Məhkəmə qərarları › İş №2(104)-2696/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2696/2023

05.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2696/2023 05.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Məmmədov Ədil İsa oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-2703/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 05 dekabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmədə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu MBL-nın X6 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xxxxxxx/LAB14-23001-T-001 saylı laborator analiz üzrə sınaq nəticələrini əks etdirən sınaq protokolundan görünür ki, Ağdam rayonu, Quzanlı qəsəbəsində yaşayan İddiaçı məxsus iribuynuzlu heyvandan götürülmüş bioloji (patoloji) nümunələrdə (materialda) pasterella multocida aşkar edilmişdir.

2. İş materiallarında olan inək cəmdəyinin fotoşəkillərindən inəyin ölməsi və daha sonra içalatının yarılaraq çölə tökülməsi müşahidə edilir.

3. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsi tərəfindən Bərdə rayon Vəkil Bürosuna ünvanlanmış sorğuya xx.xx.2023-cü il tarixli 3-13-68/2-21099 saylı cavabdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh Məhiyyəddin oğlu xx.xx.2023-cü il tarixdə ASAN Bərdə tərəfindən AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmiş və o, hal-hazırda ünvan 2i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

4. İş materiallarında olan aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə Quzanlı kənd sakini İddiaçı idarəyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə Bərdə Mal Bazarından aldığı 1 baş iribuynuzlu inəyin xəstə olduğunu bildrmişdir. İdarənin baytar həkimi Fəxrəddin Əliyev və Quzanlı ərazisi üzrə özəl baytar həkimi Mehman Əsgərov vətəndaşın həyətinə gedərək xəstə inəyə baxış keçirmişlər və baxış zamanı heyvanda ağciyər problemi olduğunu aydınlaşdıraraq müalicə təyin edilmiş və həmin gündən müalicələrə başlanmışdır. Müalicələr getməsinə baxmayaraq heç bir nəticə olmamışdır. Heyvan 25 may 2023-cü il tarixdə ölmüşdür. 26 may 2023-cü il tarixdə ÖBH-i Mehman Əsgərov heyvanda yarma apararaq daxili orqanlarından patoloji material götürərək müayinə olunması üçün X2 X1 X3 göndərmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiаçı İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdeh Bərdə rayon Muğanlı kənd sakini Cavabdeh 1770 manat pulun və ödənilmiş 39 manat dövlət rüsumu alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə Bərdə rayon Muğanlı kənd sakini olan hazırki iş üzrə Cavabdeh Bərdə rayon Mal bazarı adlanan ərazidə 1770 manat dəyərində 1 baş yanı balalı inək almışdır. Cavabdeh inəyi ona satarkən inəyin tam sağlam olduğunu bildirmiş, o da cavabdehə inanaraq 1770 manat məbləğində pulu verib 1 baş yanı balalı inəyi cavabdehdən almışdır. Lakin inəyi aldıqdan 4 gün sonra cavabdehin satdığı inəyin xəstə olduğunu görmüş və həkimə göstərmişdir. Həkimə göstərdiyi zaman inəyin xəstə olduğunu bildirmişdir. O da cavabdehə zəng etdiyi zaman inəyin xəstə olduğunu və geri qaytarmaq istədiyini bildirmiş, lakin vermiş olduğu 1770 manat pulu tələb etdikdə isə həmin zaman verməkdən imtina etmiş və heç zaman verməyəcəyini bildirmişdir. Bu zaman o, Bərdə rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Bərdə rayon Polis Şöbəsində şikayət ərizəsinə baxılmamış və mülki iş üzrə məhkəməyə müraciət etməyini məsləhət görmüşlər. Bu vaxta qədər hər səfərində cavabdehdən borclu olduğu 1770 manat pulun verilməsini tələb etməyinə baxmayaraq hər dəfə cavabdeh pulu verməkdən imtina etmişdir. Cavabdeh ona qarşı dələduzluq etmişdir. O da məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur.

7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 və vəkili X5 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişlər.

8. Məhkəmə iclasında Cavabdeh iddianı rədd edərək izahatında 2023-cü ilin may ayında cümə günü bir baş iribuynuzlu inəyi iddiaçıya satdığını, şənbə günü iddiaçının ona verdiyi nömrənin saxta olub-olmadığını yoxlamaq məqsədi ilə iddiaçını yığdığını, 3 gün sonra iddiaçının ona zəng edib inəyin xəstə olduğunu, həkim gətirdiyini bidlirmişdir. Sonra o, qadın bir qohum vasitəsi ilə inəyin vəziyyətini maraqlanmış və qadın ona inəyi dərmanla yuduqlarını və bu səbəbdən də zəhərlənib öldüyünü bildirmişdir. Cavabdeh inəyi iddiaçıya verdikdə xəstə olmadığını bildirmiş və məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.

9. Bərdə Rayon Məhkəməsinin 2(021)-2703/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim F.Babaşov) iddia təmin edilmiş, Cavabdeh 1770 manat pul vəsaiti və 39 manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə verilməsi qət edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 2(021)-2703/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi qətnamə maddi və prosessual hüquq normalarının pozulması, düzgün tətbiq və təfsir edilməməsi məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmişdir. Belə ki, onun iddiaçıya satdığı mal sağlam olmuş, iddiaçı həmin malı aldıqdan sonra aparıb kimyəvi məhlulla yumuş, dərmanın dozası çox olduğundan və malı qapalı yerdə saxladığından heyan zəhərlənmiş və nəticədə ölmüşdür. Bununla bağlı onda sübutlar da vardır. Hesab edir ki, məhkəmənin qətnaməsi qanunsuz və ədalətsizdir. Bu səbəbdən də ləğv olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmiş, məhkəmə kollegiyasına telqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

15. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

18. Maddə 405.1. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır.

19. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

22. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

23. Maddə 608. - Əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğısatqısı haqqında ümumi müddəalar tətbiq edilir.

24. Maddə 609.1. heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. 609.2-ci maddəsinə əsasən faydalı və damazlıq heyvanların satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.2.2. qaramalda - heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti ilə;

25. Maddə 611. Qarantiya müddəti ərzində hər hansı başlıca qüsur aşkar edildikdə ehtimal olunur ki, həmin qüsur riskin alıcıya keçdiyi ana qədər mövcud idi.

26. Maddə 612.1. Heyvanlarda, quşlarda və balıqlarda başlıca qüsurların olması nəticəsində alıcı yalnız müqavilənin ləğvini tələb edə bilər, qiymətin azaldılmasını isə tələb edə bilməz.

27. Maddə 612.1.1. Bu halda alıcı cavabdeh olmadığı hallarla əlaqədar heyvanı, quşu və ya balığı qaytara bilmədikdə, o cümlədən başqasına satması, onun tələf olması, xəstələnməsi və ya kəsilməsi nəticəsində qaytara bilmədikdə də müqavilənin ləğvini tələb edə bilər. Heyvanın, quşun və ya balığın kəsildiyi halda alıcı onu qaytarmaq əvəzinə dəyərini ödəyir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

29. Maddə 76. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 34 Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

37. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. İrəli sürülən iddianı təmin edərkən məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh iddiaçıya sağlam, keyfiyyətli və qanunvericilikdə göstərilən başlıca qüsurlardan azad şəkildə iribuynuzlu heyvan satmalı olduğu halda başlıca qüsurla, yəni ağ ciyərlərin tam iltihabı xəstəliyi ilə qaramal yəni, iribuynuzlu heyvan satmışdır. Bu halda xəstəlik olan başlıca qüsur malda risk iddiaçıya keçən ana qədər mövcud idi. İddiaçıya 1770 manat dəyərində qaramal (inək) satılmasını cavabdeh özü də məhkəmə iclasında iştirak edərək etiraf etmişdir, lakin cavabdeh malın iddiaçı tərəfindən kimyəvi məhlulla yuyulması nəticəsində öldüyünü qeyd etsə də bu haqda məhkəməyə hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir. İnək isə iddiaçı tərəfindən 19 may 2023-cü ildə Bərdə bazarında cavabdehdən alınmış, inəyin xəstələnməsi nəticəsində 20 may 2023-cü il tarixdə baytar həkimi dəvət edilmiş, baytar həkimi tərəfindən müalicə kursuna başladılmış, lakin həkimin apardığı bütün müalicələrə baxmayaraq inək 25 may 2023-cü il tarixdə ölmüşdür. İnəkdən baytar həkimi tərəfindən yarma aparılmaqla 26 may 2023-cü il tarixdə daxili orqanlarından patoloji nümunələr götürülərək mərkəzi baytarlıq laboratoriyasına göndərilmişdir. Laborator analiz nəticəsində inəkdə pasterella multocida, yəni baytar həkimin məhkəmə iclasında qeyd etdiyi kimi ağ ciyərlərin tam iltihabı xəstəliyi aşkar edilmiş və bu səbəbdən qaramal ölərək tələf olmuşdur. Beləliklə, satınalma predmeti olmuş inəkdə (qaramalda) ağ ciyərlərin tam iltihabı xəstəliyi olmuşdur və bu xəstəlik MM-in 609.2.2-ci maddəsində qeyd edildiyi kimi qaramalda 28 günlük qarantiya müddəti ərzində aşkar edilmiş və bu haqda və pulun qaytarılması tələbi ilə iddiaçı cavabdehə müraciət etsə də cavabdeh inəyin dəyəri olaraq ödənilən pulu iddiaçıya geri qaytarmaqdan imtina etdiyindən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia əsaslı və haqlı olduğundan Cavabdeh İddiaçı xeyrinə 1770 manat pul vəsaiti tutulmalıdır.

40. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərək, qeyd etmişdir ki, o, iddiaçıya sağlam mal vermiş, mal iddiaçı tərəfindən kimyəvi məhlulla yuyulması nəticəsində ölmüşdür, lakin bu haqda nə birinci instansiya, nə də apellyasiya instansiya məhkəməsinə hər hansı mötəbər sübutlar təqdim edə bilməmişdir.

41. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdehin apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğvinə və irəli sürülən iddianın rədd edilməsinə əsas vermir.

42. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.

43. Məhkəmə kollegiyası göstərir ki, iş materiallarından işin faktiki halları kimi müəyyən olunur ki, bir baş inək iddiaçı tərəfindən 19 may 2023-cü ildə Bərdə bazarında cavabdehdən alınmış, inəyin xəstələnməsi nəticəsində 20 may 2023-cü il tarixdə baytar həkimi dəvət edilmiş, baytar həkimi tərəfindən müalicə kursuna başladılmış, lakin həkimin apardığı bütün müalicələrə baxmayaraq inək 25 may 2023-cü il tarixdə ölmüşdür. İnəkdən baytar həkimi tərəfindən yarma aparılmaqla 26 may 2023-cü il tarixdə daxili orqanlarından patoloji nümunələr götürülərək mərkəzi baytarlıq laboratoriyasına göndərilmişdir. Laborator analiz nəticəsində inəkdə pasterella multocida, yəni baytar həkimin məhkəmə iclasında qeyd etdiyi kimi ağ ciyərlərin tam iltihabı xəstəliyi aşkar edilmiş və bu səbəbdən qaramal ölərək tələf olmuşdur. Beləliklə, satınalma predmeti olmuş inəkdə (qaramalda) ağ ciyərlərin tam iltihabı xəstəliyi olmuşdur və bu xəstəlik MM-in 609.2.2-ci maddəsində qeyd edildiyi kimi qaramalda 28 günlük qarantiya müddəti ərzində aşkar edilmişdir.

44. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş üzrə mövcud sübutlarla əlaqəli şəkildə tədqiq edib, apellyasiya şikayətində göstərilmiş xüsusatları araşdıraraq bu qənaətdədir ki, birinci instansiya məhkəməsi sübut institunun əsas prinsipi olan sübutetmə vəzifələrinə istinad etməklə iddia tələbini təmin etməkdə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)- 2703/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393 və 402-406-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 2(021)-2703/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar