibi əlaməti olmadığından həmin hissədə cinayət işi üzrə icraata xitam verilməsi, İddiaçı CM-nin 178.3.2-ci maddəsi ilə verilmiş ittiham ittihamdan xaric olunması, İddiaçı Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 308.2-ci maddələri ilə təqsirli bilinsin. Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 46.2-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının CMin 308.2-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş həmin cəzaları qismən toplamaq yolu ilə və əsas cəzaya əlavə cəza birləşdirilməklə İddiaçı qəti olaraq 2 (iki) il müddətə dövlət orqanlarında və yerli özünü idarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 4 (dörd) il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, İddiaçı cəzasın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, İddiaçı cəzaçəkmə müddətinin başlanğıcı onun həbs edildiyi 10 iyul 2015-ci il tarixdən hesablanması Azərbaycan Respublikasının CM-nin 46.3-cü maddəsinə əsasən əlavə cəza əsas cəzanın çəkdiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza üçün müəyyən edilmiş 2 (iki) il müddətə şamil edilməsi İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 583 əyyarlı, ümumi çəkisi, 45.8 qram olan boyunbağı və qolbağı dəstini- 4.580 (dörd min beş yüz səksən) manat dəyərində, 4 ədəd 583 əyyarlı, ümumi çəkisi 88.7 qram olan boyunbağı və qolbağı dəstini-8.870 (səkkiz min səkkiz yüz yetmiş) manat dəyərində, 583 əyyarlı, ümumi çəkisi 30 qram olan bir ədəd boyunbağı, iki ədəd üzük və iki cüt sırqa - 3.000 (üç min) marıat dəyərində, 1 cüt 583 əyyarlı, çəkisi 10 qram olan sırqa- 1.000 (bir min) marıat dəyərində, 583 əyyarlı, ümumi çəkisi 300 qram oları bir ədəd “Yolka formalı boyunbağı və qolbağı dəstini, iki ədəd Mafyoz” boyunbağı, bir ədəd uşaq qolbağı və sırqa-üzük- 30.000 (otuz min) manat dəyərində, 1 ədəd 583 əyyarlı, ümumi çəkisi 97 qram olan “Mafyoz” boyunbağı- 9.700 (doqquz min yeddi yüz) manat dəyərində, 583 əyyarlı, ümumi çəkisi 130 qram olan iki ədəd boyunbağı, iki ədəd qolbağı və iki ədəd üzük- 13.000 (on üç min) manat dəyərində, 583 əyyarlı, ümumi çəkisi 66.2 qram olan bir ədəd “Qoza” formalı boyunbağı, bir ədəd “Mafyoz” formalı boyunbağı və bir ədəd “Moruq” formalı boyunbağı 6.620 (altı min altı yüz iyirmi) manat dəyərində, 2 ədəd 750 əyyarlı, ümumi çəkisi 11.5 qram olan birliyant qaşlı üzük- 1.667 (bir min altı yüz altımış yeddi) manat dəyərində, 1 ədəd 583 əyyarlı, ümumi çəksi 27 qram olan “Yolka formalı boyunbağı - qiyməti 2.700 (iki min yeddi yüz) manat dəyərində, 1 ədəd 583 əyyarlı, ümumi çəkisi 35 qram olan “Yolka” formalı boyunbağı - 3.500 (üç min beş yüz) manat dəyərində, 750 əyyarlı, ümumi çəkisi 71 qram olan boyunbağı, qolbağı, (1 cüt) sırqa və üzük dəstini- 10.295 (on min iki yüz doğsan beş) manat dəyərində, 583 əyyarlı, ümumi çəkisi 56 qrarı olan iki ədəd boyunbağı və bir ədəd qolbağı dəstini - 5.600 (beş min altı yüz) manat dəyərində, 1 ədəd 583 əyyarlı, ümumi çəkisi 45 qram olan “Yolka” formalı boyunbağını- 4.500 (dörd min beş yüz) manat dəyərində, həmin qızıl - zinət əşyası olmadıqda isə onların ümumi dəyəri olan 105.030 (bir yüz beş min otuz) manat məbləğində pulun və 395.30 (üç yüz doxsan beş manat 30 qəpik) manat məbləğində ödənilmiş məhkəməyə dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh Qazax rayonunda ən tanınmış sələmçi kimi tanımışdır. Təxminən 2013-cü ilin əvvəllərində ona pul lazım olduğundan o, Cavabdeh yaşadığı ünvana getmiş və ona, qızıl-zinət əşyaları qoyaraq faizlə pul götürmək istədiyi bildirmişdir. Cavabdeh tanış olduqdan sonra ona faizlə pul verməyi razılaşmışdır. O, ona ayrı-ayrı vaxtlarda adları əyyarları və çəkiləri ilə qızıl-zinət əşyalarının hər bir qramını 20 manatla hesablayaraq girov qoymuş və ondan 21000 manat pul almışdır. Həmin qızıl zinət əşyaları: 583 əyyarlı, ümumi çəkisi 45.8 qram olan boyunbağı və qolbağı dəstini.4 ədəd 583 əyyarlı, ümumi çəkisi 88.7 qram olan boyunbağı və qolbağı dəstini. 583 əyyarlı, ümumi çəkisi 30 qram olan bir ədəd boyunbağı, iki ədəd uzuk və iki cüt sırqanı. 1 cıt 583 əyyarlı, çəkisi 10 qram olan sırqa. 583 əyyarlı, ümumi çəkisi 300 qram olan bir ədəd “Yolka” formalı boyjnbağı və qolbağı dəstini, iki ədəd “Mafyoz” formalı boyunbağı, bir ədəd uşaq qolbağı, bir cüt sırqa və bir ədəd üzük, 1 ədəd 583 əyyarlı, ümumi çəkisi 97 qram olan “Mafyoz” formalı boyunbağını. 583 əyyarlı, ümumi çəkisi 130 qram olan iki ədəd boyunbağı, iki ədəd qolbağı və iki ədəd üzük. 583 əyyarlı, ümumi çəkisi 66.2 qram olan bir ədəd “Qoza” formalı boyunbağı, bir ədəd “Mafyoz” formalı boyunbağı və bir ədəd “Moruq” formalı boyunbağını. 2 ədəd 750 əyyarlı, ümumi çəkisi 11.5 qram olan birliyant qaşlı üzük. 7 ədəd 583 əyyarlı, ümumi çəkisi 27 qram olan “Yolka” formalı bovunbağı. 1 ədəd 583 əyyarlı, ümumi çəkisi 35 qram olan “Yolka” formalı boyunbağını. 750 əyyarlı, ümumi çəkisi 71 qram olan boyunbağı, qolbağı, bir cüt sırca və üzük dəstini. 583 əyyarlı, ümumi çəkisi 56 qram olan iki ədəd boyunbağı və bir ədəd qolbağı dəstini. 1 ədəd 583 əyyarlı, ümumi çəkisi 45 qram olan “Yolka” formalı boyunbağından ibarətdir. Qeyd olunan 583 əyyarlı qızıl-zinət əşyalarının ümumi çəkisi 930,7 qram və 750 əyyarlı qızıl-zinət əşyalarının ümumi çəkisi 82,5 qram olmuşdur. O həmin gündən xx.xx.2015-ci il tarixinə kimi hər ay sələm pulu vermişdir. Sonradan isə, üzürlü səbəbdən bir neçə il sələm pulu verə bilməmişdir. Bir neçə ildən sonra, yəni 2019cu ilin may ayından başlayaraq təxminən son 2 il 5 ay bundan əvvələ kimi cavabehə sələm pulu verməmişdir. O, təxminən 2 il, 5 ay bundan əvvəl Nadir adlı şəxslə Cavabdeh yaşadığı ünvana getmiş və ona olan axırıncı borcunu ona vermişdir. Həmin vaxt o, Cavabdeh ona girov kimi verdiyi qızıl-zinət əşyalarını, yəni 583 əyarlı ümumi çəkisi 930,7 qram olan və 750 əyyarlı ümumi çəkisi 82.5 qram olan qızıl-zinət əşyalarını ona qaytarılmasını xahiş etmişdir. O, isə ona bildirdi ki, adı gedən qızıl-zinət əşyaları halhazırda evində yoxdur, bir necə gündən sonra gəlib apararsan. O bir necə gündən sonra Nadirlə yenidən onun yaşadığı ünvana getmiş və ona qızıl-zinət əşyalarını götürməy gəldiyini bildirmişdir. O isə onda olan qızıl-zinət əşyalarını ona qaytarmaqdan boyun qaçırmışdır. Sonra o Qazax RPŞ-nə müraciət etmişsir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Qazax RPŞ-ndən ona məhkəməyə müraciət etməyini bildirmişlər. Hal-hazırda 583 əyyarlı qızıl-zinət əşyalarının hər bir qramının bazar qiyməti 100 (yüz) manatdır, 930.7 qram qızıl-zinət əşyalarının ümumi qiyməti 93.070 (doğsan üç min yetmiş) manatdır və 750 əyyarlı qızıl-zinət əşyalarının isə hər bir qramının bazar qiyməti 145 (bir yüz qırx beş) manatdır, 82.5 qram olan qızıl-zinət əşyalarının ümumi qiyməti 11.960 (on bir min altımış) manatdır. Onun cavabdehə girov kimi verdiyi, yuxarıda göstərilən qızıl-zinət əşyalaninin bu günə olan bazar qiyməti ilə ümumi qiyməti 105.030 manatdır. Həmin tarixdən bir neçə il vaxt keçməsinə baxmayaraq cavabdeh hər nənə yalan vədlər verərək onu aldadır və o, nə ondan girov götrdüyü qızıl-zinət əşyalarını nədə ki, adı gedən qızıl-zinət əşyalarının olan 105.030 (bir yüz beş min otuz) manat pulu vermir. O, indi başa düşdüm ki, onun hüquqları Cavabdeh tərəfindən pozulur. O, ona məxsus olan qızıl-zinət əşyalarını qaytarmaq istəmir, ona görə də hərdəfə onu aldadır. Ona görə də, Cavabdeh 583 əyyarlı, ümumi çəkisi, 45.8 qram olar boyunbağı və qolbağı dəstini - 4.580 (dörd min beş yüz səksən) manat dəyərində, 4 ədəd 583 əyyarlı, ümumi çəkisi 88.7 qram olan boyunbağı və qolbağı dəstini - 8.870 (səkkiz min səkkiz yüz yetmiş) manat dəyərində, 583 əyyarlı, ümumi çəkisi 30 qram olan bir ədəd boyunbağı, iki ədəd üzük və iki cüt sırqa - 3.000 (üç min) marıat dəyərində, 1 cüt 583 əyyarlı, çəkisi 10 qram olan sırqa - 1.000 (bir min) manat dəyərində, 583 əyyarlı, ümumi çəkisi 300 qram oları bir ədəd “Yolka” formalı boyunbağı və qolbağı dəstini, iki ədəd “Mafyoz” boyunbağı, bir ədəd uşaq qolbağı və sırqa-üzük - 30.000 (otuz min) manat dəyərində, 1 ədəd 583 əyyarlı, ümumi çəkisi 97 qram olan “Mafyoz” boyunbağı - 9.700 (doqquz min yeddi yüz) manat dəyərində, 583 əyyarlı, ümumi çəkisi 130 qram olan iki ədəd boyunbağı, iki ədəd qolbağı və iki ədəd üzük - 13.000 (on üç min) manat dəyərində, 583 əyyarlı, ümumi çəkisi 66.2 qram olan bir ədəd “Qoza” formalı boyunbağı, bir ədəd “Mafyoz” formalı boyunbağı və bir ədəd “Moruq” formalı boyunbağı 6.620 (altı min altı yüz iyirmi) manat dəyərində, 2 ədəd 750 əyyarlı, ümumi çəkisi 11.5 qram olan birliyant qaşlı üzük- 1.667 (bir min altı yüz altımış yeddi) manat dəyərində, 1 ədəd 583 əyyarlı, ümumi çəksi 27 qram olan “Yolka” formalı boyunbağı - Qiyməti 2.700 (iki min yeddi yüz) manat dəyərində, 1 ədəd 583 əyyarlı, ümumi çəkisi 35 qram olan “Yolka” formalı boyunbağı 3.500 (üç min beş yüz) manat dəyərində, 750 əyyarlı, ümumi çəkisi 71 qram olan boyunbağı, qolbağı, (1 cüt) sırqa və üzük dəstini- 10.295 (on min iki yüz doğsan beş) manat dəyərində, 583 əyyarlı, ümumi çəkisi 56 qrarı olan iki ədəd boyunbağı və bir ədəd qolbağı dəstini - 5.600 (beş min altı yüz) manat dəyərində, 1 ədəd 583 əyyarlı, ümumi çəkisi 45 qram olan “Yolka” formalı boyunbağını - 4.500 (dörd min beş yüz) manat dəyərində, həmin qızıl- zinət əşyası olmadıqda isə onların ümumi dəyəri olan 105.030 (bir yüz beş min otuz) manat məbləğində pulun və 395.30 (üç yüz doğsan beş manat 30 qəpik) manat məbləğində ödənilmiş məhkəməyə dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Xatirə xanım baxcada direktor idi, Almaz xanımı isə sələmçi kimi tanıyır. Xatirəni Almazın yanına o aparmışdır. Təxminən 2013-cü ilin əvvəllərində gediblər və bir dəfə 1500 manat, bir dəfə də 3000 manat pul götürmüşdür. İki dəfə gediblər. Birinci dəfə 65 qram qızıl vermiş, ya 1300 manat ya 1500 manat idi, tam yadımda deyildir. İkinci səfər gedəndə 150 qram çəkidə qızıl vermişdir və 3000 manat pul götürmüşdür. Qızılları tərəzidə çəkilən zaman görməmişdir. Birinci dəfə 1500 manat o götümüş, ikinci dəfə 3000 götürəndə Xatirə özü götürmüşdür. Mafioz sep idi, mafiozi bləziyi və salafanda başqa qızılar var idi. 1500 manat pul götürəndə ona 140 manatı Xatirə ona vermişdir ki, kreditini odəsin. Qızılları Minaya adlı şəxsdən almışdır. Pulun qaytarılması ilə bağlı heç bir məlumatı yoxdur.

6. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o bazarda qızıl alveri ilə məşğul olur. Xatirəni əvvəllər tanıyırdı və ailəvi gedib gəlirdi. 2013-cü ildə Xatirə ondan qızıl almışdır. İkidə dəfə qızlı götürmüşdür. Ümumilikdə onda 1 kilo 500 qram qızılı götürmüşdür. Qızılları bir dəfə yox hissə-hissə götürürdü. Bir hissəsini vermiş, amma sonra görmüşdür ki, gecikdirir. Sonra aralarında danışmışlar və gedib notariusda müqavilə imzalamışlar. Sonradan Xatirəni tutmuşdurlar. Sonra Xatirədən qızıllarını istəyəndə o demişdir ki, qızılları Almaza girov qoyubdur. Sonra bazarda Almazı görəndə Almazdan Xarirənin onun qızılarının olub olmamasını soruşmüş və o da demişdir ki, onun bir aşuzən qızılları var. İlk dəfə 150 qram qızıl vermişdir. Bütün qızıllar qaşsız idi. Qızılların qramını 24 manatdan satırdı. Xatirə 600-700 manat nağd şəkildə pul verirdi. Xatirə birinci dəfə 150 qram sonra ikinci dəfə gələndə 65 qram qızıl götürmüşdür. Bütün alıb verdiyi qızlılları nisyə və alqı-satqı dəftərində qeyd edir. Xatirə demişdir ki, qızıllar Almazda girovdadır.

7. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, onun krediti var idi və həmin krediti ödəyə bilmədiyindən Xatirədən pul istəmişdir. Xatirə də demişdir ki, Almazdan sələm pul götürməyə gedir. Gedib ordan alaq gələk. Sonra Almaz gilə gedib 155 qram qızıl qoyub və əvəzinə 3000 manat pulu götürmüşlər.

8. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, o Almazı tanımır. Zamin banka borcu olduğundan Xatirədən faizlə (sələmlə) pul götüməsini xahiş etmişdir. Xatirədə gedib kredit götürmüşdür. Xatirə qızılı qoyub iki adamın kreditini bağlayacaqdır. Sonra gedib kredit pul götürmüşdür. O sadəcə maşında olubdur. Sonradan pulu götürəndə 200 manatda ona vermişdir. Pulu kimnən götürdüyünü bilmir. Qızıllar detal və detal görməyibdir. 4000 manat almaq üçün getmişdir. Götürdüyü pulun dəqiq sayını bilmir. Onların yanında birdə Məzahir adlı sürücü var idi. Xatirə ilə gedən zaman pulu bir evdən götürmüş və pulu kredit kimi yox faiz kimi götürmüşdür.

9. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, Xatirən əvvəllər də tanıyırdı. Xatirə 2015-ci ildə tutulmuşdur. Sonra türmədən çıxandan sonra demişdir ki, onun Almazda qızılları qalıb və 400 manat pul verəsidir. Almazın yanına gedəndə Xatirə 400 manatı verib qızılları götürmək istəyəndə Almaz demişdir ki, qızılları satıbdır. Qızılları Minayədən almışdır. Xatirə demişdir ki, onun Almazda bir kilo qızılı var.

10. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Xatirəni qızıl məsələsi ilə tanıyır. Belə ki, Xatirə onlara gəlib qızıl istəmişdir və anası ona 5 qram üzük vermişdir. O, Xatirə və Məzahir adlı şəxslə ilə sələm verilən yerə getib pul götürmüşdür. Pulu götürənnən sonra 200 manat pul vermiş və o da kreditini ödəmişdir. Pulu kimnən aldığını və nə qədər götürdüyü bilmir.

11. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1149/2024 nömrəli qətnaməsi (hakim Elçin Mansırov) ilə, iddianın təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, 357 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

13. İddiaçı apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1149/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlaraəsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qazax Rayon Məhkəməsinin xx.xx.2024 - cü il tarixli 2(023)- 1149/2024 saylı qətnaməsi prosessual qaydaları kobut şəkildə pozulmaqla bir tərəfli yalan və əsassız sübutlara əsaslanmaqla şahidlərin ifadələrinə düzgün qiymət verməməklə qəbul edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, 2013-cü ilin əvvəllərində ona pul lazım olduğundan o, Cavabdeh yaşadığı ünvana getmiş və ona, qızıl-zinət əşyaları girov qoyaraq faizə pul götürmüşdür. Sonradan onun pullarını qaytarmışdır. Hazırda qızıllarını tələb edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və həmin qızıl - zinət əşyalarının alinib verilməsini, olmadıqda isə onların ümumi dəyəri olan 105.030 manat pulun və 395.30 manat ödənilmiş dövlət rüsumunun alınıb iddiaçıya verilməsinin təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, o, iddianı qəbul etmir. İddiaçıdan qızıl-zinət əşyalarını girov kimi götürməmişdir. İddiaçıya borcu yoxdur. İddiaçı tərəfindən ona qarşı əsassız iddia irəli sürülmüşdür. Belə ki, İddiaçı bundan əvvəldə dələduzluq əməlləri olmuş və buna görə də məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

24. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

25. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

37. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

40. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

42. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1149/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı 2013-cü ilin əvvəllərində ona pul lazım olduğundan Cavabdeh qızıl-zinət əşyaları qoyaraq faizlə pul götürdüyünü, lakin daha sonra borcunu qaytarsa da ona məxsus olan qızıl-zinət əşyalarını geri qaytarmadığını bildirmişdir.

45. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

46. Bu baxımdan həmin əşyaların alınmasına dair tələb, qanunvericiliyin mülkiyyətin müdafiəsini tənzimləyən müddəaları əsasında həll olunmalıdır. İddia ərizəsində göstərilən pul tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

47. Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç şərtin mövcudluğu tələb olunur: 1. iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2. əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3. özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunmasına əsasdır. Ona görə də Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.

48. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçının məhkəməyə sübut qismində təqdim etdiyi sübutlarla iddianın əsası kimi istinad etdiyi halları, yəni hazırki iddia tələbini təşkil edən qızıl-zinət əşyalarının məhz cavabdehdə olmasını müəyyən etmək mümkün deyildir. Çünki, məhkəmə iclasında dindirilmiş şahidlərdən yalnız X6 və X5 Cavabdeh yaşadığı ünvana İddiaçı ilə birlikdə getdiklərini və qızıl-zinət əşyası girov qoyaraq pul götürdüklərini desələr də Cavabdeh verilən qızıl-zinət əşyalarının qramını və formasını düzgün ifadə etməmişlər. Həmin şahidlərin ifadələrində əhəmiyyətli ziddiyyətlər olduğu aşkar edilmişdir. Digər şahidlər isə ümumiyyətlə İddiaçı Cavabdeh qızıl-zinyət əşyaları verməsinin şahidi olmadıqlarını məhkəmə iclasına yalnız iddiaçıdan eşitdikləri bildirmişlər. Ona görə də məhkəmə həmin şahid ifadələrini mötəbər sübut kimi qəbul etmir.

49. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslıdır.

50. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

51. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

52. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

53. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

54. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

55. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

56. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

57. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hazırda iddia tələbində qeyd olunan əmlakların cavabdehdə olmasını qeyd etsə də, hazırki halda göstərilən xüsusatları təsdiq edəcək mötəbər sübutlar təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən sübut növü qismində birinci instansiya məhkəməsində şahidlər təqdim edilmiş, lakin şahidlərdən yalnız X6 və X5 verdikləri ifadə də Cavabdeh yaşadığı ünvana İddiaçı ilə birlikdə getdiklərini və qızıl-zinət əşyası girov qoyaraq pul götürdüklərini bildirmiş, ancaq girov qismində qoluyan qızılların hər birinin fərdi xüsusiyyətlərini (formasını, əyyarını, qiymətini və s) göstərə bilməmişlər və nəticədə ifadələrində qeyri-müəyyənlik yaranmışdır. Digər şahidlər isə ümumiyyətlə iddiaçı tərəfindən cavabdehə qızıl-zinət əşyalarının verilməsinə birbaşa şahid olmamış, yalnız həmin halların iddiaçı tərəfindən deyildiyini bildirmişlər. Bundan başqa cavabdeh isə iddiaçıdan qızıl-zinət əşyalarını girov kimi aldığını etiraf etməmişdir.

58. Göründüyü kimi, iddiaçı cavabdehə olan borcunu qaytardığını, lakin onun qarşılığında girov qismində verdiyi qızıl-zinət əşyalarının qaytarılmadığını bildirir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

60. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.

61. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

62. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

63. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

64. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

67. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

68. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-1149/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar