Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2576/2023 22.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Əliyev Rafiq Çingiz oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-894/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-894/2023 saylı qətnaməsi ilə (hakim K.Rzayev) iddianın qismən təmin edilməsi, hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 02 aprel 2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş alimentin miqdarının artırılaraq hər ay 200 (yüz doxsan) manat sabit pul məbləği həddində müəyyən edilməsi və Cavabdeh alınıb İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh mediasiya sessiyasında ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin tutulub İddiaçı verilməsi, Cavabdeh dövlət rüsumu olaraq 44 (qırx dörd) manatın alınaraq dövlət nəfinə ödənilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-894/2023 saylı qətnaməsi ləğv edilərək iş üzrə iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı hazırda himayəsində olan 02 aprel 2013-cü il təvəllüdlü X1 üçün Gəncə Apellyasiya Məhkəməsinin 07 iyul 2022-ci il tarixli 2(104)-1982/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş 180 (bir yüz səksən) manat aliment məbləğinin artıtılaraq hər ay 220 (iki yüz iyirmi) manat olması və həkim xərcləri üçün də hər ay 150 (yüz əlli) manat əlavə xərclərdə iştirakı üçün pul tutularaq hər ay cəmi 370 (üç yüz yütmiş) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında olan mübahisələrə görə ayrı yaşayırlar. Birgə yaşadıqları dövrdə anadan olmuş xx.xx.2013-cü təvəllüdlü X3 adlı uşaq onun himayəsində qalmışdır. Hazırda da uşaq onun yanında yaşayır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 180 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Hazırda həmin məbləğlə Aysun adlı azyaşlı uşağı saxlamaq çətinlik törədir. Uşağın gündəlik tələbatları artır. Belə vəziyyətdə uşağını tək başına saxlaya bilmir. Eləcə də uşaq xəstədir. Daimi müalicəyə ehtiyacı vardır. Maddi imkanı olmadığından onu müalicə etdirə bilmir. Cavabdeh 2 ha torpaq sahəsindən istifadə edir, Ağdam rayonu Quzanlı qəsəbəsində dayısı oğlu ilə heyvan saxlamaqla məşğuldur. Eləcə də cavabdehin traktoru, həmin traktorun texniki vasətələri mövcuddur. Onun aylıq qazancı vardır. Özü isə hazırda uşağa görə heç bir yerdə işləyə bilmədiyinə görə, maddi vəziyyəti ağırdır. Uşağının saxlanılmasında maddi sıxıntılar çəkir. Hazırda cavabdehin ödədiyi 180 manat alimentdən əlavə atası hər ay ona uşağın müalicəsi üçün maddi köməklik etmişdir. Atası İİ qrup əlildir, həmçinin xəstədir. Odur ki, artıq uşağın saxlanması üçün maddi köməklik göstərə bilmir. Odur ki, xx.xx.2013-cü təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması və həkim xərcləri üçün əlavə hər ay 150 (yüz əlli) manat əlavə xərclərdə iştirakı üçün pul tutularaq hər ay cəmi 370 (üç yüz yütmiş) manat sabit pul məbləğində pul vəsaitinin alınıb ona verilməsi barədə məhkəmədə iddia qaldırmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Tərtər Rayon Məhkəməsi 22 avqust 2023-cü il tarixli 2(061)-894/2023 nömrəli qərarı ilə Cavabdeh qarşı qaldırdığı qızı X4 üçün alimentin 180 manatdan artırılaraq 220 manat məbləğində müəyyən edilməsi və hər ay 150 (yüz əlli) manat əlavə xərclərdə iştirakı üçün pul tutularaq hər ay cəmi 370 (üç yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulması barədə müvafiq qətnamə qəbul edilməsi barədə xahişini əsaslı hesab etməyərək qismən təmin etmiş və cavabdehdən cəmi 200 manat məbləğində aliment tutulmasını qət etmişdir. Bu isə uşağın 1 aylıq xəstəlik pulunu qətiyyən qarşılamır və onun çox ağır maddi vəziyyətdə olmağı məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Tərtər Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində qızı Aysun Baxşəlizadənin həm bronxial-asmandan, həm nitq problemindən, həm də göz kontaktında bir damarının olmamasından əziyyət çəkdiyini, hər ay uşağa 400- 500 manat pul xərcləndiyini, verilən alimentin ancaq uşağın xəstəxana və dərman resept xərclərinə getdiyini, alimentin artırılmasına yalnız uşağın xəstəliklərinin müalicəsi üçün ehtiyac olduğunu bildirmişdir. Cavabdeh bu artımı çox rahatlıqla ödəyə biləcəyini göstərmək üçün onun 2 ha torpaq sahəsi istifadə edir, Ağdam rayonu, Quzanlı qəsəbəsində dayısı oğlu ilə birlikdə heyvan saxlamaqla məşğuldur, həmçinin traktor və traktora qoşulan cız çəkən mala və ot kombaynının olduğunu və aylıq veteran pulu aldığını göstərmişdir. Bu günə kimi 2-ci qrup əlil olan atası qızının əlavə xərclərini qarşılamışdır. Lakin o da hazırda köməklik göstərə bilmir. Tərtər Rayon Məhkəməsi tərəfindən iddiası əsassız olaraq tam təmin olunmamışdır. Cavabdeh məhkəmədə səsləndirdiyi nüansları əsaslı hesab etmiş və ədalətsiz qərar qəbul etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edib həmin şikayətin dəlillərinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilərək iddianın tam təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilmədən, mübahisələndirilən qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini və tərəfılərin izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı və qanunidir. Belə ki, iş materiallarında olan AA 11749922 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin xx.xx.2013-cü təvəllüdlü X3 adlı uşaqları olmuşdur. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-1982/2022 saylı qətnaməsinin surətindən görünür ki, Tərtər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və xx.xx.2013-cü təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, Cavabdeh hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə alimentin artırılması və əlavə xərclərdə iştirak etmə tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə tərəflərə göndərilən bildirişlər onlara çatdırılmışdır. İddiaçı 50 manat mediasiya xərcini ödəmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin aliment, habelə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi və digər valideynin uşağın xəstəliyi ilə bağlı çəkilən əlavə xərclərlə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkədə 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir. Sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2023-cü il üçün 220 manat müəyyən edilmişdir. Məhkəmənin əvvəlki qətnaməsi ilə müəyyən edilmiş 180 manat alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə xeyli dərəcədə azdır və onun saxlanması üçün yetərli deyildir. Bundan başqa, ötən müddətdə uşaq da böyüməklə onun tələbatı artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsas vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn (işləmədikdə belə) uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Birinci instansiya məhkəməsi uşağın marağını nəzərə alıb iddianı qismən təmin edərək, müəyyən olunmuş alimentin miqdarını artıraraq yuxarıda qeyd olunan məbləğdə təyin etmişdir. Odur ki, kollegiya hesab edir ki, məhkəmə bu zaman uşağın mənafeyini kifayət qədər nəzərə almışdır. Apellyasiya şikayətinin digər cavabdehin uşağa çəkilən əlavə xərclərdə iştirakı ilə bağlı kollegiya qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həminn Məcəllənin 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əssən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Lakin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia ərizəsində və apellyasiya şikayətində uşağının xəstəliyi ilə bağlı əlavə xərclərə ehtiyacının olduğunu göstərmiş olsa da, məhkəməyə müvafiq sübutları, o cümlədən uşağının davamlı müalicəyə ehtiyacının olması, ən əsası isə həmin müalicələrə müəyyən xərcin tələb olunduğunu təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığına, apellyasiya şikayətinin dəlilləri əsassız olduğuna görə təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-894/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2576/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2576/2023
22.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver