Məhkəmə qərarları › İş №2(104)-265/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-265/2023

24.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-265/2023 24.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh X1 iştirakı ilə, İddiaçı1 Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1758/2022 saylı qətnaməsindən cavabdeh X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı1 Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 14240 manat məbləğində pul vəsaitinin və 133 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1758/2022 saylı qətnaməsi ilə (hakim Q.Əbilov) iddia tələbi təmin edilmiş, Cavabdeh2 14240 (on dörd min iki yüz qırx) manat alınaraq İddiaçı1 verilməsi, iş üzrə ödənilmiş 133 manat məbləğində dövlət rüsumu Cavabdeh2 alınaraq İddiaçı1 ödənilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh X3 apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehi yaxından tanıyır özü yazdığı borc müqaviləsində qeyd etdiyi kimi qohumluq münasibətləri var. Cavabdeh dəfələrlə xahiş etmişdir ki, “ailəm uşağım çox çətinliklə yaşayırıq. Bizə kömək et ev tikdirim”. Onun yaşayış tərzin nəzərə alıb öz iştirakı ilə onun dəsti xətti ilə geniş məzmunlu borc müqaviləsi yazdırdıqdan sonra 19000 (on doqquz min) manat faizsiz olaraq borc vermişdir. Onların arasında pulun ödənişi mübahisə yaradandan sonra yəni, onun narazılığından sonra Q.Səyavuş uşağının 200 manat dəyərində olan pensiya plastik kartını 1 il 4 aydan sonra yəni aprel 2020-ci ildə ona vermişdir. Həmin vaxtdan 4760 manat pulu plastik kartdan özü çıxartmışdır. Lakin 08 mart 2022-ci ildən sonra onun plastik kartdan pul cıxarmaq hüququ olmur. Ona görə ki, Cavabdeh2 yazdığı borc müqaviləsinin 3 il müddət başa çatdığı üçün ona çatası 14240 manat pula görə məhkəmədə iddia qaldırmaq hüququ olmur. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Mülki iş materiallarında olan: İddiaçı1 ilə Cavabdeh2 arasında bağlanmış 08 mart 2019-cu il tarixli borc müqaviləsindən görünür ki, İddiaçı1 faizsiz olaraq 15 dekabr 2021-ci il tarixədək Cavabdeh2 19.000 manat borc pul vermişdir Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin hər biri qanunsuzdur. O, iddiaçıdan tələb etdiyi məbləğdə pul almamışdır. İddiaçı1 hər bir şəxsə faizə pul verdiyi üçün ona vermədiyi pulu ona hədə-qorxu ilə yazdırmışdır. İddiaçı1 sələmə pul verdiyi üçün məcbur qalıb ondan 4500 manat məbləğdə pul götürmüşdür. Daha sonra isə borcumu təmamilə qaytarmaq üçün maşınını, torpaq sahəsini və əlində olan hər bir əmlakı sataraq iddiaçıya olan borcunu tamamilə ödəmişdir. İddiaçı1 əl vasitəsi ilə 6000 manat pul vermiş və İddiaçı1 ona vermiş olduğu sosial pul kartından 4760 manat pul çıxarmışdır. Lakin, İddiaçı1 ona saxta olaraq yazdırmış olduğu borc müqaviləsi əsasında borcunu tələb edir. Halbuki borc müqaviləsi saxta yazılmış və borc müqaviləsi etibarsız edilməli idi. O, pulu 2019-cu il tarixdə götürsə də borc müqaviləsi 2019-cu ildə, pulu götürdüyü zamandan sonra yazılmışdır. Müqavilə məhkəmə zamanı bilindiyi andan etibarsız hesab edilməli idi. İddiaçı1 ilə aramızda hər zaman axşı münasibətlər olmuş və o bir neçə dəfə Pənahdan sələmə pul götürmüşdür. Ən son pul götürdüyü zamandan sonra müqavilə yazılacağı zaman Pənah müqaviləyə 14.240 manat yazmağını bildirmişdir. Bildirmişdir ki, “pul bir başqa şəxsindir və həmin şəxs məndən pulu istədiyi zaman sənə verəcəyimi bildirim və müqaviləni göstərim”. Həmçinin, bildirmişdir ki onun üçün heç bir qorxusu yoxdur və narahat olmuşdur. O isə iddiaçının sözlərinə inanaraq müqaviləyə onun dediyi rəqəmi yazmışdır. Sonradan ona məlum olmuşdur ki, İddiaçı1 hər bir kəs kimi aldatmış və hər bir şəxsdən məndən tələb etdiyi kimi pul tələb etmişdir. İşdə iştirak edən şəxslərin verdiyi izahatlar Məhkəmə kollegiyasının iclasında cavabdeh X3 apellyasiya şikayətində göstərilən xüsusatlara oxşar izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansıya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı1 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, cvabdehin izahatını və vəkilin çıxışını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktiki halları kimi müəyyən etmişdir ki, İddiaçı1 tərəfindən cavabdeh X2 faizsiz olaraq 15 dekabr 2021-ci il tarixədək 19.000 manat məbləğində borc verilmiş və bu barədə 08 mart 2019-cu il tarixdə borc müqaviləsi bağlamışlar. Lakin, borcalan borc müqaviləsinin şərtlərinə tam əməl etməmiş və onun iddiaçıya 14.240 manat borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İddia tələbinin dəlillərinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri borcla bağlı yaranan mülki münasibətlərdir. Ona görə də bu mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin borcla bağlı və əlaqəli olan aşağıdakı müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsində də göstərilmişdir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Resbulikası Mülki Məcəlləsinin 389.1-cu maddəsində müqavilənin anlayışı müəyyən edilərək göstərilmişdir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə görə isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır. Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə əməl etməmiş, aldığı borcu müqavilədə müəyyən olunmuş müddətdə və məbləğdə ödəməmiş və bununla da iddiaçının hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin, borc münasibətləri yaranan zaman bunun mülki qanunvericiliyə uyğun olub-olmaması araşdırılmalı olan mühüm haldır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında borc münasibətləri yaranmış və həmin münasibətlər mülki qanunvericiliyə uyğun olmuşdur. Belə ki, məhkəmə kollegiyası iş materiallarını araşdıran zaman müəyyən etmişdir ki, 08 mart 2019-cu il tarixli borc müqaviləsinə əsasən, İddiaçı1 faizsiz olaraq 15 dekabr 2021-ci il tarixədək Cavabdeh2 19.000 manat borc pul vermişdir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Borc müqaviləsi iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmişdir və iddiaçı öz sübutetmə vəzifəsini əsaslı şəkildə yerinə yetirmişdir. Lakin, cavabdeh birinci və apellyasiya instansiyaları məhkəmələrinin iclaslarında iddiaçıdan 19000 manat deyil, 4500 manat aldığını və həmin məbləği tamamilə ödədiyini bildirmiş, lakin izahatında qeyd etdiklərini sübutetmə vəzifəsi üzərinə düşdüyü halda sübuta yetirə bilməmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdeh yalnız formal mülahizələr əsasında iddiaçıdan 4500 manat aldığını və həmin məbləği tamamilə ödədiyini göstərməklə kifayətlənmiş, məhkəməyə heç bir əsaslı şübhədən kənar sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə kollegiyası xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Həmçinin, məhkəmə kollegiyası apellyatorun “bağlanmış müqavilənin formal olması, əslində həmin məbləğ saxta olmaqla iddiaçı tərəfindən ona verilməməsi” dəlili ilə bağlı qeyd edir ki, cavabdehin bu dəlili əsassızdır. Ona görə ki, borc müqaviləsi tərtib edilməklə aparılan sənədləşmə, hər hansı hüquq münasibətində olan şəxslərin arasında hesablaşma üsullarından biri kimi formalaşmış olan işgüzar qaydadır və cavabdehin də bu sənədi imzalaması, bu sənədin məhz bu anlamda hüquqi qüvvəsini tanadığına dəlalət edir. Cavabdeh həmin sənədə imza etdiyi halda, müqavilədə olan şərtləri və öhdəlikləri qəbul etmiş sayılır. Lakin, cavabdeh şikayətinin dəlillərində göstərdiyi həmin xüsusatlarla bağlı kollegiyaya heç bir sübut təqdim etməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Qeyd olunanlara əsasən məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, Qətetdi: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-1758/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar