Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2615/2023 23.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-728/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçıovna Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1747/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarının dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-ci il təvəlüdlü X2 saxlanılması üçün hər ay 440 manat sabit pul məbləğində alimentin və mediasiya xərci olaraq ödənilmiş 50 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər nikahlarını rəsmiləşdirmədən faktiki ailə qurmuşlar. Onların bu evliliklərindən iki uşaqları - xx.xx.2015-ci il təvəllüdlü Dəniz İbrahimova və xx.xx.2016-ci il təvəlüdlü Ayxan İbrahimov doğulmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən hazırki cavabdehdən Dəniz və Ayxanın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa görə 150 manat, cəmi 300 manat aliment tutulması qət edilmişdir. İddiaçı həmin məbləğdə alimentlə uşaqları normal tərzdə saxlamaq çətinlik çəkir. Uşaqların gündəlik tələbatları artır. Cavabdeh isə uşağın saxlanılmasında əlavə heç bir maddi köməklik göstərmir. İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, məsələnin mediasiya qaydasında həlli mümkün olmamışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-728/2023 saylı qətnaməsi ilə (sədirlik edən Elşad Abdullayev) iddia qismən təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1747/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarının dəyişdirilərək Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat alimentin tutularaq İddiaçıovnaya verilməsi, dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanması, Cavabdeh ödənilmiş 50 manat mediasiya xərcin tutularaq iddiaçıya, 30 manat dövlət rüsumunun tutularaq dövlət mədaxilinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-728/2023 saylı qətnaməsinin tam ləğv edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edib, ondan tutulan alimentin məbləğini artıraraq, hər uşağa görə 220 manat müəyyən edərkən, onun maddi vəziyyətini nəzərə almamışdır. Belə ki, o, 44 günlük vətən müharibəsi iştirakçısı olmaqla, 80 manat təqaüd alır, onun başqa gəliri yoxdur. İddiaçıovnaya işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə kollegiyaya məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, atasına məxsus ərzaq mağazasında (marketdə) satıcı işləyir, müharibə veterandır. Məhkəmə qətnaməsinə əsasən qət edilmiş 300 manat alimenti ödəməkdə çətinlik çəkir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-728/2023 saylı qətnaməsinin tam ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-728/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-728/2023 saylı qətnaməsinin tam ləğv edilərək, iddianın rədd edilməsini xahiş etsə də, apellyasiya şikayətinin dəlillərində iddianın təmin olunmuş hissəsini mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: Saratov vilayəti Hökümətinin VVAQ idarəsi üzrə Krasnoarmeys rayonu və Krasnoarmeysk şəhəri VVAQ şöbəsi tərəfindən xx.xx.2016-ci il və xx.xx.2016-ci il tarixlərdə verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə evliliyindən xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-ci il təvəlüdlü X4 anadan olmuşdur. Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-1747/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamənin surətindən görünür ki, hazırki Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-ci il təvəlüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat aliment tutularaq tutularaq İddiaçıovnaya verilməsi qət edilmişdir. Mediator V.Səfərov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 01172 nömrəli “ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, iddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İddiaçıovna 50 manat mediasiya xərci ödəmişdir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1747/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, iş üzrə Tərtər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(061)-157/2020 saylı qətnaməsi alimentin miqdarına aid hissədə dəyişdirilmiş, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-ci il təvəlüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 150 manat, cəmi 300 manat aliment tutularaq tutularaq İddiaçıovnaya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. İddiaçıovna uşaqların gündəlik tələbatlarının artmasını, cavabdehin isə uşağın saxlanılmasında əlavə heç bir maddi köməklik göstərmədiyini əsas gətirməklə, alimentin miqdarının artırılaraq hər ay hər uşaq üşün 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 (iki yüz iyirmi) manat müəyyən edilməsini, valideynlərin hər ikisinin hüquqlarının bərabər olmaqla, onların hər ikisinin uşağa qayğı göstərmək borcu olduğunu, habelə uşağın qulluq, sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsini nəzərə alaraq, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-1747/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək, hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat məbləğində müəyyən edilməli və qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməl olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır və qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.13-cü bəndinə əsasən, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunu uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Kollegiya iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək, qeyd edir ki, alimentin məbləği müəyyən edilərkən onların maddi və ailə vəziyyəti nəzərə alınmalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qayda qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən, aliment ödəməyən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Aliment ödəyən şəxsin maddi imkanı üçün ödənilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına zəmin yaradacaqdır.Tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları, iddiaçı tərəfindən cavabdehin daha yüksək gəlirə malik olmasına dair sübut növü təqdim edilməməsini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi qanuni və əsaslı nəticəyə gəlmişdir. Kollegiya cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək, qeyd edir ki, onun maddi vəziyyətinin aşağı olması barədə dəlillərini alimentin azaldılması üçün əsas hesab etmir. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmaqla, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyəti daşıyırlar və hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilən hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin həmin hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli və Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-728/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, alimentin artırıldığı məbləğin bir il ərzində olan məcmusu ilə iddianın qiyməti beş min manatdan az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(061)-728/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2615/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2615/2023
23.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver