Məhkəmə qərarları › İş №2(104)-266/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-266/2025

05.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-266/2025 05.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və cavabdehlərin nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2561/2024 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2561/2024 saylı qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı iddiasının təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 ödənilməmiş əsas borcun əvəzi qismində 20.000 (iyirmi min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 124 (bir yüz iyirmi dörd) manat, cəmi 20.124 (iyirmi min bir yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, Cavabdeh1 və Cavabdeh2 dövlət rüsumunun kəsirinin əvəzi qismində 26 (yirimi altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsi nəfinə tutulması qət edilmişdir. Cavabdehlər apellyasiya şikayəti verərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü iltarixli 2(125)-2561/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddiaçı X12 iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilməmiş əsas borcun əvəzi qismində cəmi 20.000 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İddiaçı ərizəsi onunla əsaslandırmışdır ki, 25 ildən artıqdır ki, Dədə Qorqud küçəsi bina 20 mənzil 15-də yaçayır. Cavabdeh2 2018-ci ildə çörək bişirmə sexində olan iş yoldaşı X6 vasitəsi ilə tanımışıdır. X15 və onun əri X13 qonşuları Cavabdeh1 və Cavabdeh2 oğullarına torpaq sahəsi almaq və kommunal xərclər üçün 10.000 manat məbləğində borc olaraq pul vəsaiti lazım olduğunu ona bildirmiş, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 və Şirinova X3 Lalə Zöhrab qızı və X13 ilə birlikdə onun yaşadığı evə gəlmişdir. Cavabdeh1 ETSN-nin Geodeziya Kartoqrafiya MMC-nin Gəncə şöbəsində mühəndis işlədiyini, oğluna 10.000 manat məbləğində borc pul lazım olduğunu və həmin pul vəsaitini 6 ay müddətində geri qaytaracağını ona demişdir. X2 və onun əri X7 etibarı olduğuna görə 10.000 manat məbləğində pul vəsaitini Cavabdeh1 və Cavabdeh2 6 ay müddətinə vermişdir. Bununla bağlı Cavabdeh1 və onun arvadı Cavabdeh2 əlyazma ilə qəbzə imza ataraq ondan 10.000 manat məbləğində götürdükləri pul vəsaitini 6 ay ərzində geri qaytaracaqlarını qeyd etmişlər. Daha sonra xx.xx.2022-ci il tarixdə X15 və onun əri X4 vasitəsi ilə yenidən ondan oğullarını işə qoymaq üçün 10.000 manat məbləğində borc pul götürmüşlər və sözügedən məbləği 8 ay ərzində geri qaytaracaqlarını vəd edərək, bu barədə ona qəbz vermişlər. Bununla bağlı X15 və X13 həmin pulun verilməsində və qəbzlərin tərtib olunub imzalanmasında bilavasitə iştirak edərək, şahidlik etmişlər. Bir müddət sonra cavabdehlər sözügedən borcu ödəmədiklərindən onlara bununla bağlı müraciət etsə də heç bir nəticə əldə edə bilməmişdir. Cavabdehlər onun etibarından sui-istifadə edərək aldıqları pul vəsaitini geri ödəməkdən yayınmışlar. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, onlar iddiaçıdan aylıq 20 faiz olmaqla, cəmi 3500 manat məbləğində borc pul almışlar. Həmin vəsaitin böyük bir hissəsini iddiaçıya geri qaytarmışlar. İddiaçıdan ilk dəfə 1500 manat məbləğində borc 2022-ci ilin avqust ayında alınmışdır. Həmin borcdan hər ay 300 manat olmaqla, üç dəfə 900 (300+300+300) manat geri qaytarmışlar. Bundan sonra ondan 2022-ci ilin oktyabr ayında 2000 manat borc almışlar. Həmin borcdan hər ay 700 manat olmaqla, yeddi dəfə 4900 (700x7 ay) manat geri qaytarmışlar. Bu borcların ilkin götürülmüş 1500 manat hissəsi 300 manat olmaqla, iddiaçının özünə, sonradan götürülmüş 2000 manat hissəsi isə Cavabdeh1 məxsus olan kart vasitəsilə iddiaçının özü bankomat vasitəsilə götürmüşdür. Bu qeyd olunan faktları əks etdirən bank çıxarışları və hadisəni təsdiq edən şahidlərini məhkəməyə təqdim etmişlər. Lakin, bu sübutlar və şahid ifadələri məhkəmə tərəfindən nəzərə alınmamışdır. İşin faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasında borc alınmasına dair hər hansı notarial qaydada bağlanmış borc müqaviləsi mövcud deyildir. Tərəflər arasında yalnız yazılı sadə formada desək, heç bir hüquqi əsası olmayan kağız parçaları vardır. Qanunun tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, belə olan halda borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bu tip müqavilələrin yazılı formada bağlanması qanunla yalnız notarial qaydada bağlanan və təsdiq edilən müqavilə ola bilər. İşə baxılması zaman məhkəməyə vəsatət verərək, bankomat görüntürlərinin götürülməsi və tərəflər arasında olan səs qeydlərinin aparılmasını müəyyən etmək xahiş olunmuşdur. Birinci instansiya məhkəməsi vəsatəti təmin etmiş, "xxxx" ASC-yə sorğu göndərmişdir. Həmin bank sorğuya cavab verərək, bankomat götürtürlərinin saxlanmadığı, digər mobil operatov isə səs qeydlərinin olmadığını bildmişdir. Buna görə də hesab edirlər ki, bu əhəmiyyətli hallar dəqiq araşdırılmadan yekun qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində iki nəfər şahid dindirilmişdir. Həmin şahidlər məhkəmədə ifadə verərək, cavabdehlərin iddiaçıdan hansı miqdarda pul aldığını dəqiq göstərmişdir. Həmçinin, geri qaytarılan vəsaitin bir hissəsi ifadə vermiş şahid Lalə Hüseynova tərəfindən təmin edilmişdir. Lakin, həmin şahidlərin ifadələrini məhkəmə nəzərə almamış və onların ifadələri sübut kimi qəbul etməmişdir. Cavabdehlər iddiaçıdan asılı vəziyyətdə olduğundan onun dikdə etdiyi formada qəbz yazmışdır. Halbuki, yuxarıda qeyd edildiyi kimi, cavabdehlər iddiaçıdan cəmi 3500 manat borc almışdır. İddiaçı isə pulun qaytarılmasının təminatı kimi cavabdehlərə 20000 manat vəsaitin alınmasına imza etdirmişdir. Yekunda cavabdeh Qarayev ona qızının və qaynı Mais Şirinovun iştirakı ilə xx.xx.2023-cü il tarixdə 3500 manat geri qaytarmış, lakin iddiaçı onunla da razılaşmayaraq, son ayın 700 manat faiz hissəsini geri tələb etmişdir. Cavabdeh Qarayev həmin vəsaiti sonuncu şahid Lalə Hüseynova ilə göndərməyə məcbur olmuşdur. Buna baxmayaraq, cavabdeh həmin vəsaitləri qəbul etsə də, cavabdehlərin vermiş olduğu qəbzlərdən istifadə etməklə, yenidən məhkəməyə müraciət etmişdir. Prosessual məsələlər və tərəfin izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı tərəflərin izahatlarını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 tərəfindən X14 verilmiş qəbzlərdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 10.000 manat məbləğində pul vəsaitini borc aldıqlarını bildirmiş, 6 ay ərzində həmin məbləğdə pul vəsaitini geri qaytarmağı öhdələrinə götürmüşlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə X13 tərəfindən X14 verilmiş qəbzdən görünür ki, X13 xx.xx.2022-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 tərəfindən X14 qəbzin, eləcə də 10.000 manat məbləğində pul vəsaitinin İddiaçı tərəfindən borcun verilməsində iştirak etdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 tərəfindən X14 verilmiş qəbzlərdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 əvvəlcə 6 ay müddətinə qaytarmaq şərti ilə üç ay əvvəl 10.000 manat məbləğində pul vəsaitini X8 borc aldıqlarını, yenidən maddi ehtiyacları yarandığı üçün 8 ay müddətində qaytarmaq şərti ilə 10.000 manat məbləğində pul vəsaitini borc aldıqlarını bildirmiş, 20.000 manat məbləğində pul vəsaitini qaytarmağı öhdələrinə götürmüşlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə X15 tərəfindən X14 verilmiş qəbzdən görünür ki, X15 xx.xx.2022-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 tərəfindən X14 qəbzin, eləcə də 10.000 manat məbləğində pul vəsaitinin İddiaçı tərəfindən borcun verilməsində iştirak etdiyini bildirmiş, Cavabdeh1 və Cavabdeh2 X14 20.000 manat məbləğində borcunun olduğunu təsdiq etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 14104 nömrəli məktubundan görünür ki, 050 327 15 40 GSM nömrəsi və 055 516 36 85 GSM nömrəsi arasında zənglər qeydə alınmamışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli BKC/L-7936/24 nömrəli məktubundan görünür ki, 055 516 36 85 GSM nömrəsi sorğulanan müddət ərzində "xxxx" şəbəkəsində istifadə olunmamışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qonşuları X15 və onun əri X4 vasitəsi ilə tanış olduqları X9 xx.xx.2022-ci il tarixdə 6 ay müddətində geri qaytarmaq şərti ilə 10.000 manat məbləğində, daha sonra xx.xx.2022-ci il tarixdə yenidən 10.000 manat məbləğində borc pul götürmüşlər və sözügedən məbləği 8 ay ərzində geri qaytaracaqlarını vəd edərək, bu barədə ona qəbz vermişlər. Bununla bağlı X15 və X13 həmin pulun verilməsində və qəbzlərin tərtib olunub imzalanmasında bilavasitə iştirak edərək, şahidlik etmişlər. lakin razılaşdırılmış müddətlər keçmiş olsa da, cavabdehlər borc olaraq götürdükləri pul vəsaitlərini qaytarmamışlar. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 X14 xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə verilmiş qəbzlərdəki xətt və imzaların onlara məxsus olduğunu bildirməklə, həmin qəbzlərin həqiqiliyini mübahisələndirməmişlər. Lakin Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə etirazlarının əsası kimi həmin qəbzləri məhz məcburiyyət qarşısında xx.xx.2022-ci il tarixdə 1.500 manat və xx.xx.2022-ci il tarixdə 2.000 manat məbləğində pul vəsaitinin borc alınması üçün yazdıqlarını bildirmiş, həmin halı təsdiq edən sübut qismində mobil telefon nömrələri vasitəsi ilə aparılan danışıqların və bankomat görüntülərinin əldə olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə araşdırmanın obyektiv və hərtərəfli aparılmasını təmin etmək məqsədi ilə xx.xx.2024-cü il tarixli məhkəmə iclasında müvafiq məlumatların götürülməsinə dair qərardadlar qəbul etmiş və həmin qərardadları icra olunması üçün aidiyyəti üzrə göndərmişdir. Lakin "xxxx" ASC-dən daxil olmuş məlumatda bankomat görüntülərinin saxlanılmadığı, mobil operatorlardan daxil olmuş məlumatlarda isə səs qeydlərinin olmadığı bildirilmişdir. Bundan sonra cavabdehlərin vəsatəti əsasında X13 və X15 məhkəmə iclasında şahid qismində dindirilmiş, həmin şəxslər öz ifadələrində Cavabdeh1 və Cavabdeh2 İddiaçı xx.xx.2022-ci il tarixdə 1.500 manat, xx.xx.2022-ci il tarixdə 2.000 manat məbləğində pul vəsaitini borc aldıqlarını bildirmişlər. Halbuki, X13 xx.xx.2022-ci il tarixli qəbzdə Cavabdeh1 və Cavabdeh2 tərəfindən X14 qəbzin, eləcə də 10.000 manat məbləğində pul vəsaitinin İddiaçı tərəfindən borcun verilməsində iştirak etdiyini; X15 xx.xx.2022-ci il tarixli qəbzdə Cavabdeh1 və Cavabdeh2 tərəfindən X14 qəbzin, eləcə də 10.000 manat məbləğində pul vəsaitinin İddiaçı tərəfindən borcun verilməsində iştirak etdiyini bildirmiş, Cavabdeh1 və Cavabdeh2 X14 cəmi 20.000 manat məbləğində borcunun olduğunu təsdiq etmişdir. Göründüyü kimi Cavabdeh1, Cavabdeh2, X13 və X15 tərəfindən verilmiş və həqiqiliyi mübahisələndirilməyən qəbzlərlə 20.000 manat məbləğində pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 tərəfindən X9 alınmasının təsbit edilməsinə baxmayaraq, Cavabdeh1, Cavabdeh2, X13 və X1 Ayşən Binnət qızından alınmış ümumi pul vəsaitinin 3.500 manat məbləğində olduğunu qeyd etmişlər. Digər tərəfdən Cavabdeh1, Cavabdeh2, X13 və X15 tərəfindən verilmiş qəbzlərdə pul vəsaitinin təyinatı kimi Cavabdeh1 və Cavabdeh2 övladları X16 işlə təmini və fərdi yaşayış evinin inşasının başa çatdırılması göstərilsə də, məhkəmə iclasında əldə olunması bildirilən pul vəsaitinin X10 qaynanası, Cavabdeh2 isə anası X5 müalicəsinə sərf edildiyi göstərilmişdir. Məhkəmə Cavabdeh1 və Cavabdeh2 iddiaya etirazının əsası kimi göstərdiyi həmin halı, habelə şahidlər X4 və X6 ifadələrini digər sübutların məcmusu ilə müqayisəli tədqiq edərək, hesab edir ki, həmin xüsusatlar sübutların məcmusu ilə təkzib olunur, ağlabatan mülahizəyə əsaslanmır və inandırıcı deyildir. Hazırki halda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən 20.000 manat məbləğində pul vəsaitinin X9 alınmasına dair qəbzlər verildiyindən, eləcə də həmin qəbzlərdəki imza və xətlərin həmin şəxslərə məxsusluğu mübahisələndirilmədiyindən İddiaçı həmin pul vəsaitinin Cavabdeh1 və Cavabdeh2 verilməsini sübutetmə yükündən azad olmuş, Cavabdeh1 və Cavabdeh2 ya 20.000 manat məbləğində pul vəsaitini İddiaçı qaytarılmasını, ya da həmin məbləğdən fərqli məbləğdə pul vəsaitinin alınmasını sübutetmə vəzifəsi yaranmışdır. Lakin Cavabdeh1 və Cavabdeh2 həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Qanunvericiliyə əsasən qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır və borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Hazırki halda isə tərəflər arasında predmetinin məbləği 3.000 manatdan çox olan borc müqaviləsi bağlansa da, həmin müqavilə qanunla müəyyən olunmuş qaydada yazılı formada bağlanmamış, İddiaçı tərəfindən yalnız Cavabdeh1 və Cavabdeh2 20.000 manat məbləğində ödənilməmiş əsas borcunun qalmasına dair xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qəbzlər məhkəməyə təqdim edilmişdir. Buna görə də tərəflər arasında bağlanmış borc müqaviləsi etibarsızdır, Cavabdeh1 və Cavabdeh2 həmin əqd üzrə aldıqlarını İddiaçı qaytarmalıdır. Birincin instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 500.1 və 500.2-ci maddələrinə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır Həmin Məcəllənin 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər tərəfindən 20.000 manat məbləğində pul vəsaitinin X9 alınmasına dair qəbzlər verildiyindən, eləcə də həmin qəbzlərdəki imza və xətlərin həmin şəxslərə məxsusluğu mübahisələndirilmədiyindən, eyni zamanda cavabdehlər üzərlərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyinə görə və iddiaçının hesabına 20000 (iyirmi min) manat məbləğində əsassız varlandıqlarından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, onlar iddiaçıdan aylıq 20 faiz olmaqla, cəmi 3500 manat məbləğində borc pul almışlar. Həmin vəsaitin böyük bir hissəsini iddiaçıya geri qaytarmışlar. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdehlər məhkəməyə iddiaçıdan 20.000 manat deyil, 3500 manat borc aldıqlarını təsdiq edən mötəbər sübut təqdim etməmişlər. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, iddiaçıdan aldıqları borcdan hər ay 700 manat olmaqla, yeddi dəfə 4900 (700x7 ay) manat geri qaytarmışlar. Aldıqları borcu geri qaytarılmasının sübut edilməsi vəzifəsi iddiaçının yox, cavabdehlərin üzərinə düşdüyünə, cavabdehlər isə məhkəməyə həmin xüsusatı təsdiq edən mötəbər sübut təqdim etmədiyinə görə məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini də inandırıcı saymır. Kollegiya şikayətin həmin dəlilini həm də ona görə inandırıcı saymır ki, borc məbləği qaytarıldığı halda borc sənədi cavabdehlərdə olmalı olduğu halda, məhkəməyə həmin sənəd iddiaçı tərəfindən təqdim edilmişdir, həm də həmin sənəddə borcun və ya borcun bir hissəsinin qaytarıldığını təsdiq edən qeyd aparılmamışdır. Apellyasiya şikayətinin növbəti dəlili iddiaçıdan asılı vəziyyətdə olduqlarından onun dikdə etdiyi formada qəbz yazmaları, halbuki onların iddiaçıdan cəmi 3500 manat borc almaları ilə bağlıdır. Kollegiya apellyasiya şikayətinin həmin dəlili ilə bağlı qeyd edir ki, cavabdehlərin həmin dəlili inandırıcı kimi qəbul edilsə belə, cavabdehlər borcu və ya onun bir hissəsini qaytardığı halda borc sənədində müvafiq qeydin aparılmasını tələb etməli idi. Borc verən qeydi aparmaqdan imtina etdiyi halda, borclu pulu qaytarmaqdan imtina etməli idi. Lakin iş materialları araşdırıldıqda həmin xüsusat müəyyən olunmur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, həmin şikayət təmin edilmədən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2561/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası: Qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2561/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar