Məhkəmə qərarları › İş №2(104)-251/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-251/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-251/2025 21.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1676/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bərdə rayon X7 Bölməsinin baş təhqiqatçısı, polis mayoru X2 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 20 fevral 2024-cü il tarixli qərarından müəyyən olunur ki, Bərdə rayonu, Şirvanlı kəndində yaşayan İddiaçı müraciəti əsasında toplanmış və törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında HK-1- 548 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində birinci icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc 18 000 manat, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə 100 manat, cəmi 18100 manat alınaraq onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, yaxın münasibəti olan Cavabdeh ilə dostluq münasibəti olmuşdur. Bir gün Ülviyyə xanım ona demişdir ki, təcili pul lazımdır. O, ona bildirmişdir ki, hal-hazırda onun özündə pul yoxdur, lakin tapıb verə bilər. O, Tər-Tər şəhərində yerləşən Güldana adlı anasıgilin qonşusu olan şəxslə əlaqə saxlamış, ondan faizinən pul istəmişdir. Lakin o, ona dedi ki, maaş pensiya kartı varsa verə bilər. Onlar Cavabdeh ilə razılaşaraq Güldana adlı Tər-Tər sakinindən 4200 manat faizə pul götürüb Ülviyyə xanıma verdi. Təxminən 4-5 ay Ülviyyə Fəxriyyədən götürdüyü pulu ödəsə də, daha sonra pulu ödəyə bilməmişdir. Ülviyyə ona zəng edərək sələmə pul alıb verilməsini xahiş etmişdir. O, Dəymədağlı kəndində yaşayan iş yoldaşı Solmaz adlı bağça müəlliməsindən 15 % sələmə 4100 manat pul alıb vermişdir. Bir müddət keçdikdən sonra Solmaz, adlı iş yoldaşından götürüb verdiyi pulun 610 manatını ödəmiş, lakin pulun qalan hissəsi yerində qalmışdır. O, Ülviyyənin yaşadığı yerə gedərək ona öz iradını bildirmişdir. Başqa-başqa şəxslərdən alıb verdiyi pulun ödənilməsini istəmişdir. Cavabdeh müxtəlif bəhanələrlə onu aldadaraq yola vermişdir. Onunla görüşəndə yalan vədlər verərək pulu ödəyəcəyini bildirmişdir. O, hiss etmişdir ki, onu açıq aşkar aldadır. Aralarında mübahisələr şiddətlənmişdir. O, polisə müraciət elməli olmuşdur. Cavabdeh Bərdə polis şöbəsində dəvət olunaraq izahatı alınaraq, aldığı pulları etiraf etmişdir. Cavabdeh 2 ildir ki, həmin pulları ödəmir o, onun əvəzindən Güldanə və Solmaz adlı şəxslərə pulları ödəyir. O, Cavabdeh əvəzindən 10.700 manat pul ödəmişdir. Ümumilikdə ona 7300 və 10.700 manat 18000 pul borcludur.

4. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1676/2024 saylı qətnaməsi ilə (hakim Z.Abdullayev) iddianın qismən təmin edilməsi, Cavabdeh 3000 (üç min) manat pulun İddiaçı xeyrinə tutulması və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin izahatına əsasən onun Solmaz adlı qadına 3000, iddiaçıya isə 3000 manat pul borcu vardır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın qəbulundan qısa müddət keçməsinə baxmayaraq cavabdehin məhkəmədə iddiaçıya heç bir borcunun olmamasını qeyd etməsi inandırıcı olmamışdır. X1 qarşı isə iddia tələbi irəli sürülməmişdir.

6. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 739.1, 740.1 və 1096-1097-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

7. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1676/2024 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc 18.000 manat, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə 100 manat, cəmi 18100 manat alınaraq onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh iddia tələbi onunla əsaslandırılmışdır ki, yaxın münasibəti olan Cavabdeh ilə dostluq münasibəti olmuşdur. Bir gün Ülviyyə xanım ona demişdir ki, təcili pul lazımdır. O, ona bildirmişdir ki, hal-hazırda onun özündə pul yoxdur, lakin tapıb verə bilər. O, Tər-Tər şəhərində yerləşən Güldana adlı anasıgilin qonşusu olan şəxslə əlaqə saxlamış, ondan faizinən pul istəmişdir. Lakin o, ona demişdir ki, maaş pensiya kartı varsa verə bilər. Onlar Cavabdeh ilə razılaşaraq Güldana adlı Tər-Tər sakinindən 4200 manat faizə pul götürüb Ülviyyə xanıma vermişdir. Təxminən 4-5 ay Ülviyyə Fəxriyyədən götürdüyü pulu ödəsə də daha sonra pulu ödəyə bilməmişdir. Ülviyyə ona zəng edərək sələmə pul alıb verilməsini xahiş etmişdir. O, Dəymədağlı kəndində yaşayan iş yoldaşı Solmaz adlı bağça müəlliməsindən 15 % sələmə 4100 manat pul alıb vermişdir. Bir müddət keçdikdən sonra Solmaz adlı iş yoldaşından götürüb verdiyi pulun 610 manatını ödəmiş, lakin pulun qalan hissəsi yerində qalmışdır. O, Ülviyyənin yaşadığı yerə gedərək ona öz iradını bildirmişdir. Başqa-başqa şəxslərdən alıb verdiyi pulun ödənilməsini istəmişdir. Cavabdeh müxtəlif bəhanələrlə onu aldadaraq yola vermişdir. Onunla görüşəndə yalan vədlər verərək pulu ödəyəcəyini bildirmişdir. O, hiss etmişdir ki, cavabdeh onu açıq-aşkar aldadır. Aralarında mübahisələr şiddətlənmişdir. O, polisə müraciət elməli olmuşdur. Cavabdeh Bərdə polis şöbəsində dəvət olunaraq izahatı alınaraq, aldığı pulları etiraf etmişdir. Cavabdeh Bərdə Polis Şöbəsində Təhqiqat bölməsinə izahat vermişdir. Həmin izahat birinci instansiya məhkəməsinə təqdim edilmişdir. Araşdırma zamanı Cavabdeh təhqiqat bölməsində etiraf etmişdir ki, İddiaçı 7300 manat pul almışdır. Birinc instansiya mhəkəməsində qərəzli qərar qəbul edilmişdir. Cavabdeh Polis şöbəsində Tərtər rayonunda yaşayan Güldanə adlı şəxsdən onun iştriakı ilə 7300 manat pul alıb vermişdir. Birinci instansiya məhkəməsinin hakimi işə qeyri-obyektiv yanaşmışdır. Cavabdeh polisə izahat vermişdir və etiraf etmişdir ki, o, İddiaçı 7300 manat pul almışdır. Məhkəmə iclasında tamamən yalan ifadə vermişdir. Birinci instansiya məhkəməsinə maddi sübut kimi təqdim etdiyi sənədlər formal rəsmi statusu olmayan sənədlərdir. Tamam qərəzli mövqedən çıxış edərək özünü həqiqət çarçısı kimi təqdim etmişdir. Birinci instansiya məhkəməsinin qərarı qanunsuz və ədalətsizdir. Məhkəməyə maddi sübutlar təqdim etmişdir. Məhkəmə bunları nəzərə almayaraq, onun hüquqlarını qorumaq niyyəti olmamış və qanunla qorunan mənafem pozulmuşdur. Bu baxımdan hesab edir ki, məhkəmə tərəfindən işin halları çox şəffaf şəkildə araşdırılmalıdır. Lakin məhkəmə onun fikirlərini nəzərə almamışdır. Açıq aşkar hüquqları pozulmuşdur.

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin oğlu Ukraynada oxuduğu üçün ona pul lazım olduğunu demişdir. O, ancaq ödədiyi pulları tələb etmişdir. Güldana adlı şəxsdən 4200 manat, Solmaz adlı şəxsdən isə 4100 manat pul alıb vermişdir. Məkhəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)- 1676/2024 saylı qətnaməsinin təmin edilməmiş hissədə ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh izahat verib bildirmişdir ki, o, Somaz və Güldana adlı şəxsləri tanımamışdır. O, 3000 manat bir, 3000 manat bir dəfə olmaqla, cəmi 6000 manat Fəxriyyədən almışdır. 15 % ilə 3 ay sələm ödəmişdir. İddiaçı onun Solmaz adlı şəxsin yanına apararaq demişdir ki, bundan almışdır pulu, ödəməlisən. O, da Solmaza 3.000 manatı ödəmişdir.

Apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

12. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

14. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

15. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

16. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

17. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Hazırkı apellyasiya şikayətində İddiaçı Bərdə Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(021)-1676/2024 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, o, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)- 1676/2024 saylı qətnaməsinin təmin edilməmiş hissədə ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, lakin tələbini düzgün ifadə edə bilməmişdir. Ona görə də, birinci instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatlarını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1676/2024 saylı qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Bərdə rayonu, Şirvanlı kəndində yaşayan İddiaçı müraciəti əsasında toplanmış və törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında HK-1-548 saylı material üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 fevral 2024cü il tarixli qərara əsasən Cavabdeh 3000 manat məbləğində pulun borc qismində iddiaçıdan qəbul etdiyinə dair etirafına əsasən iddiaçının iddia tələbi qismən sübuta yetirilmişdir. Həmin qərarda qeyd edilir ki, cavabdehin izahatına əsasən onun Solmaz adlı qadına 3000, iddiaçıya isə 3000 manat pul borcu vardır.

30. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Bərdə rayonu, Şirvanlı kəndində yaşayan İddiaçı müraciəti əsasında toplanmış və törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında HK-1-548 saylı material üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 20 fevral 2024-cü il tarixli qərarın tədqiqi zamanı müəyyən edilmişdir ki, İddiaçı öz izahatında cavabdehin ona 7300 manat borcunun olduğunu qeyd etmişdir. İzahatı alınmış Solmaz Ramazanova İddiaçı 2000 manat bir, 1400 manat bir dəfə olmaqla, cəmi 3400 manat borca pul verdiyini qeyd etmişdir. Cavabdeh isə Solmaz adlı qadına 3000, iddiaçıya isə 3000 manat pul borcu olduğunu bildirmişdir. İddiaçının cavabdehə 7400 manat pul verməsi və geri ala bilməməsi isə yalnız araşdırmanı aparan təhqiqatçının mülahizəsi olmuşdur. Cavabdehin 7400 manat borcu olduğunu etiraf etməsi sübut olunmur. İddiaçı bununla bağlı heç bir mötəbər sübut məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Bu baxımdam kollegiya hesab edir ki, apellyasiya şikayətinin həmin dəlilləri əsassızdır.

31. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki hallarına uyğun olaraq, iddianın qismən təmin edilmiş hissəsində düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin həmin hissədə ləğv edilməsi üçün əsas ola bilməz.

32. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçıdan pul götürməsini etiraf etdiyi halda, onlar arasında başqa razılaşma, danışıq və ya müqavilə olması iş materialları ilə sübut olunmur. Göründüyü kimi, iş materialları, tədqiq edilmiş sübutlar və tərəflərin izahatı ilə Cavabdeh İddiaçı 3000 (üç min) manat pul borcu olduğu təsdiq olunur.

33. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

Qət etdi :

Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1676/2024 saylı qətnaməsi İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1676/2024 saylı qətnaməsi İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar