Məhkəmə qərarları › İş №2(104)-2643/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2643/2023

24.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2643/2023 24.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3n oğlu və Cavabdeh2 qarşı «ziyanın əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(125)-4342/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3n oğlu və Cavabdeh2 qarşı «ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X9 məxsus Gəncə şəhəri, Qırmızıkənd qəsəbəsində yerləşən 405,2 kv. m. qeyri-yaşayış sahəsində olan əmlakın dam örtüyünün sökülməsi, dağıdılması, məhv edilməsi nəticəsində ona dəymiş maddi ziyan qismində 15.000 manat pulun və məhkəməyə ödədiyi 145 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3n oğlundan və Cavabdeh2 alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hüquqi varisi olduğu X11 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Onun adına olan Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızıkənd yaşayış ərazisində yerləşən əmlak kompleksi xx.xx.2013-cü il tarixli 01.57503 nömrəli, qeydiyyat nömrəsi **********, tam ümumi sahəsi 405,2 kv. m, torpaq sahəsi 0,04455 ha onun adına çıxarış verilmiş xüsusi mülkiyyətdədir. X1 xx.xx.2019-cu il tarixdə Gəncə şəhər 2 saylı notariat ofisinin notariusu X5 iştirakı ilə Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızıkənd yaşayış ərazisində yerləşən yaşayış evinin 18 kv.m sahəsini 50.000 manata Cavabdeh3n oğluna satmışdır. Mərhumun sağlığında qalan əmlak, ferma, 303,6 kv.m. qeyri-yaşayış binası, xidməti bina, 101,6 kv.m. artezian quyusu, transformator, anbar və digər qeyri-yaşayış sahələri, yenə əmlak kompleksində qalan bütün əmlaklar, hamam, ayaqyolu yuxarıda göstərilən çıxarışa əsasən mərhumun mülkiyyətindədir. Həmin əmlak Cavabdeh1 ilə Cavabdeh3n oğlu tərəfindən dağıdılmış, sökülmüş, məhv edilmişdir. X3 məxsus 405, 2 kv. m. 303, 6 kv.m ferma binasının novdanları, zəncirləri, tavanın dam örtüyünün şiferləri, armaturları, şvellerləri, yem su hovuzları dağıdaraq satıb məhv ediblər. Təxmini hesablamalara görə 15000 manat ziyan vuraraq cinayət etmişlər. Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə ərizə ilə müraciət etsə də xx.xx.2022-ci tarixli, 121-45 ***-**** saylı məktubla heç bir inzibati və cinayət tərkibi olmadığından toplanmış material Nizami RPİnin dəftərxanasında işə alınması barədə məlumat verilmişdir. Mərhum X1 xx.xx.2019-cu il tarixdə X11 ilə Cavabdeh3n oğlunun ünvan 1 qəsəbəsi əmlak komplekslərinə 100.000 manat pulun verilməsi barədə aktda göstərilir ki, Cavabdeh3n oğlu, Cavabdeh1, Cavabdeh2 və X8 iştirakı ilə xx.xx.2020-ci il tarixə qədər X9 100.000 manat pulun verilməsi barədə razılaşmışdılar. Pulu verdikdən sonra X11 əmlak kompleksindən qalan hissələri də alqı-atqı qaydasında Cavabdeh3n oğluna təhvil verməliydi. Lakin nə aktda göstərildiyi kimi xx.xx.2020-ci ildə, nə də xx.xx.2021-ci il tarixə X11 vəfat edənə qədər söz verilən və aktda göstərilən 100000 manat pul nə Cavabdeh1, nə də Cavabdeh3n oğlu tərəfindən X8 hüquqi varisi kimi ona verilməmişdir. X11 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Cavabdeh3n oğlu da X8 vəfatından 2-3 ay əvvəl vəfat etmişdir. Hal-hazırda onun hüquqi varisi kimdirsə, bu aktda göstərilən pula Cavabdeh1 ilə birlikdə məsuliyyət daşıyır. Cavabdeh3n oğlunun aldığı 18 kv.m evdə gözətçi kimi işləyən Cavabdeh2 ailəsi ilə birlikdə yaşayır. Ferma sökülən zaman Cavabdeh2 bu qədər texnika, fəhlə işləyib kimin fermanı dağıdıb talan etməyindən xəbəri yoxdur. Fermanın sökülməsindən sonra çəkiliş edən zaman həmin sahəyə baxan polis sahə müvəkkili ilə baxış keçirərkən fermanı sökən, fəhlələrin kaska və alətləri sökülmüş şiferlərin bir hissəsi evin qarşısında idi. Əmlak kompleksinin qeyri-yaşayış binası 303,6 kv.m binanın qapıları Cavabdeh1 guya qarovul kimi qoyduğu Cavabdeh2 tərəfindən dağıdılmış və ona 15.000 manat dəyərində ziyan vurmuşlar. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(125)-4342/2023 saylı qətnaməsi (hakim X.Səfərli) ilə iddia təmin edilməmişdir. İddiaya qarşı Cavabdeh1 yazılı etirazı: Cavabdeh1 iddiaya qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, mərhum X11 və mərhum Cavabdeh3n oğlu arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsində göstərilən 100000 manat borca görə o, şahid qismində iştirak etmişdir. Hər iki mərhumlar arasında bağlanmış 28 noyabr 2009-cu il tarixli xüsusi alqı-satqı müqaviləsinə əsasən Qurban Vilayətə 50000 manat ödəmiş, qalan 100000 manatı ödəməyə dair müqavilə imzalamışlar. Cavabdeh3 2020-ci il yanvar ayında onun yanında 100000 manatı Vilayətə ödəmişdir. Vilayət Qurbandan xahiş etmişdir ki, fermaların üzərindəki bəzi materiallar ona lazım deyilsə söksün, dağda özünə yeni bir ferma tikəcəkdir. Qurban da razılaşmış, ancaq bildirmişdir ki, notariusda ərizə yazsın ki, ona qalan hissəni bütövlüklə sökmüşdür. O da xx.xx.2020-ci il tarixdə Bakı şəhərində yerləşən 53 saylı natariat kontorunda ərizə yazaraq, Qurbana və 3 saylı Gəncə Ərazi İdarəsinin rəisi Nazim Məmmədova göndərmişdir ki, Qırmızı kənddə yerləşən ona məxsus əmlak kompleksinin ona qalan hissəsini bütövlükdə sökmüşdür. Gələcəkdə də bununla bağlı iddia və tələbi olmayacaqdır. Həmçinin qeyd edir ki, İddiaçı X2 2019-cu il tarixə kimi mülkü olmuş, Gəncə şəhər Qırmızı kənd qəsəbəsində yerləşən əmlak kompleksinə vərəsəlik şəhadətnaməsi yoxdur. Ona görə ki, Vilayət xx.xx.2021-ci il tarixdə vəfat edəndən bir il qabaq ərizə ilə müvafiq dövlət qurumlarına müraciət etmişdir ki, göstərilən ünvanda ona məxsus əmlakı sökdüyü üçün, əmlakı məhv edilmiş hesab edilsin. X12 məhv etdiyi, olmayan əmlaka İddiaçı vərəsəlik ala bilməzdi. Buna görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İşdə olan sübutlar: xx.xx.2009-cu il tarixli, AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X4 şəhəri, Kəpəz rayonu, Qırmızı kənd ünvanında yerləşən ümumi sahəsi 405.2 kv.m olan əmlak kompleksinin 18kv.m hissəsini Cavabdeh3n oğluna satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən və 405,2 kv.m sahədən ibarət əmlak kompleksi X8 adına xx.xx.2013-cü ildə qeydiyyata alınmışdır. X6 , X11, Cavabdeh3n oğlu və Cavabdeh2 tərəfindən tərtib edilmiş 28 noyabr 2019cu il tarixli aktın surətindən görünür ki, X11 özünə məxsus ünvan 3 ünvanda yerləşən əmlak kompleksi kimi müəssisəni Cavabdeh3n oğluna cəmi 150000 (yüz əlli min) manata satılmasına razılığa gəlinmiş, lakin alqı-satqı müqaviləsi kompleksin yalnız 18 kvm hissəsi üzrə cəmi 50000 (əlli min) manata rəsmiləşdirilmişdir. Qalan 100000 (bir yüz min) manat alıcı tərəfindən satıcıya 15 mart 2020-ci ilədək ödəniləcək. Məbləğ tam ödənildikdən sonra X11 həmin ünvanda yerləşən mülkiyyətində qalan bütün qeyri-yaşayış hissələrini Cavabdeh3 adına rəsmiləşdirməyi üzərinə götürür. Həmin ünvanda yerləşən və X8 istifadəsində olan 10 ha torpaq sahəsindən imtina edir və həmin torpağın Cavabdeh3n oğlunun istifadəsinə verilərək onun adına bütövlüklə özəlləşdirilməsinə etiraz etmir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6142 nömrəli ekspert rəyinin surətindən görünür ki, X8 mülkiyyətində olan ünvan 1 qəsəbəsində yerləşən 405,2 kv.m sahədən ibarət əmlak kompleksinin tikili olaraq mövcud olduğu, yalnız A literli ferma binasının dam hissəsinin söküldüyü müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixli vəsiyyətnamədən görünür ki, X11 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ona məxsus bütün əmlakını İddiaçı vəsiyyət etmişdir. xx.xx.2021-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin” surətindən görünür ki, X8 vəsiyyatnamədə göstərilən əmlakın vərəsəsi İddiaçı ünvan 4 ünvanında yerləşən 3 nömərli mənzildən tam hissədə pay almalıdır. xx.xx.2021-ci il tarixli, AZ-İİ saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci il tarixdə ölmüşdür. X8 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanladığı, 25 yanvar 2020-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində yerləşən **********815-12301 reyestr nömrəli əmlak kompleksinin ona qalan hissəsini bütövlükdə sökdüyü üçün əmlakın məhv edilməsini xahiş edir. Qeyd edilən ərazidə yerləşən 10 ha torpaq sahəsinin bütövlükdə Cavabdeh3n oğlunun istifadə etməsinə heç bir etirazı yoxdur. Gələcəkdə bununla bağlı iddia və tələbi olmayacaqdır. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Şəhər Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(125)-4342/2023 saylı qətnaməsindən narazı qalan idiaçı İddiaçı şikayət verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, işə baxan məhkəmə onun iddiasını rədd edərkən belə bir dəlilə istinad etmişdir ki, guya onun dəymiş ziyanla bağlı məhkəməyə müraciət etməyi ilə bağlı subyektiv hüququ yoxdur. Guya ziyan vurulduğunu bildirdiyi əmlakın üzərində hüququnun qeydiyyata alınmasını təsdiq edən hər hansı sübut onun tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki işdə ona əmlaka dair verilmiş vəsiyyətnamədən məlum olur ki, mübahisəli əmlak üzərində onun gözlənilən mülkiyyət hüququ vardır. Bu isə onun əmlak üzərində hüquqlarının qeydiyyata alınmasında subyektiv hüququnun olduğunu təsdiq edir. Bundan başqa qətnamədə ziyanın cavabdehlər tərəfindən vurulmasını təsdiq edən sübutun məhkəməyə təqdim edilmədiyi bildirilir. Halbuki, mübahisəli obyektdə gözətçi olan Cavabdeh2 məhkəmədə dindirilmiş olsa idi o ziyanın kim tərəfindən vurulmasını bildirərdi. Çünki uçurulmuş damın şiferlərinin qırıntısı İsmətin qaldığı evin qarşısındadır. Çox təssüflər olsun ki, məhkəmə bütün bunları araşdırmadan iddianı rədd etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X11 onun əmisi olmaqla, birinci növbə vərəsəsi olmamışdır. Hesab edir ki, əmisi X11 yaşlı olduğu üçün cavabdehlər onu aldadaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanlanmış 25 yanvar 2020-ci il tarixli ərizəni imzalatmağa nail olmuşlar. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinin tələbinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Müki Məcəlləsi: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(125)-4342/2023 saylı qətnaməsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə yeni qətnamə çıxarılaraq, iddia tələbi onlara münasibətdə rədd edilməli, Cavabdeh3n oğluna münasibətdə isə qərardad çıxarılaraq, iddia tələbi baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehin hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmaması nəticəsinə gəlsə də həmin nəticə əsassız olmuşdur. Belə ki, iş üzrə iddiaçının vəsiyyətnamə üzrə vərəsə olması təsdiqlənməklə, miras qoyanın mirası qəbul etmiş birinci və cavabdehdən başqa ikinci növbə vərəsələrinin olması müəyyən edilməməkdədir. Hərçənd ki, iddiaçı birinci növbə vərəsələrin ümumiyyətlə olmadığını iddia etmişdir. Həmçinin, iddiaçının ikinci növbə vərəsə olması da mübahisələndirilməməklə, iş materialları ilə mübahisəli əmlakın hələ də X2 mülkiyyət hüququ kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması müəyyən edilməkdədir. İddiaçının isə mübahisəli əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaması Mülki Məcəllənin 1255-ci maddəsinin tələbi baxımından onun mirası faktiki qəbul etməməsi anlamına gəlməməklə və həmin əmlaka dair müvafiq iddialar irəli sürə bilməməsinə əsas verməməkdədir. Buna görə də məhkəmə kollegiyası iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyasının iclasında isə müəyyən edilmişdir ki, X11 xx.xx.2020-ci il tarixli vəsiyyətnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, özünə məxsus bütün əmlakını İddiaçı vəsiyyət etmiş və o, xx.xx.2021-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra xx.xx.2021-ci il tarixli “Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” yə əsasən İddiaçı X7 miras qalmış ünvan 4 ünvanında yerləşən 3 nömərli mənzili miras olaraq qəbul etmişdir. İddiaçı əmisi olan X7 həmçinin Gəncə şəhəri, Kəpəz rayonu, Qırmızıkənd yaşayış ərazisində yerləşən 405,2 kv.m sahədən ibarət əmlak kompleksinin miras qaldığını, lakin cavabdehlərin həmin əmlak kompleksinin dam örtüyünun sökülməsi nəticəsində ona ziyan vurulduğunu iddia etmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarına əlavə olunmuş X8 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanladığı, 25 yanvar 2020-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, o, Gəncə şəhəri, Nizami rayonu, Qırmızı kənd ərazisində yerləşən **********815-12301 reyestr nömrəli əmlak kompleksinin ona qalan hissəsini bütövlükdə sökdüyü üçün əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının ləğv edilməsini xahiş edərək, 10 ha torpaq sahəsinin bütövlükdə Cavabdeh3n oğlunun istifadə etməsinə heç bir etirazının olmadığını və gələcəkdə bununla bağlı iddia və tələbinin də olmayacağını bildirmişdir. Lakin iş materiallarında olan İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı olan iddiasına dair 2-1(114)-30/2023 saylı inzibati iş üzrə keçirilmiş və əldə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6142 nömrəli ekspert rəyi ilə X8 mülkiyyətində olan ünvan 1 qəsəbəsində yerləşən 405,2 kv.m sahədən ibarət əmlak kompleksinin tikili olaraq mövcud olduğu, yalnız A literli ferma binasının dam hissəsinin söküldüyü müəyyən edilməkdədir. Həmçinin iş materiallarında olan X11 ilə Cavabdeh3 arasındakı ilkin razılaşmadan göründüyü kimi X11 həmin əmlakı gələcəkdə Cavabdeh3 adına rəsmiləşdirməyi, həmin ünvanda yerləşən və X8 istifadəsində olan 10 ha torpaq sahəsindən imtina etməyi və həmin torpağın Cavabdeh3n oğlunun istifadəsinə verilərək onun adına bütövlüklə özəlləşdirilməsinə etiraz etməyəcəyini öhdəsinə götürmüşdür. Göründüyü kimi X11 hələ sağlığında həmin əmlakı əhəmiyyətsiz tikili hesab etməklə, onun söküldüyünü və daşınmaz əmlak kimi reyestrdə qeydiyyatının ləğvini xahiş etmişdir. Lakin, hazırda iş materiallarında olan sübutlarla həmin əmlakın yalnız dam örtüyünün söküldüyü müəyyən edilmişdir kı, onun mərhum X11 tərəfindən deyil, məhz sonradan cavabdehlər tərəfindən sökülməsi ilə bağlı iddiaçı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Hərçənd ki, X8 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanladığı 25 yanvar 2020-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsində olan əmlakın sökülməsinə dair məlumatlarla, cavabdehin iddiaya qarşı yazılı etirazında olan məlumatlar uyğunluq təşkil etdiyindən, məhkəmə kollegiyası dam örtüyünun mərhum X11 tərəfindən və ya onun razılığı ilə sökülməsi qənaətinə gəlmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, cavabdehlərin mirası qəbul mülkiyyətçi qismində iddiaçıya qarşı mülki hüquq pozuntusuna yol verməsi və ona zərər vurmaları iş materialları ilə təsdiq olunmamışdır. Buna görə də şikayət qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(125)-4342/2023 saylı qətnaməsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Şəhər Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(125)-4342/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 07 sentyabr 2023-cü il tarixli, 2(125)-4342/2023 saylı qətnaməsi ləğv edilsin və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar