Məhkəmə qərarları › İş №2(104)-262/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-262/2024

29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-262/2024 29.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və "xxxx" ASC-yə qarşı gecikdirilmiş vaxt üçün illik beş faiz borcunun tutulması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2(125)-1353/2023 nömrəli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və “Gəncə - Tekstil“ ASC-dən İddiaçı ASC-nin xeyrinə 16 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 113147.8 manat əldən çıxmış faydanın və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı İddiaçı ASC iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehlər Cavabdeh2, "xxxx" ASC və Cavabdeh3 onun xeyrinə 16 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə illik 5 (beş) faizlə hesablanmış 119392 manat əldən çıxmış faydanın və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2(125)-1353/2023 nömrəli qətnaməsi ilə (hakim Mustafa Mustafayev) iddiaçı «Yelo Bank” ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və "xxxx" ASC-yə qarşı «borcun tutulması» tələbinə dair iddiasının təmin edilməməsi; Ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı «Yelo Bank” ASC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 16 may 2013-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 19 faizlə 36 ay müddətinə 600000 (altı yüz min) manat kredit götürmüşdür. Borcun təminatı olaraq “Gəncə Tekstil “ ASC və Cavabdeh3 ilə 16 may 2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 16 may 2013-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 banka gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 119392 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. 16 may 2013-cü il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də, cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdehlər tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəklində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Plenumunun Qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İş materiallarında olan: "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 10-S-1-0-698-13 saylı kredit müqaviləsindən görünür ki, bank müştəriyə 36 ay müddətinə illik 19 faiz ödəmək şərti ilə 600000 manat məbləğində kredit vermişdir; xx.xx.2013-cü il tarixli ödəniş qrafikindən görünür ki, Cavabdeh2 xx.xx.2015-ci il tarixədək yalnız 9500 manat faiz məbləğini, həmin tarixdən xx.xx.2016-cı il tarixədək hər ay 55294 manat olmaqla qalan borcu ödəməyi öhdəsinə götürmüşdür; "xxxx" ASC ilə Cavabdeh1 ASC-nin idarə heyətinin sədri Cavabdeh3 arasında bağlanmış 16 may 2013-cü il tarixli 10-S-1-0-698-13 saylı zaminlik müqaviləsindən görünür ki, sonuncu bankla Cavabdeh2 arasında eyni tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür; "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2013- cü il tarixli 10-S-1-0-698-13 saylı zaminlik müqaviləsindən görünür ki, sonuncu bankla Cavabdeh2 arasında eyni tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür; Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(001)-2319/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" İKB-nin cavabdehlər Cavabdeh2, "xxxx" ASCyə, Cavabdeh3 və X5 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh2, "xxxx" ASC və Cavabdeh3 müştərək qaydada kredit üzrə 579778.78 manat, faiz üzrə 247408.32 manat faiz, cərimə üzrə 1000 manat, cəmi 828187.1 manat "xxxx" X2 xeyrinə tutulması, iddia tələbinin Cavabdeh2 məxsus nominal dəyəri 2,00 manat olan 231398 ədəd sənədsiz adi adlı səhmlərdən 229798 ədəd səhmlərə yönəldilməsi və həmin səhmlərin açıq hərracdan satılması, iddia predmetinə tutmanın yönəldilməsi barədə 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdehlər Cavabdeh2, "xxxx" ASC-yə, Cavabdeh3 müştərək qaydada "xxxx" İKB-nin hesabına ödənilməsi, iddianın qalan, 27422 manat dəbbə pulunun tutulması hissəsində və girov predmetinə tutma yönəldildikdən sonra əldə olunan vəsait borcun ödənişinə yetərli olmadığı halda, qalıq borcun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və "xxxx" ASC-nin digər əmlaklarına yönəldilməsi hissəsində rədd edilməsi qət edilmişdir; Bakı Apelyasiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(103)-117/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-2319/2017 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilmiş, cavabdehlər Cavabdeh2, Gəncə - Tekstil “ ASC-yə, Cavabdeh3"xxxx" X2 (İddiaçı ASC-nin) xeyrinə müştərək qaydada tutulmalı olan faiz borcunun məbləği 231929.46 manat, cəmi məbləğ 812708.24 manat müəyyən edilmiş, girov predmeti olan Cavabdeh2 məxsus səhmlərin nominal dəyərinin 2 manat olması hissəsində qətnamə ləğv olunmuş, qətnamədə girov predmeti olan səhmlərin ilkin satış qiyməti göstərilməməsi müəyyən edilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2023-cü il tarixli 9/3793 saylı ekspert rəyindən görünür ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu 119.392.35 manat təşkil edir; 27 mart 2023-cü il tarixə Cavabdeh2 "xxxx" İKB ASC-nə olan borcu 413.548,44 manat müəyyən edilir, o cümlədən 59.778,78 manat əsas kredit borcu üzrə, 234.377,31 manat faiz borcu, 119.392,35 manat faiz borcu 5% ilə; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinin xx/xx- 23294-16 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-117/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Cavabdeh2, Cavabdeh1 ASC və Cavabdeh3 İddiaçı ASC-nin xeyrinə müştərək qaydada cəmi borcun məbləği 812708,24 müəyyən edilmiş və girov predmeti olan Cavabdeh2 məxsus səhmlərin nominal dəyərinin 2 manat olması hissəsində qətnamə ləğv olunması və qətnamədə girov predmeti olan səhmlərin ilkin satış qiyməti göstərilməməsinə dair icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və xx.xx.2022-ci ildə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)- 214/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Cavabdeh2, Cavabdeh3 Rafiq oğlu və Cavabdeh1 ASC-dən müştərək qaydada 16 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 113147 manat 80 qəpik məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsinə dair icra sənədi xx.xx.2022-ci il tarixdə icraata daxil olmuş və xx.xx.2022-ci ildə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Həmin icra sənədləri hal-hazırda Binəqədi Rayon İcra Şöbəsinin icraatındadı; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ülvi Əlizadənin 93627/2022 saylı 21 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2-2(104)-214/2021 saylı xx.xx.2021-ci il tarixli İcra sənədinə əsasən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ASC-dən müştərək qaydada 16 may 2013-cü il tarixli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 113147 manat 80 qəpik məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-117/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Cavabdeh2, Cavabdeh1 ASC və Cavabdeh3 müştərək qaydada cəmi 812708,24 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə ödənilməsi qərara alınmışdır; İcra sənədləri xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə icra olunması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və müvafiq olaraq xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək surəti məhkəməyə və tərəflərə göndərilmişdir. Həmçinin icra sənədinin könüllü icrası barədə borclunun poçt ünvanına bildiriş göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2- 2(104)-214/2021 saylı xx.xx.2021-ci il tarixli İcra sənədinin icrası ilə əlaqədar olaraq borclular Cavabdeh2 və Cavabdeh1 ASC-nin ünvanına xx.xx.2022-ci il tarixdə xəbərdarlıq, xx.xx.2022-ci il tarixdə sonuncu xəbərdarlıq məktubu göndərilmişdir. Bakı Apellyyasiya Məhkəməsinin 2(103)-117/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Milli Depozit Mərkəzinə xx.xx.2022-ci il tarixində sorğu verilmiş və Milli Depozit Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən borclu Cavabdeh2 adına Cavabdeh1 ASC üzrə 116.449 ədəd səhmin mövcud olduğu məlum olmuşdur. İcra sənədi nəzarətdə saxlanılmaqla, icra tədbirləri davam etdirilir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı ASC iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmə qətnaməsi əsasında cavabdehin banka olan əsas borcunun 579778,78 manat olması müəyyən edilmişdir. Hazırkı iddia ərizəsi məhkəməyə verilən günədək (hətta şikayət yazılan günədək ) cavabdeh borcu tam qaytarmadığından artıq bankın gecikdirilmiş vaxt üçün faiz tələb etmək hüququ yaranmışdır. Nəzərə alınmalıdır ki, kredit müqaviləsinin şərtlərinə əsasən verilmiş pulun faiz qarşılığı ilə gecikdirilmiş vaxt üçün faizi eyniləşdirmək olmaz. Belə ki, birinci hal bankın gəlir götürməsinə, bankın fəaliyyətinin əsas istiqamətinə yönəlmiş, ikinci hal isə bir başa borclunu intizamlandırmaq, onun gecikməyə yol verdiyi üçün bankın zərərinin qarşılığını almaq xarakteri daşıyır və bunu sanksiya kimi nəzərdə tutur. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 449-cu maddəsinə istinad edərək iddianı rədd etməklə maddi hüququ normasının pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə bu normaya, həmçinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında ortaya qoyulmuş mövqeyə əsaslanaraq qeyd etmişdir ki, məhkəmə qərarı çıxarıldıqdan sonra cavabdehlər tərəfindən tələbin ipoteka predmetinə yönəldilməsinə hər hansı maneə törədilməmiş və yuxarıda qeyd edilən Konstitusiya məhkəməsinin hüquqi mövqeyi baxımından qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin ipoteka qoyulmuş əmlaka yönəldilməsindən sonrakı, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsinə hər hansı maneə törətməmişlər. Bu baxımdan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin ipoteka qoyulmuş əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu cavabdehlərdən asılı olmayan haldan irəli gəlmiş hesab edilir. Hesab edir ki, məcəllənin 449-cu maddəsinin bu işə tətbiqi düzgün deyil ona görə ki, həm həmin normadan, həm də ki, məhkəmənin özünün istinad etdiyi Konstitusiya Məhkəməsinin qərarından açıq şəkildə görünür ki, qeyd olunan maddənin dispozisiyası tamam fərqli münasibətlərdən bəhs edir. Məhz normadan göründüyü kimi borclu pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmışdırsa, bu zaman o, məcəllənin 449-cu maddəsi üzrə hüquqi tədbirə (sanksiyaya) məruz qalmalıdır. Sözügedən plenum qərarında açıqca göstərilmişdir ki, MM-in 449.1-ci maddəsinə görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir. Aydın məsələdir ki, söhbət sanksiyadan gedirsə, hansısa bir qayda pozuntusunun olduğu yerdə, qanunvericiliyin müəyyənləşdirdiyi formada bu pozuntuya görə tənbeh (sanksiya) nəzərdə tutulmuşdur. Məcəllənin 449-cu maddəsi də burada edilən pozuntuya adekvat cavabı müəyyənləşdirmişdir. Qeyd edilməlidir ki, şəxsin məsuliyyət məsələsi gündəmə gəlirsə, təbii ki, ilk əvvəl onun buna görə təqsiri olub-olmaması sualına cavab tapılmalıdır. Məhz Konstitusiya Məhkəməsi də qərarında borclunun məcəllənin 449-cu maddəsinə görə hansı halda məsuliyyət daşıyacağını göstərmişdir. Bizim iddia tələbimizin hüquqi əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil etməsinə baxmayaraq, məhkəmə səhvən 449-cu maddənin tələblərindən çıxış edərək belə qənaətə gəlmişdir ki, hazırkı iş üzrə cavabdeh borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmamışdır və tələbin girov predmetinə yönəldilməsindən sonra məsuliyyətdən azaddır. Əgər iddia tələbinin hüquqi əsasını 449-cu maddəsi təşkil etmiş olsaydı, onda məhkəmə bu işə tədbiq edilməli olan maddi hüquq normasını düzgün seçmiş olardı və bundan sonra borclunun hansı hallarda (Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq borclunun təqsirinin olubolmamasını) bu maddədə qeyd olunan hüquqi tədbirə məruz qalacağını aydınlaşdırmalıydı. Digər tərəfdən tələbin hüquqi əsasının Mülki Məcəllənin 449-cu maddəsi olmamasını onunla əsaslandırır ki, həm in normanın tələbindən göründüyü kimi faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mərkəzi Bankın rəsmi məlumatına görə bu gün bank uçot dərəcəsi 9 faizdir. Onda ortaya bir sual çıxır ki, iddiaçı qanunun ona tanıdığı imkandan istifadə edərək 9 faizlik hesablanmış pul tələb edə bildiyi halda, niyə hazırkı tələbində 5 faizə görə pul tələb edir? Yəni demək istədiyi odur ki, iddiaçı Mülki Məcəllənin 449-cu maddənin tələbindən çıxış etmiş olardısa, onda ən azından 5 faiz yox, bank uçot dərəcəsinə uyğun 9 faiz pul tələb etmiş olardı. Mülki Məcəllənin 445-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsinin bir neçə qərarı olmuş və bunlardan da sonuncusu 29 mart 2023-cü il tarixli qərardır. Belə ki, həmin qərarda qeyd olunur ki, “Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir. Məhkəmə kollegiyasının diqqətini yuxarıda qeyd olunan qərarda ortaya qoyulan fikrə cəlb edərək bir məsələni ön plana çəkir ki, Konstitusiya Məhkəməsi hansı halda gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsinin mümkünlüyünü göstərmiş, bunun əsaslarından biri də tələbin ipoteka predmetinə yönəldilməsidir. Həmçinin Konstitusiya Məhkəməsi vurğulamışdır ki, borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə bu zaman “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009- cu il 9 iyul tarixli Qərarına (təqsir məsələsinin araşdırılmasının zəruriliyi) istinad edilməlidir. Göründüyü kimi tələbin ipoteka predmetinə, yoxsa girov əmlaka yönəldilməsindən asılı olaraq ödənilməyən borca görə pul tələb edərkən təqsir məsələsi araşdırılmalıdır. Apellyasiya şikayəti üzrə izahatlar: 09 yanvar 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, bankın tələbi Mülki Məcəllənin 445.7-ci maddəsi əsasında borclulardan gecikdirilmiş vaxt üçün illik beş faiz borcunun tutulmasından ibarətdir. İşə baxan birinci instansiya məhkəməsi isə Mülki Məcəllənin 449.1-ci maddəsinə istinad edərək tələblərini rədd etmişdir. Hesab edir ki, kredit müqaviləsi üzrə borcun (tutmanın) girov predmetinə yönəldilmiş olması onların Mülki Məcəllənin 445.7-ci maddəsinə uyğun olaraq borclulardan gecikdirilmiş vaxt üçün illik beş faiz borcu tələb etmələrinə maneə yarada bilməz. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, hazırkı vaxta cavabdehlərin 54000 manat əsas, 231000 manat isə müqavilə faizi borcları vardır. Qanununi qüvvəsini almış məhkəmə qətnaməsi ilə tutma girov predmeti olan səhmlərə yönəldilsə də, lakin hazırkı vaxtadək qətnamə tam icra olunmamışdır. 09 yanvar 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) X6 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, kredit müqaviləsi üzrə cavabdehlərdən tutulmuş əsas və faiz borcuna dair tələb girov predmetinə yönəldilmişdir. Borcun ödənilməməsində cavabdehlərin hər hansı təqsiri yoxdur. Borcun ödənilməsinin gecikdirilməsində təqsirkar icra məmurudur. Çünki cavabdehlərdən borcun tutulması barədə icra sənədi icra məmurunun icraatında olmasına və tutmanın girov predmetinə yönəldilmiş olmasına baxmayaraq, nədənsə icra məmuru icra sənədini icra etmir. Ona görə də, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, bankın tələbi Mülki Məcəllənin 445.7-ci maddəsi əsasında borcalanlardan gecikdirilmiş vaxt üçün illik beş faiz borcunun tutulmasından ibarətdir. Qeyd olunan maddə əsasında bankın cavabdehlərdən (borclulardan) gecikdirilmiş vaxt üçün illik beş faiz borcu tələb etmək hüquqları var. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, qətnamənin ləğv olunmasını və iddia tələblərinin təmin olunmasını xahiş etdi. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməli, gecikdirilmiş vaxt üçün illik beş faiz borcu 119392 manatın cavabdehlər Cavabdeh2, Cavabdeh1 ASC və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməsi müəyyən edilməlidir. Belə ki, məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor "xxxx" ASC ilə borcalan Cavabdeh2 arasında xx.xx.2013-cü il tarixli, 10-S-1-0-698-13 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən sonuncuya 36 ay müddətinə illik 19 faiz ödəmək şərti ilə 600000 (altı yüz min) manat kredit vermişdir. Həmin müqavilə ilə borcalan Cavabdeh2 borcu ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin kreditor "xxxx" ASC ilə “Gəncə Tekstil“ ASC-nin idarə heyətinin sədri Cavabdeh3 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən zaminlər bankla borcalan Cavabdeh2 arasında eyni tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşlər. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə borcalan Cavabdeh2 məxsus nominal dəyəri 2,00 manat olan 231398 ədəd sənədsiz adi adlı səhmlərdən 229798 ədədi bankın xeyrinə girov qoyulmuşdur. Kredit müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilmədiyindən kreditor borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(001)-2319/2017 nömrəli qətnaməsi ilə "xxxx" İKB-nin cavabdehlər Cavabdeh2, "xxxx" ASC, Cavabdeh3 və X5 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh1 ASC və Cavabdeh3 müştərək qaydada kredit üzrə 579778.78 manat əsas, 247408.32 manat faiz, 1000 manat cərimə olmaqla, cəmi 828187.1 manat borcun "xxxx" X2 xeyrinə tutulması, iddia tələbinin Cavabdeh2 məxsus nominal dəyəri 2,00 manat olan 231398 ədəd sənədsiz adi adlı səhmlərdən 229798 ədəd səhmlərə yönəldilməsi və həmin səhmlərin açıq hərracdan satılması, iddia predmetinə tutmanın yönəldilməsi barədə 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı cavabdehlər Cavabdeh2, Cavabdeh1 ASC-yə, Cavabdeh3 müştərək qaydada "xxxx" İKB-nin hesabına ödənilməsi, iddianın qalan, 27422 manat dəbbə pulunun tutulması hissəsində və girov predmetinə tutma yönəldildikdən sonra əldə olunan vəsait borcun ödənişinə yetərli olmadığı halda, qalıq borcun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ASC-nin digər əmlaklarına yönəldilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(103)-117/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli 2(001)-2319/2017 nömrəli qətnaməsi qismən ləğv edilmiş, cavabdehlər Cavabdeh2, Cavabdeh1 ASC və Cavabdeh3 "xxxx" X2 (İddiaçı ASC-nin) xeyrinə müştərək qaydada tutulmalı olan faiz borcunun məbləği 231929.46 manat, cəmi məbləğ 812708.24 manat müəyyən edilmiş, girov predmeti olan Cavabdeh2 məxsus səhmlərin nominal dəyərinin 2 manat olması hissəsində qətnamə ləğv olunmuş, qətnamədə girov predmeti olan səhmlərin ilkin satış qiyməti göstərilməməsi müəyyən edilmişdir. Bundan sonra, Bakı Apelyasiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli 2(103)-117/2021 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunması üçün aidiyyəti üzrə icra orqanına göndərilmişdir. İcra məmuru tərəfindən icra sənədi üzrə icraata başlama haqqında qərar qəbul edilərək borclulara tələbin könüllü icrası haqqında bildiriş, habelə son xəbərdarlıq barədə bildiriş göndərilmiş, lakin tələb tam şəkildə icra olunmamışdır. Birinci instansiya məhkəməsində icraat zamanı alınmış mühasibatlıq ekspertizası rəyi ilə müəyyən olunmuşdur ki, 27 mart 2023-cü il tarixə Cavabdeh2 "xxxx" İKB ASC-yə olan 59.778,78 manat əsas, 234.377,31 manat müqavilə faizi borcu vardır. Bununla yanaşı müəyyən olunmuşdur icra prosesi zamanı tələb girov predmeti olan səhmlərə yönəldilsə də, girov predmeti hərracı baş tutmamışdır və beləliklə icra sənədi icra olunmamışdır. Ona görə də kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz borcunun tutulması barədə hazırkı tələblə məhkəməyə müraciət etmişdir. MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə, hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış mübahisə borclulardan gecikdirilmiş vaxt üçün illik beş faiz borcunun tutulmasından ibarətdir və mülki qanunvericiliyin aşağıdakı müddəaları əsasında həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə görə, öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2- maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür Qanunvericilik mülki dövriyyə iştirakçılarına müqavilə azadlığını təqdim edərkən hüququn ümumi prinsipinə müvafiq olaraq onların vicdanlı olmaları ehtimalından çıxış etmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” 2012-ci il 12 mart tarixli Qərarı) Müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı kimi onlar arasında girov müqaviləsi də bağlanmışdır və öhdəliklərin girovla təminat altına alınmışdır. Girov ilə təmin edilmiş kredit müqaviləsində, həm kreditor, həm də borclu verilən kreditin həcmi və təmin edilən kreditin həcmi barədə razılığa gəlirlər və hər biri bununla razılaşırlar. Hazırkı iş üzrə məhkəmə qərarı çıxarıldıqdan sonra cavabdehlər tərəfindən tələbin girov predmetinə yönəldilməsinə hər hansı maneə törədilməmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girova yönəldilməsindən sonrakı, tələbin girova yönəldilməsinə hər hansı maneə törətməmişlər. Bu baxımdan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girova yönəldilməsindən sonrakı istənilən pozuntu cavabdehlərdən asılı olmayan haldan irəli gəlmiş hesab edilir. Birinci instansiya məhkəməsi bu mövqeyini əsasən Mülki Məcəllənin 449.1-ci maddəsinə və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi mövqe ilə razılaşmır və gəlmiş olduğu bu qənaəti ilə bağlı aşağıdakıları qeyd edir. Qeyd olunmalıdır ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Mülki Məcəllənin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi barədə 29 mart 2023-cü il tarixli Qərarında da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu eyni hüquqi mövqedən çıxış edərək göstərmişdir ki, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Nəzərə almaq lazımdır ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadimaliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir, bu isə banklara əmanətçilər tərəfindən göstərilən etimada müsbət təsir göstərməklə, ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli Qərarı) Həmçinin qeyd olunmalıdır ki, istənilən bankın əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kreditlərin verilməsidir. Hər hansı kredit müqaviləsi üzrə isə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri ona müraciət edən digər müştərilərə kredit verərək gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış zərər formasında zərərin dəyməsi ilə nəticələnir. Pul öhdəliyi icra olunaraq borcun tam qaytarılmaması nəticəsində kreditora vurulan zərərin həcmi günbəgün artmaqda davam edir. Konstitusiya Məhkəməsi Plenumunun “yuxarıda qeyd olunan qərarında ifadə olunan hüquqi mövqeyə görə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış kredit borcunun, vəsaitdən istifadə faizinin, cərimənin tutulması və tələbin girov predmetinə yönəldilməsi barədə əvvəlki mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcud olması kreditorun yenidən iddia qaldıraraq eyni kredit müqaviləsi üzrə həmin qətnamədən sonrakı dövr üçün əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzini, yəni ən azından, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsini Mülki Məcəllənin 21.2, 443.1, 443.2 və 445.7-ci maddələrinə uyğun olaraq tələb etməsi üçün maneə deyildir. Məhkəmə kollegiyası yuxarıda istinad olunan Mülki Məcəllənin normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka, habelə girov predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Bunun üçün isə (yəni, illik 5 faizin tələb olunması) iddiaçının əlavə sübutlar təqdim etməsinə zərurət yoxdur. Çünki yuxarıda da qeyd edildiyi kimi, kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir və bu hal öhdəliyin borclu tərəfindən pozulması nəticəsində kreditorun əldə edə biləcəyi minimal məbləğdir. İddiaçının qeyd edilən tələb hüququ bilavasitə qanundan irəli gəldiyindən, kredit müqaviləsində belə bir şərtin nəzərdə tutulması imperativ xarakter daşımır. Cavabdehlər kredit müqaviləsi üzrə öhdəliyini pozmaqla, bunun qanundan (Mülki Məcəllənin 445.7-ci maddəsi) irəli gələn nəticəsi ilə də razılaşmış olur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Şərh olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizin ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iddiaçı daha böyük məbləği tələb etmək üçün digər əsasları sübut edə bilmədiyinə görə gecikdirilmiş vaxt üçün illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin məbləğ isə 119.392.35 manat təşkil edir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə icra müddəti xx.xx.2016-cı il tarixdə başa çatmış, lakin cavabdehlər həmin tarixə olan borcu iddiaçıya qaytarmalı olduğu halda geri qaytarmamışlar. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə mühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 iyul 2023-cü il tarixli 9/3793 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2023-cü il tarixədək illik 5 faiz dərəcəsi ilə hesablanan faiz borcu 119.392.35 manat təşkil edir. MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məkəmə kollegiyası həmçinin cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd edir ki, iddiaçının irəli sürdüyü tələb üzrə iddia müddətinin ötürülmüş olması barədə cavabdehin ərizəsi əsaslı deyildir. Belə ki, iddiaçının tələbi müqavilə müddəti bitdikdən sonrakı dövr üçün illik 5 faiz əldən çıxmış faydanın ödənilməsi ilə bağlıdır. Yəni iddiaçının tələbi müqvilədən deyil, qanundan irəli gələn tələbdir. Ona görə də, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi hazırkı münasibətlərə şamil edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin həqiqi hallarına uyğun əsasladırılmamış, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Ona görə də qətnamə ləğv olunmalı və iddia təmin edilməlidir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.40 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin kollegiya hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 150 manat da cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq bank hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 372-376, 378-382, 384.0.2, 385, 392- 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli 2(125)-1353/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və "xxxx" ASC-yə qarşı gecikdirilmiş vaxt üçün illik beş faiz borcunun tutulması tələbinə dair iddiası təmin edilsin. Gecikdirilmiş vaxt üçün illik beş faiz borcu 119392 (bir yüz on doqquz min üç yüz doxsan iki) manat, eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.40 manat dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh2, Cavabdeh1 ASC və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat cavabdehlər Cavabdeh2, Cavabdeh1 ASC və Cavabdeh3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar