Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2689/2023 21.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması ) Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu və Abdullayev Əlizamin Gülzalı oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ağdam Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(013)-2212/2021 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə 21 dekabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı ASC (bundan sonra “iddiaçı” və ya “Bank”) ilə Cavabdeh (bundan sonra “cavabdeh” və ya “Borclu”) arasında illik 23 faizlə 48 ay müddətinə 11.424 ABŞ dolları məbləğində kreditin verilməsinə dair xx.xx.2015-ci il tarixdə kredit müqavilə bağlanmışdır. Borclu müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öhdəsinə götürmüşdür. Mübahisə həmin kredit müqavilə ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat: İddiaçı 17 avqust 2021-ci il tarixdə iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 10484.15 ABŞ dolları əsas və 9446.54 ABŞ dolları faiz borcu olmaqla, cəmi 19930.69 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, müqaviləyə əsasən cavabdehə şəxsi məqsədləri üçün illik 23 faizlə 48 ay müddətinə 11.424 dollar məbləğində kredit verilmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin müddəaları pozularaq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etməmişdir. xx.xx.2015-ci il tarixli 00-xxxx-0277772 saylı kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh bu müqavilənin 1 saylı əlavəsindəki cədvələ uyğun olaraq ona ayrılmış krediti və həmin məbləğə hesablanmış faiz ödənişlərini vaxtında ödəməmişdir. İddiaçı cavabdehin 22 iyun 2019-cu il tarixinə 10484.15 ABŞ dolları əsas və 9446.54 ABŞ dolları faiz borcunun olması ilə bağlı 08 iyun 2021-ci il tarixli maliyyə arayışı təqdim etmişdir. İddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 428.4, 442, 445.1, 445.2, 445.4, 448.1 və 449.1-ci maddələrinə istinad edilmişdir. Cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, mübahisəyə iddia müddətinin tətbiq edilməısini xahiş etmiş, məhkəmə iclasında isə iddiaya etiraz edərək cavabdehin iddiaçıya borcunun olmadığını bildirmişdir. Ağdam Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(013)-2212/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Rafiq Məmmədov) Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan Bankla cavabdeh arasında bağlanmış 22.062015-ci il tarixli, 00-15- 11- 027772 saylı kredit müqaviləsinin və həmin kredit müqaviləsinin 1 saylı əlavəsini sürətləri və digər sənədlərin sürətləri lazımi qaydada təsdiq olunmamışdır. Belə ki, yuxarıda qeyd olunan sürətlərin üzərinə əl yazma ilə “əsli ilə düzdür” yazılmış və soyadı, adı və atasının adı, həmçinin vəzifəsi göstərilməyən şəxs tərəfindən imza edilmiş, həmin sürətlərin üzərinə “Muğanbank ASC arayışlar üçün” yazılmış ştamp vurulmuşdur.Məhkəmə tərəfindən iddiaçıya kredit müqaviləsi üzrə sübutların məhkəməyə təqdim edilməsi barədə məktub göndərilsə də, iddiaçı tərəfindən məhkəmənin məktubuna cavab verilməmiş və məktubda göstərilən sənədlər məhkəməyə göndərilməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin ərizəsinə münasibətdə qeyd etmişdir ki, ərizədə ifadə edilən mövqe Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə ziddir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013cü il tarixli qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 373.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 77.3, 89.1 və 89.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat: İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlili ondan ibarət olmuşdur ki, məhkəmə iclasında onların iştirakı təmin edilmədiyindən çəkişmə prinsipi pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi cavabdehin 08 iuyn 2019-cu il tarixinə borcunun miqdarını müəyyən etmək məqsədilə 24 fevral 2023-cü il tarixli qərardadla mühasibatlıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2023-cü il tarixli, 9/2212 saylı rəyinə əsasən cavabdehin 08 iyun 2019-cu il tarixinə (sual üzrə tarixə) Banka olan borcu 17165.61 ABŞ dolları, o cümlədən 10484.15 ABŞ dolları əsas, 6681.46 ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı apellyasiya instansiyası məhkəməsinə 02 mart 2023-cü il tarixli maliyyə arayışı təqdim etmişdir. Arayışda cavabdehin Banka 22 iyun 2019-cu il tarixinə 10484,15 ABŞ dolları əsas, 4724,24 ABŞ dolları faiz borcu olmaqla, cəmi 15208,39 ABŞ dolları borcunun olmasını göstəmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-608/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin olunmuş, cavabdehdən 10484,15 ABŞ dolları əsas, 6681,46 ABŞ dolları faiz məbləği olmaqla, cəmi 17165,61 ABŞ dolları məbləğində borc məbləğinin ödəniş anına manata məzənnə ilə, manat ekvivalentində və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq, iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev, İslam Həsənov) Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddianı rədd edən birinci instansiya məhkəməsi kredit müqaviləsinin və onun 1 saylı Əlavəsinin əslinin məhkəməyə təqdim edilməməsini əsas gətirərək iddianı rədd etməklə düzgün olmayan nəticəyə gəlmişdir. Hərçənd ki, cavabdeh tərəf həmin müqavilənin mövcudluğunu birinci instansiya məhkəməsində mübahisələndirməyərək, yalnız iddia müddətinin ötürülməsi əsası ilə iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddianı təsdiq edən sənədlərin əsli o zaman mühüm əhəmiyyət kəsb edə bilər ki, cavabdeh tərəf həmin sənədlərin mötəbərliyini şübhə altına almış olsun. Hazırkı işin hallarına görə isə cavabdeh birinci instansiya məhkəməsinə təqdim edilmiş müqavilənin və onun əlavəsinin mötəbərliyini mübahisələndirməməklə, həmin müqavilənin mövcudluğunu inkar etməmişdir. Digər tərəfdən mülki qanunvericiliyə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanılır ki, borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsinin yazılı formada bağlanması qanunvericiliyin tələbidir. Bu formaya riayət edilməməsi isə həmin əqdin etibarsızlığına əsas versə də, Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbi baxımından əqdin etibarsızlığı halında tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borclu hesab olunur. Bu baxımdan, birinci instansiya məhkəməsi kredit müqaviləsinin əsli təqdim edilmədiyi və təqdim edilmiş kredit müqaviləsinin surətini sübut kimi qəbul etmədiyi halda belə, etibarsız əqdin nəticəsi qismində cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranıbyaranmamasını müəyyən etməli idi. Yuxarıda qeyd olunduğu kimi cavabdeh birinci instansiya məhkəməsinə təqdim edilmiş müqavilənin və onun əlavəsinin mötəbərliyini mübahisələndirməməklə, həmin müqavilənin mövcudluğunu inkar etməmiş, iddiaçı isə müqavilənin əslini apellyasiya instansiyasına təqdim etmişdir ki, bununla da tərəflər arasında etibarsız borc müqaviləsinin bağlanması müəyyən edilməmişdir. Buna görə də qeyd olunan əsasla iddianı rədd edən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 00-xx-xx-0227772 saylı kredit müqaviləsi bağlanaraq sonuncuya illik 23 faizlə 48 ay müddətinə 11.424 dollar məbləğində borc pul verilmiş, cavabdehin müqavilə şərtlərini pozaraq müəyyən edilmiş ödəniş cədvəlinə əsasən əsas borc və faiz məbləğlərini vaxtında ödəməyərək, müqavilə üzrə öhdəliyin icrasının son müddətinə 10484,15 ABŞ dolları əsas, 6681,46 ABŞ dolları faiz məbləği olmaqla, cəmi 17165,61 ABŞ dolları məbləğində iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliyin icrası üçün müəyyən edilmiş müddətdən sonrakı dövrə görə də, yəni 08 iyun 2021-ci il tarixinədək olan dövrə görə faiz məbləği hesablanmaqla tələb edilmişdir ki, iddiaçının müqavilə üzrə öhdəliyin icrası üçün müəyyən edilmiş müddətdən sonra faiz hesablaması düzgün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi cavabdehin ödənilmiş pulların əsasən faiz məbləğinə silinməsi ilə bağlı etirazına münasibətdə göstərmişdir ki, iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş ödənişlərə dair cədvəl və ekspert rəyinə əsasən cavabdeh tərəfindən ümumilikdə 6418,74 ABŞ dolları ödəniş edilmişdir ki, həmin məbləğin 939,85 ABŞ dolları əsas borc məbləğinə, 5478,89 ABŞ dolları isə faiz məbləğinə silinmişdir. İş materiallarında əlavə edilmiş ödəniş cədvəlinə əsasən isə cavadbeh hər ay 407,71 ABŞ dolları ödəməli olduğu halda, yalnız müqavilə bağlandıqdan 4 ay ərzində gecikdirmə ilə hər ay üçün 407 ABŞ dolları ödəmiş, sonrakı aylarda isə əsas borc məbləğindən ödəniş etməməklə yanaşı, aylıq faiz məbləğlərini də tam ödəməmiş, 2017-ci ilin sentyabr ayından isə, ümumiyyətlə, ödəniş etməmişdir. İddiaçı bankın edilmiş ödənişləri ilk öncə hesablanmış faizlərdən silməsi isə Mülki Məcəllənin 432.4-cü maddəsinin tələbinə uyğun olmuşdur. Apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə əsasən belə nəticəyə gəlib ki, faiz borcu hissəsində iddia tələbi qismən əsaslıdır və faiz borcu 6681,46 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 329.1, 337.5, 432.4, 739.1, 740.1, 740.2-ci, Mülki Prosessual Məcəllənin 14.1 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsində icraat Cavabdeh (vəkili X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin təkrar apelyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, cavabdeh 6418.74 ABŞ dolları pul vəsaitini iddiaçıya ödəsə də, əsassız olaraq həmin məbləği faiz borcundan silinmişdir. Faiz məbləği ekspertiza mərkəzi tərəfindən düzgün hesablanmadığından məhkəmə öz təşəbbüsü ilə yenidən ekspertizanın keçirilməsini təşkil etməli idi. Yəni faizin 90 gün müddətində hesablanması qanuni şəkildə olmalı olduğu halda, onların müddəti kifayət qədər çox hesablanmışdır. İddiaçı qərəzli olaraq iddia ərizəsi ilə məhkəməyə gec müraciət etmiş, iddiaçının faizlərin hesablanmasının davam etdirilməsi üçün 2017-ci ildən (sonuncu ödəniş tarixindən) deyil, 2021-ci il tarixində məhkəməyə müraciət etməsinə məhkəmə hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim A.Ə.Abbasov, hakimlər Z.Ə.Əliyev və V.M.Məmmədovdan ibarət tərkibdə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-608/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli qətnaməsi cavabdehdən tutulan faiz borcu hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2023-cü il tarixli, 9/2212 saylı rəyində cavabdehin 08 iyun 2019-cu il tarixinə (sual üzrə tarixə) 6681.46 ABŞ dolları faiz borcu vardır. İddiaçının apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi 02 mart 2023-cü il tarixli maliyyə arayışında cavabdehin Banka 22 iyun 2019cu il tarixinə 4724,24 ABŞ dolları faiz borcu olması göstərilib. (İİ cild, i.v.39) Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən maliyyə arayışına qiymət vermədən, həmin arayışla bağlı iddiaçının nümayəndəsinin mövqeyini öyrənmədən faiz borcunun məbləği ilə bağlı ekspert rəyini əsas götürmüş, cavabdehin apellyasiya baxışında təxminən 10000 manat ödəniş etməsinə baxmayaraq, həmin məbləğin əksər hissəsinin faizə silinməsi barədə dəlillərinə hüquqi qiymət verməmişdir. Apellyasiya instansiya məhkəməsində ikinci icraat İddiaçı LPO İddiaçı ASC-yə işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, işə nümayəndənin iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X3 apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, iş üzrə ödənişlərə dair onlarda heç bir sənəd yoxdur. İş üzrə ekspertiza rəyi əldə ediləndən sonra və apellyasiya icraatı zamanı heç bir ödəniş edilməmişdir.Məhkəmənin qətnaməsini faiz borcu hissəsində qanunsuz hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Ağdam Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(013)-2212/2021 saylı qətnaməsinin faiz borcu hissəsində dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 443.1.-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-608/2023 nömrəli, 02 iyun 2023-cü il tarixli qətnaməsi cavabdehdən tutulan faiz borcu hissəsində ləğv edilib, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarıldığı üçün, hazırda Ağdam Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(013)-2212/2021 saylı qətnaməsinin əsaslılığı iddianın təmin edilməyən faiz borcu hissəsində, yəni cavabdehdən 9446.54 ABŞ dolları faiz borcunun tutulması hissəsində yoxlanıllır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(013)- 2212/2021 saylı qətnaməsi qismən, iddia tələbinin faiz borcunun təmin olunmadığı hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixli, 00-xxxx-0227772 saylı kredit müqaviləsi bağlanaraq, sonuncuya illik 23 faizlə 48 ay müddətinə 11.424 dollar məbləğində borc verilmiş, cavabdeh müqavilə şərtlərini pozaraq müəyyən edilmiş ödəniş cədvəlinə əsasən əsas borc və faiz məbləğlərini vaxtında ödəməmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2023-cü il tarixli, 9/2212 saylı rəyindən görünür ki, cavabdehin 08 iyun 2019-cu il tarixinə (sual üzrə tarixə) 6681.46 ABŞ dolları faiz borcu vardır. Eyni zamanda iddiaçının apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi 02 mart 2023-cü il tarixli maliyyə arayışında cavabdehin Banka 22 iyun 2019-cu il tarixinə 4724,24 ABŞ dolları faiz borcu olması göstərilib. (İİ cild, i.v.39) Göründüyü kimi, ekspert rəyi ilə iddiaçının təqdim etdiyi maliyyə arayışındakı faiz borcu məbləğində təxminən 2000 ABŞ dollarına qədər fərq vardır. Başqa sözlə, iddiaçının maliyyə arayışı ilə Cavabdeh Banka 22 iyun 2019-cu il tarixinə 4724,24 ABŞ dolları faiz borcunun olması müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ASC-nin maliyyə arayışında qeyd edilən məbləğlərin mötəbərliyi heç bir şübhə doğurmur. Göründüyü kimi, Cavabdeh İddiaçı ASC ilə kredit müqaviləsi bağlayaraq, krediti və ona hesablanmış faizləri vaxtlı-vaxtında ödəmək barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmiş və nəticədə xx.xx.2015-ci il tarixli, 00-xx-xx-0227772 saylı kredit müqaviləsi üzrə 4724.24 ABŞ dolları faiz borcu yaranmışdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(013)-2212/2021 saylı qətnaməsi qismən, iddia tələbinin faiz borcunun təmin olunmadığı hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməli və Cavabdeh xx.xx.2015-ci il tarixli, 00-xx-xx-0227772 saylı kredit müqaviləsi üzrə 4724.24 ABŞ dolları faiz borcu məbləğinin ödəniş anına manata məzənnə ilə tutularaq, iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 40- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli, 2(013)-2212/2021 saylı qətnaməsi qismən, iddia tələbinin faiz borcunun təmin olunmadığı hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli, 00-xx-xx-0227772 saylı kredit müqaviləsi üzrə 4724.24 ABŞ dolları faiz borcu məbləğinin ödəniş anına manata məzənnə ilə, manat ekvivalentində tutularaq, iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia faiz borcunun qalan hissəsində təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-2689/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2689/2023
21.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver