Məhkəmə qərarları › İş №2(104)-2611/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2611/2023

22.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2611/2023 22.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Əliyev Rafiq Çingiz oğlunun katibliyi, Cavabdeh nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)–717/2023 saylı qətnaməsindən cavabdehin nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)–717/2023 saylı qətnaməsi ilə (hakim F.Mirzəquliyev) iddia tələbinin təmin edilməsi, 05 aprel 2012-ci il tarixdə doğulmuş X1 üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)- 597/2016 saylı qətnaməsi ilə təyin edilmiş, hər ay 100 manat alimentin miqdarı artırılaraq, hər ay 220 manat miqdarında müəyyən edilməsi, Cavabdeh 34.4 manat məhkəmə xərcinin tutularaq dövlət büdcəsinə köçürülməsi, 50 manat mediasiya xərcinin əvəzinin alınaraq İddiaçı verilməsi, alimentin yeni miqdarda tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Cavabdehin nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)-717/2023 saylı qətnaməsinin ləğv edilməsi və aliment miqdarının 140 manat müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05 aprel 2012ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-597/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş Cavabdeh hər ay bir uşaq üçün 100 manat alimentin miqdarının artırılaraq, 220 manat miqdarında müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 21 oktyabr 2011-ci il tarixdə nikah bağlayaraq evlənmişlər. Ailə münasibətlərindən 05 aprel 2012-ci il tarixdə X8 doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün cavabdehdən ayrılmışdır. O, işləmir və azyaşlı uşağı onun himayəsindədir. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-597/2016 saylı qətnaməsi ilə xx.xx.2012-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 100 manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Uşağının 11 yaşı var, məktəbdə təhsil alıır və xəstədir. Hazırda təyin edilmiş aliment azyaşlı uşağın saxlanılma xərclərini ödəmir. Cavabdeh hərbiçi işləyir və imkanı yaxşıdır. Ona görə də, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdehin nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qətnamə ləğv olunmalıdır. Belə ki, Gədəbəy Rayon Məhkəməsi övladı X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün həmin dövrdə müəyyən olunmuş 60 manat, sonra isə 100 manat sabit pul məbləğində aliment müəyyən etmişdir. Lakin onun buna etirazı olmamışdır. Hazırki dövr üçün maddi vəziyyəti heç də normal deyil. Nəzərə alsaq ki, onun da dolanışığı, ehtiyacları və tələbatları var, bu zaman həmin məhkəmənin də qeyd olunan miqdardan da az aliment məbləğinin tutulmasını təmin etmək zərurəti olardı. Buna baxmayaraq o övladına görə buna razılığını bildirmişdir və apellyasiya şikayəti verməmişdir. Bundan başqa, Rufanə Babayevdən boşandıqdan sonra yeni ailə həyatı qurmuş və birgə nikahlarından iki övladı doğulmuşdur. Bu barədə məlumatlar birinci instansiyada işə əlavə olunmuşdur. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş tərəflərdən cavabdeh nümayəndə vasitəsilə təmsil olunsa da özü və iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmənin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 276.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək birinci istansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və alimentin miqdarının 140 manat miqdarında müəyyən edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh hərbçidir və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edir. İddiaçı ilə boşandıqdan sonra yeni ailə qurmuşdur və himayəsində də iki azyaşlı uşağı vardır. İddianı təmin etmiş birinci instansiya məhkəməsi həmin halları nəzərə almamışdır. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi və tərəfləri dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işdə olan AZ İİ seriyalı 789523 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2012-ci il tarixdə doğulmuş X3 atası Cavabdeh, anası X5r. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(041)-487/2014 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında 21 oktyabr 2011-ci ildə Bakı şəhəri Nizami rayon qeydiyyat şöbəsində bağlanmış 1646 saylı qeydə alınmış nikahın pozulması, ümumi uşaqları 05 aprel 2012-ci il təvəllüdlü X3 X4 himayəsində və tərbiyyəsində saxlanılması, Cavabdeh 05 aprel 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılıb tərbiyyə edilməsi üçün hər ay bir uşaq üçün sabit pul məbləğində 60 manat alimentin tutularaq X6 verilməsi qət edilmişdir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-597/2016 saylı qətnaməsinin surətindən görünür ki, 05 aprel 2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 60 manat sabit pul miqdarda aliment artırılaraq 100 manat müəyyən edilməsi qət edilmişdir. İşdə olan AZ İİ seriyalı 211414 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə X9 xx.xx.2018-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Alıyeva soyadı verilmişdir İşdə olan AZ İV № 663072 saylı və AZ İV seriyalı 400948 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətlərindən görünür ki, Cavabdeh ilə X9 ailə münasibətlərindən xx.xx.2018-ci il tarixdə X11, xx.xx.2020-ci il tarixdə X10 adında iki uşaqları doğulmuşdur. İşdə olan mediasiya sessiyasında iştirak etməməsi barədə arayışdan görünür ki, iddiaçı 50 manat mediasiya xərci ödəmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh ilə 21 oktyabr 2011-ci il tarixdə nikah bağlayaraq evlənmiş, ailə münasibətlərindən 05 aprel 2012-ci il tarixdə X8 doğulmuşdur. Tərəflər arasındakı nikah Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(041)-487/2014 saylı qətnaməsi ilə pozulmuş, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından doğulmuş 05 aprel 2012-ci il təvəllüdlü X8 anasının, yəni iddiaçının himayəsində qalmış, uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarı hər ay 60 manat miqdarında müəyyən edilmiş, daha sonra isə məhkəmənin xx.xx.2016-cı il tarixli, 2(041)-597/2016 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq hər ay 100 (bir yüz) manat miqdarında müəyyən edilmişdir. hazırda iddiaçı təyin olunmuş alimentin miqdarının uşağın saxlanması üçün yetərli olmadığını qeyd edərək artırılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə tərəfindən iddia təmin edilərəkən cavabdehin himayəsində sonrakı nikahından daha iki azyaşlı uşağın olduğu nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iddiaçının himayəsində olan azyaşlı uşağın saxlanılması xərclərinin artmasını və bununla əlaqədar iddiaçının maddi vəziyyətinin pisləşməsini, cavabdehin hərbçi olmasını və yüksək əməkhaqqı almasını, həmçinin Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında qanunun tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, xx.xx.2012-ci il tarixdə doğulmuş X1 üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(041)-597/2016 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırilaraq, hər ay 220 manat miqdarında müəyyən edilməlidir Həmin nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Hazırki iş üzrə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin aliment, habelə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkədə 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat təşkil edir. Sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2023-cü il üçün 220 manat müəyyən edilmişdir. Hazırda uşaq üçün müəyyən edilmiş 100 manat alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə xeyli dərəcədə azdır və onların saxlanması üçün yetərli deyildir. Bundan başqa, ötən müddətdə uşaq da böyüməklə onun tələbatı artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsas vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn (işləmədikdə belə) uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşaqların maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Birinci instansiya məhkəməsi uşağın marağını nəzərə alıb iddianı təmin edərək, müəyyən olunmuş alimentin miqdarını artıraraq yuxarıda qeyd olunan məbləğdə təyin etmiş, lakin bu zaman cavabdehin himayəsində daha iki nəfər azyaşlı uşağının olduğunu və onun qazancını kifayət qədər nəzərə almamışdır. Kollegiya hesab edir ki, iddianın təmin edilərək bir uşağın saxlanması üçün tutulan alimentin hər ay bir uşağa görə 220 manat sabit pul məbləğində müəyyən edilməsi cavabdehin ailə vəziyyətinə ciddi təsir göstərə bilər. Belə olan halda məhkəmə kollegiyası iki uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmiş hər ay bir uşağa görə 220 manat miqdarında alimentin məbləğini yüksək sayır və hesab edir ki, qətnamə ləğv edilməli və iddia tələbi qismən təmin edilərək artırılmış alimentin miqdarı hər ay 170 (bir yüz yetmiş) manat miqdarında müəyyən edilməli, bununla da apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.3, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti qismən təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(042)–717/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. 05 aprel 2012-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(041)-597/2016 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı verilsin. Cavabdeh 34.4 manat məhkəmə xərci tutularaq dövlət büdcəsinə köçürülsün. Cavabdeh 50 manat mediasiya xərcinin əvəzi alınıb İddiaçı verilsin. Alimentin yeni miqdarda tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamə qətidir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar