Məhkəmə qərarları › İş №2(104)-2592/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2592/2023

01.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2592/2023 01.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(045)-1139/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 19 mart 20014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh X3 ilə 2013-cü ildə faktiki ailə qurmuşdur. Birgə yaşayış dövründə 19 mart 2014-cü il təvəllüdlü X4 adlı bir uşağı olmuşdur. Cavabdehlə 2016-cı ildən ayrılmış və ayrılandan oğlu onun himayəsindədir. O, maddi cəhətdən çətinlik çəkir, cababdeh ona yardım göstərmir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27 aprel 2016-cı il tarixli, 2(044)-2194/2010 saylı qətnaməsi əsasında uşağın saxlanılması üçün hər ay cavabdehdən 100 (yüz) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət olunmuşdur. Lakin, cavabdeh əlil olduğu üçün pensiyasından 90 manat aliment tutulur. Hazırda onun maddi vəziyyəti pisləşmişdir. İndiki iqtisadi durumda cavabdehdən tutulan aliment uşağın sadəcə çörək puluna çatır. Tunar məktəbə gedir, bununla əlaqədar xərcləri də artmışdır. Cavabdehin maddi vəziyyəti yaxşıdır, əlil kimi pensiya düzəltdirsə də işləyib pul qazanır. Cavabdeh atası ilə birlikdə, usta işləyir, uşağına yüksək məbləğdə aliment vermək imkanı vardır. Bundan başqa ölkədə uşaqlar üçün minumum yaşayış həddi 220 manat müəyyən edilmişdir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(045)-1139/2023 saylı qətnaməsi ilə (hakim T.Mustafayev) iddia qismən təmin edilərək, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-2194/2016 nömrəli, 27 aprel 2016-cı il tarixli qətnaməsi ilə 19 mart 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulması və Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 502328 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 19 mart 2014-cü ildə Gəncə şəhərində doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-2194/2016 nömrəli, 27 aprel 2016- cı il tarixli qətnaməsindən görünür ki, 19 mart 2014-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 30 mart 2016-cı il tarixdən başlayaraq, hər ay Cavabdeh 100 (yüz) manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. TSEK-in sonuncu müayinəyə dair arayışından görünür ki, Cavabdeh ikinci dərəli əlil olmaqla, yüngül işlərdə işləyə bilər. Apellyasiya şikayətinin dəlilləri: Goranboy Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(045)-1139/2023 saylı qətnaməsindən narazı qalan cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(045)-1139/2023 saylı qətnaməsinin iddianın təmin edilməyən hissəsində ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən hazırda maddi cəhətdən imkanının aşağı olması, cavabdeh tərəfindən ödənilən 100 manat məbləğində alimentin heç uşağın gündəlik təlabatını qarşılamaq üçün yetərli olmaması və cavabdehin əlil kimi aldığı pensiyadan başqa usta kimi işləyib gəlir əldə etməsini nəzərə alınmamışdır. Həmçinin məhkəmə tərəfindən iddiaya münasibət bildirməsi üçün cavabdehin iştirakı təmin edilməmişdir. Bu hall isə işin birtərəfli aparılmasına dəlalət edir və sonda verilmiş qətnamənin əsassız olmasına gətirib çıxarır. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin, cavabdehin anası qismində özünü təqdim edən şəxs məhkəmə iclasına gəlsədə, cavadbehin nümayəndəsi qismində məhkəmədə iştirka etmə barədə müvafiq etibarnaməni məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu: 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-2194/2016 nömrəli, 27 aprel 2016-cı il tarixli qətnaməsi ilə cavabdehdən 19 mart 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 100 (yüz) manat məbləğində alimentin tutulması qət edilmiş və həmin vaxtdan 7 ildən artıq vaxt keçmişdir. Azərbaycan Respublikasında 2016-cı il üzrə uşaqlar üçün yaşayış minumumu 117 manat məbləğində müəyyən edilmiş, 2023-cü il üzrə isə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir ki, bununla da hazırkı vaxtadək 2016-cı ilə münasibətdə təxminən iki dəfəyə yaxın uşaqlar üçün yaşayış minumu məbləğində artım baş vermişdir. Buna görə də məhəkəmə kollegiyası birinci instansiya məhkəməsinin aliment məbləğini 20 manat məbləği həddində artırmasını ədalətli və əsaslı hesab etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Məhkəmə kollegiyası qəbul edir ki, tərəflərin birgə evliliyndən doğulmuş uşağın qayğıları əsasən iddiaçı tərəfindən həyata keçirilməkdədir ki, bu da aliment məbləğinin yaşayış minumumu məbləği həddində tutulmasına əsas verir. Lakin, müəyyən edilmişdir ki, Cavabdeh ikinci dərəli əlil olmaqla əmək qabiliyyəti məhdudur və yalnız yüngül işlərdə işlərdə işləmək imkanına malikdir. İddiaçı cavabdehin əlilliyə görə müavinət almaqla yanaşı, işlədiyini və müvafiq gəlirə malik olduğunu iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası iddiaçının cavabdehdən yaşayış minumumu məbləği həddində, yəni 220 manat məbləğində aliment tutulmasını əsaslı hesab etməmişdir. Məhkəmə koollegiyası uşaqlar üçün ölkə üzrə müəyyən edilmiş yaşayış minumumu məbləğini, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini, valideynlərin hər ikisinin uşaqlarını saxlamaq vəzifəsini və cavabdehin ikinci dərəcəli əlil olmaqla, işləmək imaknlarının məhduduluğunu nəzərə alaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, cavabdehdən 140 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Goranboy Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(045)-1139/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Goranboy Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli, 2(045)-1139/2023 saylı qətnaməsi dəyişdirilsin. İddia qismən təmin edilsin. Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-2194/2016 nömrəli, 27 aprel 2016-cı il tarixli qətnaməsi ilə 19 mart 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının dəyişdirilsin və qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Apellysiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar