Məhkəmə qərarları › İş №2(104)-2567/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2567/2023

16.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2567/2023 16.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: qanunsuz tikilinin sökülməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sıdrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (arvadı) X2 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(125)-309/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 15 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA serialı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, məh. V-2 ünvanında yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2011ci il tarixdən qeydiyyata alınmışdır.

2. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-192/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc (Məhsəti) qəsəbəsi, V-2 ünvanında yerləşən 0,045 ha torpaq sahəsində İddiaçı tərəfindən tikinti işlərinin aparılmasına cavabdehlər X7, Cavabdeh və X4 tərəfindən maneçilik törədilməsinin qadağan olunması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

3. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(104)-3596/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-192/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 avqust 2023-cü il tarixli, 10/6106-REV-1 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən (mühəndisi Elmar Aslanov) xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh tərəfindən betonlanmış ərazinin 1.7 kv.m hissəsi, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan 0.045 ha torpaq sahəsində yerləşdiyi müəyyən olundu. Eyni zamanda mübahisəli torpaq sahəsi üzərində, kanalizasiya quyusu müşahidə olunmadı. Bununla yanaşı, iddiaçı tərəfin kanalizasiya quyusu yerləşdiyini iddia edərək, naturada təqdim etdiyi sahə, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan 0.045 ha torpaq sahəsində yerləşmir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc (Məhsəti) qəsəbəsi, V-2 ünvanda yerləşən 0,045 ha torpaq sahəsinin cənub-qərb istiqamətindən 1.7 kv.m olmaqla müdaxilə edilərək betonlamış ərazinin, həmçinin böyük kanalizasiya quyusunun cavabdehin vəsaiti hesabına sökülərək onun mülkiyyətinə edilən qəsdə son qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc (Məhsəti) qəsəbəsi, V-2 ünvanda yerləşən 0,045 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında ona məxsusdur və bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* MA seriya nömrəli ********** qeydiyyat tarixli çıxarışı mövcuddur. Mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsi Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi və fərdi yaşayış evi ilə yanbayan yerləşmişdir. Cavabdeh ona məxsus torpaq sahəsinə cənub-qərb istiqamətindən 1.7 kv.m olmaqla müdaxilə edərək həmin hissəni betonlamış, həmçinin böyük kanalizasiya quyusu qazdırmaqla əmlakını qanunsuz olaraq zəbt etmişdir. O, 2021-ci il tarixdə cavabdehlər X5, Cavabdeh və X3 qarşı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində torpaq sahəsindən çıxarılma, yolun azad olunması, qanunsuz tikilinin sökülməsi, maneənin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsinə dair iddia qaldırmış və iddiası Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)192/2021 saylı qətnaməsi ilə qismən təmin edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırki iddiası isə tamamilə fərqli olmaqla həmin iddiada göstərilməyən betonlanmış ərazinin və qazılmış kanalazasiya quyusunun cavabdehin hesabına sökülməsindən ibarətdir. Hazırda cavabdeh ona məxsus torpaq sahəsini cənub qərb istiqamətindən 1.7 kv.m olmaqla zəbt edərək həmin əraziyə beton (yer səviyyəsində tökülmüş bünövrə) tökməklə, kanalizasiya quyusu qazdırmışdır. (DƏDRX-nin 3 saylı Gəncə ərazi İdarəsinin məktubunda göstərilmişdir). Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc (Məhsəti) qəsəbəsi, V-2 ünvanda yerləşən 0,045 ha torpaq sahəsi Ərazi Vahidliyi cəhətdən Gəncə şəhəri ərazisində yerləşdiyindən müstəsna aidiyyət qaydalarına müvafiq olaraq Gəncə şəhər Məhkəməsinə müraciət etmişdir.

7. Gəncə Şəhər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(125)-309/2023 nömrəli qətnaməsi (hakim Xədicə Səfərli) ilə iddianın təmin edilməməsi, İddiaçı ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı iş üzrə iddiaçı mülkiyyət hüququ üzrə ona məxsus daşınmaz əmlakda cavabdeh tərəfdən betonlaşdırıldığını bildirdiyi ərazinin və cavabdeh tərəfdən qazıldığını bildirdiyi kanalizasiya quyusunun sökülməsini xahiş etmişdir. Lakin, həmin işlərin cavabdeh tərəfindən həyata keçirildiyini təsdiqləyən hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə verilmiş ekspert rəyində Cavabdeh tərəfindən betonlanmış ifadəsində istifadə edilsə də, ərazinin kim tərəfindən betonlaşması xüsusi bilik tətbiq edilməsiylə deyil, məhkəmə araşdırması ilə müəyyən edilən haldır və rəydə qeyd edilən ifadədən istifadə edilməsi tələbin sübutu hesab edilə bilməz. Bununla yanaşı, betonlaşmış ərazinin 1.7 kv.m hissəsinin iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşməsi tələbin əsaslı olmasını təsdiq edə bilmir, belə ki, betonlaşma işinin kim tərəfindən aparıldığı müəyyən olunmur. Məhkəmə həmçinin qeyd edir ki, xüsusi biliyin tətbiqinə əsasən, mübahisəli torpaq sahəsi üzərində kanalizasiya quyusu müəyyən olunmamışdır və kanalizasiya quyusunun yerləşdiyi iddia edilən sahə iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşmir. Məhkəmə nəzərə alır ki, həmin ekspert rəyinin əsassız olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz.

9. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4 və 157.8-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(125)-309/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı Cavabdeh həmin ərazini betonladığını etiraf edərək bildirmişdir ki, həmin ərazi ona məxsusdur və betonlamağa haqqı vardır. Ekspert rəyində də, həmin ərazinin Cavabdeh tərəfindən betonlandığı qeyd olunur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc (Məhsəti) qəsəbəsi, V-2 ünvanda yerləşən 0,045 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında onlara məxsusdur. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ******* MA seriya nömrəli ********** qeydiyyat tarixli çıxarış mövcuddur. Mülkiyyət hüququ əsasında onlara məxsus olan torpaq sahəsi Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsi və fərdi yaşayış evi ilə yanbayan yerləşmişdir. Cavabdeh onlara məxsus torpaq sahəsinə cənub-qərb istiqamətindən 1.7 kv.m olmaqla müdaxilə edərək həmin hissəni betonlamış, həmçinin kanalizasiya quyusu qazdırmaqla onların torpağını zəbt etmişdir. Onlar, 2021-ci il tarixdə cavabdehlər X5, Cavabdeh və X3 qarşı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində torpaq sahəsindən çıxarılma, yolun azad olunması, qanunsuz tikilinin sökülməsi, maneənin aradan qaldırılması və dəymiş ziyanın ödənilməsinə dair iddia qaldırmış, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(043)192/2021 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Hazırki iddia isə tamamilə fərqli olmaqla həmin iddiada göstərilməyən betonlanmış ərazinin və qazılmış kanalazasiya quyusunun cavabdehin hesabına sökülməsindən ibarətdir. Hazırda cavabdeh onlara məxsus torpaq sahəsini cənub qərb istiqamətindən 1.7 kv.m olmaqla zəbt edərək həmin əraziyə beton (yer səviyyəsində tökülmüş bünövrə) tökməklə, kanalizasiya quyusu qazdırmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, iddia ərizəsində göstərilən betonlanmış ərazi yer səviyyəsində tökülmüş bünövrə olmaqla onun evinə yaxın ərazidədir. Orada kanalazasiya quyusu qazılmamışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. O, nümayəndəsi ilə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

16. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

17. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

19. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

20. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

21. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

22. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

23. Maddə 14.1. məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 97.1 İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

27. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

31. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

33. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

Apellyasiya baxışının hədləri

34. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

37. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

39. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzıün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

40. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, həmin torpaq sahəsinin 1.7 kv.m hissəsi cavabdeh tərəfindən betonlanmış ərazi Cavabdeh hesabına sökülməli, iddia qalan hissədə təmin edilməməlidir.

41. Beləliklə, işin halları ondan ibarətdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, məh. V-2 ünvanında yerləşən torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 1.7 kv.m hissəsini zəbt etmiş və həmin hissədə yer səviyyəsində beton tökmüşdür. Bu faktlar isə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 avqust 2023-cü il tarixli, 10/6106-REV-1 nömrəli ekspert rəyi və məhkəmənin keçirdiyi yerində müayinə ilə və işdə olan sənədlərlə təsdiq olunur.

42. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri mülkiyyətdə olan torpaq sahəsi üzərində yerləşən tikilinin sökülməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası qanunvericiliyinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

43. İddiaçı mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisidir və onun mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu maddələrinə əsasən toxunulmazdır və bu toxunulmazlığa təminat verilir.

44. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır (Mülki Məcəllənin 152.1, 152.2, 152.3 və 152.4-cü maddələri).

45. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

46. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

47. Mülki Məcəllənin 164.1-ci maddəsində deyilir ki, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

48. Baxılan işin hallarından görünür ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin 1.7 kv.m hissəsini zəbt etmiş və həmin hissəyə (yer səviyyəsində tökülmüş bünövrə) beton tökülmüşdür. Belə olan halda iddiaçının hüququnun pozulması müəyyən olunur. Lakin, göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır.

49. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə məhkəmə tikintitexniki ekspertizası keçirilmiş və ekspertin 22 avqust 2023-cü il tarixli, 10/6106-REV-1 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən (mühəndisi Elmar Aslanov) xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Cavabdeh tərəfindən betonlanmış ərazinin 1.7 kv.m hissəsi, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan 0.045 ha torpaq sahəsində yerləşdiyi müəyyən olundu. Eyni zamanda mübahisəli torpaq sahəsi üzərində, kanalizasiya quyusu müşahidə olunmadı. Bununla yanaşı, iddiaçı tərəfin kanalizasiya quyusu yerləşdiyini iddia edərək, naturada təqdim etdiyi sahə, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan 0.045 ha torpaq sahəsində yerləşmir.

50. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

51. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

52. Məhkəmə kollegiyası rəyləri tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, 22 avqust 2023-cü il tarixli, 10/6106-REV-1 nömrəli rəy əsaslıdır. Çünki, ekspertin rəyi daha dəqiq və müfəssəl tərtib edilmiş, eyni zamanda həmin rəydə bütün ölçülər dəqiqliklə göstərilmişdir. Habelə rəy verilən zaman ərazinin situasiya planı, ortofoto materialları və elektron baza məlumatlarına istinad edilmişdir.

53. Bundan başqa, Məhkəmə kollegiyası tərəfindən mübahisəli torpaq sahəsinə yerində baxış keçirilən zaman müəyyən olunmuşdur ki, həmin ərazi Gəncə şəhəri Kəpəz rayonu, Sevinc (Məhsəti) qəsəbəsi, V-2 ünvanında yerləşir. Baxış keçirilən zaman müəyyən olunmuşdur ki, İddiaçı aid torpaq sahəsi Gəncə şəhəri Kəpəz rayonu, Sevinc (Məhsəti) qəsəbəsi, V-2 ünvanında yerləşən 0.045 ha torpaq sahəsi, Cavabdeh faktiki istifadəsində olar torpaq sahəsi və fərdi yaşayış evi ilə yanbayan yerləşir. Cavabdeh faktiki istifadəsində olan fərdi yaşayış evinə bitişik həmin evə paralel ümumi sahəsi eni 1.7 kv.m olan əraziyə (yer səviyyəsində tökülmüş bünövrə) beton tökərək dirəklər basdırmış və gül bitkiləri əkdiyi müəyyən olunmuşdur. İddiaçının nümayəndəsi (arvadı) X6 cavabdehin Cavabdeh istifadəsində olan fərdi yaşayış evinin qarşısından keçən yolun onun torpaq sahəsindən keçdiyini bildirsə də, sözü gedən yolun ümumi istifadədə olan avtomobil yolu olduğu və digər küçələrdə də həmin yola parelel istiqamətdə başqa yollarında yerləşdiyi müəyyən edilmişdir. Daha sonra iddiaçıya məxsus torpaq sahəsində özünün dediyinə görə işıq dirəyinin yerləşdirilməsi üçün beton tökülmüş sonradan həmin dirək sökülmüşdür. Həmin ərazidə kanalizasiya quyusu aşkar edilmədi. Eyni zamanda, həmin ərazinin foto şəkilləri mülki işə əlavə edilməsi üçün çəkilmişdir.

54. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli əraziyə baxış keçirilən zaman və mülki işə əlavə edilmiş foto şəkillər ilə Cavabdeh faktiki istifadəsində olan fərdi yaşayış evinə bitişik həmin evə paralel ümumi sahəsi eni 1.7 kv.m olan əraziyə cavabdeh tərəfindən (yer səviyyəsində tökülmüş bünövrə) beton tökülərək dirəklər basdırilmış və gül əkilməsi müəyyən olunmuşdur. Cavabdeh özü də həmin əraziyə onun tərəfindən beton tökülməsini bildirmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 1.7 kv.m hissəsini zəbt edərək beton tökmüş və bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur.

55. Məhkəmə kollegiyası iddianın böyük kanalizasiya quyusunun cavabdehin vəsaiti hesabına sökülməsi hissəsində hesab edir həmin hissə əsaslı deyildir.

56. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı ona məxsus torpaq sahəsində cavabdeh tərəfdən böyük kanalizasiya quyusunun inşa edildiyini bildirir. Bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikası MPM-nin 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

58. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

59. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

60. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbinin kanalizasiya quyusunun cavabdehin hesabına sökülməsi hissəsi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbinin həmin hissəsində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir. Həmin ərazidə kanalizasiya quyusu aşkar edilmədi.

61. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

63. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

64. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən qətnamə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

65. Ümumiyyətlə nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.

66. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

67. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

68. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

71. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

72. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi qismən təmin edilməli, həmin torpaq sahəsinin 1.7 kv.m hissəsi cavabdeh tərəfindən betonlanmış ərazi Cavabdeh hesabına sökülməli, iddia qalan hissədə təmin edilməməlidir.

73. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən 50 manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli 2(125)-309/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsi, məh. V-2 ünvanında yerləşən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 iyun 2011-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.045 ha torpaq sahəsinin 1.7 kv.m hissəsi cavabdeh tərəfindən betonlanmış ərazi Cavabdeh hesabına sökülsün. İddia qalan hissədə təmin edilsin. İş üzrə ekspertiza xərci 50 (əlli) manat pul Cavabdeh tululub SAP (XİİS), X1, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar