Məhkəmə qərarları › İş №2(104)-2557/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2557/2023

24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2557/2023 24.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(023)-902/2023 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1130.96 ABŞ dolları əsas, 263.77 ABŞ dolları faiz, 1814.12 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 169.60 ABŞ dolları faiz məbləği, cəmi 3378.45 ABŞ dolları kredit borcu və ödənilmiş 77.44 manat dövlət rüsumunun tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Qazax filialı ilə Cavabdeh1 arasında bağlanmış 17 oktyabr 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 30% dərəcəsi ilə ödəmək şərti ilə 5100 ABŞ dolları məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 17 oktyabr 2014-cü il tarixli 250004924/ZM saylı zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit və zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdə bağlanmış 01 nömrəli Əlavə sazişə əsasən kredit restrukzasiya edilmiş, borcalanın kreditor qarşısındakı öhdəliyinin qalığı 4292,73 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti müqaviləyə əsasən xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********863 saylı bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh1 xx.xx.2023cü il tarixə kredit üzrə cəmi 3378.45 manat - bundan 1130.96 ABŞ dolları əsas, 263.77 ABŞ dolları faiz, 1814.12 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 169.60 ABŞ dolları faiz borcu yaranmışdır. Qazax Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(023)-902/2023 saylı qətnaməsi ilə (hakim N.Musayev) iddia qismən təmin edilərək, Cavabdeh1 1112.36 (bir min yüz on iki manat otuz altı qəpik) manat kredit borcu və ödənilmiş 77.44 (yetmiş yeddi manat qırx dörd qəpik) manat dövlət rüsumunun tutularaq, Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: 17 oktyabr 2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh1 24 ay müddətinə illik 30 faiz ödəməklə 5100 ABŞ dolları məbləğində kredit vermişdir. 17 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsinə əsasən borclunun öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh2 borclu Cavabdeh1 ilə bank qarşısında öz öhdəliyini yerinə yetirənədək birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli Əlavə sazişdən görünür ki, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 4292,73 ABŞ dolları təşkil etmiş, lakin kreditin qalıq məbləği 2627,35 ABŞ dolları məbləğində raızlaşdırılmaqla, borcun qaytarılması müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. 17 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsinə Əlavə sazişdən görünür ki, Saziş İddiaçı ASC ilə X4 arasında bağlanmışdır. 16 may 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 03 may 2023-cü il tarixə 1130.96 ABŞ dolları əsas, 263.77 ABŞ dolları faiz, 1814.12 ABŞ dolları cərimə, 169.60 ABŞ dolları kredit müqaviləsi üzrə müddət bitəndən sonra illik 5 faizlə hesablanan faiz olmaqla, cəmi 3378.45 ABŞ dolları borcu vardır. Pproblemli kreditlərin kompensasiyası barədə məlumatlar arayışından görünür ki, sözügedən müqavilə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 saylı fərmanın təsir dairəsinə düşməklə, devalvasiya ilə əlaqədar 176,07 manat güzəşt məbləği olmaqla, Cavabdeh1 21 fevral 2015-ci il tarixinə kimi 1112,36 manat, xx.xx.2015-ci il tarixinə kimi isə 2086,39 manat olmaqla, cəmi 3022,68 manat kompensasiya verilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Qazax Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(023)-902/2023 saylı qətnaməsindənnarazı qalan iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Qazax Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(023)- 902/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə mübahisələndirilən kredit öhdəliyinin Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019cu il tarixli Fərmanının təsiri altına düşdüyünü bildirmiş və qətnaməsində qeyd etmişdir ki, problemli kreditlərin kompensasiyası barədə məlumat arayışından görünür ki, Cavabdeh1 ləğv prosesində olan DəmirBank" ASC-yə 1112.36 manat borcu qalmışdır. Bildirirlər ki, həqiqətən mübahisələndirilən kredit öhdəliyi Prezidentin müvafiq Fərmanının təsiri altına düşmüşdür. Bunu təsdiq edən problemli kreditlərin kompensasıyasına dair çıxarış məlumatlarıdır ki, hazırki şikayətə qoşma kimi əlavə edilir. Problemli Kreditlərin kompensasiyasına dair çıxarışa nəzər yetirdikdə görünür ki, məhkəmə həmin çıxarışdakı məlumatları düzgün qiymətləndirməmiş və səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmənin qətnamə ilə qət etdiyi Cavabdeh1 ləğv prosesində olan "xxxx" ASC-yə olan kredit borcunun məbləğinin 1112.36 manat təşkil etməsi ehtimalı yanlışdır. Məhkəmə səhvə yol vermiş, Cavabdeh1 1-ci devalvasiya nəticəsində, yəni xx.xx.2015-ci il tarixə olan əsas kredit borcu üzrə hesablanmış kompensasiya məbləğini, yəni 1112.36 manatı kredit borcu kimi nəzərə almışdır. Məlum olduğu kimi, Respublika üzrə xx.xx.2015-ci il və xx.xx.2015-ci il tarixlərdə baş vermiş 1-ci və 2-ci devalvasiya hadisəsindən sonra Banklar tərəfindən müştərilərə güzəştlər tətbiq edilmişdir. Problemli Kreditlərin kompensasiyasına dair çıxarışda "Güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi"nin qarşısında 176.07 manat qeyd edilmişdir. Bu devalvasiyadan sonra "xxxx" ASC-nin öz müştərisinə etdiyi güzəştin məbləğidir ki, vətəndaşa çatan kompensasiya məbləğindən çıxılır. Belə ki, tərəflər arasında rəsmiləşdirilmiş xx.xx.2014-cu il tarixli kredit müqaviləsi üzrə Bank tərəfindən güzəşt edilərək xx.xx.2017-ci il tarixdə Əlavə saziş bağlanmış və həmin sazişdə müştərinin manatla etdiyi ödənişlərin kreditor tərəfindən 1 USD=14 AZN məzənnəsi götürməklə qəbul edildiyi göstərilmişdir. Bu o deməkdir ki, Əlavə saziş bağlanılan günün məzənnəsi həmin dövr üçün 1 ABŞ Dollara görə 1.7022 manat dəyərində olduğu halda Bank cavabdehə güzəşt edərək 1 ABŞ Dolları 1.4 ilə hesablamışdır. Göründuyü kimi, 176.07 manat Bank tərəfindən edilən güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsidır ki, həmin hissə Fərman əsasında qəbul edilmiş Qaydanın 3.3-cü bəndində qeyd edildiyi kimi kredit təşkilatı tərəfindən qarşılandığı hallarda dövlət büdcəsinın vəsaiti hesabına ödəniləcək kompensasiya məbləği kredit təşkslatının və ya ləğvetmə prosesində olan kredit təşkılatının qarşıladığı hissə qədər azaldılır. Problemli Kreditlərin kompensasiyasına dair çıxarışın “Cəmi hesablanmış kompensasiya (izahlı)“ bəndinə nəzər yetirdikdə cavabdehin 1-ci devalvasiya tarixinə, yəni xx.xx.2015-ci il tarixə xarici valyutada olan əsas kredit borclarının (ABŞ dolları ekvivalentində) 4449.45 ABŞ dolları olduğu görünür. Göstərilən 4449.45 ABŞ dollarına münasibətdə devalvasiya nəticəsində cavabdehin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq, yəni hesablanmış kompensasiya 1112.36 manat təşkil edir. (4449.45 (əsas kredit borcu)x0.25 (Fərmanın 1.1-ci bəndi 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat) = 1112,36 ) (4449.45x0.25=1112.36)). 2-ci devalvasiya tarixinə, yəni xx.xx.2015-ci il tarixinə cavabdehin xarici valyutada olan əsas kredit borcları 3477.31 USD təşkil etmişdir ki, bu məbləğə münasibətdə cavabdehin xarici valyutada olan əsas kredit borcunun artım hissəsi üzrə yaranmış fərq, yəni hesablanmış kompensasiya məbləği 2086.39 manat təşkil etmişdir.(3477.31* 0.6 (2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat)=2086.39 manat) (3477.31x0.6=2086.39)) Göründüyü kimi, 1-ci devalvasiya nəticəsində cavabdehə hesablanmış kompensasiya məbləği 1112.36 manat 2-ci devalvasiya nəticəsində hesablanmış kompensasiya məbləği isə 2086.39 manatdır. Hər iki kompensasiya məbləğinin cəmi və həmin cəmdən çıxılan Bankın güzəştinə görə kompensasiya məbləğinin azaldılan hissəsi yekunda vətəndaşa çatan hissədir. Yəni (1112.36+2086.39)- 176.07=3022.68 manat. 3022.68 manat kompensasiya məbləği isə "xxxx" MMC tərəfindən Cavabdeh1 Tahır oğlunun sərəncamına verilmişdir. Belə ki, "Azərbaycan Respublikasında fiziki şəxslərinn problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbırlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın 2-cı bəndində qeyd edilir ki, bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərın banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin". Əlavə olaraq qeyd olunur ki, portaldan çıxarışdan da aydın görünür ki, cavabdehin LPO İddiaçı ASC-yə olan müvafiq kredit üzrə borc məbləği restrukturizasiya olunması təklif olunan kreditlər siyahısında olmamışdır. Bu da onu bir daha göstərir ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsinin yalnız bağlanma tarixi və məbləği Fərmanın yuxarıda qeyd olunan şərtlərinə uyğun gəlir. Lakin kredit borcu yuxarıda qeyd olunan şərtlərdən digərinə, yəni 2019-cu il 01 mart tarixinə 360 gündən artıq gecikməsi olan şərtinə cavab vermədiyindən cavabdehin adı müvafiq siyahıda olmamışdır. Bildiririk ki, əsas borc üzrə gecikmə günlərinin sayı 2019-cu ilin mart ayına 0 gün təşkil etdiyi MKRdən çıxarışda öz əksini tapır. (Problemli kredit məlumatlarının sorğulanması ilə bağlı portaldan çıxarış və MKR-dən çıxarış apellyasiya şikayətinə əlavə edilir). Bu səbəbə görə əsas kredit borcunun restrukturizasiya olunması cavabdehə təklif olunmamışdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsi ilə ondan tutulan məbləğlə razı oduğunu, daha artıq məbləğdə olan borcu qaytarmaq imkanının olmadığını bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabdında isə bildirmişdir ki, həqiqətən də 3022.68 manat kompensasiya məbləğini poçt vasitəsi ilə almışdır. Lakin, kompensasiya məbləğini aldıqdan sonra banka borcu qalmadığını düşünərək ödəniş etməmişdir. Zamini isə əvvəl Cavabdeh2 olsa da, əlavə saziş bağlanarkən zamin X4 olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, kredit müqaviləsinə əlavə saziş bağlanrkən onunla zaminlik müqaviləsi bağlanmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Qazax Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(023)-902/2023 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin 03 avqust 2023cü il tarixli, 2(023)-902/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşraq qeyd edir ki, iş materiallarında olan “Problemli kreditlərin kompensasiyasına dair çıxarış”dan görünür ki, hazırkı mübahisə üzrə olan kredit öhdəliyi Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri altına düşmüş və 1-ci devalvasiya nəticəsində, yəni xx.xx.2015-ci il tarixə olan əsas kredit borcu üzrə hesablanmış kompensasiya məbləği 1112.36 manat, 2-ci devalvasiya tarixinə, yəni xx.xx.2015-ci il tarixinə hesablanmış kompensasiya məbləği isə 2086.39 manat təşkil etməklə, "güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi" isə 176.07 müəyyən edilməklə, cavabdehə ümumilikdə 3022.68 manat kompensasiya məbləği “Azərpoçt" MMC vasitəsi ilə verilmişdir. Birinci instansiya məhkəməsi isə səhvə yol verərək 1-ci devalvasiya nəticəsində, yəni xx.xx.2015-ci il tarixə olan əsas kredit borcu üzrə hesablanmış və cavabdehə verilmiş 1112.36 manat kompensasiya məbləğini qalıq borc məbləği kimi qəbul edərək, iddia tələbini qismən təmin edib həmin məbləği cavabdehdən tutmaqla düzgün olmayan nəticəyə gəlmişdir. Hərçənd ki, cavabdehin banka qalıq borcu 1130,96 ABŞ dolları təşkil etmişdir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanının 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar hesab olunmuşdur ki, iddiaçının kredit müqaviləsi üzrə öhdəliyinin icrası 01 mart 2019-cu il tarixinə 360 gündən artıq gecikməsi olan şərtinə cavab vermədiyindən restrukturizasiya olunması təklif olunan kreditlər siyahısında olmamışdır. 2019-cu ilin mart ayından etibarən isə cavabdeh tərəfindən ödəniş edilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının cavabdehdən 1130,96 ABŞ dolları əsas borc məbləği əsaslı olmuşdur. Lakin, məhkəmə kolegiyası tələb olunan kredit müqaviləsi üzrə faiz məbləği ilə razılaşmayaraq qeyd edir ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti 07 iyun 2020ci il tarixədək müəyyən edilmişdir. Öhdəliyin icrası müddəti 07 iyun 2020-ci il tarixdə bitsə də iddiaçı tərəfindən öhdəliyin icrası müddəti bitdikdən sonrakı dövrədək, yəni 03 may 2023-cü il tarixinədək faizlər hesablamışdır. Cavabdehin 2019-cu ilin mart ayına olan qalıq əsas borcunun 1130,96 ABŞ dolları olması, kredit müqaviləsi üzrə faiz məbləğinin illik 8 faizlə müəyyən edilməsi və 2019-cu ilin mart ayından 2020-ci il iyul ayına, yəni öhdəliyin icrasının son müddətinə kimi 16 aylıq müddət nəzərə alındıqda, həmin müddətə görə hesablanmış faiz məbləği (1130,96x8%=90,47 manat illik, 90,47:12=7,53 manat 1 aylıq, 7,53x16ay =120,48 manat) 120,48 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilən hüquqi mövqeyə əsasən, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən tələb edilən faiz məbləği 120,48 manat məbləği həddində əsaslı olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kredit müqaviləsi üzrə öhdəliyin icrası müddəti bitdikdən sonra, öhdəliyin icrasının gecikdirilməsinə görə Mülki Məcəllənin 445.7ci maddəsinə əsasən tələb olunan 169.60 ABŞ dolları faiz məbləği əsaslı olmuşdur. Lakin, tələb olunan 1814.12 ABŞ dolları cərimə məbləği tənasübsüz surətdə yükksək olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 467-ci maddəsinin tələbinə əsasən cərimə məbləği azaldılaraq, 50 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iş materiallarına əsasən İddiaçı ASC ilə Cavabdeh1 arasında 17 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli Əlavə saziş bağlansa da, 17 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsinə əlavə olan xx.xx.2017-ci il tarixli saziş 17 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsinin tərəfi olan Cavabdeh2 ilə deyil, X4 ilə bağlanmışdır. Lakin, iddiaçı tərəfindən iddia tələbi X3 qarşı deyil, Cavabdeh2 qarşı yönəldilmişdir. Qeyd edilən fakta, o cümlədən müddətin keçməsinə görə 17 oktyabr 2014-cü il tarixli zaminlik müqaviləsinə xitam verilmiş hesab olunmuşdur. Buna görə də iddiaçının zamin qismində Cavabdeh2 qarşı olan tələbi əsassız olmuşdur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Qazax Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(023)-902/2023 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qazax Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(023)-902/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarlaraq, iddia qismən təmin edilməli və Cavabdeh1 1130.96 ABŞ dolları əsas borc, 120,48 ABŞ dolları faiz, öhdəliyin icrasının gecikdirilməsinə görə 169.60 ABŞ dolları faiz və 50 ABŞ dolları cərimə məbləği olmaqla, cəmi 1471,04 ABŞ dolları ödəniş anına manata məzənnə ilə manat ekvivalentində və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 77,44 manat dövlət rüsumu məbləği tutularaq, Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Qazax Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(023)-902/2023 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 03 avqust 2023-cü il tarixli, 2(023)-902/2023 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh1 1130.96 ABŞ dolları əsas borc, 120,48 ABŞ dolları faiz, öhdəliyin icrasının gecikdirilməsinə görə 169.60 ABŞ dolları faiz və 50 ABŞ dolları cərimə məbləği olmaqla, cəmi 1471,04 ABŞ dolları (min dörd yüz yetmiş dollar, 04 sent) manat ekvivalentində, ödəniş anına manata məzənnə ilə və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 77,44 (yetmiş yeddi manat, 44 qəpik) manat dövlət rüsumu məbləği tutularaq, Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar