Məhkəmə qərarları › İş №2(104)-2610/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2610/2023

22.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2610/2023 22.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Əliyev Rafiq Çingiz oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qаrşı “pul” tələbinə dаir iddiası ilə bağlı mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2728/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2728/2023 saylı qətnaməsi ilə (hakim F.Babaşov) iddiаçı İddiaçı Cavabdeh qаrşı “pul” tələbinə dаir iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş 68 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-2728/2023 saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiаçı İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək Cavabdeh borclu olduğu 4791 (dörd min yeddi yüz doxsan bir) manat pulun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə "xxxx" BOKT MMC-dən 1500 manat kredit götürüb vermiş, həmin 1500 manat əvəzinə 1791 manat kredit ödəməlidir. Cavabdeh onu aldatmış ona götürüb verdiyi pulu geri qaytarmaqdan boyun qaçırmışdı. 2000 manat dəyərində olan iri buynuzlu inək və balasını da ondan almış və 1000 manat dəyərində olan dananı da satıb pulunu cavabdehə vermişdir. Cavabdeh onun qızının həyat yoldaşı olduğu üçün ona inanmışdır. Hesab edir ki, cavabdeh 4791 (dört min yeddi yüz doxsan bir) manat borcunu ona tam şəkildə ödəməlidir İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, Cavabdeh ilə aralarında olan razılaşmaya əsasən xx.xx.2022-ci il tarixdə "xxxx" BOKT MMC-dən 1500 manat kredit götürüb vermişdir. Həmin 1500 manat kreditin əvəzinə isə 1791 manat kredit ödəməli idi. Cavabdeh onu aldatmış, ona götürüb verdiyim pulu geri qaytarmaqdan boyun qaçırmışdır. 2000 manat dəyərində olan iri buynuzlu inək və onun balasını da ondan almış və 1000 manat dəyərində olan dananı da satıb pulunu cavabdehə vermişdir. Cavabdeh qızının həyat yoldaşı olduğu üçün ona inanmışdır. Hesab edir ki, cavabdeh 4791 (dörd min yeddi yüz doxsan bir) manat borcunu ona tam şəkildə ödəməlidir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, səkkiz ildir ki, qaynatası ilə münasibəti yoxdur, boşanmamışdır, yoldaşının da atası ilə münasibəti yoxdur. Həyat yoldaşının pay torpaq sahəsi paylı mülkiyyətdə olduğu üçün qaynatası həmin torpaq sahəsindən istifadə edir. Onlar həmin torpaq sahəsini onlara verməsinə görə müraciət etmişlər, buna görə də iddiaçı ona qarşı hazırki iddianı qaldırmışdır. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı cavabdehi dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşin məhkəmə iclasında araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdə "xxxx" BOKT MMC-dən 1500 manat kredit götürüb verdiyini, həmin 1500 manat əvəzinə 1791 manat kredit ödəməli olduğunu, 2000 manat dəyərində olan iri buynuzlu inək və balasını da cavabdeh ondan aldığını, 1000 manat dəyərində olan dananı da satıb pulunu cavabdehə verdiyini. lakin sonuncunun onu aldadaraq ümumilikdə 4791 (dörd min yeddi yüz doxsan bir) manat təşkil edən borcunu qaytarmadığını göstərmiş olsa da, məhkəməyə iddia tələbini təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiаçı iddiа tələbinin əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Lakin iddiaçı cavabdehə 4791 manat pul verdiyinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş və məhkəmə iclasında həmin halı sübut edə bilməmişdir. Cavabdeh məhkəmə iclasında iddianı rədd etmişdir. İş materiallarında iddiaçının kredit götürməsinə dair müqavilə olsa da həmin müqavilə iddiaçı ilə kredit təşkilatı arasında bağlandığından cavabdeh həmin kredit borcuna görə məsuliyyət daşıya bilməz. Belə olan halda iddia rədd edilməlidir. iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə cavabdeh iddia tələbini qəbul etmədiyi üçün cavabdehlərin iddiaçıya 4791 manat məbləğində borclu olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin ona 4791 manat məbləğində borcunun olmasını iddia etsə də məhkəməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut təqdim etməmişdir. Digər tərəfdən iddiaçı həmin istinad etdiyi halları təsdiq edən sübutlarını apellyasiya şikayətinə də əlavə etməmişdir. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, birinci instansiya məhkəməsi tərəfindən tərəflərə bərabər qaydada yanaşılmamış, qərərzliliyə yol verilmiş, mötəbər subütlara və faktlara əsaslanmadan, qərarını qanunvericiliyinin tələblərini kobud şəkildə pozaraq, düzgün əsaslandırmadan qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, qanunvericiliyin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı isə cavabdehlərin ona 4791 manat borclu olduğunu qeyd etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, həmin şikayət təmin edilmədən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-2728/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393 və 404-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-2728/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar