Məhkəmə qərarları › İş №2(104)-2698/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2698/2023

29.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2698/2023 29.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2076/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Cinayət işi başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 11870 manat pulun və ödənilmiş 125.61 manat dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar Ağcabədi rayonun Salmanbəyli kəndində yaşayırlar və heyvandarlıqla məşğul olaraq ailələrini dolandırırlar. 10 fevral 2023-cü il tarixdə iribuynuzlu mallarını satmaq üçün Bərdə rayonunun Alpout kəndində yerləşən mal bazarına gediblər. Təxminən 3 ilə yaxındır ki, tanıdıqları Cavabdeh ilə rastlaşıblar. Cavabdeh iribuynuzlu heyvanları onlardan nisyə almaq istədiyini, pulunu isə 17 fevral 2023-cü il tarixdə qaytaracağını bildirib. Məhəbbət Bakı şəhərində qəssab işləyir, onlarda dəfələrlə ona nisyə mal veriblər və daha sonra isə satdıqları malın pulunu onlara qaytarmışdır. Əliyev X1 və Qurbandan 4 baş iribuynuzlu malı 5920 manata Təyyardan isə 3 baş iribuynuzlu heyvanı 5950 manata cəmi 11870 manat dəyərində mal alaraq pulunu verməmişdir. Bununla bağlı dəfələrlə Məhəbbətə xəbərdarlıq etsələrdə bu günə kimi borclu olduğu pulu onlara qaytarmamışdır. Bu barədə rayon Polis Şöbəsində şikayət etmişdirlər. Lakin, heç bir nəticəsi olmamışdır. Sonda qanuna uyğun olaraq məhkəməyə müraciət etmək qərarına gəlmişlər.

4. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2076/2023 nömrəli qətnaməsi (hakim Elsun Əhmədov) ilə iddianın təmin edilməsi, Cavabdeh 11870 (on bir min səkkiz yüz yetmiş) manat pul və dövlət rüsumuna görə ödənilmiş 125.61 (yüz iyirmi beş manat altmış bir qəpik) manat dövlət rüsumunun alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 verilməsi qət edilmişdir.

5. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2, 567, 600, 601, 600.2, 600.3, 600.4, 600.5, 882.1, 882.4 və 882.5-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 52.2, 52.5, 76, 77.1, 77.3, 78.2, 82.4, 89, 119, 191.3, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(021)-2076/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin 7000 manat məbləğində təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, birinci istansiya məhkəməsi tərəfindən Bərdə Rayon polis şöbəsinin materialında olan sənədlər və iddiaçıların formal izahatları mötəbər sübut kimi qiymətləndirilərək qətnamə qəbul edilmişdir. Onun iddiaçılara cəmi 7000 manat borcu vardır. Bərdə Rayon Polis şöbəsində izahatı alınmış, həmin izahatda 7000 manat borcunun olduğunu etiraf etmişdir. Polis şöbəsində onun izahatı təhrif olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatinda göstərmişdir ki, o iddia tələbini tam qəbul edir. Belə ki, iddiaçılardan nisyə mal-qara almış və həmin mal-qaraları kəsərək ətini nisyə satmışdır. O, Əliağa və Qurbandan 4 baş iribuynuzlu malı 5920 manata, Təyyardan isə 3 baş iribuynuzlu heyvanı 5950 manata, cəmi 11870 manat dəyərində malı nisyə alamış, lakin, satdığı ətin pulunu ala bilmədiyi üçün iddiaçıların pulunu verə bilməmişdir. Ona görə də pulun ödənilməsi üçün bir neçə ay vaxt verilməsini istəyir və bu səbəbdən apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, o, Qurbanla birlikdə 10 fevral 2023-cü il tarixdə iribuynuzlu mallarını satmaq üçün Bərdə rayonunun Alpout kəndində yerləşən mal bazarına gediblər. Həmin bazarda olan zaman Cavabdeh onlardan nisyə iribuynuzlu mal-qara almaq istədiyini bildirmişdir. Bundan sonra onlar razılaşmış, o və İddiaçı3la onların ikisinə məxsus 4 baş iribuynuzlu heyvanı cavabdehə 5920 manata, digər İddiaçı2 isə özünə məxsus 3 baş iribuynuzlu heyvanı 5950 manata cavabdehə pulunu 7 günə vermək şərti ilə nisyə olaraq satmışlar. Lakin, satdıqdan sonra cavabdeh onların pulunu verməmiş və buna görə də məcbur olaraq əvvəlcə birlikdə Bərdə rayon Polis Şöbəsinə sonra isə məhkəməyə müraciət etmişlər. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında göstərmişdir ki, o, Əliağa ilə birlikdə 10 fevral 2023cü il tarixdə iribuynuzlu mallarını satmaq üçün Bərdə rayonunun Alpout kəndində yerləşən mal bazarına gediblər. Həmin bazarda olan zaman Cavabdeh onlardan nisyə iribuynuzlu mal-qara almaq istədiyini bildirmişdir. Bundan sonra onlar razılaşmış, o və İddiaçı1 onların ikisinə məxsus 4 baş iribuynuzlu heyvanı cavabdehə 5920 manata, digər İddiaçı2 isə özünə məxsus 3 baş iribuynuzlu heyvanı 5950 manata cavabdehə pulunu 7 günə vermək şərti ilə nisyə olaraq satmışlar. Lakin, satdıqdan sonra cavabdeh onların pulunu vədələşdiyi vaxtda verməmiş və buna görə də məcbur olaraq əvvəlcə birlikdə Bərdə rayon Polis Şöbəsinə sonra isə məhkəməyə müraciət etmişlər. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini əsassız hesab edərək izahatında göstərmişdir ki, o, Əliağa və Qurbanla birlikdə 10 fevral 2023-cü il tarixdə iribuynuzlu mallarını satmaq üçün Bərdə rayonunun Alpout kəndində yerləşən mal bazarına gediblər. Həmin bazarda olan zaman Cavabdeh onlardan nisyə iribuynuzlu mal-qara almaq istədiyini bildirmişdir. Bundan sonra onlar razılaşmış, İddiaçı1 İddiaçı3la onların ikisinə məxsus 4 baş iribuynuzlu heyvanı cavabdehə 5920 manata, o, isə özünə məxsus 3 baş iribuynuzlu heyvanı 5950 manata cavabdehə pulunu 7 günə vermək şərti ilə nisyə olaraq satmışlar. Lakin, satdıqdan sonra cavabdeh onların pulunu verməmişdir. Onlar məcbur qalaraq əvvəlcə birlikdə Bərdə rayon Polis Şöbəsinə sonra isə məhkəməyə müraciət etmişlər. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 329.3. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

16. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

19. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

29. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

30. Maddə 226.1. Məhkəmə bir neçə iddiaçının xeyrinə qətnamə çıxardıqda, onlardan hər birinə aid olan hissəni və ya tələb hüququnun müştərək olmasını göstərir.

31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

32. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

33. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

34. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

37. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətində qətnamənin yalnız iddianın məbləği hissəsi mübahisələndirildiyinə görə qətnamənin əsaslılığı yalnız həmin hissəsində yoxlanmalıdır. Lakin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini hər halda yoxlayacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

39. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

40. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilərkən, Cavabdeh 11870 (on bir min səkkiz yüz yetmiş) manat pul və dövlət rüsumuna görə ödənilmiş 125.61 (yüz iyirmi beş manat altmış bir qəpik) manat dövlət rüsumunun alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 verilməsi qət edilmişdir.

41. Göründüyü kimi, məhkəmə tərəfindən bir neçə iddiaçının xeyrinə qətnamə çıxarılarkən onların hər birinə aid hissədə verilməli olan məbləğ qeyd edilməmiş, sadəcə olaraq cavabdehdən iddiaçıların xeyrinə ümumi qaydada verilməli olan məbləğ göstərilmişdir.

42. Halbuki, Azərbaycan Respublikasının MPM-in 226.1-ci maddəsinə görə, məhkəmə bir neçə iddiaçının xeyrinə qətnamə çıxardıqda, onlardan hər birinə aid olan hissəni və ya tələb hüququnun müştərək olmasını göstərir.

43. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 6.8-ci bəndinə görə, qətnamənin nəticə hissəsi imperativ formada yazılmalı, baxılan iş üzrə tərəflərin hüquq və vəzifələrini dəqiq müəyyən etməlidir.

44. Azərbaycan Respublikasının MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslardan biridir.

45. Birinci instansiya məhkəməsinin tətbiq edilməli olan qanunu tətbiq etməməsi, Azərbaycan Respublikasının MPM-in 386-cı maddəsinə görə, maddi hüquq normalarının pozulması sayılır.

46. Qeyd olunanlara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə çıxarılmalıdar.

47. İddia tələbinin hüquqi mahiyyəti ilə bağlı kollegiya aşağıdakıları qeyd edir.

48. Belə ki, müəyyən edilmiş işin faktiki hallarından görünür ki, 10 fevral 2023-cü il tarixdə Cavabdeh 7 günə vermək şərti ilə iddiaçılar İddiaçı1 və İddiaçı3 5920 manat dəyərində 4 baş iribuynuzlu heyvan, digər İddiaçı2 isə 5950 manat dəyərində 3 baş iribuynuzlu heyvan nisyə almışdır. Heyvanların ümumi qiyməti 11.870 manat təşkil etmişdir. Sonradan Cavabdeh aldğı 7 baş iribuynuzlu heyvanın pulunu iddiaçılara verməkdən imtina etmişdir. Bu səbəbdən İddiaçı1, İddiaçı3 və İddiaçı2 polis orqanına müraciət etmiş və Cavabdeh polisə verdiyi izahatında iddiaçılar İddiaçı1 və İddiaçı3 5920 manat, İddiaçı2ya isə 5950 manat borcunun olmasını etiraf etmişdir.

49. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.

50. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 600.1-ci maddəsidir. Həmin normada deyilir ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

51. Azərbaycan Respublikasının MM-in 600.4-cü maddəsində deyilir ki, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

52. Azərbaycan Respublikasının MM-in 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olmasıdır.

53. Azərbaycan Respublikasının MM-in 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

54. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh alver məqsədilə iddiaçılardan nisyə 7 baş iribuynuzlu mal-qara satın almış, pulunu qaytaracağına söz versə də 11.870 manat məbləğdə pulu iddiaçılara qaytarmamışdır. Bu fakt onun iddiaçıların müraciəti əsasında polis orqanında araşdırma aparılan zaman izahatı ilə təsdiqini tapmışdır.

55. Belə ki, “cinayət işi başlanmasının rədd edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, Bərdə rayonu Kafarlı kəndində anadan olmuş, hal-hazırda elə həmin ünvanda ailəsi birlikdə yaşayır. Ailəsini heyvan alveri etməklə dolandırır. O, Bərdə rayon mal bazarında heyvanları alaraq Bakı şəhərində Ramana qəsəbəsində kəsim yerinə apararaq orada heyvanları kəsərək satır. O, təxminən 15 ildir ki, bu işlə məşğul olur. Təxminən 4-5 ildir ki, Ağcabədi rayon sakinləri Təyyar, Əliağa və Qurban adlı şəxsləri tanıyır. O, dəfələrlə onlardan nisiyə mal alaraq dediyi vaxta pullarını vermişdir. Belə ki, o, özü nisyə almış olduğu heyvanları Bakı şəhərində nisyə satmışdır. həftənin 4-cü günləri isə onun pulunu verdikləri zaman o, da həmin vaxt öz nisyələrinin pulunu vermişdir. O, indiyə kimi nisyə almış olduğu heyvanın pulunu 1 həftədən artıq gecikdirməmişdir. Bu yolla da həmin şəxslərdən dəfələrlə heyvan almış və pullarını da vermişdir. Hətta, onun yaxşı işlədiyinə görə həmin şəxslər özləri ona nisyə mal verməyi təklif etmişdir. O, dəfələrlə həmin şəxslərin əlində qaldığı, sata bilmədiyi heyvanları alaraq satıb pullarını vermişdir. xx.xx.2023-cü il tarixdə Bərdə rayon mal bazarında olan zaman Əliağa adlı şəxsə xx.xx.2023-cü il tarixdə almış olduğu malın pulu olan 7000 manat pul vermiş. O, yenə Əliağadan nisyə dana almışdır. Belə ki, Əliağadan 2 baş düyəni 2800 manata almış və onun 500 manat pulunu vermişdir. Daha sonra isə 3600 manata 2 baş dana almış və pullarını həmişə olduğu kimi növbəti bazar günü verəcəyini demişdir. Əliağa onun heyvanları elə aldığını bilmişdir. Onun Əliağaya ümumilikdə 5900 manat borcu qalmışdır. Daha sonra həmin vaxt Təyyar adlı şəxsə xx.xx.2023-cü il tarixdə nisiyə almış olduğu danaların pulu olan 6500 manat pulu vermişdir. Sonra isə ondan 3 baş dananı 5950 manata nisiyə almışdır. Həmin vaxt o, onlardan başqa digər adamlardan da nisiyə inək almış və hamısını birlikdə Bakı şəhərinə Ramana qəsəbəsinə apararaq orada kəsdirib nisiyə satmışdır. O, satmış olduğu inəklərin pulunu alaraq sahiblərinə vermiş. Lakin, Əliağa və Təyyardan almış olduğu danaları Elşən adlı şəxsə nisyə satmışdır. Hazırda isə Elşən adlı şəxslə əlaqə saxlaya bilməmiş və ondan pulu ala bilməmişdir. O, Elşən adlı şəxsin haqqında heçnə bilmir, onunla həmişə Ramana qəsəbəsində heyvan kəsim yerində görüşmüşdür. O, Əliağa, Qurban və Təyyar adlı şəxslərdən hər dəfə malı nisyə alaraq 1 həftə sonra pulunu vermişdir. O, hər dəfə onlardan aldığı danaları Bakı şəhərində satmışdır. Pulunu aldıqda isə onların pulunu qaytarmışdır. Hazırda isə satmış olduğu danaların pulu ala bilmədiyi üçün onların pulunu qaytara bilməmişdir.

56. Azərbaycan Respublikasının MPM-in 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

57. Göründüyü kimi, cavabdeh iddiaçılardan nisyə mal alaraq alver etmiş, lakin sonuncuların pulları cavabdeh tərəfindən geri qaytarılmamışdır. Buna görə də cavabdehin iddiaçılar İddiaçı1 və İddiaçı3 5920 manat, İddiaçı2ya isə 5950 manat borcu qalmışdır. Bu işin mübahisəsiz halıdır.

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

59. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

60. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

61. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

62. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

63. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

64. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

65. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

67. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

68. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia təmin edilməli, Cavabdeh 5920 manat alınaraq müştərək qaydada iddiaçılar İddiaçı1 və İddiaçı3, həmçinin Cavabdeh 5950 manat alınaraq İddiaçı2 verilməlidir.

69. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, iddia təmin edildiyindən ödənilmiş 126 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq həmin məbləğin 63 manatı iddiaçılar İddiaçı1 və İddiaçı3 müştərək qaydada, 63 manatı isə İddiaçı2 ödənilməlidir.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382.1, 384.0.2, 385.1.1, 392, 393, 402, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-2076/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh 5920 (beş min doqquz yüz iyirmi) manat pul alınaraq müştərək qaydada iddiaçılar İddiaçı1 və İddiaçı3 verilsin. Cavabdeh 5950 (beş min doqquz yüz əlli) manat pul alınaraq İddiaçı2 verilsin. Ödənilmiş 126 manat dövlət rüsumunun əvəzi kimi 63 (altmış üç) manat pul Cavabdeh alınaraq müştərək qaydada iddiaçılar İddiaçı1 və İddiaçı3, 63 (altmış üç) manat pul isə İddiaçı2 verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar