Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2624/2023 22.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: borcun qaytarılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2097/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı tərəfindən təqdim edilmiş 01 ədəd “CD” diskdə olan tərəflər arasında olan səs yazıları.
2. Cavabdeh tərəfindən Ağdam Rayon Məhkəməsinə təqdim edilmiş ərizə.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh dair borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 13.500 manat əsas borcun, infiliyasiya dərəcəsinə görə 964 manatın, ümumilkdə 14.464 manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 134 manatın cavabdehdən alınıb ona verilməsini bildirmiş, daha sonra ərizə verərək cavabdehdən 10.000 manat əsas borc, 3500 manat əldən çıxmış fayda, 964 manat faiz pulu və dövlət rüsumu kimi ödədiyi 134 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə təqribən 2 il əvvəl tanış olmuş, həmin vaxtdan aralarında münasibətlər yaranmışdır. Belə ki, 2022-ci ilin yazında Cavabdeh ona demişdir ki, alver işlərində səriştəsi var, ona pul versin, birlikdə alver işi ilə məşğul olsunlar. Cavabdehə 10.000 manat alver etmək üçün, 4.000 manat pulu isə maşın alması üçün vermiş, əldə olunmuş qazancın 3 yerə bölünməsi, bir hisəsi onun, bir hissəsi Cavabdeh, bir hissəsi isə satıcının olması barədə razılaşmışlar. 2022-ci ilin payızında Cavabdeh bildirmişdir ki, ona pul lazımdır, nə qədər qazanc olduğunu soruşmuş, cavabdeh isə 13.000 manat qazanclarının oldğunu bildirmişdir. Cavabdeh ona 1.500 manat pul vermiş, qalan pulu istədikdə Cavabdeh demişdir ki, qalan pulu özünün ortağı olan şəxs kartof alınması üçün başqa şəxsə vermişdir. Cavabdeh bildirir ki, həmin pulu ala bilmədikləri üçün onun pulunu qaytara bilmir. Cavabdeh pulu istədikdə o, dəfələrlə demişdir ki, evini satlığa qoyub, evini satan kimi pulunu verəcək. Bu minvalla Cavabdeh ona olan borcunu müxtəlif bəhanələrlə əsassız olaraq ödəməkdən, qaytarmaqdan boyun qaçırmışdır. Hazırda Cavabdeh ona 13.500 manat, eyni zamanda cavabdeh 2 il müddətində onun pulu ilə əsassız faydalanmış, varlanmağa görə faizlər hesablanıb 964 manat ona pul və 134 manat dövlət rusumunu ödəməlidir. Ona görə də hesab edir ki, cavabdehdən 10.000 manat əsas borc, 3500 manat əldən çıxmış fayda, 964 manat faiz pulu və dövlət rüsumu kimi ödədiyi 134 manat alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2097/2023 nömrəli qətnaməsi (hakim Elşad Bayramov) ilə, Cavabdeh - 10.000 (on min) manat əsas borc məbləği olaraq, 3.500 /üç min beş yüz/ manat əldə çıxan fayda, 675 /altı yüz yetmiş beş/ manat gecikdirilmiş vaxt üçün faiz qaydasında, ümumilkdə 14.175 (on dörd min bir yüz yetmiş beş) manat pul və işin məhkəmədə baxılması ilə əlaqədar dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 134 (bir yüz otuz dörd) manat alınıb İddiaçı xeyrinə verilməsi, tələbin qalan hissəsinin təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 329.2, 385.1, 425.1, 425.2, 442, 445.7, 449.1 və 456-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 80, 119 və 216-237ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2097/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçı tərəfindən 10000 manat məbləğində ortaya qoyulmuş pulla o kartof və soğan alveri etmişdir. Ancaq nəzərə almaq lazımdır ki, 10000 manat puldan 1500 manat məbləğində pul iddiaçıya qaytarılmışdır. Avtomaşına verilmiş 4000 manat pulun üstünə isə rəsmiləşməsi üçün 380 manat məbləğində pulu o vermiş, həmçinin avtomaşına əlavə 570 manat xərcləyib cəriməsini ödəmişdir və onu işlək vəziyyətinə gətirmişdir. Deməli 950 manat məbləğində pul da 10000 manatdan çıxılmalıdır. Bununla belə o iddiaçıdan borc pul almamış, iddiaçı özü pulla alver edib qazancının üç yerə bölünməsi ilə razılaşmışdır. İşlədiyi dövrdə qazanc olmuş və 1500 manat iddiaçıya vermiş. Belə olan halda onun tərəfindən özündə özgəsinin pulun saxlanılması kimi dəlillərə istinad etmək düzgün deyildir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 2 il əvvəl tanış olmuş, həmin vaxtdan aralarında münasibətlər yaranmışdır. 2022-ci ilin yazında Cavabdeh ona demişdir ki, alver işlərində səriştəsi var, ona borc pul versin, birlikdə alver işi ilə məşğul olsunlar. Cavabdehə 10.000 manat alver etmək üçün, 4.000 manat isə maşın almaq üçün pul vermiş, əldə olunmuş qazancın 3 yerə bölünməsi, bir hisəsi onun, bir hissəsi cavabdehin, bir hissəsi isə satıcının olması barədə razılaşmışlar. 2022-ci ilin payızında evi yandığı üçün cavabdehdən ona pul lazım olduğunu demiş, cavabdeh isə ona 13.000 manat qazanclarının olduğunu bildirmişdir. Cavabdeh ona 1500 manat pul vermiş, qalan pulu istədikdə cavabdeh evini satıb pulu verəcəyini bildirsədə onun borcunu qaytarmamışdır. Onun puluna alınmış avtomaşın adına olduğu üçün avtomaşını cavabdehdən geri almışdır. Hazırda cavabdehin ona 10.000 manat əsas borcu, 3500 manat əldən çıxan fayda, gecikdirilmiş vaxt üçün faiz qaydasında 964 manat və dövlət rüsumu kimi ödədiyi 134 manat borcu qalmışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
11. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
17. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
18. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
19. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Qərarı
20. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
27. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
33. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
35. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2097/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı Cavabdeh ticarət üçün 10.000 manat və avtomobil almaq üçün 4.000 manat olmaqla, ümumilikdə 14.000 manat məbləğdə borc pul vermişdir. İşin qeyd olunan halını tərəflər mübahisələndirmir. Həmin puldan cavabdeh 4000 manat məbləğində olan avtomobili və əldə edilmiş qazancdan 1.500 manatı iddiaçıya qaytarmışdır. Lakin, qalan borc məbləği və əldə edilmiş qazancın bir hissəsi olan əldən çıxmış fayda və gecikdirilən borc məbləği üzrə faiz pulu cavabdeh tərəfindən iddiaçıya qaytarılmamışdır.
38. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.
39. Azərbaycan Respublikasının MM-in 386.1-ci maddəsində də göstərilmişdir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
40. Azərbaycan Respublikasının MM-in 425.1-ci maddəsinin tələbinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
41. Birinci instansiya məhkəməsi iddia tələbini araşdıraraq, iddiaçı tərəfindən cavabdehə borc verildiyini müəyyən etmiş və iddia tələbini qismən təmin etmişdir.
42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, cavabdeh birinci instansiya məhkəməsin iclasında verdiyi izahatında, ərizədə, həm də apellyasiya şikayətində iddiaçıdan 14.000 manat məbləğdə borc pul almasını etiraf etmişdir. Lakin bununla yanaşı bildirir ki, həmin pulun bir hissəsini qaytarmış və 5.750 manat məbləğində borcu qalmışdır. Ancaq, cavabdeh tərəfindən 4000 manat məbləğində avtomobil geri qaytarılsa da, qalan borcdan hər hansı pul məbləğinin qaytarılması barədə məhkəmələrə sübutlar təqdim edilməmişdir.
43. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə görə, 14.000 manat pulun cavabdehə verilməsinin sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, həmin normada qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur.
45. Tərəflərin izahatlarının və cavabdehin ərizəsinin təhlili əsasında iddiaçının cavabdehə həmin məbləğdə pul verməsi tam sübut olunur. Bu halda, cavabdehin ona verilən pulun borc kimi verilmədiyi barədə etiraz dəlilini sübut etmə yükü cavabdehə keçmiş olur.
46. Nəzərə alınmalıdır ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
47. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
48. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
49. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.
50. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Mülki Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
51. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
52. Kreditorun öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ Mülki Məcəllənin 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir.
53. Qeyd olunduğu kimi, kreditor dəymiş zərərin (real zərər və əldən çıxmış faydanın) mücərrəd qaydada hesablanması əsasında qaytarılması gecikdirilən borc məbləği üzrə faiz ödənilməsini tələb edə bilər. Konkret ödənilmə məbləğinin hesablanmasına gəldikdə, zərərin miqdarı kreditorun verdiyi məlumatlar əsasında məhkəmə tərəfindən qiymətləndirilməlidir.
54. İşin faktiki hallarından görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatda və işə əlavə edilmiş ərizədə iddiaçıdan götürdüyü pul ilə ticarət edərək 13.000 manat qazanc əldə etmiş, həmin məbləğdən isə cəmi 1500 manat iddiaçıya vermişdir. Göründüyü kimi, əldə edilmiş qazancdan cavabdeh tərəfindən iddiaçıya cəmi 1500 manat pul verilmiş, lakin, razılaşdıqları qalan payına düşən 3500 manat məbləğində əldən çıxmış fayda isə verilməmişdir.
55. Sadalanan hüquq normaları və şərhlərə əsasən iddianın 3500 manat məbləğdə əldən çıxmış fada tələbi təhlil olunduqda məhkəmə kollegiyası o nəticəyə gəlir ki, həmin tələb işin hallarına uyğundur və birinci instansiya məhkəməsi iddianın həmin hissəsini təmin etməkdə haqlı olmuşdur.
56. Bundan başqa, İddiaçı Cavabdeh aldığı borcu ödəməyi gecikdirdiyi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445-ci maddəsinə əsasən gecikdirilmiş hər il üçün 5 % olmaqla, 964 manat ödəməli olduğunu göstərmişdir.
57. Məhkəmə kollegiyası iddiaçının həmin tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh İddiaçı 14.000 manat iş görmək üçün pul almış, lakin 1 il müddət ərzində götürdüyü pulu ödəməmişdir. Mülki qanunvericilik isə borclunun pul məbləğinin ödənilməsini gecikdirdiyi halda, kreditora gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək ixtiyar vermişdir. İş materiallarından görünür ki, iddiaçı pulun verildiyi vaxtdan (2022-ci ilin yaz ayı) təxmini olaraq 1 il keçdikdən sonra, yəni xx.xx.2023-cü il tarixdə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də, Cavabdeh borc aldığı və ödənulməmiş qalan 13.500 manat borcun ödənilməsinin gecikdirildiyi 1 il üçün illik 5 % ödəməyə borcludur.
58. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
59. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
60. Mülki Məcəllənin 445.2-ci maddəsinə əsasən, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:
61. - 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;
62. - 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
63. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
64. Göstərilənlərə əsasən məhkəmə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla əsaslıdır.
65. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
68. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
69. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2097/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.