Məhkəmə qərarları › İş №2(104)-2654/2022

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2654/2022

04.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2654/2022 04.11.2022 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(015)-700/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Ağstafa Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(015)-700/2022 saylı qətnaməsi ilə iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflərin nikahlarından xx.xx.2018-ci il tarixdə X4 adlı uşaqları doğumuş və həmin uşaq iddiaçının himayəsindədir. Ağstafa Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli 2(015)-1047/2018 saylı qətnaməsinə əsasən Cavabdeh 21 iyun 2018-ci il tarixdən başlayaraq 28 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilməsi, həmçinin Cavabdeh 21 iyun 2018-ci il tarixdən başlayaraq 28 yanvar 2018-ci il təvəllüdlü X2 üç yaşına çatana kimi saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Hazırda iddiaçı keçən müddət ərzində uşağın saxlanması xərclərinin artması ilə əlaqədar tutulan alimentin miqdarının az olduğunu iddia edərək, alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə faktiki nikahlarından 28 yanvar 2018-ci il tarixdə anadan olmuş Nuray adlı uşaqlarının saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 2(015)-1047/2018 saylı, 20 noyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılaraq, 193 manat məbləğində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2017-ci il tarixdə iş üzrə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Nikahlarını 04 iyun 2017-ci il tarixdə rəsmiləşdirmişlər. Nikahlarından 28 yanvar 2018-ci il tarixdə Nuray adlı bir uşaqları anadan olmuşdur. Uşaq hal-hazırda onun himayəsindədir. Cavabdehlə ailə, qurduqdan ilk vaxtlarda münasibətləri normal olsa da sonradan aralarında baş verən ziddiyətlər ailələrinin dayaqlarını sarsıtmış və 2017-ci ilin axırınadək birlikdə yaşamışlar. Hazırda atası evinə sığınmışdır. Məcbur olub nikahlarını məhkəmə qaydasında pozulmasını tələb etmişdir. Məhkəmənin qətnaməsi ilə nikahları pozulmuşdur. Bundan başqa cavabdeh uşağın saxlanılması üçün aliment ödəmədiyi üçün yenə də məhkəməyə müraciət etmiş və Ağstafa Rayon Məhkəməsinin və şikayət olduğu üçün Gəncə Apelyasiya Məhkəməsinin 2(104)-4161/2018 saylı 20 noyabr 2018-ci il tarixli qətnaməsi ilə 21 iyun 2018-ci il tarixdən başlayaraq 28 yanvar 2018-ci il tarixində anadan olmuş Nuray adlı uşaqlarının saxlanılması üçün hər ay 154 manat aliment tutularaq ona verilməsi qət edilmişdir. Cavabdeh müxtəlif sahələrdə çalışmaqla yüksək məbləğdə qazanc əldə edir. Lakin cavabdeh əldə etdiyi qazancından alimentdən başqa bir manat da olsa övladına xərcləmir. Uşaq böyüdükcə onun xərcləridə artır. Bir uşağın saxlanılması üçün alimentin artırılması zəruridir. Ona görə də Cavabdeh ilə faktiki nikahlarından 28 yanvar 2018-ci il tarixdə anadan olmuş Nuray adlı uşaqlarının saxlanılması üçün Ağstafa Rayon Məhkəməsinin 2(015)-1047/2018 saylı, 20 noyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılaraq 2022-ci il üçün uşaqlar üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa uyğun 193 manat məbləğində tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(015)-700/2022 saylı qətnaməsi ilə (hakim Z.Hüseynov) iddia tələbi qismən təmin edilərək, Ağstafa Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli, 2(015)-1047/2018 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2018-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 190 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Ağstafa Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(015)-700/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. İddiaçı tərəfındən ona göndərilən Mediasiya Prosesinin tətbiqi barədə təklifdə də xüsusilə qeyd etmişdir ki, onun maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamışdır. İddiaçı iddia ərizəsinin 6-cı bəndində göstərir ki, güya o müxtəlif sahələrdə çalışmaqla yüksək məbləğdə qazanc əldə edir. İddiaçının ümumi kəlmələrlə onun maddi imkanını göstərməyə çalışmasının özü də bunu sübut edir ki, onun maddi vəziyyəti barədə tamamilə məlumatı yoxdur. Əgər iddiaçı onun müxtəlif sahələrdə işləməyini bilsəydi və bu barədə məlumatı olasaydı məhkəməyə işlədiyi, iddia etdiyi bu iş sahələrindən heç olmasa birinin adını yazardı. Bunu yaza bilməməsi onu göstərir ki, iddiaçının onun müxtəlif sahlərdə işləməyi və çoxlu gəlir əldə etməyi barədə iddiası tamamilə onun xəyal məhsuludur. İddiaçı iddia ərizəsində göstərmişdir ki, uşaq böyüdükçə onun xərcləri artır və uşağın saxlanılması alimentin miqdarının artırılması zəruridir. İddiaçı bunu göstərməklə kifayətlənmiş, ancaq artan xərclərin nədən ibarət olması barədə məhkəməyə məlumat verməmişdir. Hesab edir ki, iddiaçı iddia ərizəsində artan xərc və bu xərcin nədən ibarət olması barədə məhkəməyə yetərli dərəcədə məlumat verməli idi. İddiaçı istinad etdiyi qanun maddəsində uşaqları saxlamağa borclu olanın valideynlər olduğu göstərilmişdir. Uşaqları sadəcə olaraq ata tərəfındən saxlanması borcu qeyd edilməmişdir. Ağstafa Rayon Məhkəməsi iddia tələbi barədə qərar qəbul edərkən iddia tələbini hansı hüquqi əsasa görə təmin etməsini əsaslandırmamışdır. Mhkəmə iddiaçının hansı maddi vəziyyətini və yaşayış səviyyəsini nəzərə almışdır. İddiaçı maddi vəziyyətinin və yaşayış səviyyəsinin yetərsiz olması barədə məhkəməyə hansı maddi sübutu təqdim etmişdir. Bəlkə iş sahəsində fəaliyyət göstərə bilməməsini ortaya qoyan fəaliyyət qabiliyyətinin məhdud olması barədə məhkəməyə sübut təqdim etmişdir. Bəlkə məhkəmə yerində baxış keçirdərək iddiaçının yaşayış səviyyəsinin doğurdan da əhəmiyyətli dərəcədə pis olması aşkar etmişdir. Hansı hüquqi əsasa görə məhkəmə belə bir qənaətə gəlmişdir ki, iddiaçının alimentin miqdarının artırılmasında iddiaçının maddi vəziyyəti və yaşayış səviyyəsi nəzərə alınmalıdır. İş materialında bununla bağlı hər hansı bir sübut yer almamaqdadır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İştiakçılıqla bağlı prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Bununla yanaşı məhkəmə iclasına özünü cavadbehin anası kimi təqdim edən şəxs gəlsə də, həmin şəxs cavabdehin nümayəndəsi olması ilə bağlı müvafiq etibarnaməni məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kolegiyası tərəflərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu: 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarı: Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmamışdır. Məhkəmə kollegiyası cavadbehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavadbeh iddiaçının onun yüksək gəlirə malik olması ilə bağlı müvafiq sübutları məhkəməyə təqdim edə bilməməsini qeyd etməklə qətnamənin əsassız olmasını iddia etmişdir. Məhkəmə kollegiyası nəzərə almışdır ki, tərəflər arasında nikah pozulduqdan sonra onlar ayrı yaşamaqdadırlar ki, bununla da iddiaçının cavabdehin gəlirləri barəsində dəqiq məlumata malik olması mümkün olmaya bilər. Lakin, cavadbeh nə birinci instansiya məhkəməsində, nə də ki, apellyasiya instansiyasında iştirak etməməklə nə şifahi, nə də ki, apellyasiya şikayətində yazılı öz işi, peşəsi və gəlirləri barədə məhkəməyə ümumiyyətlə hər hansı bir məlumat verməmişdir. Qanuni qüvvədə olan Ağstafa Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli 2(015)-1047/2018 saylı qətnaməsindən isə görünür ki, Cavabdeh 21 iyun 2018-ci il tarixdən başlayaraq 28 yanvar 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində və 28 yanvar 2018-ci il təvəllüdlü X2 üç yaşına çatana kimi saxlanması üçün hər ay 50 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Ailə Məcəlləsinin 85.1-ci maddəsinin tələbinə görə isə hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Cavabdeh tərəfindən Ağstafa Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli 2(015)-1047/2018 saylı qətnaməsi üzrə ümumilikdə 204 manat, o cümlədən uşaq 3 yaşına çatana kimi iddiaçıya 50 manat alimetn ödəməsi onun zəruri vəsaitə malik olmasını təsdiq etməkdədir. Hazırkı qətnamə ilə tutulan aliment məbləği isə 190 manat təşkil etməklə həmin məbləğdən də azdır. Məhkəmə kollegiyası cavadbehin iddiaçının da uşağın saxlanmasında iştirak etməli olması ilə bağlı şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, yuxarıda qeyd olunduğu kimi minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu olmaqla, yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Yəni, qanunveriliklə uşaqlar üçün müəyyən edilmiş 193 manatlıq yaşayış minimumu məbləği, uşağın minimum tələbatlarını ödəmək üçün müəyən edilmiş minimum məbləğ hesab olunur ki, sosial həyatda digər xərclərin də yaranması qaçılmazdır. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında da göstərilən hüquqi mövqeyə əsasən uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, 2022-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən olunmuşdur ki, məhkəmə kollegiyası cavabdehin müvafiq gəlirə malik olmasını, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu ananın üzərinə düşməsini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Ağstafa Rayon Məhkəməsinin 25 iyul 2022ci il tarixli, 2(015)-700/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Ağstafa Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(015)-700/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağstafa Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli, 2(015)-700/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Sədrlik edən: Afiq Hüseynzadə

Hakimlər: İslam Həsənov

Loğman Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar