Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-264/2025 15.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh Manafov Şükür Ədil oğluna (mütəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh Manafov Şükür Ədil oğluna (mütəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-2841/2024 nömrəli qətnaməsindən cavabdeh Manafov Şükür Ədil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə 15 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Daşınmaz əmlak üzərində hüququların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, mübahisəli fərdi yaşayış evində qapının bağlı olması və ərazidə mübahisəli halı olması səbəbindən ölçmə işlərinin aparılması mümkün olmamışdır.
2. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-5463/2022 saylı qərarından görünür ki, Şəmkir Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(076)-1419 2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, iddiaçılar İddiaçı1, İddiaçı4, X4, İddiaçı3 cavabdeh Manafov Şükür Ədil oğlu X7 qanun üzrə vərəsələri tanınmış, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən İddiaçı1, İddiaçı4, X2, Manafov Şükür Ədil oğlunun payı1/10 hissədə, İddiaçı3 payı 6/10 hissədə, "xxxx" ASC-nin Şəmkir rayon filialında saxlanılan əmanət puldan İddiaçı1, İddiaçı4, X3, İddiaçı3 Manafov Şükür Ədil oğlunun payı 1/5 hissədə müəyyən edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2(104)-3695/2021 nömrəli qətnaməsi ilə cavabdeh Manafov Şükür Ədil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, daha sonra cavabdeh Manafov Şükür Ədil oğlunun kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2021-ci il tarixli, 2(104)-3695/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 cavabdeh Manafov Şükür Ədil oğluna (mütəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi) qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə ünvan 2 ünvanda yerləşən, mərhum qardaşları X5 miras qalmış həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində üçüncü şəxs DƏDRX–nin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Məhkəməsinin 22 iyul 2021ci il tarixli 2(076)-1419/2021 saylı qətnaməsi ilə mərhum qardaşı X6 qalan miras əmlaka iddiaçılar və cavabdeh Manafov Şükür Ədil oğlu qanun üzrə vərəsə tanınmışlar. Həmin qətnamədən narazı qalmış cavabdeh apellyasiya qaydasında şikayət vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-3695/2021 saylı qətnaməsi ilə şikayət təmin olunmamış, Şəmkir Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Daha sonra isə cavabdeh Gəncə Apellyasiya Məhkəməsinin qətnaməsindən kassasiya qaydasında şikayət vermişdir. Bu kassasiya şikayət isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5463/2022 saylı qərarı ilə təmin olunmamışdır. Qətnamə icra olunmuşdur. Miras mülklə bağlı mülkiyyət hüquqlarını qeydiyyata aldırmaq və paylarının naturada bölünüb, onlara təhvil verilməsi məqsədi ilə DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmişlər. Müraciətləri ilə bağlı olaraq 11 saylı Şəmkir Ərazi İdarəsi fərdi yaşayış evinin yerində müayinə olunaraq ölçülməsi zərurəti ilə bağlı miras mülk olan yerə getmişlər, lakin, cavabdeh evin və həyətin qapılarını bağlamış, ölçmə işlərinin aparılmasına maneə yaratmışdır. Buna görə də, hazırkı iddia ilə məhkəməyə müraciət edirlər.
5. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-2841/2024 nömrəli qətnaməsi ilə (hakim Taleh Musayev), iddianın təmin edilməsi, Şəmkir şəhəri, Qarabağ küçəsi, 28 saylı ünvanda yerləşən torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə cavabdeh Manafov Şükür Ədil oğlu tərəfindən yaradılan maneənin aradan qaldırılması, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, cavabdeh Manafov Şükür Ədil oğlundan 100 (bir yüz) manat məbləğində dövlət rüsumu alınıb iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 verilməsi qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157.4, 158.1, 158.1.2 və 158.4-cü maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 213, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Manafov Şükür Ədil oğlu apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-2841/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə qətnaməsində müəyyən edilsə də, o iddiaçılara məxsus əmlakda ölçmə işlərinin aparılmasına maneçilik törədirəm, ona görə də DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasından imtina edilmişdir, həmin halı təsdiq edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, iddiaçılar isə iddia tələbini yalnız onunla əsaslandırmışlar ki, ölçmə işlərinin aparılmasına onun tərəfindən maneə yaradılmışdır. Lakin, iddiaçılar tərəfindən iddianın əsasını təşkil edən hallara dair məhkəməyə hər hansı sübut təqdim edilməmiş, məhkəmə iddiaçıların heç bir dəlilə söykənməyən izahatındakı xüsusatlara işin müəyyən edilmiş halları kimi qiymət verərək iddianı əsaslı hesab etmişdir. O payına düşən əmlakın ölçülməsinə maneçilik törədə bilər, əgər orada iddiaçılara məxsus əmlak vardırsa həmin əmlak onların sahibliyində də olmalıdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3, cavabdeh Manafov Şükür Ədil oğlu, mütəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların (nümayəndələrinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
11. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
12. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.
13. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.
14. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
16. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
17. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ;
18. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.
“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolu (Azərbaycan Respublikasının 25 dekabr 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş)
19. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
27. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
33. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
35. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
36. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-2841/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Beləliklə, işin halları ondan ibarətdir ki, Şəmkir Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(076)-1419/2021 saylı qətnaməsi ilə miras əmlak olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evindən və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən İddiaçı1, İddiaçı4, X2, Manafov Şükür Ədil oğlunun payı1/10 hissədə, İddiaçı3 payı 6/10 hissədə, "xxxx" ASC-nin Şəmkir rayon filialında saxlanılan əmanət puldan İddiaçı1, İddiaçı4, X3, İddiaçı3 Manafov Şükür Ədil oğlunun payı 1/5 hissədə müəyyən edilmişdir. Lakin, Manafov Şükür Ədil oğlu qətnamə ilə razı olmamış, apellyasiya və kassasiya instansiya məhkəmələrinə şikayət etmiş, yekun olaraq Şəmkir Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(076)-1419 2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçıların mülkiyyət hüquqlarının qeydiyyata alınmasına və paylarının naturada bölünməsinə görə DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən müəyyən ölçmə işlərinin aparılması zərurəti yaranmış, lakin, cavabdeh Manafov Şükür Ədil oğlu heç bir əsas olmadan tərəflərin hüquqlarını pozmaqla lazımi hərəkətlərin həyata keçirilməsinə maneçilik törətmişdir.
38. İlk olaraq, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.
39. Mülkiyyətin məhkəmə müdafiəsi hüququ iddia vasitəsilə həyata keçirilir. Bu iddia əşya hüququnu pozan hər bir şəxsə qarşı irəli sürülür. Əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır. Petitor iddia dedikdə, mülkiyyət hüququ barədə verilən iddia başa düşülür.
40. Neqator iddia sahiblikdən məhrum edilməklə əlaqədar olmayan pozuntuların aradan qaldırılması barədə iddiadır. Neqator iddia mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin həyata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı irəli sürdüyü müqavilədənkənar tələbdən ibarətdir. Neqator iddia habelə mülkiyyət hüququnun həyata keçirilməsinə yönələn maneə təhlükəsinin olması imkanları olduqda da qaldırıla bilər. Neqator iddianın anlayışı Mülki Məcəllənin 157.4-cü maddəsində verilmişdir. Neqator iddanın məqsədi mülkiyyətçinin və digər titul sahibinin əşyaya sahiblikdən məhrumetmə ilə bağlı olmayan digər salahiyyətlərini (istifadə və sərəncam səlahiyyətini) müdafiə etməklə, pozulmuş hüquqları bərpa etməkdən ibarətdir. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. Neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir.
41. Qeyd etmək lazımdır ki, hər bir şəxsin mülkiyyətində daşınar və daşınmaz əmlakı olar. Mülkiyyət hüququ şəxsin mülkiyyətində olan əmlak üzərində sahiblik, istifadə və sərəncam vermək hüququnun realizəsi ilə həyata keçirilir. Bu hüququnun həyata keçirilməsinə hər hansı bir müdaxilənin edilməsi qadağandır və belə bir qadağa mülkiyyət hüququna müdaxilə kimi dəyərləndirilir. Həmçinin o da nəzərə alınmalıdır ki, bu əşyanı mülkiyyətçinin sahibliyindən götürmədən mülkiyyət hüququnun həyata keçirilməsinə maneələr törədən hərəkətlərdən müdafiə üsuludur. Bu halda mülkiyyətçinin belə hərəkətlərə son qoyulmasını tələb etmək hüququ yaranır. Adətən belə maneələr mülkiyyətçinin öz əmlakından istifadə etmək səlahiyyəti pozulur. Çünki, əmlak onun sahibliyindən çıxmır və onu həmin əmlak barəsində sərəncam vermək hüququndan məhrum etmir. Mövcud vəziyyətdə iddiaçılar Şəmkir şəhəri, Qarabağ küçəsi, 28 saylı ünvanda yerləşən torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş və həmin orqanın məktubuna əsasən, mübahisəli fərdi yaşayış evində qapının bağlı olması və ərazidə mübahisəli halı olması səbəbindən ölçmə işlərinin aparılması mümkün olmamışdır.
42. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən maneələr törədildiyindən və bu maneələr məhkəmə kollegiyasında öz təsdiqini tapdığından, sonuncunun bu hərəkətləri iddiaçıların mülkiyyət hüququna müdaxiləni qaçılmaz etdiyindən, maneələr aradan qaldırılmalı, iddiaçıların mülkiyyətinə cavabdehlər tərəfindən qəsd edən hərəkətlərə son qoyulmalı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin əməkdaşları tərəfindən müayinənin edilməsinə maneə olmaları qadağan edilməlidir.
43. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
46. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh Manafov Şükür Ədil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-2841/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.