Məhkəmə qərarları › İş №2(104)-2652/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2652/2023

30.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2652/2023 30.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəçi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili X7 və Cavabdeh iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(125)-2727/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu Ramana Südçülük sovxozu ərazisində yerləşən yaşayış evinin satışı ilə bağlı ödəməli olduğu 15000 (on beş min) manat pulun, banka ödənilən 3000 (üç min) manat pulun və 2000 (iki min) manat mənəvi ziyanın, məhkəmə iddia qaldırılması üçün ödənilən 151 (yüz əlli bir) manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(125)-2727/2023 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Gündüz Abbasov) iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(125)-2727/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi onun tərəfindən iddia müddəti ötürüldüyü üçün iddia müddətini tətbiq edərək iddianı rədd etmişdir. Lakin o, hesab edir ki, iddia müddəti tətbiq edilməli deyil. Belə ki, cavabdeh iddiaçının keçmiş həyat yoldaşı X2 pulu ödədiyini bildirmiş və bununla bağlı iddiaçı cavabdehin sözünə inanmaqla keçmiş həyat yoldaşı X4 barəsində Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, cavabdeh pulu almasını desə də, ödənilmiş pul ona çatmamış və iddia müddətini ötürməmişdir. Həm də, ümumi müddəti 10 il olduğu üçün, 2025- ci il müddətə qədər iddia irəli sürə bilər. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, Abşeron Rayonu Ramana Südçülük sovxozu ərazisində yerləşən və icarəsində olan 0.03 ha torpaq sahəsi üzərində yaşayış evi tikmiş və torpaq sahəsi üzərində icarə hüququnu evlə birlikdə otuz min manat müqavilində satması barədə cavabdehlə razılaşmışdır. Torpaq sahəsi üzərində icarə hüquqlarının 21 noyabr 2015-ci il tarixli alqısatqı müqaviləsi ilə cavabdehə satmışdır.Cavabdeh tərəfindən torpaq sahəsinin pulu notarial qaydada ödənilsə də, yaşayış evinin pulu ödənilməmiş və Cavabdeh bildirmişdir ki, o, 15000 manat məbləğində olan pulu keçmiş həyat yoldaşı X2 ödəmişdir. O, keçmiş həyat yoldaşı X4 barəsində Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, cavabdeh isə 15.000 manat pulu almasını bildirsə də, ona ödəməmişdir. O, Mansurov Hidayət oğlu ilə 2014-cü ildən münasibəti olmuş, 2019-cu ildə ailə həyatı qurmuş, sonradan Hidayətin başqalarına aldatma hərəkətləriniu bildiyi üçün, 2020-ildə boşanmışdır. Bundan başqa, ümumi müddəti 10 il olduğu üçün, o, iddia müddətini də ötürməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(125)-2727/2023 qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili X11 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(125)-2727/2023 qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, 2015-ci ildən Bakı şəhərində yaşayaraq “Xalqlar Dostluğu” metro stansiyası yaxınlığında gül satmaqla məşğul olmuşdur. Həmin dövrdə X5 polis işləmiş və bir-birlərini tanımışlar. X5 ona Abşeron rayonu Ramana qəsəbəsində evinin olduğunu və 37000 manata satdığını bildirmişdir. Ev almaq istədiyini, lakin 30000 manat pulunun olduğunu bildirmişdir. X1 ilə razılaşmışlar. Bir müddət sonra iddiaçı Hidayət Mansırov ilə yanına gələrək, evin ona məxsus olduğunu bildirmişdir. Gedib evə baxmış, evə dair sənədləri istədikdə, bildirmişlər ki, torpağa dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış var, lakin evə dair daşınmaz əmlakın reyestrindən çıxarış yoxdur və iki günə sənədləşməni edəcəklər. Bunun müqabilində ondan 500 manat pul almışlar. İki həftə ərzində Hidayət Mansırova ümumilikdə 15000 manat pul vermişdir. 2015-ci ildə razılaşdıqları dövrdə evin dəyəri olan 30000 manat puldan, 2000 manat bir dəfə, 3000 manat bir dəfə, 2000 manat bir dəfə, yəni bu minvalla ümumilikdə 15000 manatını X3 vermişdir. Bakı şəhərində 52 saylı notariusda alqı-satqı müqaviləsi bağlayarkən alqı-satqının dəyəri 30000 manat göstərilmiş və notariat kontorunun əməkdaşları bildirmişlər ki, 30000 manat nəqd pul göstərilməlidir və bundan sonra müqavilə qeydiyyata alına bilər. Bildirmişdir ki, 0.03 ha torpaq sahəsi və onun üzərində yerləşən evin dəyəri olan 30000 manatın yarı dəyəri olan 15000 manatı artıq X3 vermişdir və bundan İddiaçı da xəbəri olmuşdur. Odur ki, ancaq qalıq olan 15000 manatı verəcəyini bildirdiyindən, notariat kontorunda müqavilə şərtlərində müqavilənin dəyəri olan 30000 manatı dəyişdirərək 15000 manat qeyd etmişlər. Müqavilə bağlanılmış, rəsmiləşdirilmiş və 15000 manat pulu notariat kontorunda İddiaçı vermişdir. Hazırda onun iddiaçıya heç bir borcu yoxdur. Ona görə də, apelyasiya şikayətinin təmin olunmamasını və Bərdə Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(125)- 2727/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(125)-2727/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilən 21 noyabr 2015-ci il tarixli Torpaq sahəsi üzərində icarə hüquqlarının alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı icarə hüququ ilə istifadəsində olan Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsini 15.000 manata alıcının icarə hüququ ilə xx.xx.2014-cü il tarixdən başlayaraq 99 il müddətinə istifadəsinə vermişdir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, İddiaçı Abşeron Rayonu Ramana Südçülük sovxozu ərazisində yerləşən və icarəsində olan 0.03 ha torpaq sahəsi üzərində yaşayış evi tikmiş və torpaq sahəsi üzərində icarə hüququnu evlə birlikdə otuz min manat müqavilində satması barədə cavabdehlə razılaşmış, 21 noyabr 2015-ci il tarixli torpaq sahəsi üzərində icarə hüquqlarının alqı-satqı müqaviləsi ilə, icarə hüququ ilə istifadəsində olan Abşeron rayonu Ramana südçülük sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsini 15.000 manata alıcının icarə hüququ ilə xx.xx.2014-cü il tarixdən başlayaraq 99 il müddətinə istifadəsinə vermişdir. Həmçinin həmin müqavilə imzalanana qədər razılaşdırılmış məbləğin 15.000 manatı iddiaçının həmin vaxt faktiki tanışı olan X3 verilmişdir. Həmin hal, iddiaçının izahatı ilə də, təsdiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ilə razılaşdırılmış məbləğin iddia olunan hissəsinin ona yox, başqasına verilməsi onun iddiasının təmin olunmasına əsas olsa da, iş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ilə mübahisəsinin həll edilməsi üçün qanunla müəyyən edilmiş 6 illik iddia müddətini keçirdikdən sonra məhkəməyə müraciət etmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, tərəflər arasında Torpaq sahəsi üzərində icarə hüquqlarının alqı-satqı müqaviləsi 21 noyabr 2015-ci ildə notarial qaydada bağlanılsa da, hazırkı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən, yəni 21 noyabr 2015-ci il tarixdən mübahisəsinin həll edilməsi üçün qanunla müəyyən edilmiş 6 illik iddia müddətini keçirmiş, hazırkı iddia ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqi barədə ərizə vermiş, (iş vərəqə 45) məhkəmə də haqlı olaraq iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun MM-in 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu MM-in 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi üzrə iddia müddəti ötürülmüş, birinci instansiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişini əks etdirən ərizəsini nəzərə alaraq, hazırkı mübahisəyə iddia müddəti tətbiq edilməklə, düzgün olaraq iddia tələbi rədd etmişdir. Məhkəmə kollegiyası ümumi iddia müddətinin 10 il olduğu üçün, 2025- ci ilə qədər iddia irəli sürə bilməsinə dair apellyasiya dəlilinə münasibətdə qeyd edir ki, hazırkı iddia tələbi tərəflər arasında olan alqı-satqı müqaviləsi üzrə ödənilməmiş məbləğlə bağlı olduğu üçün, MM-nin 373.2-ci maddəsinə əsasən, bu tələbləri üzrə iddia müddəti altı ildir ki, bu halda iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(125)-2727/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(125)-2727/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar