Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-270/2024 11.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2112/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı nümayəndəsi Vəkil məhkəməyə “iddia həcminin azaldılması” barədə əlavə ərizə təqdim edərək, cavabdehdən 149.100 manat pulun və 440 manat dövlət rüsumunun alınması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2112/2023 nömrəli qətnaməsi ilə (hakim Taleh Musayev) iddia qismən təmin edilmiş, Cavabdeh 149.100 (bir yüz qırx doqquz min yüz) manat məbləğində pulun alınıb İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi və Cavabdeh 440 (dörd yüz qırx) manat pulun alınıb İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2112/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ona qarşı qeyd etdikləri şər-böhtandır. O, heç vaxt iddiaçıdan pul almamışdır. Əgər o, iddiaçıdan borc almış olsa idi, həmin borc notarial qaydada təsdiq olunmuş müqavilə əsasında rəsmiləşdirilməli idi. Lakin onlar arasında belə bir müqavilə yoxdur. Məhkəmə iddianı təmin edərkən onun istintaq zamanı vermiş olduğu ifadəyə istinad etmişdir. Lakin istintaqda onun bir çox ifadələri, hətta iddiaçı ilə üzləşmə dindirmə hərəkəti vardır. Onun dindirmələrdə olan izahatlarına istinad olunmayıb. Tələb olunan pul sələm puludur. Aylıq ödənişlər və faiz ödənişləri olub. İddiaçı özü də bunu etiraf edib. Həmin pul ona deyil, başqasına verilib. Bunu təsdiq edən kifayət qədər sübutlar vardır. Hesab edir ki, məhkəmə iddia tələbindən kənara çıxıb. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, 2022-ci ilin avqust ayında iddiaçı təmsil etdiyi şəxsə müraciət edərək əlində pulunun olmasını və həmin pulu dövriyyə edib pul qazanmağı təklif etmişdir. İddiaçı cavabdehə 23.000 ABŞ dolları və 125.000 manat pulunun olmasını bildirmiş və dövriyyə nəticəsində ona hər gün üçün 150 manat verməsini demişdir. Bundan sonra tərəflər razılaşmış və cavabdeh pulu götürərək iddiaçı ilə birlikdə valyuta dəyişmə məntəqəsinə gedərək pulları kassaya yerləşdirmişdir. Bundan sonra cavabdeh hər gün üçün iddiaçıya 150 manat pul vermişdir. 2022-ci ilin sentyabr ayında iddiaçı cavabdehə müraciət edərək, oğlunun universitetə qəbul olunmasını bildirmiş və 10.000 manat pul istəmişdir. Bundan sonra təmsil etdiyi şəxs həmin pulun üstündən 10.000 manat götürüb iddiaçıya vermiş, daha sonra isə cavabdehin bacısı oğlu iddiaçıya 5.000 manat pul vermişdir. Sonradan təmsil etdiyi şəxs pulu dövriyyə etdirərək həftənin altı günü 150 manat, bazar günü isə 100 manat pulu iddiaçıya vermiş, eləcə də, cavabdeh daha sonra iddiaçıya əlavə olaraq 17.000 manat pul qaytarmışdır. Hazırda iddiaçı heç bir əsası olmadan təmsil etdiyi şəxsə qarşı əsassız iddia qaldırmışdır. Onu da qeyd edir ki, Cavabdeh valyutadəyişmə məntəqəsində Fikrət adlı qohumu ilə bir yerdə işləmiş və əməliyyatları Fikrət etmişdir. Məhkəmənin qətnaməsini qanunsuz hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini,Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2112/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, cavabdeh uzun illərdir Şəmkir şəhəri, 20 Yanvar küçəsində puldəyişmə məntəqəsində işləyir və normal münasibətləri olmuşdur. 2022-ci ilin avqust ayında cavabdeh ona müraciət edərək, pul verərəsə işləyib qazancının yarısını ona verəcəyini bildirmiş və o, cavabdehin şifahi təklifi ilkə razılaşıb, özünə aid evini və mağazasını satıb, cavabdehə ümumilikdə 23.000 ABŞ dolları və 125.000 manat məbləğində pul vermişdir. Cavabdeh iş günləri ərzində ona hər gün 150 manat qazanc verir, özü isə daha çox qazanc götürüdü. 2022-ci ilin avqust ayından 2022-ci ilin dekabr ayınadək ona gündəlik qazancı hesabına 17.000 manat gəlir vermişdir. Bununla belə, cavabdeh onau lazım olduğu üçün verdiyi puldan 10.000 manat qaytarmış, həmçinin Nəsib tutulandan sonra, onun bacısı oğlunun yanına gedərək, pulun qaytarılmasına kömək etməsini xahiş etmiş və Fikrət Nəsibə verdiyi puldan 5000 manat qaytarmışdır. Məhkəmədə iddia qaldırarkən, 23.000 Abş dollarının manata kursu ilə, yəni 39.100 manat ilə 125.000 manatı toplamış, cəmi verdiyi 164.100 manatdan geri aldığı 15.000 manatı çıxaraq, yerdə qalan 149.100 manat pulunu tələb etmişdir.Məhkəmənin qərarını qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2112/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2112/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi və vəkilləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2112/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin: 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqqında” 24 noyabr 2005-ci il tarixli qərarının 6.2-ci maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməli, qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi İddiaçı pul tələbinə dair iddiasının təmin edilməsi nəticəsinə gələrkən, mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən edə bilməmiş və mübahisənin maddi əsası kimi səhv olaraq Azərbaycan Respublikası MM-nin borc müqaviləsinin ümumi müddəalarını nəzərdə tutan 740.1-ci, 740.2-ci maddələrinə və öhdəlik hüququna dair 385.1-ci maddələrinə istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 385.1, 385.1.1-ci maddələrinə əsasən, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2112/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir; Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsirialtında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır; Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq üçün müddətin keçməsi Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02.04..2021-ci il tarixli Qərarı: “Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.” Kollegiya qeyd edir ki, ilk olaraq arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə xx.xx.2004-cü il tarixli Qərar). Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhkəmə kollegiyası Mülki Məcəllənin 740.2-ci maddəsinə istinad olunaraq qeyd edir ki, mübahisəli borc məbləği üç min manatdan çox olduğundan və aralarında heç bir yazılı müqavilə bağlanmadığından, hazırkı mübahisə borc münasibətlərindən irəli gələn mübahisə deyildir. Belə ki, İddiaçı puldəyişmə məntəqəsində işləyən cavabdehin təklifi ilə əldə ediləcək qazancının bölüşdürülməsinə dair şifahi təklifi ilə razılaşıb, özünə aid evini və mağazasını satıb, cavabdehə ümumilikdə 23.000 ABŞ dolları və 125.000 manat məbləğində pul vermişdir. Nəzərə alınsa ki, Mülki Məcəllənin 740.2-ci maddəsi ilə fiziki şəxslər arasında üç min manatdan çox məbləğli borc müqaviləsinin yazılı formada bağlanması tələb edilmişdir, habelə, eyni Məcəllənin 337.1-ci maddəsi həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdlərin etibarsız olduğunu təsbit etmişdir, o halda iddiaçı ilə cavabdeh arasında 2022-ci ilin avqust ayının əvvəllərində 23000 ABŞ dolları və 125000 manat mədləğlərdə borcun verilməsinə dair müqavilələrin bağlandığı anda etibarlı olmadığı (əhəmiyyətsiz olduğu) sual doğurmur. Həmçinin, Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması qaydası tənzimlənmişdir. Həmin normaya görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Hazırkı mübahisə üzrə də tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlıdır. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulan restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Göründüyü kimi, cavabdehin iddiaçıdan 23.000 ABŞ dolları və 125.000 manat məbləğində pulu alması, həmin puldan 10.000 manat özü, 5.000 manatı isə bacısı oğlu tərəfindən qaytarılması təsdiq edilir ki, bununla da cavabdeh iddiaçının hesabına həmin məbləğdə əsassız olaraq varlanmışdır. Ona görə də, iddiaçı 23.000 Abş dollarının manata kursu ilə, yəni 39.100+125.000 manat= 164.100 manatdan geri qaytarılmış 15.000 manatı çıxılmaqla, yerdə qalan 149.100 manat pulu tələb etməkdə haqlı olmuşdur. Cavabdehin iddiaçıya 17.000 manat pul qaytarması dəlilinə gəldikdə isə, həmin məbləğ iddiaçının cavabdehə puldəyişmə ilə bağlı verdiyi ümumi məbləğ hesabına razılıqlarına uyğun olaraq iş günlərində əldə edilmiş qazanca görə gündəlik verilmiş puldur ki, həmin gəlirin əsassız varlanmaya uyğun olaqra əldə edilmiş ümumi məbləğdən çıxılmasına hüquqi əsas yoxdur. Çünki qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiası təmin edilməli, Cavabdeh 149.100 (bir yüz qırx doqquz min yüz) manat və ödənilmiş 440 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-2112/2023 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı iddia tələbi təmin edilsin. Cavabdeh 149.100 (bir yüz qırx doqquz min yüz) manat pul və ödənilmiş 440 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-270/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-270/2024
11.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver