Məhkəmə qərarları › İş №2(104)-267/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-267/2024

14.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-267/2024 14.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızının sədrliyi və məruzəsi, Bayramov Azər Vahid oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı Zeynalabdin qızının iştirakı ilə, “maddi və mənəvi ziyanın tutulması” tələbinə dair Gəncə Şəhər Məhkəməsinin 24.*5.2*23-cü il tarixli, 2(125)-2679/2*23 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(1**)-77/2*22 nömrəli, 17 oktyabr 2*22-ci il tarixli hökmünə əsasən ölmüş təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi qərara alınmışdır.

2. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 29 yanvar 2*24-cü il tarixli, 1(1**)-77/2*22 nömrəli məktubundan məlum olur ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(1**)-77/2*22 nömrəli, 17 oktyabr 2*22-ci il tarixli hökmü qanuni qüvvəsini alaraq icraya yönəlmişdir.

3. Az-İİ 28*629 seriya və nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 27 iyul 2*22-ci il tarixdə ölmüşdür.

4. 1 saylı Gəncə Regional “Asan Xidmət” mərkəzinin notariat ofisinin 13 fevral 2*22ci il tarixli, 422 nömrəli arayışa əsasən X4 vərəsələri İddiaçı, X3 və X2r.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Zeynalabdin qızı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində mərhum əri X5 vurulmuş maddi zərər görə 5**** manat, mənəvi zərərə görə 5*.*** manat pulun Azərbaycan Respublikasının Dövlət büdcəsinin hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ibtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona və mərhum əri X5 xeyli miqdarda zərər dəymişdir. Cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində mərhum əri X4 hüquqları pozulmuş, əsassız yerə cinayət təqibinə və qətimkan tədbirinə məruz qalmışdır. Həmçinin mərhum əri Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış və ona İİ qrup əlil statusu verilmişdir. Mərhum əri X4 barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəticəsində o Gəncə şəhərinin hüdudlarından kənara çıxa bilməmiş və nəticədə müəyyən müalicələri ala bilməmişdir. Halbuki, onun müalicələrinin əksəriyyəti Bakı şəhərində olmuşdur. Bütün bu göstərilən cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ilk növbədə ailəsi əsas gəlir mənbəyindən məhrum olmuşdur. Belə ki, mərhum əri rayonlara və Bakı şəhərinə meyvə-tərəvəz aparmaqla ailəsini dolandırmış və aylıq qazancı 1***-15** manat arası gəlir əldə etmişdir. Mərhum əri X4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri müddətində 16 iyul 2*21-ci il tarixdən 27 iyul 2*22-ci il tarixədək ticarət fəaliyyəti ilə məşğul olsaydı ən aşağı 15.*** (on beş min) manat pul qazanmış olardı. Çünkü qətimkan tədbiri seçilməmişdən əvvəl mərhum əri Müşfiq Vəliyevin ticarətdən əldə etdiyi aylıq gəlir 1***-15** manat təşkil etmişdir. Göründüyü kimi ona və ailəsinə xeyli miqdar ziyan dəymişdir. Bunun nəticəsində mərhum əri, o və yetkinlik yaşına çatmamış uşaqları mənəvi sarsıntı keçilmiş, işgüzar nüfuzuna xələl gəlmişdir. İbtidai istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində mərhum əri Müşfiq Vəliyevin səhhətinə ciddi ziyanlar dəymiş, vaxtlı-vaxtında müayinə və müalicə ala bilməmiş və nəticədə vaxtından əvvəl vəfat etmişdir. Bundan əlavə mərhum əri Müşfiq Vəliyev barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri nəticəsində gəlirdən məhrum olmuş və ailənin maddi vəziyyəti pisləşmiş, əlində hər hansı bir vəsait qalmamışdır. Bundan əlavə, ailələri mənəvi sarsıntılar keçirmişdir. O, hazırda yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə yaşayır. Himayəsində iki yetkinlik yaşına çatmayan uşağı vardır. Bəraət hökmünün olmasına baxmayaraq dost, tanış, qohumlar və qonşular onlardan uzaqlaşıblar. Eyni zamanda yaxın çevrələri və onları tanıyan insanların onlara qarşı münasibəti dəyişmiş və bizə qarşı mənfi rəy formalaşmışdır. Yaxın ətrafındakı şəxslərin onlara olan inam və etibarı şübhə altına düşmüşdür. Belə ki, hər birinin təsəvüründə mərhum əri Müşfiq Vəliyev “cinayətkar” və narkotik alverçisi kimi canlanır. Son nəticədə mərhum ərinin təqsirsizliyi sübuta yetirilərək bəraət alsa da, uzun müddət ərzində yaddaşından heç vaxt silinməyəcək əsassız bir iz qalmışdır. Bütün bunlar onun ağır mənəvi sıxıntı və sarsıntılar keçirməsinə səbəb olmuşdur. Halbuki, hər bir insanın azadlığı və sağlamlığı heç bir dəyərlə ölçülə bilməz.

7. Gəncə Şəhər Məhkəməsinin 24.*5.2*23-cü il tarixli, 2(125)-2679/2*23 nömrəli qətnaməsi ilə (hakim X.Səfərli) iddia tələbi təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, maddi zərərin əvəzinin ödənilməsi tələbinin təmin olunması üçün həmin zərər mötəbər və kifayətedici sübutlarla təsdiq edilməlidir. Belə sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyi üçün iddia maddi zərər hissəsində rədd edilməlidir. Mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində qeyd olunur ki, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin seçildiyi və bəraət alan X6 ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasına və (ya) onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsinə əsaslanaraq ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququna malik idi. Həmin hərəkət və ya hərəkətsizliklə X4 xəstəliyi və ya vəfatı arasında səbəbli nəticə əlaqəsinin olması və (ya) cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı və (ya) iztirab keçirməsi, iddiaçının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması işin hallarından müəyyən olunmur. Qeyd edilənlərə əsasən, iddia mənəvi zərər hissəsində də rədd edilməlidir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 1*. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

c) apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iddiaçı izahat verərək apellyasiya şikayətini müdafiə etdiyini bildirdi, təmin olunmasını xahiş etdi.

13. İş üzrə cavabdehə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 68. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1*96.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1*96.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1*97.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1*97.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Maddə 11*1.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.

16. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi: Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Maddə 58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Maddə 63. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir.

17. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanunu: Maddə 4. Bəraətverici hökm çıxarıldıqda vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır. Maddə 5. Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Maddə 6. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.

18. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

19. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini və məhkəmə iclasında iştirak edən tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. 2*. İşin halllarından görünür ki, 16 iyul 2*21-ci il tarixdə X1 14:**-da CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə bilavasitə şübhə yarandığından şübhəli şəxs qismində tutulmuş, 17 iyul 2*21-ci il tarixdə X4 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı Gəncə şəhər BPİ-nin MSYdən azad edilmişdir.

21. X6 27.*7.2*22-ci il tarixdə “Digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu” səbəbindən ölmüş, Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən İddiaçı ölmüş təqsirləndirilən şəxs X4 hüquqi varisi qismində tanınmışdır. Məhkəmənin 1(1**)-77/2*22 nömrəli, 17.1*.2*22-ci il tarixli hökmü ilə ölmüş təqsirləndirilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir.

22. İddiaçı məhkəməyə müraciət edərək cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində mərhum əri X5 vurulmuş maddi və mənəvi zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi sübutların təqdim olunmaması əsası ilə təmin edilməmişdir.

23. Belə ki, iddiaçı maddi ziyan tələbi ilə bağlı mərhum X4 fərdi əməklə məşğul olduğunu, haqqında qətmkan tədbiri seçilməmişdən əvvəl ayda 1***-15** manat qazancı olduğunu iddia etmişdir.

24. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin- 5* *** manat maddi zərərin ödənilməsi hissəsində rədd edilməsinə dair gəldiyi hüquqi nəticə ilə razılaşır və qeyd edir ki, maddi ziyanın vurulması ilə bağlı hər hansı sübut təqdim edilmədiyindən, həmçinin şəxsin polisin nəzarəti altına verilməsi onun tamamilə əmək qabiliyyətindən məhrum olması anlamına gəlmədiyindən həmin hissədə iddia tələbi əsaslı hesab edilə bilməz və məhkəmə tərəfindən maddi hüquq normalarının tələbləri düzgün tətbiq edilmişdir.

25. Lakin məhkəmə tərkibi mənəvi ziyanın rədd edilməsi ilə bağlı birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, işin müəyyən edilmiş hallarına görə, ibtidai istintaq orqanı tərəfindən iddiaçı, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilərək, 16 iyul 2*21-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, daha sonra barəsində 17.*7.2*21 il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(1**)-77/2*22 nömrəli, 17 oktyabr 2*22-ci il tarixli hökmü ilə barəsində verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir.

26. Qeyd olunmalıdır ki, mənəvi zərər- bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur və Mülki Məcəllənin 21.1, 21.2, 1*96.1, 1*97.1, 1*97.2-ci maddələrinin tələblərinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

27. Mənəvi zərərin miqdarı mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsiri misal göstərmək olar. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək olmasını, zərərin ağırlığının az olması isə təzminat miqdarının aşağı olmasını şərtləndirir.

28. Habelə, təzminatın miqdarının çox aşağı olmaması vacib olduğu kimi, onun miqdarının çox yüksək olmaması da nəzərə alınmalıdır. Əks təqdirdə zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxarmış olar.

29. Mənəvi təzminatın miqdarına təsir edən ünsürlərdən biri də zərərçəkənin maddi vəziyyətidir. Bu hal həm məhkəmə təcrübəsi, həm də hüquq nəzəriyyəçiləri tərəfindən birmənalı olaraq qəbul edilir. Çünki hər kəsin qane olma səviyyəsi eyni deyildir. Maddi vəziyyəti aşağı olan şəxsə çox gələn bir məbləğ, maddi vəziyyəti yüksək olan başqasına az gələ bilər və bu da qane edici olmaz. 3*. Bu kateqoriyadan olan işlər üzrə Ali Məhkəmənin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərin miqdarı müəyyən edilərkən, ilk növbədə işin halları nəzərə alınmaqla, qanunsuz təqsirləndirilən şəxsin cəza çəkdiyi cəzaçəkmə müəssisəsinin növü, yəni azadlıqdan məhrumetmə yerində cəza çəkən şəxsə ödəniləcək mənəvi zərərin miqdarı ilə, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxsə və ya barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş şəxsə ödəniləcək mənəvi zərərin miqdarı biri-birindən fərqləndirilməlidir.

31. Hazırda formalaşmış məhkəmə təcrübəsinə görə, baxılan işlərin hallarına uyğun olaraq təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində 1 ay- azadlıqdan məhrumetmə yerində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 1.*** manat, məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı təqribən 5** manat, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş şəxsə ödənilən mənəvi zərərin miqdarı isə təqribən 3** manat müəyyən edilir.

32. Hazırki işdən məlum olur ki, mərhum M.Vəliyev 16.*7.2*21-17.*7.2*21-ci il tarixlərdə bir gün şübhəli şəxs kimi tutulmuş, daha sonra 17 iyul 2*21-ci ildən vəfat etdiyi 27 iyul 2*22-ci il tarixədək 12 ay, 1* gün müddət ərzində heç bir təqsiri olmadığı halda, istintaq və məhkəmə orqanları tərəfindən araşdırmaya, uzunsürən məhkəmə çəkişmələrinə cəlb edilib və bu müddət ərzində onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə onun azadlıq hüququ məhdudlaşdırılmışdır.

33. İddiaçı, iddia ərizəsində mərhum ərinə dəymiş mənəvi zərərin miqdarını 5*.*** manat məbləğində qiymətləndirsə də, apellyasiya instansiyası məhkəməsi həmin məbləğlə razılaşmır və mərhumun keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini, ağırlığını, habelə onun şübhəli şəxs qismində tutulmasını, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsini və işin sair diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, mərhuma dəymiş mənəvi zərərin miqdarı 3933 manat məbləğində müəyyən edilməlidir. Həmin məbləğ ağlabatan və ədalətli olmaqla mülki iş materiallarına uyğundur.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392, 4*2, 4*4, 4*5 və 4*6-cı maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 24.*5.2*23-cü il tarixli, 2(125)-2679/2*23 nömrəli qətnaməsi qismən- mənəvi ziyanın ödənilməsinə dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən mənəvi ziyan qismində 3933 (üç min doqquz yüz otuz üç) manat alınaraq, İddiaçı Zeynalabdin qızına ödənilsin. Gəncə Şəhər Məhkəməsinin 24.*5.2*23-cü il tarixli, 2(125)-2679/2*23 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Aygül İsgəndərova, hakimlər Azər Bayramov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar