Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2544/2023 27.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maneənin aradan qaldırılması Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(076)-1899/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 27 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Şəmkir rayon XDS İK Rəyasət Heyətinin 16 oktyabr 1995-ci il tarixli iclasının 78 nömrəli protokolundan çıxarışdan görünür ki, İddiaçı Bakı-Qazax magistral yolunun sağ tərəfindən sahibkarlıq məqsədilə avtomobillərə texniki xidmət sexi quraşdırılması üçün 125 kv.m torpaq sahəsi ayrılmışdır.
2. Gəncə İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2-1(114)- 2694/2022 nömrəli qərardından görünür ki, iddiaçı Şəmkir Rayon Düyərli Bələdiyyəsinin cavabdeh Şəmkir Rayon İcra Hakimiyyətinə qarşı Şəmkir rayon XDS İK Rəyasət Heyətinin 16 oktyabr 1995-ci il tarixli iclasının 78 nömrəli protokolunun ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 fevral 2023-cü il tarixli məktubdan görünür ki, ölçü işlərinin aparılmasına maneçilik yaradılmış və ərazidə mübahisəli hal olduğu üçün 11 saylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən ölçü işlərinin aparılması mümkün olmamışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir rayon XDS İK-nin Rəyasət Heyətinin 16 oktyabr 1995-ci il tarixli iclasnın 78 nömrəli protokolundan çıxanşa əsasən Şəmkir rayonu, Düyərli kəndində yerləşən ona verilmiş torpaq sahəsində ölçmə işlərinin aparılmasında DƏDRX-nin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarına cavabdeh tərəfındən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayon XDS İK-nin Rəyasət Heyətinin 16 oktyabr 1995-ci il tarixli iclasının 78 nömrəli protokolundan çıxarışa əsasən İddiaçı Şəmkir rayonu Düyərli kəndi ərazisində yerləşən 125 kv.m torpaq sahəsi ayrılmışdır. Hazırda həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd almaq üçün DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə müraciət etmiş və həmin idarənin əməkdaşları əmlaka baxış keçirməli olduqlarını bildirmişlər. Lakin Cavabdeh DƏDRX-nin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarını torpaq sahəsinə buraxmaqdan imtina etmiş və ölçmə işlərini aparmağa imkan verməmişdir. Ona görədə ölçmə işləri aparılmamış və cavabdehin qanunsuz hərəkəti nəticəsində onun konstitusion hüququ pozulmuşdur.
6. Şəmkir Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(076)-1899/2023 nömrəli (hakim T.Musayev) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməməsi qət olunmuşdur.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.2, 152.1, 157.4, 158.1, 158.1.2, 178.1, 178.2 maddələri və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 213, 217.2, 216-220, 233, 360 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmayaraq maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, onun müraciəti əsasında DƏDRXnin 11 saylı Ərazi İdarəsinin əməkdaşları mübahisəli əraziyə getmişlər, lakin cavabdeh maneə yaratmış və mütəxəssisləri əraziyə buraxmadığına görə ölçmə işləri aparılmamışdır. Halbu ki, onun niyyəti kimisə torpaq sahəsindən çıxarmaq deyil, ona verilmiş torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər almaqdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi, vəkili X3 apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, iddiaçı ona verilmiş torpaq sahəsinə dair çıxarış almaq istəyir, lakin cavabdeh ölçmə işlərinin aparılmasına maneələr yaradır. Mübahisəli torpaq sahəsində tikilini iddiaçı inşa etmişdir. X1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. İddiaçı məhkəmə iclasında etibarnamə üzrə nümayəndəsi, vəkil X3 ilə təmsil olunmuşdur. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
13. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
15. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
16. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
17. Maddə 153.1. Bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər.
18. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir
19. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
20. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
28. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
Apellyasiya baxışının hədləri
29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(076)-1899/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin olunmalıdır.
33. İlk öncə məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. İşdən müəyyən olunur ki, Şəmkir rayon XDS İK-nin Rəyasət Heyətinin 16 oktyabr 1995-ci il tarixli iclasının 78 nömrəli protokolundan çıxarışa əsasən İddiaçı Bakı-Qazax magistral yolunun sağ tərəfindən “Düyərli” kəndinin ərazisindən sahibkarlıq məqsədilə avtomobillərə texniki xidmət sexi quraşdırılması üçün 125 kv.m torpaq sahəsi ayrılmış, İddiaçı da həmin torpaqs sahəsində qeyri yaşayış binası tikdirmişdir. Sonradan Şəmkir rayon XDS İK-nin Rəyasət Heyətinin 16 oktyabr 1995-ci il tarixli iclasının 78 nömrəli protokolu məhkəmə qaydasında mübahisələndirilsədə, Gəncə İnzibati Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli 2- 1(114)-2694/2022 nömrəli qərarı ilə iddia mümkün sayılmamışdır.
35. İddiaçı ona ayrılmış 125 kvm. Torpaq sahəsində tikdirdiyi qeyri yaşayış sahəsinə mülkiyyət hüququnu təsdıq edən çıxarış verilməsi üçün DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə müraciət etmiş, həmin idarənin mütəxəsissləri ölçmə işləri aparmaq istədikdə Cavabdeh buna imkan verməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkıəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı rədd etmişdir. Yuxarıda da qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
36. Şəmkir rayon XDS İK-nin Rəyasət Heyətinin 16 oktyabr 1995-ci il tarixli iclasının 78 nömrəli protokolundan çıxarışa əsasən İddiaçı Bakı-Qazax magistral yolunun sağ tərəfindən “Düyərli” sovxozunun ərazisindən sahibkarlıq məqsədilə avtomobillərə texniki xidmət sexi quraşdırılması üçün 125 kv.m torpaq sahəsi ayrılması və sonuncununda həmin torpaqda qeyri-yaşayış binası tikdirməsi işin mübahisəsiz halıdır.
37. İddiaçı DƏDRX-nin 11 saylı Ərazi İdarəsinə müraciət etməkdə məqsədi də ona ayrılmış torpaq sahəsində inşa etdirdiyi qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınması olmuşdur. Bunun üçün həmin idarənin əməkdaşlarının yerində ölçmə işləri aparmasına zərurət yaranmış, lakin Cavabdeh ölçmə işlərinin aparmasına imkan verməmişdir.
38. Kollegiya hesab edir ki, mübahisəli torpaq sahəsi İddiaçı Şəmkir rayon XDS İK-nin Rəyasət Heyətinin qərarı əsasında verildiyindən sonuncunun həmin torpaq sahəsində inşa etdirdiyi qeyri-yaşayış sahəsinə gözlənilən mülkiyyət hüququ istisna olunmur.
39. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 oktyabr 2010-cu il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri”-nın 2.1-ci bənində əsasən, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Həmin Qərarın 2.3.3 və 2.3.4-cü bəndlərinə müvafiq olaraq, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, habelə hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır. Qərarın 5.3cü bəndinə əsasən, fiziki və hüquqi şəxslər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada (hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələri istisna olmaqla) yeni torpaq sahələri əldə edildikdə, torpaq sahələrinə dair sənədlərə əsasən sərhədlər yerdə (naturada) müəyyən olunmamış olduqda, hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda, torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə, habelə fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara ayrılmış torpaqlarda, həyətyanı sahələrdə, fərdi bağların altındakı torpaq sahələrində mərzçəkmə işləri müvafiq ərizə (sifariş və ya tapşırıq) əsasında yerinə yetirilir və bu hallarda texniki layihə hazırlanmır. Həmin Qərarın 5.4-cü bəndinə əsasən, torpaq sahəsinin mərzçəkmə işlərinin texniki layihəsi Əmlak Məsələləri Dövlət Xidmətinin yerli bölmələri tərəfindən təsdiq olunur.
40. Göründüyü kimi hüququn qeyda alınması üçün ölçmə işlərinin aparılması zəruridir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində isə mübahisəli tikilinin sənədləşdirilməsi üçün inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. Bu da onu deməyə əsas verir ki, Cavabdeh ölçmə işlərinin aparılmasına etdiyi maneə iddiaçının torpaq sahəsi üzərində olan tikiliyə dair hüquqmüəyyənedici sənəd əldə etməsinə yaradılan əsassız müdaxilədir. Lakin işə baxan birinci instansiya məhkəməsi isə işin qeyd olunan bu hallarını nəzərə almamış və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir.
41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(076)-1899/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməli, Şəmkir rayon XDS İK-nin Rəyasət Heyətinin 16 oktyabr 1995-ci il tarixli iclasnın 78 nömrəli protokolundan çıxarışa əsasən İddiaçı Şəmkir rayonu, Bakı-Qazax magistral yolunun sağ tərəfindən “Düyərli” sovxozunun ərazisindən sahibkarlıq məqsədilə avtomobillərə texniki xidmət sexi quraşdırılması üçün ayrılmış 125 kv.m torpaq sahəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfındən yaradılan maneə aradan qaldırılmalı,eləcədə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınıb iddiaçıya verilməlidir.
42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 385, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli 2(076)-1899/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilsin. Şəmkir rayon XDS İK-nin Rəyasət Heyətinin 16 oktyabr 1995-ci il tarixli iclasnın 78 nömrəli protokolundan çıxarışa əsasən İddiaçı Şəmkir rayonu, Bakı- Qazax magistral yolunun sağ tərəfindən “Düyərli” sovxozunun ərazisindən sahibkarlıq məqsədilə avtomobillərə texniki xidmət sexi quraşdırılması üçün ayrılmış 125 kv.m torpaq sahəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Ərazi İdarəsinin əməkdaşları tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cabvabdeh Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.