Məhkəmə qərarları › İş №2(104)-2509/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2509/2023

15.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2509/2023 15.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının (sədrliyi və məruzəsi ilə) Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, “Alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3998/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1531/2019 nömrəli, 06 avqust 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh alimentin azaldılması barədə iddia tələbi təmin edilməmiş, İddiaçı iddia tələbi qismən təmin edilmiş, xx.xx.2005-ci il təvəllüdlü Hüseyn və xx.xx.2006-cı il təvəllüdlü Fəridin yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 108 manat olmaqla cəmi 216 manat məbləğində tutulan alimentin miqdarı artırılmış, hər ay hər uşağa 130 (bir yüz otuz) manat, cəmi 260 (iki yüz altmış) manat miqdarda aliment tutularaq İddiaçı verilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi, alimentin dəyişdirilmiş miqdarının məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması qət edilmişdir.

2. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-4343/2019 nömrəli 05 dekabr 2019-cu il tarixli qətnaməsi ilə X11 apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1531/2019 nömrəli, 06 avqust 2019-cu il tarixli qətnaməsi qismən, İddiaçı iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılaraq iddia tələbi həmin hissədə təmin edilməmişdir.

3. Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İ 075608 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 nikahları 08 aprel 2008-ci il tarixdə pozulmuşdur.

4. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Nadir Hüseynov adına 38 nömrəli tam orta məktəbin direktoru tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli, 317 nömrəli arayışda qeyd olunur ki, X5 şəhər N.Hüseynov adına 38 saylı tam orta məktəbdə 11-ci sinifdə oxuyur.

5. xx.xx.2017-ci il tarixdə sistemə daxil olmuş əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh Bakı şəhər Suraxanı Rayonu ərazisində yerləşən, avtoyağlama emalatxanasında yağlayıcı işləyir, aylıq əmək haqqı 160 manatdır.

6. Gəncə şəhər Nikah evi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AZ-İ 552825 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2005-ci ildə Gəncə şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır.

7. Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsi tərəfindən verilmiş 30 avqust 2006-cı il tarixli AZ-İ 825422 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 12 iyun 2006-cı ildə Gəncə şəhərində doğulmuş, atası Cavabdeh, anası X9r.

8. Bakı Nikah evi tərəfindən verilmiş 25 aprel 2009-cu il tarixli AZ-İ 490390 nömrəli nigah haqqında şəhadətnamənin surətində görünür ki, Cavabdeh ilə X1 arasında nikah 25 aprel 2009-cu ildə qeyd edilmişdir. Nigah bağlandıqdan sonra ərə Qulamov, arvada Qulamova soyadı verilmişdir.

9. Bakı Nikah Evi tərəfindən verilmiş 25 may 2010-cu il tarixli AZ-İİ 434047 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 20 may 2010-cu ildə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası X4r.

10. 2 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 avqust 2013-cü il tarixli AZ-İİ 144751 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 24 iyul 2013-cü ildə Bakı şəhərində doğulmuş atası Cavabdeh, anası X4r.

11. 2 saylı Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 sentyabr 2015-ci il tarixli AZ-İİİ 624650 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Əminəxanım Fuad qızı 18 sentyabr 2015-ci ildə Bakı şəhərində doğulmuş, Cavabdeh, anası X4r.

12. Bakı “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 sentyabr 2018-ci ildə tarixli AZ-İV 176461 nömrəli doğum haqqında şəhadətnamənin surətində görünür ki, X20 12 sentyabr 2018-ci ildə Bakı şəhərində doğulmuş, atası Fuad Eldar oğlu, anası X4r.

Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi, sonradan isə iddia tələbinin həcminin azladılması - dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən sabit pul məbləğində tutulan alimentin miqdarının artırılaraq hər ay 250 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər rəsmi nikahda olmuş, nikah məhkəmə qətnaməsi əsasında pozulmuşdur. Nikahdan iki uşaq – 05 mart 2005-ci il təvəllüdlü X21 və 12 iyun 2006-cı il təvəllüdlü X23 doğulmuşdur. 03 may 2005-ci il təvəllüdlü X21 yetkinlik yaşına çatmışdır. Yetkinlik yaşına çatmayan uşaq hazırda iddiaçı ilə birgə yaşayır.Məhkəmə qətnaməsi ilə bir uşağının saxlanılması üçün müəyyən edilən 108 manat məbləğində aliment uşağın saxlanılması üçün kifayət etmir, gündən-günə uşağın ehtiyacları artır, həmin məbləğ onun ehtiyaclarının cüzi bir hissəsini belə qarşılamır. Odur ki, məcbur olub məhkəməyə müraciət etmişdir.

15. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, o, xx.xx.2009-cu il tarixdə rəsmi nigaha girməklə X1 ilə ailə qurmuş, bu nigahdan dörd övladı-xx.xx.2010-cu il təvəllüdlü Fatiməxanım, xx.xx.2013-cü il təvəllüdlü Zeynəb, xx.xx.2015-ci il təvəllüdlü Əminəxanım və xx.xx.2018-ci il təvəllüdlü Ümid doğulmuşdur. Etiraza görə övladlarını saxlamaq cavabdehin borcudur, amma onun bütün övladlarım qarşısında eyni məsulliyəti var. Onlarda qanun qarşısında bərabər hüquqludurlar, cavabdeh hər ay əvvəlki nigahdan olan iki övladına 216 (əvvəllər 250 manat ödəmişdir) manat aliment ödəyibdir. Amma digər övladlarına ayda 50 və ya 60 manat xərcləyə bilmişdir. Yuxarıda qeyd etdiyim kimi cavabdehin 4 övladı, ağır zob xəstəsi həyat yoldaşı və onkoloji xəstə olan anası var. Qarşı tərəf maddi baxımdan cavabdehdən və ailəsindən imkanlıdır. Hesab edir ki, alimentin artırılması cavabdehin ikinci nikahdan olan daha azyaşlı dörd övladının hüquqlarını pozar, bu səbəbdən iddia rədd edilməlidir. Etirazda qeyd edilir ki, cavabdeh, Suraxanı rayonu ərazisində yerləşən avtoyağlama emalatxanasında yağlayıcı işləyir və aylıq gəliri 300 (üç yüz) manat təşkil edir. Bundan başqa cavabdehin səhhətində çoc ciddi problemlər var. Belə ki, o hərbi xidmətdən mədə xorası xəstəliyindən ehtiyata buraxılmışdır. Həyat yoldaşı X6 ağır zob xəstəliyindən, anası Orucova Kifayət onkoloji xəstəlikdən əziyyət çəkirlər. Göründüyü kimi, cavabdehin himayəsində əvvəlki övladlarından başqa 4 övladı var. Ailəsinə cavabdehin aylıq qazancından və anasının pensiyasından başqa heç bir yerdə gəlir gəlmir. Cavabdehin 7 nəfərdən ibarət ailəsi çox çətinliklə dolanır, ailənin hər bir üzvünə ehtiyac meyarından az miqdarda gəlir gəldiyi üçün kasıb ailə kimi dövlət tərəfindən ünvanlı sosial yardım ayrılıbdır. Nəzərə alınsa ki, 2023-cü il minumum ehtiyac meyarı 246 manat, uşaqlar üşün yaşayış minumu 220 manat, əmək qabilliyətli əhali üçün 261 manat, pensiyaçılar üçün isə 199 manat müəyyənləşdirilmidir. Belə olan halda cavabdehin ailəsinin normal dolanması üçün 1402 manat lazımdır., əlavə də 108 manat aliment, bütün bunlar cavabdehin imkanı xaricindədir. Bütün bunlardan başqa iddiaçı həm Gəncə şəhərində yerləşən 1 saylı uşaq musiqi məktəbində musiqi müəlliməsi (evdə də uşaq hazılaşdırır) işləyir, əlavə olaraq Gəncə şəhərində özünün X14 var. İddiaçı davamlı olaraq özünün istaqram səhifəsində “X15” buda biz qəlbləri fəth etməkdə davam edirik” kimi reklamlar yerləşdirir, bir xınayaxtı gecəsini 2000 (iki min) manata aparır. İddiaçının bahalı iki mərtəbəli villası, bahalı (cip markalı) avtomobili var. Hazırda iddiaçının maddi imkanları cavabdehin maddi imkanından qat-qat üstündür. İddiaçının cavabdehin ödəyəcəyi alimentə ehtiyac yoxdur, sadəcə cavabdehi rahat yaşamağa qoymur.

16. Gəncə Şəhər Məhkəməsinin 05 avqust 2023-cü il tarixli, 2(125)-3998/2023 nömrəli qətnaməsi ilə (hakim F.Fərhadov) iddia qismən təmin edilmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-399/2015 nömrəli, 16 fevral 2015- ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, xx.xx.2006-cı il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

17. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, habelə cavabdehin qazancının qeyri-müəyyən olmasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab etmişdir ki, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinin artmış hissəsinə mütənasib olaraq qismən artırılmalı və hər ay 190 manat sabit pul məbləğində müəyyən edilməlidir.

18. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 112-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

19. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Gəncə Şəhər Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(125)-2455/2023 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər nikahda olmuş, ayrılmışlar, 2 uşaqlardan biri- Fərid Qulamov xx.xx.2006-ci il təvəllüd olmaqla yetkinlik yaşına çatmamışdır. Cavabdeh onun saxlanılması üçün hər ay İddiaçı 130 manat aliment ödəyir. İddiaçı boşanan gündən Fuada kin bəsləyir, 17 yaşlı Fərid üçün ondan hər ay 250 manat aliment tələb etməklə ona son zərbəni endirmişdir. Fuad Gəncə şəhərinə ona görə gələ bilmir ki, Günay tanış polis dostlarına zəng edib, şərləməklə onu tutdurur. Məhkəmə işə cavabdeh tərəfin iştirakı olmadan baxmaqla hüquq pozuntusuna yol vermiş, obyektiv olmamasını büruzə vermişdir. Proses təyin edilən gündən bir neçə gün əvvəl iddiaçının nümayəndəsi yıxıldı, ayağı şişdi, müalicə olunduğu üçün xx.xx.2023-cü il tarixdə məhkəməyə prosesə çıxa bilməyəciyi haqda teleqram vurub, prosesin başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Lakin məhkəmə işə onsuz baxdı. Məhkəmənin “cavabdeh xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi haqqında məhkəməyə məlumat verməmişdir.” –sözləri yalan olmaqla onun xx.xx.2023-cü il tarixli teleqramı ilə təkzib olunur. Məhkəmə iddiaya etiraz ərizəsində göstərilən halları qətnamədə şərh etsə də, oradakı çoxsaylı faktlardan birinə də əhəmiyyət verməmiş, ədalət mühakiməsi aparmamış, alimentin 60 manat artırılmasının mümkünlüyünü hesablamamış, qərarının sosial yardımla dolanan ailə üçün fəlakət olacağı barədə düşünməmişdir. İddiaçı Gəncə şəhər 1 № -li musiqi məktəbində müəllim işləyir, pullu tələbələri evində hazırlayır, üstəlik “X18” var, müştəri olanda, bir iş gecəsi 2000 manata düşür, onun oğlu Fərid həmin məktəbdə vokal üzrə təhsil almışdır, 9 yaşından anası ilə bir proqramda mahnı oxumuşdur, anasının rəhbərliyi ilə toylara gedib yüksək qazanc əldə edir, ona görə də Günay əla imarət sahibidir, pul gölündə üzür, bərkgedən CİP avtomobili sürür. Məhkəmə ədalət təcəssümü olmalıdır. Fuadın ikinci nikahdan 4 azyaşlı uşağ var, hamısı məktəblidir. Fuad bir nəfərin yağdəyişmə sexində ayda 300 manata fəhləlik edir. Səhhətində problemləri olduğundan hərbi xidmətdən mədə xorası ilə buraxılmışdır. Tez-tez müalicə olunur. Bir müddət bundan qabaq yarım il işə çıxa bilməyib, müalicə olundu, iddaçı qəsdən səs-küy saldığından alimenti anası 327 manat pensiyasından ödəməyə məcbur oldu. X6 zob xəstəsidir. Anası isə yuxarıda qeyd etdiyi kimi, onkoloji xəstəlikdən əziyyət çəkir, mütəmadi müalicə alır. Dövlətin verdiyi sosial yardım olmasaydı, 7 nəfərdən ibarət ailə məhv olardı. Birinin kefi üçün digərinin boğazını üzmək qanunsuzluqdur, özü də elə bir günahdır. Alimentə ehtiyacı olan uşaq almalıdır. Belə varlı uşaq üçün aliment simvolik məbləğdə tutulmalıdır. Ümumiyyətlə isə hər bir halda və mütləq həm aliment alanın, həm aliment verənin maddi və diqqətəlayiq vəziyyəti nəzərə alınmalıdır. Fuaddan 190 manat aliment tutulması üçün onun 950 manat qazancı olmalıdır (190x5=950) Halbuki Fuadın qazancı bu məvləğin 1/3-i qədərdir. İddiaçıda Fuadın qazancı barədə başqa sübut varsa, təqdim edə bilər.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

21. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, oğlunun başqa qazanc yeri yoxdur, səhhətində də problem olduğu üçün ardıcıl işləyə bilmir. Dörd azyaşlı uşağını saxlamağa çətinlik çəkir.

23. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, digər oğlu yetkinlik yaşına çatmışdır və ali məktəbdə oxuyur. Onun bütün təminatını özü ödəyir. Cavabdehin alimentdən başqa uşaqların saxlanılmasına heç bir maddi yardımı olmamışdır. Hazırda yetkinlik yaşına çatmayan oğlu hazırlıqlara gedir, onun maddi imkanının olub-olmaması atanı uşağı saxlamaq öhdəliyindən azad etmir.

Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Konstitusiyası:

17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.

25. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqların haqqında” Konvensiya:

3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələri inzibati və ya qanunvericilik orqanları tərəfindən.

26. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1.2. Aliment ödənilməsi barədə razılıq olmadıqda 2 uşağa görə valideynindən məhkəmə tərəfindən hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

27. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu:

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19 Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

28. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarı: 8.13 Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

29. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 218.1. Hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7.Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

30. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

31. Apellyasiya şikayətində cavabdeh tələbin rədd olunmasını xahiş etmiş, şikayətin dəlili kimi buna maddi imkanının yol verməməsini, ikinci rəsmi nikahından dörd övladının olmasının nəzərə alınmamasını qeyd etmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə alimentin tutulması əsası ilə, alimentin məbləğinin dəyişdirilməsi (hazırki işdə isə artırılması) əsası bir-birindən fərqləndirilmişdir. Aliment məbləğinin artırılması üçün yeganə əsas alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən şəxsin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasıdır.

33. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

34. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

35. Tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir.

36. İşin hallarından görünür ki, cavabdehin digər nikahdan dörd azyaşlı uşağının və cavabdehə nisbətdə iddiaçının maddi imkanın daha yaxşı olması birinci instansiya məhkəməsində mülki işə baxılarkən nəzərə alınmamışdır.

37. Məhkəmə kollegiyası qeyd edir ki, uşağın saxlanılması valideyin hüququ yox, vəzifəsidir, bunun hər hansı formada yerinə yetirilməsinə istisnanın tətbiqi yolverilməzdir. Digər tərəfdən bu vəzifənin yerinə yetirilməsi digər azyaşlıların mümkün hüquqlarının və minimum həyat şəraitinə xələl gətirməməlidir. Odur ki, yuxarıda qeyd olunan halların olması nəzərə alınmalı, alimentin miqdarı 160 manat həddində müəyyən edilməlidir.

38. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq,

qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3998/2023 nömrəli qətnaməsi hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsində dəyişdirilsin. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-399/2015 nömrəli, 16 fevral 2015-ci il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği xx.xx.2006-cı il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün, qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar