Məhkəmə qərarları › İş №2(104)-2552/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2552/2023

23.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2552/2023 23.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iştirakı ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-179/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 3888.35 manat əsas, 3567.12 manat faiz, 1876.85 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 949.32 manat faiz məbləği olmaqla, cəmi 10281.64 (on min iki yüz səksən bir manat, 64 qəpik) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 121 (yüz iyirmi bir) manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Toğrul Şaxtaxtinski məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Cavabdeh1 və X1 3888.35 manat əsas, 3567.12 manat faiz, 1876.85 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 949.32 manat faiz məbləği olmaqla, cəmi 10281.64 (on min iki yüz səksən bir manat, 64 qəpik) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 121 (yüz iyirmi bir) manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 15 avqust 2014-cü il tarixli, 408 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 24% ödənilmək şərtilə 5000 (beş min) manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər cavabdehlər Cavabdeh2 və X5 ilə həmin tarixdə zaminlik müqavilə bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zaminlər cavabdehlər Cavabdeh2 və X5 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti dayışırlar. Lakin buna baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin Banka ödənilməmiş 3888.35 manat əsas, 3567.12 manat faiz, 1876.85 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan RespublikasıMM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 949.32 manat faiz məbləği olmaqla, cəmi 10281.64 (on min iki yüz səksən bir manat, 64 qəpik) manat məbləğində borcu mövcuddur. Cavabdeh1 kredit borcu üzrə iddia ərizəsi ilə 13 avqust 2020-ci il tarixdə məhkəməyə müraciət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2(021)- 2575/2020 saylı qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-179/2023 nömrəli qətnaməsi ilə (hakim Elsun Əhmədov ) iddia qismən təmin edilmiş, Cavabdeh1 3888.35 manat əsas, 1289.40 manat faiz, 176.85 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 949.32 manat faiz məbləği olmaqla, cəmi 6303.92 (altı min üç yüz üç manat doxsan iki qəpik) manat kredit borcu və ödənilmiş 74,17 manat dövlət rüsumunun tutularaq iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatının 150 (yüz əli manat) manat dəyərin Cavabdeh1 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab:Büdcə təsnifatı kodu141319, büdcə cəviyyəsinin kodu 3, SAP( XİİS) hesabı X2, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE 000000 000000 0 ******* ödənilməsi, ödənilmiş 121 manat məbləğində dövlət rüsumunun 46,83 manat hissəsinin iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-179/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə 3 il müddətinə bağlanmış və xx.xx.2017-ci il tarixdə kredit müqaviləsinin müddəti başa çatmışdır. xx.xx.2017-ci ilədək Bank onlara qarşı iddia qaldıra bilərdi, bank 2020-ci il tarixdə məhkəməyə müraciət etsə də, işi baxılmamış saxlanılmış, sonradan isə iş materiallarından da göründüyü kimi, iddia tələbi 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Birinci instansiya məhkəməsində iştirakı təmin edilmədiyindən, iddia müddətinin tətbiq edilməsinə dair ərizə verə bilməmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və X3 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, Cavabdeh1 qız məhkəmə kollegiyasına ərizə ünvanlayaraq səhhətində yaranmış problemlə bağlı məhkəmə prosesində iştirak edə bilməyəcəyini, buna görə də məhkəmə iclasının onun iştirakı olmadan keçirilib, iddia müddəti tətbiq olunmaqla, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6 məhkəmə kollegiyasının iclasında verdiyi izahatında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 15 avqust 2014-cü il tarixli, 408 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 36 ay müddətinə, illik 24% ödənilmək şərtilə 5000 (beş min) manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür.Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Cavabdehin birinci instansiya məhkəməsinin məhkəmə iclasından məlumatı olmasına baxmayaraq, heç bir üzrlü səbəblər olmadan gəlməmiş və iddia müddətinin tətbiqi barədə birinci instansiya məhkəməsinə ərizə verməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-179/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-179/2023 nömrəli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən götrünür ki, o, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-179/2023 nömrəli qətnaməsinin iddianın qismən təmin edilmiş hissəsini mübahisələndirmişdir. Qətnamənin digər hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: 15 avqust 2014-cü il tarixli, 408 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 36 ay müddətinə, illik 24% dərəcəsi ilə, 5000 manat məbləğdə kredit vermişdir. Müştəri isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. zaminlik müqaviləsindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2, Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanılmış, Cavabdeh2, Cavabdeh3 Cavabdeh1 ilə birlikdə məsuliyyəti öz üzərinə götürmüşdür. maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh1 kredit müqaviləsi üzrə LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 3888.35 manat əsas, 3567.12 manat faiz,1876.85 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7ci maddəsinə uyğun olaraq) hesablanmış 949.32 manat faiz məbləği olmaqla, cəmi 10281.64 (on min iki yüz səksən bir manat, 64 qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 may 2023-cü il tarixli, 9/2869 saylı rəydə göstərilmişdir ki, 15 avqust 2014-cü il tarixli, 408 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh1 15 avqust 2017ci il tarixə “Zaminbank ASC-nə olan əsas kredit borcu 3888.52 manat, faiz borcu 1289.40 manat müəyyən edilmişdir. 02 avqust 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh2 18 aprel 2021-ci ildə ölmüşdür. mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəmədə iddia qaldırmaq üçün 121 manat məbləğində dövlət rüsumu ödəmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, gəldiyi nəticəsini onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, Cavabdeh1 müqavilə üzrə öhdəliyini pozaraq qrafik üzrə ödənişləri yerinə yetirməmişdir. Buna görə də Cavabdeh1 15 avqust 2017-ci il tarixə “Zaminbank ASC-nə olan əsas kredit borcu 3888.35 manat, faiz borcu 1289.40 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 949.32 manat faiz məbləği olmaqla, cəmi 6127,07 (altı min yüz iyirmi yeddi manat yeddi qəpik) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 may 2023-cü il tarixli, 9/2869 nömrəli rəyi ilə də, Cavabdeh1 xx.xx.2017-ci il tarixə banka olan borcu əsas borc üzrə 3888.52 manat, faiz borcu üzrə 1289.40 manat göstərilmiş, birinci instansiya məhkəməsi həmin ekspertiza rəyinə əsaslanmaqla, iddianı həmin məbləğlərdə təmin etmişdir. Əsas kredit və faiz borcunun ödənilməsinin gecikdirilməsinə görə Bank tərəfindən 1876,85 manat cərimə borcu hesablansa da, işə baxan birinci instansiya məhkəməsi həmin məbləği tənasübsüz yüksək hesab edərək, 176.85 manat məbləğində müəyyən etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 443.1.-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Cavabdeh apellyasiya şikayətinin dəlillərində kredit müqaviləsinin xx.xx.2014-cü il tarixdə 3 il müddətinə bağlanılmasını və xx.xx.2017-ci il tarixdə kredit müqaviləsinin müddətinin başa çatmasını, iddia müddətinin ötürüldüyünü, lakin birinci instansiya məhkəməsində iştirakı təmin edilmədiyindən, iddia müddətinin tətbiq edilməsinə dair ərizə verə bilmədiyini və ərizə ilə müraciət edərək, iddia müddəti tətbiq olunmaqla, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlili ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh1 xx.xx.2023-cü ilə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, ( iş vərəqə 148), həmin məhkəmə bildirişi cavabdehə xx.xx.2023-cü ildə şəxsən təqdim edilmiş (iş vərəqə 152), Cavabdeh1 xx.xx.2023-cü ildə birinci instansiya məhkəməsinə yazılı vəsatət göndərərək, məhkəməmühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmiş, lakin heç bir üzrlü səbəblər olmadan, məhkəməyə gəlməmiş və birinci instansiya məhkəməsi işə onun iştirakı olmadan baxıb nəticə vermişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir ki, bu halda, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir, bu halda cavabdehin iddia müddətinin tətbiqi haqqında ərizəsi apellyasiya mərhələsində qəbul edilə bilməz. Ona görə də, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə qanuni olmaqla, mübahisənin maddi-prosessul hüquqi əsasları düzgün müəyyən edilmiş, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-179/2023 nömrəli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-179/2023 nömrəli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar