Məhkəmə qərarları › İş №2(104)-2516/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2516/2023

07.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2516/2023 07.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(076)-1818/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(076)-1818/2023 nömrəli qətnaməsi ilə (hakim R.Mustafayev) İddiaçı cavabdeh Vəliyev İsaq oğluna qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi, iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət olunmuşdur. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(076)-1818/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, 2013-cü ildə Şəmkir rayonu ərazisində Cavabdeh 5000 (beş min) manata torpaq sahəsi almışdır. Təxminən altı aydan sonra o, həmin torpaq sahəsini Şahid1 adlı şəxsə satmışdır. 2022-ci ilin mart ayında Şahid1 həmin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsindən öz adına çıxarış almaq istəyərkən məlum olub ki, həmin torpaq sahəsi X2 mülkiyyətindədir. Torpağın mülkiyyətçisi Vüsal Zamanov Şahid1 onun xüsusi mülkiyyətində olan torpaq sahəsindən çıxmasını tələb edən zaman, Şahid1 onun yanına gələrək həmin torpağın qarşılığında vermiş olduğu pulu geri tələb etmişdir. O, işi dərindən araşdırandan sonra məlum olmuşdur ki, Cavabdeh onu aldatmışdır. Onu da qeyd etmişdir ki, torpaq sahəsini alan vaxt Şəmkir Bələdiyyəsinin sədri Cavabdeh qardaşı X4 olmuş və o maraqlananda məlum olmuşdur ki, Cavabdeh çox adamları aldatmışdır. Bir torpaq sahəsini bir neçə adama satmışdır. Bundan sonra o, Cavabdehlə dəfələrlə danışmış, ondan pulunu verməsini xahiş etmiş, lakin Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. O, Cavabdeh ondan şikayət edəcəyini bildirmiş və Fizuli heç kimdən qorxmadığını bildirmişdir. O, bu işlə bağlı Şəmkir rayon Polis Şöbəsinə müraciət etsə də, şikayəti rədd edilmişdir.Bundan sonra Şahid1 məhkəməyə müraciət edərək, torpağın müqabilində ona vermiş olduğu 5000 (beş min) manat pul tələbinə dair iddia qaldırmış, Gədəbəy Rayon Məhkəməsinin2(042)-484/2022 saylı, 06 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və ondan 5000 (beş min) manat məbləğində pul alınaraq iddiaçı Şahid1 verilməsi qət edilmişdir. O, Gədəbəy Rayon Məhkəməsinin 2(042)- 484/2022 saylı, 06 iyun 2022-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti versə də, Gəncə Apellyasiya Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli qətnaməsinə əsasən Gədəbəy Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, sözügedən torpaq sahəsini mərhum yeznəsi Sahiblə birlikdə Fizulinin evinə gedərək aralarında olan razılaşmaya əsasən Cavabdeh 4750 manata pul verərək almışdır. Cavabdeh torpağı ona satarkən torpağın onun adına sənədləşdirəcəyini bildirmişdir. Təxminən 6 ay sonra həmin torpaq sahəsini Fatma adlı bir şəxsə satmışdır. Fatma torpaq sahəsini sənədləşdirə bilməmiş və məlum olmuşdur ki, həmin torpaq sahəsi başqasının mülkiyyətindədir. Bundan sonra Şahid1 məhkəməyə müraciət edərək, torpağın müqabilində ona vermiş olduğu 5000 (beş min) manat pul tələbinə dair iddia qaldırmış, Gədəbəy Rayon Məhkəməsinin2(042)-484/2022 saylı, 06 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və ondan 5000 (beş min) manat məbləğində pul alınaraq iddiaçı Şahid1 verilməsi qət edilmişdir. Cavabdeh isə onun pulunu qaytarmamışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Şəmkir Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(076)-1818/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, iddiaçıya torpaq sahəsi satmamış, sadəcə arada vasitəçilik etmişdir. Belə ki, İddiaçı qohumu Sahib adlı şəxs onunla söhbət edərkən torpaq sahəsi almaq istədiyini bildirdiyi zaman o, İsrail adlı şəxsin torpaq sahəsi satdığını bildiyini söyləmiş, Sahib həmin torpaq sahəsini almaq istədiyini bildirmiş və o, mobil telefon vasitəsi ilə İsrail adlı şəxslə əlaqə saxlayaraq məlumat vermiş və İsrailin mobil telefon nömrəsini Sahibə vermiş, onlar arasında vasitəkilik etmişdir. O xatırladığı qədər İddiaçı torpaq sahəsini 3000 (üç) manata razılaşıb mərhum İsrail adlı şəxsdən satın almışdır. O, torpağın alınmasında və pulun verilməsində iştirak etməmişdir. İddiaçı onun yanına gələrək onu polisə verəcəyini və ona kömək etməsini bildirmişdir. O, bildirmişdir ki, bun işdə ona heç bir köməklik edə bilməz. Bundan sonra, iddiaçı onu məhkəməyə vermişdir. İddiaçı torpaq alması barədə ona hər hansı məbləğdə pul verməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Şəmkir Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(076)-1818/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(076)-1818/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş 21 yanvar 2013-cü il tarixli etibarnamədən görünür ki, Şəmkir şəhəri, R.Rəhimov küçəsi, ev 9-da yaşayan X3 13 may 2060-cı il tarixə kimi İddiaçı İlyas oğluna Şəmkir rayonu, N.Nərimanov adında sov. 30 dekabr 1990-cı il tarixli, 109 nömrəli qərara əsasən verilmiş 0,06 ha torpaq sahəsinin alqı-satqısını, sənədlərin hazırlanmasını, imza edilməsini, Şəmkir rayon ərazi idarəsində arayış, çıxarışı Saməddin Bayramovun əvəzindən ərizə və sərəncam verməyi, DƏDRX-dən çıxarış və məhdud arayışını almağı, aldığına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialının 2022-ci il tarixli arxiv arayışından görünür ki, Şəmkir rayonu, N.Nərimanov adına sov. 30 dekabr 1990-cı il tarixli, 109 nömrəli əmri ilə X1 adına 0,06 ha həyətyanı torpaq sahəsi verilməsi qeyd edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 2(042)-484/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnamənin surətindən görünür ki, iddiaçı Şahid1 cavabdeh İddiaçı qarşı 5000 (beş min) manat pul tələbinə dair iddiası təmin edilərək, İddiaçı 5000 (beş min) manat məbləğində pulun alınaraq iddiaçı Şahid1 verilməsi qət edilmişdir. HK-1/2270 saylı cinayət işinin başlanmasının rədd edilməsi barədə 28 iyul 2022-ci il tarixli qərardan görünür ki, Gədəbəy rayonu, Dəyəqarabulaq kəndində yaşayan İddiaçı müraciəti əsasında araşdırma aparılaraq, Cavabdeh əməlində cinayət tərkibi olmadığına görə, cinayət işinin başlanılması rədd edilmişdir. HK-1/2270 saylı cinayət işinin başlanmasının rədd edilməsi barədə materialda olan Cavabdeh izahatından görünür ki, o həmin izahatında göstərmişdir ki, İddiaçı uzun müddətdir tanıyır və aralarında normal münasibətləri vardır. 2010-cu il tarixdə İddiaçı qohumu Sahib adlı şəxs onunla söhbət edərkən torpaq sahəsi almaq istədiyini bildirdiyi zaman o, İsrail adlı şəxsin torpaq sahəsi satdığını bildiyini söyləmiş, Sahib həmin torpaq sahəsini almaq istədiyini bildirmiş və o, mobil telefon vasitəsi ilə İsrail adlı şəxslə əlaqə saxlayaraq məlumat vermiş və İsrailin mobil telefon nömrəsini Sahibə vermişdir. Təxminən 3 ay sonra Məhsud onun yaşadığı evə gələrək torpaq sahəsinə dair verilən sənədlərin saxta olduğunu bildirmişdir. Həmin vaxt o, Məhsuda heç bir torpaq sahəsi satmadığını bildirmiş və ondan bir neçə gün sonra Məhsud onun barəsində qərəzli olaraq şikayət etmişdir. HK-1/526 cinayət işinin başlanmasının rədd edilməsi barədə materialda olan xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, İddiaçı izahatında bildirmişdir ki, Şəmkir rayonu Qaryağdı massivində ona məxsus torpaq sahəsi var. O, həmin torpaq sahəsini tanışı Sahib vasitəsi ilə təxminən 12 il əvvəl almışdır. Hazırda Sahib rəhmətə getmişdir. Maddi cəhətdən çətinlik çəkdiyi üçün həmin torpaq sahəsini 2013-cü ildə Şahid1 5000 manat müqabilində satmışdır. Bunun üçün notarial qaydada ona etibarnamə vermişdir. Təxminən bir həftə əvvəl Fatma onun mobil telefonuma zəng edib qeyd olunan torpaq sahəsinin başqa şəxs tərəfindən yiyələnməsini bildirmişdir. O, da ona torpağı 10 il əvvəl satdığını, xəbəri olmadığını bildirmişdir. O torpaq sahəsini bacısının kürəkəni Sahibin vasitəsi ilə almışdır. Həmin şəxsi tanımır. Hazırda Sahib rəhmətə getmişdir. Torpağın qeydiyyatı olmamışdır. İzahatıma başqa əlavəm yoxdur, sözlərimlə doğru yazılıb, mənə ucadan oxundu, imzamla doğruluğunu təsdiq edirəm. İddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh 2013-cü ildə ona Şəmkir rayonu ərazisində 5000 manata torpaq sahəsi satdığını qeyd etsə də, iddiaçı həmin halları təsdiqləyəcək mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir, həmçinin iddiaçının izahatı və onun vəsatəti əsasında dindirilmiş şahid ifadələri bir-birilə ziddiyyət təşkil etmişdir. Belə ki, iddiaçı cavabdehə torpaq sahəsinin alqı-satqısına görə 5000 manat pulu qızı və yeznəsi Sahiblə cavabdehin evinə gedərək ödədiyini qeyd etmiş olsa da, Şəmkir rayon Polis Şöbəsində şikayət əsasında araşdırma aparılarkən İddiaçı verdiyi izahatında torpaq sahəsini bacısının kürəkəni Sahibin vasitəsi ilə aldığını, həmin şəxsi tanımadığını bildirmiş, lakin məhkəmə iclasında verdiyi izahatında pulu şəxsən verdiyini bildirmişdir. Həmçinin, məhkəmə iddiaçının təqdim etdiyi şahidlərdən Şahid2 başqa digərlərinin iddiaçının ifadəsinə uyğun olmayan ifadələrini, məhz Şahid2 iddiaçının arvadı olmaqla onun izahatına uyğun ifadə verməsini iddiaçını müdafiə etməsi kimi qiymətləndirir, sübut kimi qəbul etmir. Məhkəmə kollegiyası məhkəmənin həmin nəticəsi ilə razılaşır. Belə ki, İddiaçı torpaq sahəsinin alqı-satqısına görə Cavabdeh 5.000 manat məbləğində pulun verildiyini iddia etsə də, həmin hal iş materialları ilə təsdiq olunmur. Cavabdeh birinci instansiya məhkəməsinə verdiyi izahatında, həmçinin məhkəmə kollegiyasının iclasında iddiaçının iddiasının qəbul etməmiş, iddiaçıya torpaq sahəsi satmadığını və ididaçının ona pul vermədiyini, o, sadəcə İsrail adlı şəxsin torpaq sahəsi satdığını bildiyini söyləmiş, iddiaçının yeznəsi Sahib həmin torpaq sahəsini almaq istədiyini bildirdikdə o, mobil telefon vasitəsi ilə İsrail adlı şəxslə əlaqə saxlayaraq məlumat vermiş və İsrailin mobil telefon nömrəsini Sahibə verdiyini göstərmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 144.1-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məhkəmə kollegiyasında müəyyən edildi ki, tərəflər arasında mübahisə olunan torpaq sahəsi ilə bağlı alqı-satqı münasibətlər mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci və 1091.2-ci maddələrinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarılmalıdır. Məhkəmə kollegiyasında müəyyən edildi ki, cabavdehə münasibətdə əsassız varlanma halı da yoxdur. Belə ki, cavabdehin mübahisə olunan torpaq sahəsi ilə bağlı iddiaçıdan hər hansı məbləğdə pul alması öz təsdiqini tapmır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İddiaçı tərəfindən cavabdehə mübahisə olunan torpaq sahəsi ilə bağlı pul verilməsinə dair məhkəməyə hər hansı bir sübut növü təqdim edilməmişdir. İşə əlavə edilmiş 21 yanvar 2013-cü il tarixli etibarnamədən isə görünür ki, X3 tərəfindən İddiaçı İlyas oğluna 0,06 ha torpaq sahəsinin alqı-satqısı, sənədlərin hazırlanması, imza edilməsi, Şəmkir rayon ərazi idarəsində arayış, çıxarışı Saməddin Bayramovun əvəzindən ərizə və sərəncam verməyi, DƏDRX-dən çıxarış və məhdud arayışını almağı, aldığına dair imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətləri etməyi etibar etmişdir ki, bu sənədin verilməsi də onu təsdiq edir ki, cavabdehin həmin torpaq sahəsi ilə heç bir bağlılığı olmamış və ona həmin torpaq sahəsi ilə bağlı pul verilməsi inandırıcı və məntiqli görünmür. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı məhkəməyə torpaq sahəsi almaq üçün cavabdehə 5.000 manat məbləğində pul verməsini təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmiş, istiad etdiyi halları sübut edə bilməmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq iddianı təmin etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni olmaqla, qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(076)-1818/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2(076)-1818/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar