Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2608/2023 23.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2333/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Tərəflər 21 iyun 2013-cü il tarixdə faktiki nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahdan 06 may 2014-cü il təvəllüdlü X3 və 15 sentyabr 2015-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-3835/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində hər uşağa görə 136 manat miqdarında aliment tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-1914/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə uşaqların saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində hər uşağa görə 136 manat miqdarında alimentin artırılaraq 150 manat olmaqla, cəmi 300 manat tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 2(021)-2069/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanması üçün cavabdehdən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Hazırki şəraitdə uşaqların hər ikisinin xəstə olması ilə əlaqədar yaranan müalicə xərcləri, məktəbə getməsi ilə bağlı təhsil xərcləri və cavabdehin də alimentdən başqa heç bir yardım göstərməməsi səbəbindən iddiaçı bütün bu xərcləri təkbaşına qarşılaya bilmir. Bu səbəbdən də, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, birgə nikahdan olan 06 may 2014-cü il təvəllüdlü X3 və 15 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-2069/2021 nömrəli qətnaməsinə əsasən hər ay hər bir uşağa görə sabit pul məbləğində təyin olunmuş 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat alimentin miqdarının artırılaraq hər bir uşağa görə ayda 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat miqdarında olmaqla alimentin cavabdehdən alınaraq ona verilməsinə dair qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 21 iyun 2013-cü il tarixdə faktiki nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə nikahlarından 06 may 2014-cü il təvəllüdlü X3 və 15 sentyabr 2015-ci il təvəllüdlü X5 adlı övladları var. Abşeron rayon Məhkəməsinin 2(012)-3835/2017 nömrəli, 10 noyabr 2017-ci il tarixli qətnaməsinə əsasən azyaşlı uşaqlarının saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində hər uşağa görə 136 (bir yüz otuz altı) manat miqdarında alimentin alınaraq ona verilməsi müəyyən edilmişdir. Bərdə rayon Məhkəməsinin 2(021)-1914/2019 nömrəli, 25 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən azyaşlı uşaqlarının saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində hər uşağa görə 136 (bir yüz otuz altı) manat miqdarında aliment artırılaraq 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 manat alınaraq ona verilməsi müəyyən edilmişdir. Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-2069/2021 nömrəli qətnaməsinə əsasən azyaşlı uşaqlarının saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat alınaraq ona verilməsi müəyyən edilmişdir. Lakin hazırki şəraitdə onun bütün bu xərclərin öhdəsindən təkbaşına gəlməyi mümkün deyildir. Belə ki, uşaqlarının hər ikisi məktəbə gedir, təhsil alır və xərcləri çoxalıbdır. Bundan başqa hər iki uşağının ağır xəstəlikləri mövcuddur. Qızı cərrahi əməliyyata məruz qalıb, ürəyində ciddi xəstəlik var, qan azlığı, allergiya, raxitin qalıq əlamətləri, onurğanın Svari skalioz xəstəliklərindən əziyyət çəkir. Oğlunda da sağalmaz xəstəliklər mövcuddur, anemiya, allergik rinit adenoid 3-cü dərəcə sinir reflektor oynaqlıq, onurğanın S vari skaliozu, spina-bifida, cərrahi əməliyyata məruz qalıb və təkrar yenə olmalıdır. Bu xəstəliklərini təsdiq edən Abşeron Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 1957 və 1958 nömrəli xəstəlik tarixindən çıxarışı ərizəyə əlavə edir. Xəstəliklərin müalicəsi üçün o çəkilən xərcləri qarşılaya bilmir. Uşaqların müalicəsi üçün dərmanlarını almağa pulu çatmır. Ataları isə alimentdən başqa heç bir yardım göstərmir. Qeyd etdikləri ilə bağlı olaraq da onların xərcləri əvvəlki miqdarda deyil. İndiki halda onun tək öz gəlirləri hesabına və aldığı alimentlə bütün bu xərclərin öhdəsindən gəlmək imkanı olmadığına görə nikahdan olan 06 may 2014-cü il təvəllüdlü X3 və 15 sentyabr 2015-ci il təvəllüdlü X1 üçün cavabdehdən tutulan aliment miqdarının artırılmasını zəruri hesab edir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2333/2023 saylı qətnaməsi ilə (hakim F.Babaşov) iddianın qismən təmin edilməsi, 06 may 2014-cü il təvəllüdlü X3 və 15 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Bərdə rayon Məhkəməsinin 2(021)-2069/2021 nömrəli qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa 190 manat, cəmi 380 manat məbləğində müəyyən edilməsi və qətnаmə qаnuni qüvvəsini аldığı vаxtdаn bаşlаyаrаq cаvаbdeh Cavabdeh tutulub İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə uşаqların sаxlаnmаsı üçün аlimentin miqdarına dаir məsələni müzakirə edərkən uşaqların saxlanması ilə bağlı gündəlik qayğıların iddiаçının üzərinə düşməsini və uşaqlara qulluq etməsini diqqətə layiq hal kimi nəzərə alır. Məhkəmə uşaqların hazırda müxtəlif xəstəliklərdən müalicə aldığını, uşaqların böyüməsi və bununla əlaqədar onların yaşam və saxlanma xərclərinin, gündəlik tələbatlarının artmasını nəzərə alaraq hesab edir ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından doğulmuş 06 may 2014-cü il təvəllüdlü X3 və 15 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(021)-2069/2021 nömrəli qətnaməsinə əsasən hər ay bir uşağa görə sabit pul məbləğində təyin olunmuş 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat məbləğində alimentin miqdarının artırılaraq hər ay bir uşağa görə ayda 190 manat, cəmi 380 (üç yüz səksən) manat miqdarında olmaqla alimentin cavabdehdən alınaraq İddiaçı xeyrinə tutulmalı, alimentin tutulmasına qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan etibarən hesablanmalıdır. Məhkəmə qeyd olunan alimentin miqdarının artırılması məbləği ilə bağlı nəticəyə gələrkən onu da qeyd edir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi oxşar presedent qərarlarında vurğulamışdır ki, ədalətli məhkəmə araşdırması o zaman tamamlanmış hesab edilir ki, məhkəmə qərarları tam icra edilmiş olsun. Belə olan halda, gələcəkdə məcburi qüvvəyə malik olacaq hazırki yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına icra olunmadan qalması ehtimalı, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququnu (ədalətli məhkəmə araşdırması hüququ) da xəyali hüquqa çevirə bilər. Odur ki, iş üzrə qətnamənin icra olunmadan qalma ehtimalını aradan qaldırmaq üçün məhkəmə hazırki nəticəyə gəlmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2333/2023 saylı qətnaməsinə əsasən, alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 190 manat olmaqla, ümumilikdə 380 manat məbləğində aliment təyin olundu. Hal-hazırda təyin olunmuş həmin məbləğlə övladlarının bütün bu xərclərinin öhdəsindən təkbaşına gəlmək mümkün deyildir. Uşaqlar məktəbə gedir, təhsil alır və xərcləri çoxalıbdır. Uşaqların ağır xəstəliyi var, qız cərrahiyyə əməliyyatı edilib, ürək xəstəliyi var, qan azlığı, allergiya, raxit, onurğa xəstəliyindən əziyyət çəkir. Oğlu anemiya, allergiya, onurğa xəstəliyi, spina-bifidadan əziyyət çəkir, cərrahi əməliyyat keçirib, yenə əməliyyat edilməlidir. İİİ dərəcəli allergik rinitdən əziyyət çəkir, hansı ki, davamlı müalicə tələb edən və sağalmaz xəstəlikdir. Faktı təsdiq edən Abşeron Rayon Mərkəzi Xəstəxanasının xəstəlik tarixindən çıxarış iş materiallarına əlavə edilmişdir. Xəstəliklərin xərcini qarşılaya bilmir. Dərmanları almağa pulu çatmır. O, özü də allergiyadan əziyyət çəkir, hər işdə işləyə bilmir. Eyni zamanda, uşaqlar xəstə olduqlarına görə onları nəzarətsiz buraxa bilmir. Ata heç bir yardım etmir. Xərcləri əvvəlki miqdarda deyil. Tək öz gəliri və hazırki alimentlə bu xərcləri qarşılaya bilmir. Ata 20 ildən çoxdur ki, Bakı şəhərində yaşayır və işləyir. Lakin, məhkəmə atanın rayon qeydiyyatında olduğuna görə alimentin miqdarının 220 (iki yüz iyrimi) manatdan az təyin olunduğunu bildirir. Ata işlədiyini inkar edir, rəsmi olaraq aldığı əmək haqqının az olduğunu bildirir. Uşaqlar Bakı şəhərində dünyaya gəlib, Bakı şəhərində yaşayır və Bakı şəhərində təhsil alırlar. Odur ki, alimentin miqdarı artırılmalıdır. Qətnamə apellyasiya qaydasında ləğv edilməlidir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı məhkəməyə etiraz daxil olmamışdır. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş edərək əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşağın artmaqda olan müalicə xərclərinin, təhsil xərclərinin və uşaqların saxlanması üçün digər xərclərin qarşılanması üçün kifayət deyil. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, Bakı şəhərində yaşayır, orada da işləyir, 345 manat əmək haqqı alır. Yenidən, 3-cü dəfə ailə qurmuşdur, kirayədə yaşayır. Birinci nikahından olan uşağı üçün də 100 manat aliment ödəyir. Qeyd olunan halları nəzərə alaraq iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat veriməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Kollegiya AR MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 34. Nikah hüququ ... İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunu Həmin qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Uşaq hüquqları haqqında» Konvensiya Həmin Konvensiyanın 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda sadalanan hüquq normalarından göründüyü kimi, valideyn qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Valideynin işləməməsi və ya qazanca malik olmaması, yaxud qazancının az olması onu uşağı saxlamaq, normal maddi dolanışığını təmin etmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78-ci maddəsi sabit məbləğdə aliment tutulmasına əsas verən hallardan biri kimi valideynin qazancının (gəlirinin) olmamasını, başqa bir hal kimi də alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu hallаrı müəyyən etmişdir. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar aliment təyini zamanı nəzərə alınsa da, uşağın mənafeləri baxımından qiymətləndirilməlidir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Həmçinin təyin olunacaq aliment məbləğinin ödənilməsinin obyektiv olaraq mümkünlüyü də nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd olunan hüquq normalarına əsasən, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay hər uşağa görə 190 manat məbləğində müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Bu məbləğ uşağın mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolveriləndir. Kollegiya göstərir ki, alimentin bu məbləği uşağın mənafeləri baxımından qənaətbəxşdir. Həmçinin məhkəmə kollegiyası iş üzrə cavabdehin 345 manat əmək haqqı almasını, başqa nikahdan olan uşağı üçün aliment ödəməsini və yenidən ailə qurması kimi halları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini məqsədə müvafiq hesab etmir. Kollegiya qeyd edir ki, alimentin məbləği müəyyən edilərkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn (işləmədikdə belə) uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən cavabdehə müəyyən olunan alimentin miqdarı qanunauyğun və əsaslıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmişdir. Qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2333/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-2608/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2608/2023
23.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver