Məhkəmə qərarları › İş №2(104)-254/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-254/2023

11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-254/2023 11.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: nisyə alqı-satqı müqaviləsi, pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-310/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 11 yanvar 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 01 sentyabr 2021-ci il tarixli qəbzdən müəyyən olunur ki, Cavadov X1 Akif Cəlal oğluna 18000 manat borcu olduğunu, bu borcun 15764 manatına tikinti materialı götürdüyünü, 2236 manatını isə nəğd pul borcu kimi müxtəlif vaxtlarda aldığını bildirmiş, borclu olduğu pulun 10000 manatını xx.xx.2021-ci il tarixinə, qalan 8000 manatını isə oktyabr ayı ərzində ödəyəcəyinə söz vermişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 30-40 ildir ki, tanıyır. Bərdə rayonu Alaçadırlı kəndində yerləşən tikinti materialları bazarında ona məxsus obyekt var. Həmin obyektdə, tikinti materialları satır. 2019-cu ilin aprel ayında Cavabdeh yanına gələrək tikinti şirkətlərinə tikinti materiallarının lazım olduğunu bildirirək ondan nisyə olaraq armatur, list dəmir, taxta materialları, “katenka” dəmiri və digər dəmir materiallarını istəmişdir. Cavabdeh bundan əvvəl də ondan tikinti materiallarını nisyə götürüb vaxtında pullarını ödədiyindən Cavabdehla razılaşmışdır. Beləliklə, 27 aprel 2019cu il tarixdən 12 iyul 2019-cu il tarixədək olan müddət ərzində Cavabdeh ondan 15.764 manat dəyərində armatur, list dəmir, taxta materialları, “katenka” dəmiri və digər dəmir materiallarını nisyə olaraq almışdır. Bundan əlavə təxminən 2019-cu ilin may ayında iş yerində ondan Cavabdeh borc olaraq 1000 manat pul almış, sonradan isə 2019-cu ilin iyul ayında iş yerində yenidən 1236 manat borc pul almışdır. Lakin Cavabdeh ondan nəğd olaraq aldığı pulu və tikinti materiallarının dəyərini bu günədək geri qaytarmamaqdadır. Onu da bildirir ki, xx.xx.2021-ci il tarixdə Asif ona qəbz verərək xx.xx.2021-ci il tarixədək ona borclu olduğu pulu geri qaytaracağına söz vermiş, lakin yenə də bu günədək pulunu qaytarmamışdır. Cavabdeh ona verdiyi qəbzin surətini və aralarında olan telefon danışıqlarının səs yazısını məhkəmədə təqdim edə bilər. Borcunu qaytarmadığını görüb Bərdə rayon Polis Şöbəsinə şikayət etmiş və araşdırmadan sonra oradan ona bildirilmişdir ki, şikayəti mülki xarakterlidir. Qeyd edilənlərə əsasən iddiaçı Cavabdeh onun xeyrinə 18000 manat və ödənilmiş 144 manat dövlət rüsumu məbləğində pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-310/2022 nömrəli qətnaməsi ilə (hakim Məhərrəm Allahverdiyev) iddianın təmin edilməsi, Cavabdeh 18000 (on səkkiz min) manat məbləğində pulun və 144 (bir yüz qırx dörd) manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.

4. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1, 157.2, 324.,427, 442, 600-cü maddələrinə 646.1, 646.2, 567 və 600.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

5. Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(021)-310/2022 nömrəli qətnaməsinin İddiaçı 1000 manat və 1236 manat, cəmi 2236 manat məbləğində borc alması hissəsində ləğv edilərək iddiaçının iddia tələbinin 15764 manat həcmində təmin edilməsinə, həmçinin birinci instansiya məhkəməsində hazırki mülki işə baxılması üçün İddiaçı tərəfindən ödənilmiş 144 manat dövlət rüsumunun onun özünə aid edilməsinə, hazırki apellyasiya şikayətinə baxılması üçün ödədiyi 72 manat dövlət rüsumunun İddiaçı tutularaq ona qaytarılmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsini 15764 manat həcmində, yəni iddiaçıdan nisyə aldığı inşaat materiallarının dəyəri həcmində qəbul edir, qalan hissəsini qəbul etmir. Bundan başqa, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, mübahisə iki sahibkar arasında olmaqla kommersiya mübahisəsi kimi Gəncə Kommersiya Məhkəməsində baxılmalı olduğu halda baxılmamışdır. Onun iddiaçıya 15764 manat borcu vardır, iddiaçı ziyana düşməsi səbəbindən ona artıq məbləğdə, yəni 18000 manat borcu olması barədə qəbz yazdırmışdır. Halbuki o, iddiaçıdan borc pul almamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, onlar, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı məhkəməyə teleqram ünvanlayaraq kollegiyanın iclasında iştirak edə bilməyəcəyini bildirmiş, apellyasiya şikayətinin təmin edilməməsi və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

9. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

10. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

11. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.

12. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

13. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

14. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

15. Maddə 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

16. Maddə 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir.

17. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

22. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

23. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

25. Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

26. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdiyi, yəni şikayətin dəlilləri qətnamənin bütövlükdə ləğvinə yönəldiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-310/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. İşin halları ondan ibarətdir ki, İddiaçı Bərdə rayonu Alaçadırlı kəndində yerləşən tikinti materialları bazarında obyekti vardır. Həmin obyektdə, tikinti materiallarını satır. 2019-cu ilin aprel ayında Cavabdeh yanına gələrək tikinti şirkətlərinə tikinti materiallarının lazım olduğunu bildirirək ondan nisyə olaraq armatur, list dəmir, taxta materialları, “katenka” dəmiri və digər dəmir materiallarını nisyə almışdır. Beləliklə, 27 aprel 2019-cu il tarixdən 12 iyul 2019-cu il tarixədək olan müddət ərzində Cavabdeh ondan 15.764 manat dəyərində armatur, list dəmir, taxta materialları, “katenka” dəmiri və digər dəmir materiallarını nisyə olaraq almışdır. Bundan əlavə təxminən 2019-cu ilin may ayında iş yerində Cavabdeh əvvəl 1000 manat sonra isə 1236 manat almışdır. Lakin Cavabdeh ona xx.xx.2021-ci il tarixdə qəbz verərək xx.xx.2021-ci il tarixədək ona olan 18.000 manat pulu geri qaytaracağına söz vermiş, lakin qaytarmamışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-310/2022 nömrəli qətnaməsinə əsasən Cavabdeh iddiaçının xeyrinə 18000 manat və ödənilmiş 144 manat dövlət rüsumu məbləğində pul vəsaitinin alınıb ona verilməsi qət edilmişdir.

31. Cavabdeh apellyasiya şikayətinin dəlillərində mübahisənin kommersiya mübahisəsi olmaqla aidiyyət qaydalarının pozulduğunu göstərmişdir. Məhkəmə kollegiyası həmin dəlillə razılaşmayaraq qeyd edir ki, işə baxılması zamanı prosessual pozuntuya yol verilməmişdir. İş materiallarında olan (səh 68) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-2(102)-343/2022 nömrəli qərarından görünür ki, İddiaçı Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair mülki iş məhkəmə aidiyyəti qaydalarına uyğun olaraq mahiyyəti üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Cavabdehin digər dəlili ondan ibarətdir ki, onun iddiaçıya 15764 manat borcu vardır, iddiaçı ziyana düşməsi səbəbindən ona 18000 manat borcu olması barədə qəbz yazdırmışdır, 2236 manat borc pul almamışdır. Həmin dəlillə bağlı kollegiya qeyd edir ki, cavabdeh buna dair sübut təqdim etməmişdir.

32. Məhkəmə kollegiyası hesab edir ki, ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməsini qət etməkdə də birinci instansiya məhkəməsi haqlı olmuşdur.

33. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razilaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

34. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyil.

35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402, 403, 404 və 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli 2(021)-310/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar