Məhkəmə qərarları › İş №2(104)-2644/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2644/2023

04.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2644/2023 04.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 2(076)-2045/2023 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə 04 dekabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 12 dekabr 2008-ci il tarixli 149Seymur ist nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 36 faiz ödəmək şərti ilə 12 ay müddətinə 1129 manat kredit verilmişdir.

2. Maliyyə arayışından görünür ki, Cavabdeh 1029 manat əsas, 4218 manat faiz, 150 manat xidmət haqqı olmaqla, cəmi 5397 manat ödənilməmiş borc vardır.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2023-cü il tarixli 4/1371 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 12 dekabr 2008-ci il tarixli 149 Seymur ist nömrəli kredit müqaviləsində “Borcalan Cavabdeh” qrafasındakı imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC-nin ləğvedicisi “X2 Company” Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, 12 dekabr 2008-ci il tarixli, 149 Seymur ist. nömrəli kredit müqaviləsinə xitam verilməsi, Cavabdeh 1029 manat əsas, 4218 manat faiz, 150 manat xidmət haqqı olmaqla, cəmi 5397 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında 12 dekabr 2008-ci il tarixli 149 Seymur ist nömrəli kredit müqaviləsi bağlanmış və illik 36 faiz ödəmək şərti ilə 12 ay müddətinə 1129 manat kredit verilmişdir. Tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinə əsasən kreditin və kredit faizlərinin borclular tərəfindən banka qaytarılmasının müddətləri və qaydası müəyyən edilmişdir. Alınmış kreditdən 100 manat ödəniş edilsədə, 1029 manat əsas, 4218 manat faiz, 150 manat xidmət haqqı olmaqla, cəmi 5397 manat borc ödənilməmişdir. Bank tərəfindən dəfələrlə şihafi xəbərdarlıq və yazılı bildirişlər göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir.

6. Şəmkir Rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli 2(076)-4152/2016 nömrəli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.

7. Cavabdeh qiyabi qətnamənin ləğv olunması barədə ərizə vermiş və Şəmkir Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli 2(076)-4152/2016 nömrəli qərardadı ilə ərizə təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli 2(076)-4152/2016 nömrəli qiyabi qətnaməsi ləğv olunmuş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir.

8. Şəmkir Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 2(076)- 2045/2023 nömrəli qətnaməsi (hakim H.Məhəmmədli) ilə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddiası rədd edilməsi; İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməsi; İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-dən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 110 (yüz on) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ**********00********) köçürülməsi qət olunmuşdur.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 89.1, 101.7, 103.1, 119.1, 124.2, 217.4, 218.3, 216-220, 227, 360 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, qanunvericiliyin tələbinə əsasən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il olsada, hazırki iş üzrə tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər. Müqavilədə qeyd olunmuş 24 aylıq müddət müqavilənin qüvvədə olma müddəti deyil, borcun hissə-hissə qaytarılmasını müəyyən edən şərtdir. Sözügedən pul məbləğinin cavabdehdə qalması iddiaçının həmin pul məbləği üzərində mülkiyyət hüququnu məhdudlaşdırmaqla yanaşı, cavabdehin əsassız varlanmasına rəvac verir. Görünüyü kimi hələ də borclu tərəfindən kredit öhdəliklərinin tam yerinə yetirilməsi təmin edilməmiş, lakin məhkəmə yuxarıda göstərilən halları araşdırmadan əsassız qərar qəbul etmişdir. Halbu ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Eləcədə iddianın əsaslı olmasına dair yetəri qədər sübutlar təqdim edilməsinə baxmayaraq məhkəmə həmin sübutlara və iddiaçının nümayəndəsinin izahatlarına qiymət vermədən əssasız qərar qəbul etmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, İddiaçı ASC-dən kredit götürməmiş və həmin sənədlər onun adından saxtalaşdırılmışdır. Cavabdeh sonda məhkəmə kollegiyasına apellyasiya şikayətinin təmin olunmaması və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

19. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbini rədd etməkdə düzgün nəticəyə gəlmişdir.

29. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı ASC Cavabdeh ilə 12 dekabr 2008-ci il tarixli 149Seymur ist nömrəli kredit müqaviləsi bağlanmsını və həmin müqavilə üzrə sonuncuya illik 36 faiz ödəmək şərti ilə 12 ay müddətinə 1129 manat kredit verilməsini, borcalan Cavabdeh götürdüyü öhdəlikləri yerinə yetirməməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2023-cü il tarixli 4/1371 nömrəli rəyinə əsaslanaraq iddianı təmin etməmişdir.

31. Bu qətnamənin 28-ci bəndində də qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Belə ki, İddiaçı ASC-nin ləğvedicisi “X2 Company” 12 dekabr 2008-ci il tarixli 149Seymur ist nömrəli kredit müqaviləsinə istinadən cavabdehdəə qarşı hazırkı iddia ilə məhkəməyə müraciəət etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı 12 dekabr 2008-ci il tarixli 149Seymur ist nömrəli kredit müqaviləsinin Cavabdeh tərəfindən imzalanıbimzalanmamasını müəyyən etmək üçün iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2023-cü il tarixli 4/1371 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş 12 dekabr 2008-ci il tarixli 149 Seymur ist nömrəli kredit müqaviləsində “Borcalan Cavabdeh” qrafasındakı imza – Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

32. Mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Kollegiya hesab edir ki, 12 dekabr 2008-ci il tarixli 149Seymur ist nömrəli kredit müqaviləsi Cavabdeh tərəfindən imzalanmadığından o, həmin müqavilə üzrə öhdəlik daşımır.

34. İddiaçı ləğv prosesində olan İddiaçı ASC apellyasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il olsada, hazırki iş üzrə tərəflər öz aralarında iddia müddətinin hesablanma qaydasını müəyyən etmiş və onun öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə qədər qüvvədə olmasına dair iradələrini müqavilədə əks etdirmişlər. Müqavilədə qeyd olunmuş 24 aylıq müddət müqavilənin qüvvədə olma müddəti deyil, borcun hissə-hissə qaytarılmasını müəyyən edən şərtdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Halbu ki, yuxarıda da qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi iddia müddətinin keçməsi əsasi ilə deyil, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 avqust 2023-cü il tarixli 4/1371 nömrəli rəyəini əsas tutaraq iddianı rədd etmişdir.

35. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli 2(076)-2045/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar