Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2596/2023 06.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1 və Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3455/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 06 dekabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh arasında Gəncə şəhər 6 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli 3M-259 reyestr nömrə ilə bağlanılmış kredit müqaviləsindən görünür ki, borc alan Cavabdeh 10.000 manat məbləğində krediti xx.xx.2023-cü il tarixinədək borc verən İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür.
2. xx.xx.2022-ci il tarixli mədaxil orderinin surətindən görünür ki, "xxxx" ASC-nin Gəncə filialında İddiaçı tərəfindən 10.000 manat pul hesaba köçürülmüşdür.
3. xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 10.000 manat məbləğində pulu qəbul etmişdir.
4. 05.04.2023-cü il tarixli 7879 nömrəli qəbzin surətindən görünür ki, Gəncə şəhəri 1 saylı Vəkil bürosuna 876 nömrəli müqavilə üzrə 110 manat ödəniş edilmişdir.
5. Cavabdeh tərəfindən təqdim olunmuş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus kart hesabına 301 manat, xx.xx.2023-cü il tarixdə 505 manat ödəniş edilmişdir. Həmin qəbzdə iddiaçı tərəfindən yazılmış əlyazmalardan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə 8650 manat borcdan 3000 manat, xx.xx.2023-cü il tarixdə isə 5650 manat borcdan 2000 manat almışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 10.000 manat və 3650 manat, cəmi 13650 manat məbləğində pulun alınıb ona qaytarılmasına və ödənilmiş 131 manat dövlət rüsumunun, hüquqi yardıma görə vəkilə ödənilmiş 110 manat rüsumun cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun tanışıdır. 2022-ci ilin yanvar ayında onlar arasında qızıl alqı-satqısı olmuşdur. Belə ki, Cavabdeh ona qızıl zinət əşyası gətirmiş, o da ona ödəniş etmişdir və əlavə pul da almışdır ki, yenə də qızıl-zinət əşyaları gətirəcəkdir. Beləliklə, cavabdeh ondan 20.000 manat pul almışdır. Onun gətirdiyi qızıl 20.000 manatlıq olmamışdır, xx.xx.2022-ci il tarixdə ikisi birlikdə Gəncə univermağına aparıb satanda 11350 manat pul etmişdir. Beləliklə, cavabdehin ona 8656 manat borcu qalmışdır. Həmin puldan cavabdeh ona 5000 manat (xx.xx.2022-ci il tarixdə 3000 manat, xx.xx.2023-cü ildə 2000 manat da) pul ödəmiş, 3650 manat borcu qalmışdır. Bundan başqa, Cavabdeh qızıl-zinət əşyası alıb sataraq ona olan borclarını ödəyəcəyi adı ilə ondan 10.000 manat pul almışdır. Onlar bu müqaviləni Gəncə şəhər 6 saylı notariat ofisində rəsmiləşdirmişlər. Lakin, cavabdeh nə onun 3650 manat pulunu, nə də kredit müqaviləsi əsasında verdiyi 10.000 manat pulu qaytarmamışdır. Dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh onun pulunu qaytarmadığı üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3455/2023 nömrəli qətnaməsi (hakim Cavid Tağıyev) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh 2650 manat və 10000 manat olmaqla, cəmi 12650 (on iki min altı yüz əlli) manat məbləğində borc pul, hüquqi yardıma görə ödənilmiş 110 manat və 127,95 manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 448.1 və 739.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1, 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(125)-3455/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və 2650 manat borcun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəməyə verilən sübut növü olan telefon danışıq səslərindən məlum olur ki, İddiaçı deyir ki, “10.000 manat kredit artıq yazdırmağına baxmayaraq, mən səndən faizlə birlikdə cəmi 8650 manat borcunu alacağam”. Birinci instansiya məhkəməsində Cavabdeh bildirmişdir ki, İddiaçı onu aldatmış 10.000 manat Muğan Banka özündən pul mədaxil etmiş və həmin vaxtı bankdan pulu götürəndə dərhal Cavabdeh əlindən almış və bu isə bankın kameralarına düşmüşdür. Həmin kameralar bankdan tələb etməyinə baxmayaraq məhkəmə vasitəsi ilə əldə olunub baxıla bilməmişdir. Birinci instansiya məhkəməsi yalnız Muğan Bankı tərəfindən verilmiş kredit müqaviləsinə əsaslanmışdır. Məhkəməyə təqdim olunmuş və iddiaçının öz xətti ilə yazılmış xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Leyla müəllimdən 8650 manatdan 3000 manat aldı və xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Tağıyev Ülvı 5650 manat borcdan 2000 manatdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, o, İddiaçı 20.000 manat dəyərində olan qızılzinət əşyalarını girov qoymaqla 10.000 manat məbləğində sələmə pul götürmüşdür. İddiaçı isə qızıl-zinət əşyalarını qəbul etmişdir. O isə bunun qarşılığında aylıq faizi ilə birlikdə iddiaçıya pul ödəmişdir. Belə ki, o iddiaçıya 8650 manat borcdan 3000, 2000 və 1000 manat olmaqla ödənişlər etmiş və 2650 manat məbləğində borcu qalmışdır. Daha sonra o iddiaçıdan qızıl-zinət əşyalarını istədikdə isə artıq qızıl-zinət əşyalarını satdığını demişdir. İddiaçı ondan pulun hamısının verilməsini tələb etmiş və buna görə də ona müxtəlif bəhanələrlə hədə-qorxu gəlməyə başlamışdır. İddiaçı ondan narazı olduğu üçün notariat konturuna gedərək götürdüyü 10.000 manat məbləğində pulun notarial qaydada təsdiq edilməsini ondan tələb etmişdir. İddiaçı ona hədə-qorxu gəldiyi üçün o, İddiaçı və sonuncunun bacısı ilə bilikdə notariat konturuna gedərək həmin 10.000 manat pulu rəsmiləşdirərək borc müqaviləsi bağlamışlar. O isə məcbur qalıb kredit müqaviləsini imzalamışdır. Lakin, müqavilə bağlandıqdan sonra bank hesabına yerləşdirilmiş 10.000 manat pulu iddiaçı bankın içərisində onun əlindən almışdır. Halbuki, həmin pulu iddiaçı ona qabaqcadan vermiş və sonradan notariat konturuna rəsmiləşdirilmişdir. Bankda olan zaman onun Nazilə adlı tanışları da orada olmuşdur. Lakin, həmin insanları sonrada tapmış və buna görə də birinci instaniya məhkəməsində şahid qismində gəlməsi üçün vəsatət təqdim edə bilməmişdir. İddiaçı isə həmin 10.000 manat məbləğində olan pulu ondan yenidən tələb edir. İddiaçı onu dəfələrlə şantaj eləsə də, bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməmişdir. Həmçinin, o sübut qismində İddiaçı ilə aralarında olan danışıqların qeydə alındığı səs yazılarını da təqdim etmişdir. Belə ki, həmin səs yazılarında İddiaçı ona demişdir ki, “10.000 manat kredit artıq yazdırmağına baxmayaraq, mən səndən faizlə birlikdə cəmi 8650 manat borcunu alacağam”. İndi isə əsassız olaraq ondan ödədiyi puldan əlavə olaraq yenidən 10.000 manat məbləğində pul tələb edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ondan cəmi 2650 manat məbləğində pulun tutulmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək və cavabdehin göstərdiyi xüsusatlara oxşar izahat verərək göstərmişdir ki, cavabdeh 8650 manat borcdan 3000, 2000 və 1000 manat olmaqla ödənişlər. Daha sonra İddiaçı cavabdehdən narazı olduğu üçün notariat konturuna gedərək həmin pulu notarial qaydada təsdiq edilmiş müqavilə bağlanmasını istəmişdir. Tərəflər razılaşmış və notariat konturuna gedərək həmin 10.000 manat pulu rəsmiləşdirərək borc müqaviləsi bağlamışlar. Cavabdeh isə məcbur qalıb kredit müqaviləsini imzalamışdır. Lakin, müqavilə bağlandıqdan sonra bank hesabına yerləşdirilmiş 10.000 manat pulu qəbul etdikdən sonra iddiaçı bankın içərisində pulu cavabdehin əlindən almışdır. İddiaçı isə əsassız olaraq cavabdehdən əvvəl verdiyi 10.000 manat pulu yenidən cavabdehdən tələb edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya mhəkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, o, lombard krediti verir. Belə ki, cavabdeh onun yanına gələrək qızı-zinət əşayalarını girov qoymuş və bunu qarşılığında 20.000 manat məbləğində pul götürmüşdür. Lakin, cavabdehin gətirdiyi qızıl-zinət əşayaları 20.000 manatlıq olmamışdır. Çünki, cavabdehlə birlikdə Gəncə şəhərində yerləşən “Univermaq” ticarət mərkəzinə gedərək qızıl-zinət əşayalarını satmış və dəyəri 11.350 manat pul etmişdir. Beləliklə, cavabdehin ona 8656 manat borcu qalmışdır. Həmin puldan cavabdeh ona 5000 manat pul ödəmiş, 3650 manat borcu qalmışdır. Bundan başqa, Cavabdeh qızıl-zinət əşyası alıb sataraq ona olan borclarını ödəyəcəyi adı ilə ondan 10.000 manat pul almışdır. Onlar bu müqaviləni notariat konturuna gedərək rəsmiləşdirmişlər. Cavabdeh isə həmin məbləği banka gedərək rəsmi qaydada qəbul etmişdir. Lakin, cavabdeh nə onun 3650 manat pulunu, nə də kredit müqaviləsi əsasında verdiyi 10.000 manat pulu qaytarmamışdır. Həmçinin, cavabdeh pulu qaytamamaq üçün ona şər-böhtan atır və onun tərəfindən cavabdehə şantaj olunduğunu bildirmişdir. Ancaq, cavabdeh bu barədə heç bir yerə şikayət etməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək və iddiaçının göstərdiyi xüsusatları təsdiq edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
18. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
19. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
21. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
22. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
23. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
24. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
25. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
26. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
33. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
36. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
39. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyator apellyasiya şikayətinin dəlillərində iddianın yalnız təmin edilmiş hissəsini mübahisələndirmişdir. İddianın təmin edilməyən hissəsi onun hüququna toxunmur. Ona görə qətnamənin əsaslığı yalnız iddianın təmin edilmiş hissəsi üzrə yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
41. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
42. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3455/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
43. Beləliklə, işin halları ondan ibarətdir ki, tərəflər arasında olan razılaşmaya görə İddiaçı tərəfindən Cavabdeh qızıl-zinət əşyalarının alğı-satqısı ilə bağlı 20.000 manat və kredit müqaviləsi üzrə 10.000 manat borc verilmişdir. İddiaçı 20.000 manat borcdan cavabdehin 3650 manat, sonradan borc müqaviləsi üzrə verdiyi 10.000 manat borcdan isə heç bir ödəniş edilmədiyini bildirmişdir. Cavabdeh tərəf isə iddiaçıdan aldığı 20.000 manat borcdan qızılları sataraq ödənişlər etdiyini, qalan 8650 manat borcdan isə 3000 manat, 2000 manat və 1000 manat ödəniş etməklə, cəmi 2650 manat borcu qaldığını və 10.000 manat borca görə kredit müqaviləsini iddiaçının təsiri nəticəsində imzaladığını və həmin müqavilə üzrə 10.000 manat pulu almadığını və iddiaçıdan əvvəl götürdüyü pulu notarial qaydada müqavilə ilə rəsmiləşdirdiklərini bildirmişdir. Buna görə də cəmi 2650 manat məbləğində borcunun qaldığını bildirmişdir.
44. Eyni zamanda müəyyən edilmişdir ki, kredit müqaviləsindən qabaq götürülmüş 20.000 manat borcdan qalıq qalan 2650 manat işin mübahisələndirilməyən haldır. Belə ki, iddiaçı və cavabeh məhkəmələrdə həmin məbləği mübahisələndirməmiş və hazırda da həmin pulun ödənilmədiyi barədə izahatlar vermişlər.
45. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri borcla bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına borcla bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
46. Belə ki, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir və öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır.
47. Baxılan iş üzrə iddia tələbinin hüquqi əsasını təşkil edən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
48. Birinci instansiya məhkəməsi iddia tələbini araşdıraraq, iddiaçı tərəfindən cavabdehə borc verildiyini müəyyən etmiş və iddia tələbini qismən etmişdir.
49. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iş materialları ilə cavabdehin iddiaçıya 10.000 manat və 2650 manat məbləğdə pul borclu olması öz təsdiqini tapır. İşin bu halı 10.000 manata aid hissədə tərəflər arasında notarial qaydada bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ilə də təsdiq edilir.
50. Belə ki, İddiaçı ilə Cavabdeh arasında Gəncə şəhər 6 saylı notariat ofisində xx.xx.2022-ci il tarixli 3M-259 reyestr nömrə ilə bağlanılmış kredit müqaviləsindən görünür ki, borc alan Cavabdeh 10.000 manat məbləğində krediti xx.xx.2023-cü il tarixinədək borc verən İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür.
51. Həmçinin, xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 10.000 manat məbləğində pulu qəbul etmişdir.
52. Lakin, Cavabdeh həmin müqaviləni iddiaçının təsiri altında bağladığını və həmin müqavilə üzrə pul məbləğini qəbul etmədiyini mübahisələndirmişdir. barədə dəlilləri əsassızdır. Belə ki, mülki prosessual qanunvericiliyinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Bundan başqa, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Ona görə də, konkret halda borcun qaytarılması üzrə sübutetmə yükü borcalanın üzərinə düşür. Lakin, baxılan iş üzrə borcalan bu vəzifəsinin öhdəsindən gələ bilməmiş, qeyd etdikləri dəlillər barədə hər hansı sübut təqdim etməmişdir.
54. Həmşinin, sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
55. Apellyator aldığı borcdan cəmi 2650 manat qalıq qaldığı barədə dəlil irəli sürsə də, bu nəticəyə gəlməyə əsas verən heç bir mötəbər sübutu (nə vaxt nə qədər ödənişlər etdiyi barədə sübutları) məhkəməyə təqdim etməmişdir.
56. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir. Bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir
57. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsi də tələb edir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
58. İş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məzmunu işin faktiki hallarına uyğun olmayan məlumatlardan təşkil edilən sübutlar əsasında çıxarılmış qətnamə isə əsaslı hesab edilə bilməz.
59. Həmçinin, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara mövcud olmayan hallar kimi qiymət verə və iddia tələbini rədd edə bilər.
60. Məhkəmə kollegiyası eyni zamanda bildirir ki, iddiaçı tərəfindən cavabdehlə öhdəlik münasibətlərinin yarandığı iddia olunduğuna görə, hazırki vəziyyətdə onların mübahisə anına qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alına bilər.
61. Cavabdeh tərəf pulun qaytarılmasına və borcunun az olmağına dair sübutlarını, yəni iddiaçının kredit müqaviləsində pulu həqiqi olan məbləğdən çox qeyd etdirməsinə dair iddia etdiyi səs yazısını birinci instansiya məhkəməsinə təqdim etmişdir.
62. Məhkəmə kollegiyasına iclasında iddiaçı və cavabdehin razılığı ilə tərəflərin arasında olan “CD” diskdə qeyd edilmiş audio səs yazısı tərəflərin iştirakı ilə tədqiq edilərək dinlənilmişdir. Həmin “səs yazısı”ndan ümumilikdə müəyyən olunur ki, Cavabdeh İddiaçı 10.000 manat və 3650 manat olmaqla, ümumilikdə təxminən 13.650 manat məbləğində borcun qeyd olunmasını bildirmişdir. İddiaçı isə 3650 manatın qalıq borcunun olduğunu bildirmişdir. Cavabdeh ona qarşı təxminən 14.000 manat məbləğində məhkəmədə iddia qaldırıldığını bildirmişdir. İddiaçı isə o miqdarda yazdığını və vəkildən soruşaraq narahat olmamağını bildirmişdir.
63. Göründüyü kimi, həmin səs yazısında tərəflər ümumi olaraq söhbət etmiş, cavabdeh iddiaçıya ona qarşı ümumi olaraq 14.000 manat məbləğində iddia qaldırıldığını, iddiaçı isə o məbləğin heç bir probleminin olmadığını bildirmişdir. Cavabdehin şikayətin dəlillərində qeyd etdiyi kimi səs yazısında iddiaçının “10.000 manat kredit artıq yazdırmağıma baxmayaraq, mən səndən faizlə birlikdə cəmi 8650 manat borcunu alacağam” ifadəsi səsləndirilməmişdir.
64. Belə ki, iddiaçının və cavabdehin razılığı ilə kollegiyanın iclasında tədqiq olunmuş və “səs yazısı”ndakı həmin səsin tərəflərə məxsus olması proses iştirakçıları tərəfindən təsdiqlənmişdir. Eyni zamanda həmin səs yazısı başqası tərəfindən gizli yazılmamış, iki şəxs arasında könüllü olaraq bir-birinə göndərilən yazıdır və onların etirazı olmadan həmin səs yazısı dinlənilmişdir. Bu qaydada tərtib edilmiş sübutlara güvən daha çoxdur. Ona görə ki, sərbəst səs yazısı göndərən şəxs şüuraltı olaraq ehtimal etməlidir ki, göndərmiş olduğu səs yazısı digər başqa situasiyada istifadə oluna bilər. Ona görə, analoji sübutlar digər sübutlarla birlikdə təsdiq olunduğu təqdirdə mötəbər sübut kimi dəyərləndirilə bilər.
65. Bundan başqa, məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur
66. Mülki Prosessual Məcəlləyə əsasən, şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Səs yazısı və videoyazı materialının xüsusi əlamətləri və səsləndirmə vaxtı məhkəmə iclası protokolunda əks olunmaqla məhkəmə iclası zalında və ya bunun üçün xüsusi avadanlıq qurulmuş başqa otaqda səsləndirilə bilər. Bundan sonra məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyir. Səs yazıları və videoyazılar səslənərkən onlarda olan məlumatları aydınlaşdırmaq üçün mütəxəssis cəlb edilə bilər. Zəruri hallarda məhkəmə ekspertiza təyin edə bilər (MPM,10.10, 203.2 və 203.4).
67. Məhkəmə kollegiyası cavabdehin şahidlərin dindirilməsi barədə vəsatətini təmin etməmişdir. Çünki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman tərəflərin hüquq bərabərliyi və çəkişmə prinsipinə əməl olunmuş, tərəflərin hər birinin öz mənafelərini müdafiə etməsi üçün prosessual vasitələrdən real istifadə etmə imkanı yaradılmş, prosesin bütün mərhələlərində tərəflərin iştirakı təmin edilmişdir. Sədrlik edən tərəfindən məhkəmə baxışında tərəflərdən vəsatətləri və əlavə subatları olub-olmaması soruşulduqda, habelə məhkəmə tədqiqatı tamamlananda məhkəmə tədqiqatının daha nə ilə davam etdirilməsi barədə vəsatətləri soruşulanda, iddiaçı heç bir vəsatətinin olmadığını bildirmişdir. Məhkəmə öz qətnaməsini tərəfləri qanunla müəyyən edilmiş qaydada dəvət etmədən, özünün qulluq mövqeyinə görə irəli sürdüyü dəlillərlə deyil, çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə əsaslandırmışdır. Cavabdehin tərəfindən bu müddət ərzində şahidlərin dindirilməsi barədə məhkəməyə vəsatət verilməsi görünmür. Cavabdeh tərəfindən şahidlərin hansı səbəbdən birinci instansiya məhkəməsində dindirilə bilməməsi əsaslandırılmamış və bu barədə müvafiq sübutlarını təqdim edə bilməmişdir.
68. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
69. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
71. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
72. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
73. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
74. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.
75. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3455/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.