Məhkəmə qərarları › İş №2(104)-2510/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2510/2023

01.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2510/2023 01.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-510/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-510/2023 saylı qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı iddiasının təmin edilməsi, Cavabdeh ödənilməmiş əsas borcun əvəzi qismində 1.500 (bir min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat, cəmi 1.550 (bir min beş yüz əlli) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-510/2023 saylı qətnaməsini tamamilə ləğv edib iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ödənilməmiş əsas borcun əvəzi qismində 1.500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 manat məbləğində pul vəsaitinin cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə əvvəllər aralarında normal münasibətləri olmuşdur. Buna görə də o, Cavabdeh inanaraq 15 dekabr 2021-ci il tarixdə 1.500 manat məbləğində mebel dəstini nisyə satmış və Cavabdeh qısa müddətdə ona borcunu qaytaracağına söz vermişdir. Lakin cavabdeh ötən bir il müddətində borcundan heç bir ödəniş etməmişdir. O, cavabdehdən borcun ödənilməsini tələb etdikdə isə cavabdeh müxtəlif bəhanələrlə borcun ödənilməsindən boyun qaçırmışdır. O, məcbur qalaraq Gəncə şəhər 2-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Gəncə şəhər 2-ci Polis Şöbəsi tərəfindən ona ünvanlanmış 16 iyul 2022-ci il tarixli 122-25665ə-3222 saylı məktubda onun müraciətinin mülki xarakterli olduğu bildirilmiş və bu məsələnin həlli üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu izah olunmuşdur. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, İddiaçı ona 1500 manat məbləğində mebel satmışdır. Lakin həmin mebeli alandan bir neçə gündən sonra məlum olmuşdur ki, iddiaçı həmin mebeli bilə-bilə dəyərindən iki dəfə çox qiymətə satmışdır. Buna görə də, ona müraciət edərək mebelləri almaq istəmədiyini və geri qaytarmaq istədiyini bildirmişdir. Lakin İddiaçı mebelini hazırk vaxtadək götürməmişdir. O, isə onun mebelindən bir dəfə də olsun ki, istifadə etməmişdir. İddiaçı məhkəmədə iddia qaldırarkən əşyalarının onda olmasını və ona qaytarmaq istədiyini bilə-bilə əşyaları yox pulunu tələb etmişdir. Buradan da açıq-aydın görünür ki, əşyanı dəyərindən iki-üç qat artığına ona satmışdır. Əşiyanı geri götürmək ona sərf etmir. Məhkəmə isə qətnamə çıxararkən əşyaların ondan alınıb iddiaçıya verilməsini, əşyalar olmadıqda isə dəyərinin alınıb verilməsinə qiymət verməli olduğu halda bunu etməmişdir. Cavabdehin əşyaları ona verdiyi kimi istifadə olunmadan saxlanc yerində saxlandığı üçün ondan pulun yox, əşyaların alınıb iddiaçıya verilməsi təmin edilməli idi. Ona görə ki, cavabdehlə qeyd olunan əşyaların ona satılması ilə bağlı hər hansı rəsmi və ya şifahi müqavilə olmamışdır. Cavabdeh ancaq əşyaları tələb etməli idi. Odur ki, məhkəmənin gəldiyi nəticə tam əsassızdır. Birinci instansiya məhkəməsi məhkəmə araşdırması zamanı onun iştirakını təmin etməməklə sübutları düzgün qiymətləndirməyərək iddianı təmin etməkdə haqlı olmamışdır. O, cavabdeh kimi məhkəmə iclasında iştirak etmədiyindən və sübutları məhkəməyə təqdim etmədiyinə görə məhkəmə əsassız qətnamə qəbul etmişdir. Əgər məhkəmə iclasında iştirak etsəydi, iddiaçının ona satmaq istədiyi əşyaları ondan götürdüyü gündən bir neçə gün sonra baha qiymətətə satdığı üçün almaq istəmədiyini və dərhal iddiaçıya qaytarmaq istədiyini sübut edərdi. Prosessual məsələlər: İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə göndərdiyi ərizə ilə işə iştirakı olmadan baxılmasını, cavabdeh isə elektron qaydada ərizə göndərərək işə baxılmasının təxirə salınmasını xahiş etmiş, lakin ərizəsinə məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəblə bağlı olmasını təsdiq edən sübut əlavə etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan Cavabdeh tərəfindən Gəncə şəhər 2-ci Polis Şöbəsinə verilmiş verdiyi izahatdan görünür ki, Cavabdeh İddiaçı 1.500 manat dəyərində olan mebel dəstini almış, lakin İddiaçı olan borcunu ödəyə bilməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı dəyəri 1.500 manat məbləğində olan mebel dəstini tərəflər arasında şifahi olaraq bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən dəyərini sonradan ödəmək şərti ilə almış, lakin alğı-satqıdan uzun müddət keçməsinə baxmayaraq nisyə aldığı həmin mebel dəstinin dəyərini iddiaçıya ödəməmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərində göstərilir ki, işə onun iştirakı olmadan, baxılaraq qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, məhkəmə iclasının yeri və vaxtı barəsində cavabdehin ünvanına bildiriş göndərilmiş, lakin ona göndərilən zərfin üzərinə “evdə olmurlar” qeydi yazılmaqla məhkəməyə qaytarılmış, eyni zamanda iclaslar barədə tərəflərə, o cümlədən cavabdehə məxsus mobil nömrəyə EMİS sistemi vasitəsilə “SMS xəbərdarlıq” göndərilmiş və sistemdə statusu “çatdırıldı” kimi qeyd edilmişdir. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən məhkəmə bildirişinin çatdırılması Gəncə şəhər İcra Hakimiyyətinə həvalə edilmiş və 13 fevral 2023cü il tarixli məktubla Cavabdeh yeri müəyyən olunmadığından məhkəmə bildirişinin cavabdehə çatdırılmasının mümkün olmaması qeyd edilmişdir. Göründüyü kimi birincin instansiya məhkəməsi cavabdehin məhkəmə iclasında iştirakını təmin etməyə cəhd göstərmiş, lakin cavabdeh məhkəməyə gəlməkdən yayınmışdır. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə kollegiyası maraqlı şəxsin çəkişmə prinsipinin pozulması ilə bağlı dəlilini əsassız sayır. Apellyasiya şikayətinin mebel dəstinin ona dəyərindən iki-üç qat baha satılması dəlili ilə bağlı kollegiya qeyd edir ki, satılmış malın dəyəri qarşılıqlı razılaşma ilə müəyyən edilmiş, cavabdeh həmin qiymətlə razılaşdığına görə malı qəbul etmişdir. Cavabdein aldığı malın keyfiyyəti ilə bağlı iradı olmamışdır. Bu baxımdan kollegiya apellyasiya şikayətinin mebel dəstinin qiymətinin dəyərindən iki-üç qat baha olmasına dair dəlilini də əsassız sayır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, həmin şikayət təmin edilmədən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-510/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası: Qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-510/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar