Məhkəmə qərarları › İş №2(104)-262/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-262/2023

17.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-262/2023 17.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-4/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Kreditor İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5702.55 ABŞ dolları əsas və 2254.17 ABŞ dolları faiz borcunun, cəmi 7956.72 ABŞ dolları və ödənilmiş 20 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 08 fevral 2017-ci il tarixli, 2(021)-1610/2017 saylı məhkəmə əmri ilə, Cavabdeh1 və Cavabdeh2 5702.55 ABŞ dolları əsas və 2254.17 ABŞ dolları faiz borcunun, cəmi 7956.72 ABŞ dolları və ödənilmiş 20 manat ödənilmiş dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qərara alınmışdır. Borclu Cavabdeh2 birinci instansiya məhkəməsinə etiraz ərizəsi ilə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin 08 fevral 2017-ci il tarixli, 2(021)-1610/2017 saylı məhkəmə əmrinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bərdə Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(021)-1610/2017 nömrəli qərardadı ilə, Bərdə Rayon Məhkəməsinin 2(021)-1610/2017 saylı, 08 fevral 2017-ci il tarixli məhkəmə əmri ləğv edilərək, iş iddia icraatında keçirilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-4/2022 saylı qətnaməsi ilə (hakim E.Əhmədov) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 Cavabdeh2 müştərək qaydada 5694.97 ABŞ dolları əsas borc 1860.36 ABŞ dolları faiz borcu olmaqla cəmi 7555.33 ABŞ dolları (yeddi min beş yüz əlli beş ABŞ dolları otuz üç sent) kredit borcu və ödənilmiş 20 manat dövlət rüsumu tutulаrаq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının 220 (iki yüz iyirmi manat) manat dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 aid edilsin və 220 (iki yüz iyirmi) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə (keçiriləcək hesab: Büdcə təsnifatı kodu 141319, büdcə cəviyyəsinin kodu 3, SAP( XİİS) hesabı X1, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ34 CTRE********************) ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh2 apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, borclu Cavabdeh1 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 24 aprel 2015-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 24 ay müddətinə, illik 28 % olmaqla 7500 ABŞ dolları məbləğində kredit verilmişdir. Hazırda borclu ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Mülki iş materiallarında olan: 24 aprel 2015-ci il tarixli MK/97227/50 nömrəli kredit sazişindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 24 ay müddətinə, illik 28% dərəcəsi ilə, 7500 ABŞ dolları məbləğdə kredit vermişdir. 24 aprel 2015-ci il tarixli MK/97227/50 nömrəli kredit sazişindən müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanılmışdır. 24 yanvar 2017-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh1 24 aprel 2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 5702.55 ABŞ dolları əsas və 2254.17 ABŞ dolları faiz borcu, cəmi 7956.72 ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikası BPQMİ-nin MAPS Şöbəsinin arayışından müəyyən olunur ki, Cavabdeh1 xx xxxxxx 1982-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 11 yanvar 2022-ci il tarixli, 9/9046 nömrəli ekspert rəyində göstərilmişdir ki, 24 aprel 2015-ci il tarixli MK/97227/50 saylı kredit sazişi üzrə Cavabdeh1 24 yanvar 2017-ci il tarixinə İddiaçı ASC-nə olan borcu əsas borc üzrə 5694.97 ABŞ dolları, faiz borcu üzrə 1860.36 ABŞ dolları olmaqla, cəmi 7555.33 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 may 2022-ci il tarixli, 4/572 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 8-9-cu vərəqələrində olan 24 aprel 2015-ci il tarixli MK/97227/50 nömrəli Kredit sazişinin “6.Tərəflər və rekvizitləri” bölməsində “Zamin” qrafasındakı imza Cavabdeh2 tərəfindən icra olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə mühasibatlıq ekspertizası təyin olunmamışdır. İddiaçı tərəfindən tələb olunan məbləğlər şişirdilmişdir. Hesab edir ki, tələb olunan borc məbləğinin dəqiq müəyyən edilməsi üçün iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Həmçinin, iş üzrə yenidən məhkəmə-xəttşünaslıq ekspertizası keçirilməlidir. İşdə iştirak edən şəxslərin verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor İddiaçı ASC-nin borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, MK/97227/50 saylı kredit sazişinə əsasən kreditor tərəfindən borcalana illik 28 faizlə 24 ay müddətinə 7500 ABŞ dolları kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh1 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, bununla da zamin borcalan ilə birlikdə bank qarşısında eyni həcmdə məsuliyyət daşımağı üzərlərinə götürmüşlər. Lakin, borcalan kredit müqaviləsinin şərtlərinə əməl etməmiş və onun kreditora əsas borc üzrə 5694.97 ABŞ dolları, faiz borcu üzrə 1860.36 ABŞ dolları olmaqla, cəmi 7555.33 ABŞ dolları borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri kredit və zaminliklə ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit zaminlik müqavilələrinə, habelə qanunvericiliyin borcla və zaminliklə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. İddia tələbinin kökündə tələb etmənin əsası kredit və zaminlik müqavilələri dayanır. Məhz iddiaçı bank həmin müqavilələri rəhbər tutaraq hazırda cavabdehlərdən borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə (əqdlərlə) bağlıdır. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaranması üçün kredit müqaviləsinin bağlanması şərtdir. Çünki, məhz müqavilə bağlanacağı halda iddia tələbi üzrə cavabdehin borcu qaytarmaq öhdəliyi yaranmış olacaqdı. Nəzərə almaq lazımdır ki, öhdəlik hüquq münasibətlərinin əmələ gəlmə əsasları dedikdə öhdəliyin əmələ gəlməsini şərtləndirən, onun yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Yəni öhdəliklər hüquqi faktlar əsasında meydana gəlir. Öhdəliyin əmələ gəlməsini şərtləndirən hüquqi faktların dairəsi geniş olsa da, ən genişi müqavilə olmasıdır. Mülki Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir. Həmin maddədə nəzərdə tutulmuşdur ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor, borcalan və zamin arasında olan xx.xx.2015-ci il tarixli kredit və zaminlik müqavilələri Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, cavabdehlər isə borclu statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur. Borc tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən kreditorun borcludan faizlərin ödənilməsini tələb etmək hüququ vardır. Sadalanan hallar və hüquq normaları borcalandan kreditin ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir. Belə ki, borcalan Cavabdeh1 kreditor qarşısında üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməmiş, onun banka xx.xx.2017-ci il tarixə əsas məbləğ üzrə 5.694,97 ABŞ dolları, faiz borcu üzrə 1.860,36 ABŞ dolları borcu yaranmışdır. Qeyd olunan borc məbləği iş üzrə keçirilmiş ekspert rəyi ilə öz təsdiqini tapır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslı olmuşdur. Çünki, ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Qeyd olunanlara görə birinci instansiya məhkəməsi haqlı olaraq ekspert rəyini sübut kimi qəbul etmiş və borc məbləğini rəydə göstərilən həddə müəyyən etmişdir. Apellyator apellyasiya şikayətində göstərməsə də, onun nümayəndəsi məhkəmə kollegiyasının iclasında iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə razı olmadığını bildirmiş və təkrar ekspertiza keçirilməsi barədə şifahi vəsatət vermişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, həmin vəsatət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 102-ci maddəsində əlavə və ya təkrar ekspertiza keçirilməsinin əsasları müəyyən olunmuşdur. Orada deyilir ki, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər (MPM-nin 102.1-ci maddəsi). Məhkəmə əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər (MPM-nin 102.2-ci maddəsi). Baxılan işdə ekspertin rəyi kifayət qədər aydın və tamdır. Rəyin əsassız olması barədə nəticəyə gəlmək üçün heç bir əsas yoxdur. Cavabdeh tərəf rəy verilərkən nəzərə alınmamış hər hansı ödəniş barədə və ya rəyin başqa əsaslarla düzgün olmaması nəticəsinə gəlməyə əsas verən heç bir sübut təqdim etməmişdir. Təkrar ekspertiza keçirilməsi barədə vəsatət formal və əsassızdır. Zaminə qarşı tələbin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, mülki dövriyyənin müdafiəsi məqsədilə qanunverici tərəfindən dispozitiv xarakter daşıyan MMin 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Sadalanan eyni hüquqi təyinatlı üsullar əsas müqavilələrdən irəli gəlir, mahiyyət və tətbiqi qaydalarına görə isə fərqlənirlər. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik münasibətləri Mülki Məcəllənin 470-477-ci maddələri ilə tənzimlənir. Mülki Məcəllənin 470-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Yuxarıda göstərilən zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmadığına görə zamin borclu ilə kreditor qarşısında birgə məsuliyyət daşıyır. Mülki Məcəllənin 472.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, borcun zamindən də tutulması əsaslıdır. Sadalanan xüsusatlara görə məhkəmə kollegiyası iddia tələbini əsaslı hesab edir və göstərir ki, iddianın təmin edilməsi qanuni əsaslara söykənir. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir. Apellyatorun mülki iş üzrə yenidən məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı kollegiya qeyd edir ki, göstərilən dəlill də əsassızdır. Çünki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-xəttşünaslıq ekspertizası keçirilmiş, apellyatorun imza və sərbəst xətt nümunələri götürülmüşdür. Belə ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 may 2022-ci il tarixli, 4/572 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 8-9-cu vərəqələrində olan 24 aprel 2015-ci il tarixli MK/97227/50 nömrəli Kredit sazişinin “6.Tərəflər və rekvizitləri” bölməsində “Zamin” qrafasındakı imza Cavabdeh2 tərəfindən icra olunmuşdur. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş apellyatorun imza və sərbəst xətt nümunələrini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanunsuz və əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, Qətetdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-4/2022 saylı qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar