Məhkəmə qərarları › İş №2(104)-2551/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-2551/2024

20.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-2551/2024 20.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-1961/2024 nömrəli qərardadından iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra Lpo "xxxx" ASC-nin LƏSF) tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Lpo "xxxx" ASC-nin LƏSF cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, 1707.14 ABŞ dolları əsas, 1072.53 ABŞ dolları faiz, 2742.55 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 462 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5984.22 ABŞ dolları borc və iş üzrə ödənilmiş 120.52 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçıya ödənilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-1961/2024 nömrəli qərardadı ilə (hakim Xədicə Səfərli), iddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı «kredit borcunun tutulması» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması qərara alınmışdır. Həmin qərardadın dəlilləri ilə razılaşmayan iddiaçı Lpo "xxxx" ASC-nin LƏSF şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, iddiaçı iddia ərizəsinin sonluğunda iddia tələbini tam müdafiə etdiyini qeyd etmiş və bu iddia tələbi üzrə Bankın səlahiyyətli nümayəndəsi iştirak etmədikdə işə baxılmasının təmin edilməsini xahiş emişdir. Bundan başqa LPO İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə elektron məhkəmə kabineti vasitəsi ilə məhkəməyə ərizə ünvanlanaraq iddia tələbimizin tam müdafiə edildiyi bildirilmiş, xx.xx.2024-cü il tarixə saat 10:50-yə təyin edilmiş məhkəmə baxış iclasının iştirakımız olmadan keçirilməsi və iddia tələbinin tam təmin olunması barədə yekun məhkəmə aktının qəbul edilməsi xahiş edilmişdir (Ərizənin surəti şikayətə əlavə edilmişdir). Məhkəmənin baxış iclası xx.xx.2024cü il tarixə təyin edilsə də, məhkəməyə xx.xx.2024-cü il tarixdə ünvanlanmış “məhkəmə baxış iclasının iştirakımız olmadan keçirilməsi” barədə ərizə məhkəmə tərəfindən məhz iclasın keçirildiyi gün deyil, növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə oxunmuşdur. Bu səbəbdən də işə baxan hakim iddiaçı tərəfin ərizəsini nəzərə almamış və əsassız olaraq ərizəni baxılmamış saxlamışdır. Elektron Məhkəmə Sisteminin bildirişlər bölməsinə daxil olub məlumatın mətn hissəsinə nəzər yetirdikdə aydın görərik ki, iddiaçı tərəfindən iş üzrə sözügedən ərizə həqiqətən də xx.xx.2024-cü il tarixdə şəxsi kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmişdir (Elektron Məhkəmə Sistemindən çıxarış şikayətə əlavə edilmişdir). Göründüyü kimi, hakim elektron kabinetə yerləşdirilmiş həmin ərizəyə baxış keçirmədən əsassız olaraq qərardad qəbul etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin baxılmamış saxlanılmasına əsas tərəflərin məhkəmə baxış iclasında iştirak etməməsi olmuşdur. Bununla bağlı bildiririk, məhkəmə öz qərardadında iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ərizəyə münasibət bildirməməklə mülki prosessual qanunvericiliyin tələblərinə əməl etməmiş və əsassız olaraq iddia ərizəsini baxılmamış saxlamışdır. Həminmaddəyə əsasən məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir. Hər kəs ədalətli məhkəmə araşdırılması hüququna malikdir. Bu ifadə lazımi qaydada həyata keçirilən məhkəmə araşdırmasının bir çox aspektlərini, məsələn, məhkəməyə müraciət hüququnun, məhkəmə qərarının əsaslandırılması və sair məsələləri əhatə edir. Eyni zamanda ədalətli məhkəmə araşdırması hüququ tərəflərin bərabərliyi və işə çəkişmə prinsipi əsasında baxılması hüququnu da özündə ehtiva edir. Hüquq bərabərliyi prinsipi tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Qeyd olunan maddəyə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-1961/2024 nömrəli qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-1961/2024 nömrəli qərardadı və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli, e-2(125)-1961/2024 nömrəli qərardadı şikayətin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Bu normanın tətbiqi zamanı məhkəmə ilk növbədə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilib-verilmədiyini, daha sonra əgər məlumat verilmişdirsə onun məhkəməyə gəlməməsinin üzrlü səbəblərinin olub olmadığını yoxlamalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı Lpo "xxxx" ASC-nin LƏSF-na xx.xx.2024cü il tarixdə, saat 10:50-yə təyin edilmiş məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə “Elektron Məhkəmə” informasiya sistemində olan elektron kabinetinə xx.xx.2024cü il tarixdə bildiriş yerləşdirilməklə məlumat verilmişdir. Göründüyü kimi, xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-in 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 3 nömrəli qərarının 9.2-ci bəndində izah edilmişdir ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələyə və işə baxmaya haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, işə iddiaçının iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmənin hazırlıq iclasına gəlmədiklərindən iddia ərizəsi haqlı olaraq birinci instansiya məhkəməsi tərəfindən baxılmamış saxlanmalıdır. Eyni zamanda, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddia ərizəsinin sonluğunda “iddia tələbini tam müdafiə etdiyi və bu iddia tələbi üzrə Bankın səlahiyyətli nümayəndəsi iştirak etmədikdə işə baxılmasının təmin edilməsi” barədə ifadə qeyri-müəyyən olmaqla yanaşı, Azərbaycan Respublikasının MPM-in 185.1-ci maddəsində nəzərdə prosessual vəzifədən azad etmir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.3-ci maddəsinə əsasən, əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. Bundan başqa, Azərbaycan Respublikasının MPM-in 185.4-ci maddəsi tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmənin həmin işə baxmağa haqlı olduğunu müəyyən etmişdir. Bu norma iş üzrə qətnamə çıxarılmalı olduğunu nəzərdə tutmur. Əks halda, həmin maddənin ikinci cümləsində Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələrinin tətbiq edildiyi nəzərdə tutulmazdı. Belə ki, Azərbaycan Respublikasının MPM-in 185.4-ci maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Bundan başqa, Azərbaycan Respublikasının MPM-in 185.6-cı maddəsi işdə iştirak edən şəxsin təmsilçisinin iclasa gəlmədikdə işə baxılma imkanını məhkəmə üçün nəzərdə tutmuşdur, həmin norma tərəflərin iştirak etmədikdə işə baxıla biləcəyinə dair məhkəmənin qənaətinin prosessual əsasıdır, tərəf(lər)in prosessual vəzifələrindən azad edilməsinin hüquqi əsası deyil. Əks halda, Azərbaycan Respublikasının MPM-in 259.0.6-cı və 259.0.7ci maddələri qanunvericilikdə öz təsbitini tapmazdı. Azərbaycan Respublikasının MPM-in 185.6-cı maddəsinə əsasən, işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. Həmçinin, iddiaçı tərəfindən verilmiş, nümayəndəsinin iştirakı olmadan işə baxılması və iddianın təmin olunması barədə xahişini əks etdirən ərizə xx.xx.2024-cü il tarixə saat 10:50-yə təyin edilmiş məhkəmə baxış iclası keçirildikdən sonra, həmin günü saat 13:00da “Elektron Məhkəmə” informasiya sistemində olan elektron kabinet vasitəsilə məhkəməyə təqdim edilmişdir. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikasının MPM-in 47.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 47.3-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər, mülki məhkəmə icraatı barədə qanunvericiliklə nəzərdə tutulan, icra olunmaması nəticə yarada bilən hallarda prosessual vəzifələr daşıyırlar. Nəzərə alınmalıdır ki, Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Sadalanan halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçının ərizəsi üzrə etdiyi hərəkətlər prosessual qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-1961/2024 nömrəli qərardadı və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli, e-2(125)-1961/2024 nömrəli qərardadı şikayətin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 395, 396, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-1961/2024 nömrəli qərardadı və onun əsasında çıxarılmış xx.xx.2024-cü il tarixli, e-2(125)-1961/2024 nömrəli qərardadı şikayətin təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar