Məhkəmə qərarları › İş №2(104)-2663/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2663/2023

24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2663/2023 24.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 və Cavabdeh1 iştirakı ilə, İddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borc» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(125)-5541/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 1070,13 ABŞ dolları borc məbləğinin, 0,40 manat xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 38,20 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə mərhum X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 24 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Gəncə şəhəri 6 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli məktubu ilə X3 vərəsəsinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 olduğu müəyyən edilmişdir. Tərəflər arasında yaranmış mübahisəsinin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Gəncə Şəhər Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(125)-5541/2023 saylı qətnaməsi ilə (hakim Z.İmanov) iddia təmin edilməmişdir. İşdə olan sübutlar: "xxxx" KB ASC ilə X7 və X5 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 11739nkKPZ/14 nömrəli kredit və zaminlikdən ibarət qarışıq müqavilədən görünür ki, X6 istehlak məqsədləri üçün 24 ay müddətinə illik 28 faiz ödəmək şərti ilə ABŞ dolları məbləğində kredit verilmiş, X5 isə zamin qismində öhdəliyin icrasına görə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. AZ-İ seriyalı, 743740 nömrəli Gəncə “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş, 27 mart 2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 26 mart 2015-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 27 mart 2015-ci il tarixdə 391 nömrə ilə qeyd edilmişdir. Gəncə şəhəri 6 saylı notariat kontoru tərəfindən verilmiş, 2V-1-46 reyestr nömrəli, 07 sentyabr 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 26 mart 2015-ci ildə vəfat etmiş X3 vərəsələri ünvan 1-də yaşayanlar arvadı - Cavabdeh1 və uşaqları: Cavabdeh2, Cavabdeh3 miras əmlakdan bərabər hissələrlə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-dən verilmiş, 1179 nömrəli xx.xx.2015-ci il tarixli arayışa (forma1) və 22186 saylı xx.xx.2016-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57,4 kv,m olan, sahəsi 30,8 kv,m olan 2 (iki) yaşayış otağından və sahəsi 26,6 kv,m olan yardımçı sahədən ibarət mənzildən ibarətdir. RX seriyalı, ******* nömrəli, **********57-05101-093031 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 15 sentyabr 2015-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanı tam mülkiyyət hüququ əsasında Cavabdeh1 məxsusdur. Apellyasiya şikayətinin dəlilləri: Gəncə Şəhər Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(125)-5541/2023 saylı qətnaməsindən narazı qalan iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-5541/2023 saylı xx.xx.2023-ci il tarixli qətnaməsininin ləğv edilməsi, "xxxx" KB ASC-nin iddia tələbinin təmin olunması, həmçinin apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 19,10 manat dövlət rüsumunun tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, bağlanmış xx.xx.2014-cü il tarixli “kredit və bank hesabı” müqaviləsinə əsasən X6 24 ay müddətinə, illik 28% ödəmək şərtilə 3000 ABŞ dolları məbləğində kredit ayrılmışdır. X7 26 mart 2015-ci il tarixində vəfat etmiş və Bank borcu tələb etmək üçün cavabdehin vərəsəsi (vərəsələri) müəyyən olunanadək gözləmək məcburiyyətində qalmışdır. Bunun üçün mütəmadi olaraq Elektron xidmətlər barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vərəsəlik işlərinin açılması portalında X2 qalan miras əmlak barədə vərəsəliyin açılıb-açılmadığı yoxlanılmış və vərəsəlik işi açılmadığından hər hansı notariat kontorlaruna vərəsələrin dairəsinin müəyyən edilməsi barədə rəsmi müraciət edilməmişdir. Çünki, bunun üçün əvvəlcə vərəsəlik işiaçılmış notariat orqanını müəyyən etmək və müvafiq sorğunu həmin orqana göndərmək lazımdır. İddiaçı olaraq tərəflərindən lazımı tədbirlər icra edilməsinə baxmayaraq 2022-ci il tarixinədək portalda qeyd edilən şəxsin vərəsəsinin olmaması qeydi olmuşdur. Yalnız xx.xx.2022-ci il tarixində Elektron xidmətlər barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi vərəsəlik işlərinin açılması barədə portalında vərəsəlik aşkar edildiyindən portaldan əldə edilən məlumat əsasında vərəsələrin dairəsinin və kimliyinin müəyyən edilməsi üçün xx.xx.2022-ci il tarixində Bank tərəfindən Gəncə Şəhər 6 saylı notariat ofisinə rəsmi sorğu ilə müraciət edilmişdir. Notariat ofisinin məlumatı əsasında vərəsələrin dairəsi müəyyən edildikdən sonra Bank iddia ilə məhkəməyə müraciət etmişdir. Lakin, Gəncə Şəhər Məhkəməsi iddia tələbini iddia müddətinin ötürülməsi əsası ilə rədd edərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi prinsipinin təmin edilməsi məqsədi ilə cavabdehlər tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə təqdim edilən ərizə barədə Bankı məlumatlandırmamışdır. Nəticədə məlumat olmadığı üçün, iddiaçı olaraq bununla bağlı münasibət bildirmək imkanından məhrum olmuş və Bank hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsini təmin edə bilməmişdir. Mülki Məcəllənin qeyd edilən normasının hazırki iş üzrə tətbiq edilməsi hüquqi baxımdan maddənin yanlış şərh edilməsi kimi qiymətləndirilməlidir. Belə ki, mübahisləndirilən qətnaməyə əsasən məhkəmə tərəfindən hazırki iş üzrə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən (vərəsəlik aşkar edilməsi barədə məlumat əldə edildiyi tarixdən) başlanması əsasında hesablanmışdır. Halbuki, xx.xx.2022-ci il tarixinədək cavabdeh kimi cəlb ediləcək vərəsələrin dairəsi Banka məlum olmamışdır. Məhkəmə qətnamə qəbul edərkən iddia müddətinin axımını şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən, yəni borcalanın vəfat etdiyi xx.xx.2016+3 il, xx.xx.2019-ci ilədək hesablamışdır. Elektron xidmətlər barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyivərəsəlik işlərinin açılması barədə portalda Bank tərəfindən vərəslərin dairəsinin müəyyən edilməsi üçün lazımi prosessual hərəkətlərin edilməsinə baxmayaraq, portalda vərəsəlik aşkar edilmədiyi qeyd edilmişdir. Bu səbəbdən də yalnız 2023-cü il tarixdə Bank iddia tələbi ilə məhkəməyə müraciət edə bilmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirka edən iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinin nümayəndəsi apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarı: 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

2. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(125)-5541/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(125)-5541/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi mübahisəyə iddia müddətinin ötürülməsi əsası ilə Mülki Məcəllənin 373-cü maddəsini tətbiq edərək iddianı rədd etmişdir ki, bununla da birinci instansiya məhkəməsi mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normasını düzgün tətbiq etmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı "xxxx" KB ASC ilə mərhum X7 arasında kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə 24 ay müddətinə illik 28 faiz ödəmək şərti bağlanmış və X7 26 mart 2015-ci il tarixdə ölmüşdür. İddiaçı tərəfindən isə X3 vərəsələrinə qarşı iddia isə 2023-cü il tarixdə verilmişdir ki, bununla da qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmüşdür. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı bank borcu tələb etmək üçün borcalanın vərəsələri müəyyən olunanadək gözləmək məcburiyyətində qalmışdır. Yalnız, xx.xx.2022-ci il tarixdə Elektron xidmətlər barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vərəsəlik işlərinin açılması barədə portalında vərəsəlik aşkar edildiyindən, notariat ofisinin məlumatı əsasında vərəsələrin dairəsi müəyyən edildikdən sonra Bank iddia ilə məhkəməyə müraciət etmişdir. Bank hüququnun pozulduğunu 2022-ci ilin dekabr ayından etibarən bilmişdir. Buna görə də iddia müddətinin axımı həmin vaxtdan başlamışdır. Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan Gəncə şəhəri 6 saylı notariat kontoru tərəfindən verilmiş, 2V-1-46 reyestr nömrəli, 07 sentyabr 2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 26 mart 2015-ci ildə vəfat etmiş X3 vərəsələri, yəni hazırkı iş üzrə cavabdehlər X2 miras qalmış ünvan 1 ünvanında yerləşən evi qəbul etmişlər. "xxxx" KB ASC ilə mərhum X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsindən isə görünür ki, X3 yaşayış ünvanı kimi həmin ev qeyd olunmuşdur. Yəni, iddiaçıda cavabdehin yaşayış ünvanı barədə məlumat olmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron xidmətlər portalında müvafiq məlumatın yerləşdirilməsini gözləmədən də əmlakın yerləşdiyi yerin notariat orqanına müvafiq sorğular verməklə vərəsəlik işinin açılıb-açılmaması barədə məlumat əldə etmək imkanına malik olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, miras əmlak yalnız rəsmi reyesterdə qeydə alınmalı olan əmlaklardan ibarət olmamaqdadır. Vəfat etmiş borcalanın rəsmi reyesterdə qeydə alınmalı olan əmlaka malik olmaması, onun mülkiyyətində digər əmlakların olmaması və vərəsələrinin həmin əmlakları qəbul etməməsi anlamına gəlməməkdədir. Buna görə də iddiaçı vəfat etmiş borcalanın vərəsələrini müəyyən etməklə, qanunla müəyyən edilmiş üç illik iddia müddəti ərzində onlara qarşı iddia tələbini irəli sürməkdə haqlı hesab oluna bilərdi. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxt xx.xx.2016-cı il tarixindən etibarən olmuşdur. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə vərəsələrdən X5 həmçinin iddiaçı ilə mərhum X7 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 11739nkKPZ/14 nömrəli kredit müqaviləsi üzrə zamin qismində öhdəliyin icrasına görə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür ki, iddiaçı borcalanın vərəsələrini müəyyən edə bilmədiyi təqdirdə zaminə qarşı iddia qaldımaq imkanına malik olmuşdur. Hərçənd ki, xx.xx.2014-cü il tarixli, 11739nkKPZ/14 nömrəli kredit müqaviləsi öhdəliyin icrasının son müddəti xx.xx.2016-cı il tarixədək şərtləndirilmişdir ki, iddiaçı öhdəliyin icrası müddətinin başa çatdığı xx.xx.2016-cı il tarixdən ən geci bir il ərzində, yəni xx.xx.2017-ci tarixədək zaminə qarşı iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmişdir ki, bununla da cavadbeh X1 zaminliyinə də xitam verilmişdir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(125)-5541/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(125)-5541/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Şəhər Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(125)-5541/2023 saylı qətnaməsindən iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 18 sentyabr 2023-cü il tarixli, 2(125)-5541/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar