Məhkəmə qərarları › İş №2(104)-2630/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2630/2023

01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2630/2023 01.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh Alməmməd oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Alməmməd oğluna qarşı «pul» tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(021)-242/2023 saylı qətnaməsindən Cavabdeh Alməmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh Alməmməd oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1250 (min iki yüz əlli) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh uzun müddətdir ki, Dəllər qəsəbəsi üzrə Mənzil İstismar İdarəsinin rəisi vəzifəsində işləyir. O onun oğlu Şahid Dəllər qəsəbəsindəki evinə içməli su xəttini çəkməsini görmüşdür. O, oğlu Arzu Məmmədovun da ünvan 1 ünvanda yerləşən, yəni Şahid evinə paralel küçədə yerləşən evinə də içməli su xəttinin çəkilməsini arzulayırdı. Bu məqsədlə cavabdehə müraciət edərək onun çəkdirmək istədiyi su xətti ilə şərikli o da oğluna su xətti çəkdirmək istədiyini bildirmişdir. Cavabdeh şərikli su xəttinin çəkilməsi üçün ondan 1400 (bir min dörd yüz) manat məbləğində pul ödəməsini bildirmişdir. O isə ona hələlik həmin məbləğdə pulunun olmamasını, hissə ilə ödəyə biləcəyini bildirdi. Nəticədə ilkin olaraq cavabdehə 100 (bir yüz) manat pulu cavabdehin yaşadığı öz evində verdi. 3 gün ərzində 400 (dörd yüz) manat sonra da 600 (altı yüz) manat, 150 (bir yüz əlli) manatı isə sonra olmaqla cavabdehə cəmisi 1250 (bir min iki yüz əlli) manat məbləğində pul ödəmişdir. Nəticədə cavabdeh subartezian quyusundan su xəttini oğlu Eyyubun evinə çəkdirmiş, orada «nəhrə» formalı su çəni düzəldilmişdir ki, həmin çəndən oğlunun evinə 20-lik boru ilə su xətti çəkilmişdir. Cavabdehin oğlu Eyyubun evinə gələn su xətti 32-lik boru ilə, onun oğlunun evinə gedən su xətti isə 20-lik boru ilə çəkilmişdir. Eyni zamanda qeyd edir ki, Eyyubun evinə qədər gələn xəttə şərik olmağına baxmayaraq oğlunun evinə çəkilən su xətti yalnız onun vəsaitilə çəkilmişdir. Cavabdeh şəxsiyyət və veteranlıq vəsiqələrinin surətlərini ondan tələb etmişdir ki, su idarəsində onunda abunəçi olmağı qeyd olunmalı və aylıq su pulu ödəməyi barədə qeydiyyat aparılmalıdır. O da həmin vəsiqələrinin surətlərini cavabdehə vermişdir. Ancaq, təxminən 1 ay sonra su xətti çəkdirdikləri artezian quyusuna xidmət edən əməkdaş ona bildirmişdir ki, çəkdirdiyi su xəttinə görə Su İdarəsində abunəçi kimi qeydiyyatdan keçməlidir. O bu məqsədlə Su İdarəsinə müraciət etdikdə həmin İdarənin rəisi Rasim müəllim adlı əməkdaş ona bildirmişdir ki, cavabdehin onunla şərikli çəkdirdiyi içməli su xətti əslində veteran olaraq onun adına qeyd edilmiş, yəni həmin su xətti veteran olaraq ona görə çəkilməsinə icazə verilmişdir. Bundan sonra başa düşmüşdür ki, cavabdeh onun veteran vəsiqəsindən istifadə edərək onun adı ilə su xəttini çəkdirib, sonra da yüksək qiymətə ona satmışdır. Bu vəziyyət ona həddən artıq pis təsir etməsinə, veteran olaraq adından sui-istifadə edilməklə çəkilmiş su xəttinin cavabdeh tərəfindən ona satılmasına görə cavabdehin ondan əsassız olaraq aldığı 1250 manat məbləğində pulunu özünə qaytarmasını tələb etmişdir. Cavabdeh isə nəinki pulunu qaytarmış, əksinə onun şəxsiyyətini alçaldan ifadələrlə onu təhqir ettmişdir. Ona görə cavabdehə qarşı məlum iddianı qaldırmalı olmuşdur. Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(021)-242/2023 saylı qətnaməsi ilə (hakim R.Mustafayev) iddia qismən təmin edilərək, Cavabdeh Alməmməd oğlundan 889.5 (səkkiz yüz səksən doqquz manat əlli qəpik) manat pulun tutularaq, İddiaçı verilməsi, məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh Alməmməd oğlundan tutularaq İddiaçı ödənilməsi, 50 (əlli) manat məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyərinin Cavabdeh Alməmməd oğlundan tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına X1 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE**********00********) köçürülməsi, ödənilmiş 4 (dörd) manat dövlət rüsumunun iddiaçının özünüə aid edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşdə olan sübutlar: 8 nömrəli Regional Sukanal İdarəsinin Şəmkir Sukanal sahəsi tərəfindən verilmiş arayışından görünür ki, X2 xx.xx.2021-ci il tarixdən Şəmkir Sukanal sahəsinin bazasında abonent kimi qeydiyyatdadır. 8 nömrəli Regional Sukanal İdarəsinin Şəmkir Sukanal sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şahid xx.xx.2021-ci il tarixdən Şəmkir Sukanal sahəsinin bazasında abonent kimi qeydiyyatdadır. 8 nömrəli Regional Sukanal İdarəsinin Şəmkir Sukanal sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən Şəmkir Sukanal sahəsinin bazasında abonent kimi qeydiyyatdadır və onun içməli su xətti qonşusu Şahid həyətindən keçir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/193 saylı ekspertiza rəyindən görünür ki, Şəmkir rayonu, Dəllər qəsəbəsi, Cavadxan küçəsində yerləşən ümumi artezan quyusundan 46 saylı fərdi yaşayış evinə su xəttinin çəkilməsi zamanı görülmüş işlərin və alınmış materialların orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 721,0 manat məbləğində olduğu müəyyən edilir. Apellyasiya şikayətinin dəlilləri: Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(021)-242/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh Alməmməd oğlu apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(021)-242/2023 saylı qətnaməsinin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Alməmməd oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara düzgün qiymət verməmişdir. Məhkəmə suyun çəkildiyi yerə, məsafəyə baxış keçirmədən qətnamə çıxarmışdır. Məhkəmə iş materiallarında olan sübutlara əsaslanmadan, yalnız iddiaçının yalan izahatları ilə kifayətlənmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Alməmməd oğlu izahat verib bildirmişdir ki, su xəttinin çəkilməsinə xərci 4000 manata yaxın olmuşdur. Belə ki, su xətti təxminən 200 metrdən çox məsafədən çəkilmişdir. Su xəttinin çəkilməsinə razılıq və texniki şərlər və ilkin qoşulmasına xərci çıxmışdır. Bundan başqa su xətti başqa bir mülkiyyətçinin həyətindən keçdiyindən həmin mülkiyyətçiyə də 400 manat pul vermişdir. Belə ki, əgər həmin torpaq sahəsindən keçməsə idi, xərc artacaqdı. Bundan başqa asfalt yolun keçməsi üçün perefaratorla yerin qazılması üçün hər bir metrinə pul ödəmiş və sair bu kimi bir çox xərclər olmuşdur. İddiaçı su xətti çəkiləndən sonra su idarəsinin xəttin çəkilməsinə onun veteran olması nəzərə alınaraq razılıq verdiyini əsas gətirərək, pulunu geri istəmişdir. Halbuki, su xəttinin çəkilməsi üçün ərizəni oğlu vermiş, müvafiq razılıq alındıqdan və su xəttini çəkməyə başladıqdan sonra cavabdeh onlara müraciət edərək, ona da xəttin çəkilməsini xahiş etmişdir. İddiaçı pulunu geri istədikdə bu zaman ona gedən xəttin kəsilməsini və özünə ayrıca su xətti çəkilməsini bildirsə də iddiaçı buna razılaşmamışdır. Bu gün də həmin fikirdədir. Əgər iddiaçı su xəttinin çəkilməsini daha az xərclə çəkilməsini düşünürsə, onun çəkdiyi xəttin kəsilməklə pulu geri qaytarmağa indi də razıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verib bildirmişdir ki, cavabdeh onun veteran olması hüququndan istifadə edərək su xəttini çəkdirə bilmişdir. Su xəttinin çəkilməsinə isə ən yaxşı halda 500 manat pul xərcləmişdir. Buna görə də apellyasiya şikayətinin əsassız hesab edilərək, rədd edilməsini xahiş edir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, cavabdeh tərəfindən çəkilmiş su xəttinin kəsilməsi ilə bağlı pulun cavabdehə qaytarılması ilə bağlı təklifə razı deyildir. Belə ki, su idarəsi bir dəfə ona görə su xəttinin çəkilməsinə razılıq vermişdir. İkinci dəfə ona bu razılıq verilməyəcəkdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 786.5. Əgər vəkalət alan tərəfindən müqaviləyə bilavasitə vəkalət verənin hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə xitam verilirsə, vəkalət alan vəkalət verəndən görülmüş işlərin haqqını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(021)-242/2023 saylı qətnaməsindən Cavabdeh Alməmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(021)-242/2023 saylı qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iddianı qismən təmin edən birinci instansiya məhkəməsi iş üzrə keçirilmiş və əldə edilmiş ekspert rəyi ilə su xəttinin çəkilməsi zamanı görülmüş işlərin və alınmış materialların orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 721,0 manat məbləğində olmasını müəyyən etməklə, vəkalət alan cavabdeh, sifarişin icra edilməsi üçün tapşırığı vermiş iddiaçıdan çəkilmiş xərclərdən artıq pul məbləğini aldığını və nəticədə əsassız varlandığını əsas gətirmişdir. Məhkəmə kollegiyası su xəttinin çəkilməsi ilə bağlı xərclərin 721 manat məbləğində olması ilə bağlı ekspert rəyini mötəbər sübut kimi qəbul etməyərək qeyd edir ki, ekspert rəyində bir metr borunun dəyəri bir manat müəyyən edilsə də borunun diametri rəydə qeyd olunmamışdır. Halbuki, iddiaçı borcunun alınmasına 420 manat xərc çəkdiyini iddia etmişdir ki, borunun diametri onun dəyərinə birbaşa təsir göstərən fakt olmuşdur. Bundan başqa iddiaçı su xəttinin asfalt yoldan keçməsi, başqasının mülkiyyətindən keçməsi, su xətti üçün torpaq sahəsinin qazılması və sair kimi xərclərin olmasını iddia etmişdir ki, bu xərclər ağlabatan olmaqla, ekspert rəyində yalnız diametri bəlli olmayan borunun dəyəri və su xəttinin çəkilməsi xərci qeyd olunmuşdur. Halbuki, torpaq sahəsini qazılması ilə su xəttinin çəkilməsi ayrı-ayrı işlər olmuşdur. Bundan başqa cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında su xəttinin çəkilməsi üçün yer qazan fəhlələrə 190 manat, yerin qazılması üçün prefarator icarəsi üçün 80 manat, suyu çəkən usta üçün 250 manat, ustanın və 7 günlük yeməkləri və siqaretləri üçün 125 manat, suyun çəkilməsi üçün istifadə olunan 3 top kapron boru üçün hər bir topu 140 manat olmaqla, cəmi 420 manat, suyun çəkilməsi üçün istifadə olunan kapron boru xəttinin üzərinin basdırılması üçün 60 manat, suyun çəkilməsi üçün istifadə olunan kapron boru xəttinin yola düşən hissəsini ötürmək üçün istifadə olunan 9 metr 50-lik boru üçün 85 manat, suyun çəkilməsi üçün istifadə olunan kapron boru xəttinin bir-birinə ütülənib birləşdirilməsi üçün 55 manat, suyun çəkilməsi üçün istifadə olunan kapron boru xəttində istifadə olunan kalen, zadvişqa, krant və əyrilər üçün 95 manat, su çəkilən artızanın işçisi üçün 80 manat olmaqla, cəmi 1440 manat pul xərclədiyini, bundan başqa həmçinin digər razılıqlar üçün pullar verildiyini və xatırlamdağı digər xərclər olmasına dair izahat vermişdir. Həmçinin, məhkəmə kollegiyasının iclasında cavabdeh su xəttinin başqa bir mülkiyyətçinin həyətindən keçdiyindən həmin mülkiyyətçiyə 400 manat pul verdiyini, asfalt yolun keçməsi üçün perefaratorla yerin qazılması üçün pul ödədiyini və sair xərclər olduğunu bildirmişdir ki, iddiaçının bu izahatı ağlabatan və inandırıcı olmuşdur. Ən əsası isə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasının iclasında cavabdeh iddiaçıya çəkilmiş su xəttinin kəsilməsi müqabilində aldığı 1250 manat pulu geri qaytarmağa razı olduğunu bildirsə də iddiaçı cavabdehin bu təklifi ilə razılaşmamışdır. Cavabdehin bu təklifi müqavilənin ləğinə yönəlimiş təklif hesab olunur ki, Mülki Məcəllənin 786.5 və 786.6-cı maddələrinin tələbi baxımından bu halda müqaviləyə bilavasitə iddiaçının hərəkəti nəticəsində baş verən və ya həmin hərəkətlə bağlı olan səbəbə görə və ya iddiaçının hərəkəti nəticəsində baş verməyən və ya həmin hərəkətlə bağlı olmayan səbəbə görə, lakin iddiaçının görülmüş işlərdə marağının olması baxımından xitam verilmiş hesab olunacaqdı ki, bu da cavabdehin iddiaçıya görə görüdüyü işlərin haqqını tələb etmək hüququ yaranacaqdı. İddiaçı isə bu şərtlə müqavilənin ləğvinə razı olmadığından məhkəmə kollegiyası tərəfindən iddiaçının daha az xərclə özünə ayrıca su xətti çəkə bilməyəcəyini etiraf etməsi kimi qiymətləndirilmişdir ki, bununla da cavabdehin verilmiş tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi və iddiaçıya zərər vurması müəyyən edilmir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiysa şikayəti əsaslı hesab edilərək təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(021)-242/2023 saylı qətnaməsi ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(021)-242/2023 saylı qətnaməsindən Cavabdeh Alməmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 20 iyul 2023-cü il tarixli, 2(021)-242/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar