Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-270/2023 13.01.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(045)-482/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15000 (on beş min) manat borcun və dövlət rüsumuna görə ödənilmiş 135 (bir yüz otuz beş) manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh çoxdan tanıyır. xx.xx.2021ci ildə cavabdeh ondan ehtiyacı olduğu üçün pul istəmişdir. O da cavabdehi tanıdığı və ehtiyacı olduğunu bilərək ona xx.xx.2023-ci il tarixədək hər ay 1000 (min) manat ödəmək şərti ilə 15000 (on beş min) manat borc pul vermişdir. Cavabdeh sözünün üstündə durmamış, borcundan bu günə kimi heç bir ödəniş etməmişdir. Cavabdeh ona olan borcunu qaytarmır, müxtəlif bəhanələrlə pulu ödəməkdən boyun qaçırır. Cavabdehə dəfələrlə edilmiş xəbərdarlığa baxmayaraq heç bir nəticə çıxarmamışdır. Bugünkü tarixə qədər cavabdeh həmin puldan bir manat belə ödəməmişdir. Buna görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(045)-482/2022 saylı qətnaməsi ilə (hakim T.Ələkbərov) iddia təmin edilərək, Cavabdeh 15000 (on beş min) manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 135 manatın tutularaq İddiaçı verilməsi qət edilmişdir. İşdə olan sübutlar: xx.xx.2021-ci il tarixli notariat qaydada təsdiq edilmiş kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixinədək hər ay 1000 (bir min) manat ödəmək şərti ilə 15000 (on beş min) manat məbləğində borc pul vermişdir. Apellyasiya şikayətinin dəlilləri. Goranboy Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(045)-482/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Goranboy Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(045)-482/2022 saylı qətnaməsinin ləğv edilməsi və öhdəliyin hissə-hissə icra edilməsi haqqında yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə iddiaçı olan İddiaçı ilə aralarında xx.xx.2021-ci il tarixdə borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən 15000 manat məbləğində borc pulu xx.xx.2023-cü il tarixinədək geri ödəməyi öhdəlik olaraq öz üzərinə götürmüşdür. Müddətin bitməməsinə baxmayaraq iddiaçı ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Məhkəmə 26 iyul 2022-ci il tarixdə keçirilmiş iclasda işə mahiyyəti üzrə baxaraq qətnamə çıxarmışdır. Həmin iclasın vaxtı və yeri barəsində ona rəsmi qaydada məlumat verilməmiş, nəticədə işə onun iştirakı olmadan, izahatı dinlənilmədən baxılmışdır. İddiaçı tərəfındən ona verilən borc müddəti bitməmiş, iddiaçı məhkəməyə müraciət etmiş, məhkəmə borc müddətini nəzərə almadan, iddiaçının lehinə qətnamə çıxarmışdır. Bundan əlavə ona 20 sentyabr 2022-ci il tarixində Goranboy Rayon Məhkəməsi tərəfındən 2022-ci il 26 iyul tarixində çıxarılmış qətnamə göndərilmişdir. Lakin ona 06 iyul 2022-ci il tarixində göndərilən bildirişdə 26 iyul 2022-ci il tarixli məhkəmə iclasının hazırlıq iclası olduğu qeyd edilmişdir. Hazırlıq iclasının əsas məqsədi prinsip etibarilə, iş materiallarının hazırlanmasının sadələşdirilməsi və icraatın ləngidilməsinin qarşısının alınması üçün həyata keçirilən prosesdir. Hazırlıq iclasında qətnamə qəbul edilməsi qanunvericiliklə birbaşa olaraq ziddiyyət təşkil edir və bu hal ciddi prosessual hüquq pozuntusu hesab olunmaqla, 1-ci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilər. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində sonuncu məhkəmə iclasına gəlmiş, lakin iclas zalına daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739.1-ci maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşakarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formadabağlanır. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğində asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 428.4-cü maddəsinə görə öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, Goranboy Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(045)-482/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyn edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında Gəncə şəhəri 2 saylı notariat kontorunda bağlanmış 04 noyabr 2021-ci il tarixli borc müqaviləsi bağlanmış və Cavabdeh tərəfindən İddiaçı 15000 manat məbləğində borc pul verilmişdir. Borclu isə həmin məbləği xx.xx.2023-cü il tarixədək hər ay 1000 manat ödəmək şərti ilə geri qaytarmağı öhdəsinə götürsə də öhdəliyini ümumiyyətlə icra etməmişdir. Məhkəmə kollegiyası cavabdehin birinci instansiya məhkəməsində məhkəmə iclasında onun iştirakının təmin edilməməsi, çəkişmə prinsipinin pozulması ilə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında görünür ki, iş üzrə Cavabdeh ünvanına məhkəmə bildirişləri göndərilmiş və həmin ünvanda məhkəmə bildirişləri poçt xəbərnaməsinə imza edilməklə qəbul edilmişdir. Həmçinin, məhkəmə icraatı zamanı cavabdeh mülki işin baxılmasının təxirə salınmasına dair ərizə ilə müraciət etmiş, Bakı şəhərində işi ilə bağlı kursda olduğunu, buna görə də məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş, məhkəmə iclası isə onun iştirakının təmin edilməsi məqsədilə təxirə salınmışdır. Lakin, iş üzrə Cavabdeh növbəti məhkəmə iclasında da iştirak etməmişdir. Məhkəmə tərəfindən 06 iyul 2022-ci il tarixində göndərilən bildirişdə 26 iyul 2022-ci il tarixli məhkəmə iclasının hazırlıq iclası olduğu qeyd edilməsi texniki səhv olmuşdur. Belə ki, bundan əvvəlki 14 iyun 2022-ci il tarixli məhkəmə bildirişində cavadbeh məhkəmə baxış iclasına dəvət edilmişdir ki, həmin məhkəmə bildirişini cavadbeh almışdır ki, bu fakt cavadbehin işin məhkəmə baxışında olmasından məlumatlı olmasını təsdiq etmişdir. Cavabdehin apellyasiya şikayətinin digər dəlili isə iddiaçı tərəfindən müqavilə müddətinin bitmədən iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi, birinci instansiya məhkəməsinin isə buna əhəmiyyət vermədən iddianı təmin etməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan dəlilini də əsassız hesab edərək qeyd edir ki, Mülki Məcəllənin 428.4-cü maddəsinə görə öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Göründüyü kimi, Cavabdeh 04 noyabr 2021-ci ildə iddiaçı ilə yazılı borc müqaviləsi bağlayan zaman aldığı 15000 manat məbləğində borcunu hər ay 1000 manat olmaqla ödəmək öhdəliyini götürsə də, müqavilə şərtlərini əhəmiyyətli şəkildə pozaraq üzərinə düşən vəzifələri icra etməmiş, borcundan bölünmüş aylaraq müvafiq olaraq da ödəniş etməmiş, ödənişin edilməsi ilə bağlı da hər hansı bir təminatın olması da müəyyən edilməmişdir. Həmçinin, Mülki Məcəllənin 743-cü maddəsinin tələbinə müvafiq olaraq qeyd edilən hal borc alanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsini təsdiq etməklə, iddiaçının cavadbehdən borcun tam olaraq ödənilməsini dərhal tələb etmək hüququ mövcud olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin digər dəlili məhkəmə qətnaməsi ilə qət olunmuş borc məbləğinin hissə-hissə icra edilməsi ilə bağlı olmuşdur. Bununla əlaqədar olaraq isə məhkəmə kollegiyası qeyd edir ki, qətnamənin hissə-hissə icra olunması yalnız qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdehin ərizəsi əsasında həyata keçirilir. Belə ki, Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də Goranboy Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(045)-482/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Goranboy Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(045)-482/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Goranboy Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(045)-482/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(045)-482/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavadbeh tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.