Məhkəmə qərarları › İş №2(104)-2692/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2692/2023

08.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2692/2023 08.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(076)-2072/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X8 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2(076)-2029/2021 saylı qətnaməsi ilə hər ay hər uşaq üçün müəyyən edilmiş 130 (yüz otuz) manat sabit pul məbləğində alimentin məbləği artırılaraq, hər ay hər uşağa görə 220 (iki yüz iyirmi) manat məbləğində alimentin və 50 manat medasiya xərcinin Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahlarından xx.xx.2007-ci ildə X6 və xx.xx.2001-ci ildə X8 adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında baş vermiş narazılıqlara görə ayrılmışlar və nikahları pozulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2001-ci il təvəllüdlü X8 adlı uşaqlarının saxlanılması üçün hər ay hər uşağa görə 130 (yüz otuz) manat sabit pul məbləğində aliment tutulur. Azyaşlı uşaqların maddi cəhətdən saxlanılmasında çətinlik çəkir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği yetkinlik yaşına çatmamış uşaqların maddi cəhətdən saxlanılmasında kifayət etmr. Belə ki, uşaqları artıq böyüyür, orta məktəbdə təhsil alır, gündəlik tələbatları və təhsil xərcləri olduqca çoxalmışdır. Cavabdeh isə fərdi əməklə məşğul olur və aylıq qazanca malikdir. Buna baxmayaraq cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentdən əlavə ona heç bir maddi köməklik göstərmir. Halbuki “Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Hazırki vəziyyətdə maddi xərclərin olduqca çoxaldığı bir vaxtda əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 130 manat məbləğində alimentlə azyaşlı uşaqlarının saxlanılması mümkün deyil. Yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə kirayədə yaşayır və maddi cəhətdən uşaqlarının saxlanılmasında çətinlik çəkir. Alimentin artırılması ilə bağlı Mediasiyaya müraciət etmişdir. Lakin, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edib alimentin artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(076)-2072/2023 saylı qətnaməsi ilə (hakim Ş.Məmmədova) iddia qismən təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2029/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarının artırılması, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 28 iyul 2007-ci il təvəllüdlü X2 və 26 iyul 2010cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 190 (bir yüz doxsan) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 65.60 (altmış beş manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi və Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərcinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-2029/2021 saylı qətnaməsindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü Ayan və xx.xx.2010-cu il təvəllüdlü Əli adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəmkir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(076)-2388/2019 nömrəli qətnaməsi ilə hər ay 120 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat məbləğində müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2007-ci il təvəllüdlü Ayan və xx.xx.2010-cu il təvəllüdlü Əli adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında 10 mart 2020-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 06 iyun 2022-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası isə X4r. Apellyasiya şikayətinin dəlilləri: Şəmkir Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(076)-2072/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(076)-2072/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkməsinə onun işləyib-işləməməsini, nə qədər əmək haqqı almasını araşdırmamış və iddiaçı da bu barədə sübutlar təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bundan başqa ondan 65.60 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir ki, həmin məbləğ də düzgün olmamaqla, əsaslandırılmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahat verib bildirmişdir ki, o, iddiaçıdan ayrıldıqdan sonra başqa qadınla nikaha girmiş və həmin nikahdan da 2022-ci il tarixdə bir uşağı doğulmuşdur. Əvvəlki qətnamə ilə müəyyən edilmiş 130 manat alimenti çətinliklə ödəyir. Hazırda həmin qətnamə üzrə 520 manat iddiaçıya aliment borcu yaranmışdır. Buna görə də şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, fəhləlik etməklə ailəsini dolandırır. Qış aylarında isə demək olar ki, iş olmadığından gəliri də olmur. Həmçinin kirayədə qalmaqla, ayda 150 manat kirayə haqqı ödəyir. Bundan başqa yeni doğulmuş uşağında da xəstəlik vardır ki, onun müalicəsini etməkdə də çətinlik çəkir. İddiaçının onun avtomobil almasına dair göstərdikləri yalandır. O, ən yaxşı halda 150 manat aliment ödəyə bilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verib bildirmişdir ki, cavabdehin göstərdiklərinin hamısı yalandır. Belə ki, o usta olmaqla, bütün il boyu işi vardır. Həmçinin, kirayədə deyil, öz evlərində yaşayırlar. Özü isə Bakı şəhərində kirayədə yaşayır. Cavabdehin bir-iki aylıq gəliri 5000-6000 manat təşkil edir. Hazırda bildiyinə görə dəmir sexində işləyir. Özünə avtomobil də almışdır. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, özü gözəllik salonunda usta işləyir. Gəliri müntəzəm deyil. Həmin gəlirlə uşaqların təmnatını həyata keçirə bilmir. Belə ki, uşaqlar hazırlığa getməklə təxminən uşaqlara aylıq xərci 1000 manat təşkil edir. Bunun üçün atası və anası da ona köməklik göstərir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu: 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2023-cü ildə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.6. ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda-ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulan aliment məbləği və dövlət rüsumu hissəsində dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-2029/2021 saylı qətnaməsi ilə cavabdehdən xx.xx.2007-ci il təvəllüdlü Ayan və xx.xx.2010-cu il təvəllüdlü Əli adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 130 (yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı aliementin artırılması tələbini irəli sürərək, cavabdehin fərdi əməklə məşğul olduğunu, aylıq gəlirinin 5000 manat ətrafında oldğunu iddia etsə də buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(076)-2029/2021 saylı qətnaməsindən sonrakı dövrdə cavabdehin gəlirlərinin artması ilə bağlı iddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə cavabdeh başqa şəxslə nikaha daxil olmuş və həmin nikahdan 06 iyun 2022-ci il tarixdə bir övladı doğulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarının 8.13-cü bəndində qeyd olunmuşdur ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında aliment məbləği müəyyən edildikdən sonda başqa qadınla nikaha daxil olduğunu və həmin nikahdan da bir övladının doğulduğunu bildirsə də birinci instansiya məhkəməsi işin bu halını nəzərə almadan, aliment məbləğini hər uşaq üçün 60 manat məbləğində artırmışdır. Hərçənd ki, 2021-ci ildə uşaqlar üçün yaşayış minimumu 175 manat məbləğində, 2023-cü il üzrə isə 220 manat məbləğində müəyyən edilmişdir ki, keçən dövr ərzində uşaqlar üçün yaşayış minumumu məbləğində 45 manatlıq artım olmuşdur ki, cavabdehin gəlirlərinin kifayət qədər olmasının sübut olunmaması halında alimentin hər uşaq üçün 60 manat məbləğində artırılması əsaslı olmamışdır. Məhkəmə kollegiyası uşaqlar üçün ölkə üzrə müəyyən edilmiş yaşayış minumumu məbləğini, valideynlərin hər ikisinin uşaqlarını saxlamaq vəzifəsini, aliment məbləği müəyyən edildikdən sonra cavabdehin ailə vəziyyətində dəyişiklik olmasını, yəni başqa nikahdan üçüncü övladının doğulmasını və iddiaçı tərəfindən cavabdehin gəlirlərinin kifayət qədər olması ilə bağlı sübutun təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilərək, cavabdehdən hər uşaq üçün tutulan alimentin miqdarı 160 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 112.1.6-ci maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda-iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Birinci instansiya məhkəməsi isə cavabdehdən dövlət rüsumunu ödəmənin artırılması tələb olunan məbləğə münasibətdə tutmamışdır. Belə ki, iddiaçının artırılmasını tələb etdiyi illik məbləğ (iki uşaq üçün 260 manatdan 440 manata artırılmasını tələb etməklə, illik artırılması tələb olunan məbləği 2160) 2160 manat təşkil etmişdir ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası qanunun 8.1.2-ci maddəsinə əsasən (iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi) ödənilməli olan dövlət rüsumu məbləği 41,6 manat təşkil etmişdir. Buna görə də birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən tutulmalı olan dövlət rüsumu məbləği hissəsində də dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Şəmkir Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(076)-2072/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 18 avqust 2023-cü il tarixli, 2(076)-2072/2023 saylı qətnaməsi Cavabdeh tutulan aliment və dövlət rüsumu məbləği hissəsində dəyişdirilsin. Cvabdeh Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, 28 iyul 2007-ci il təvəllüdlü X2 və 26 iyul 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 160 (yüz altımış) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Cavabdeh 41,6 (qırx bir manat, 60 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar