Məhkəmə qərarları › İş №2(104)-271/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-271/2024

13.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-271/2024 13.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi ilə, İddiaçı onun nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(076)-2130/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 3M-419 reyestr nömrəli icarə müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən 1.351 ha torpaq sahəsini 31 may 2023-cü il tarixədək Cavabdeh icarəyə vermiş, icarə haqqı 35.000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 3-cü bəndindən görünür ki, icarə müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Həmin müqavilənin 5-ci bəndindən görünür ki, icarəyə verilən sahənin istifadəsinə görə “icarəyə götürən” Cavabdeh “icarəyə verən” İddiaçı illik 35.000 manat icarə haqqı ödəyir. Həmin müqavilənin 8-ci bəndindən görünür ki, müqavilənin ləğv edilməsi tərəflərin 1 ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. İş materiallarında olan Şəmkir Rayon 1 saylı Notariat ofisinin xx.xx.2023-cü il tarixli məktubundan və ona əlavə edilmiş “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı notariat orqanına müraciət edərək xx.xx.2022-ci il tarixli, 3M-419 reyestr nömrəli icarə müqaviləsinin 3-cü bəndinə əsasən müqavilənin müddətini uzatmaq niyyətində olmadığını bildirmiş və 31 may 2023-cü il tarixdə müqavilənin müddətinin bitmiş hesab edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 15.000 manat məbləğində pulun və ödənilmiş 135 manat dövlət rüsumunun alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə “iddia həcminin artırılması barədə” əlavə ərizə təqdim edərək, cavabdehdən 15.000 manat məbləğində pulun, ödənilmiş 135 manat dövlət rüsumunun və hüquqi yardımın əvəzi olaraq 400 manat məbləğində pulun alınması haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Şəmkir Rayon 1 saylı Notariat ofisində cavabdehlə aralarında 3M-419 reyestr nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsinə əsasən mülkiyyətində olan, Şəmkir rayonu, Dəllər- Cəyir kəndində yerləşən 1.351 ha torpaq sahəsini 31 may 2023-cü il tarixədək cavabdehə icarəyə vermişdir. Həmin müqavilənin 5-ci bəndinə əsasən icarə haqqı 35.000 manat müəyyən edilmişdir. Həmçinin, müqavilənin 3-cü bəndində icarə müddəti xx.xx.2023-cü il tarixədək müəyyən edilmiş, onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha bir il müddətində uzadılmış sayılması qeyd olunmuşdur. Lakin cavabdeh müqaviləyə əsasən öhdəliyini tam olaraq icarə etməmiş, 35.000 manatdan hazırki vaxtadək 20.000 manat ödəmiş, qalan 15.000 manat pulu ödəməkdən yayınmışdır. Bu səbəbdən xx.xx.2023-cü il tarixdə cavabdehə icarə müqaviləsinin ləğvi və pulun ödənilməsi üçün bildiriş ünvanlanmışdır. Lakin cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icarə etməmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(076)-2130/2023 saylı qətnaməsi ilə iddia rədd edilmiş, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumu və hüquqi yardım xidməti iddiaçıya aid edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 2(076)-2130/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsininin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından göründüyü kimi, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-2130/2023 saylı qətnaməsi maddi və prossesual hüquq normaları pozulmaqla qəbul edilmişdir. Qeyd etmişdir ki, məhkəmə tərəfindən cavabdehə onun tərəfindən göndərilmiş bildiriş bilərəkdən gizlədilmişdir. Belə ki, qətnamədə onun nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında təqdim edilmiş cavabdehə onun tərəfimdən ünvanlanmış bildirişə istinad edilməmişdir. Bir daha qeyd etmişdir ki, nümayəndəsi tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixdə pulun ödənilməsi barədə bildiriş məhkəmə hazırlıq iclasında təqdim edilmişdir. Yuxarda qeyd olunanlardan göründüyü kimi onun iddia tələbi tam əsaslıdır. O, vicdanlıq göstərərək müqavilədə qeyd olunan pulun hamsını tələb etməmişdir. Sadəcə cavabdehin üzərinə götürdüyü və ödəmədiyi 15000 manat pulu tələb etmişdir. O, məhkəməyə müraciət etməmişdən əvvəl üzərinə düşən öhdəlikləri tam olaraq icra etmişdir. Belə ki, cavabdehə müqavilə üzrə üzərinə götürdüyü öhədliyi icra etməyi, əks halda müqavilənin ləğv olunacağını və pul tələbinə dair məhkəməyə iddia tələbi ilə bağlı müraciət edəcəyi barədə bildiriş göndərmişdir. Bundan başqa cavabdeh pulu ödəməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə isə ondan pulu ödənilməməsi barədə sübut təqdim etməyini tələb etmişdir. Bununla da məhkəmə işə verilmiş sübutlar obyektiv yanaşmamış, sadəcə cavabdehin maraqlarına uyğun hərəkət etmişdir. Hesab edir ki, məhkəmə tərəfindən sübutlar düzgün, obyektiv və ədalətli araşdırılmamışdır. Ona görədə hazırkı iş üzrə sübutlar yenidən qiymətləndirilməli və iddia tələbi ədalətli araşdırılmalıdır. Sübutlar düzgün qiymətləndirilməmişdir və maddi hüquq normaları pozulmuşdur. Həmçinin hazırkı işə ədalətli və qanuna müvafiq baxılmamışdır. Hesab edir ki, hazırkı iş üzrə araşdırma yenidən aparılmaldır. Belə ki, onun nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixli hazırlıq iclasında notariat orqanına verdiyi sorğunun cavabını və həmçinin cavabdehə xx.xx.2023-cü il tarixdə göndərdiyi bildirişin (təklifin) göndərilməsini təsdiq edən sənətləri təqdim etmişdir. Lakin məhkəmə həmin sübutu gizlədərək həmin sübuta qiymət verməmişdir. Hesab edir ki, həmin sübut işi üçün əhəmiyyətlidir və yenidən qiymətləndirilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya məhkəməsində icraat Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat vermiş, əlavə olaraq bildirmişdir ki, prosedurlara riayət edərək əvvəlcə cavabdehə bidiriş göndərilmiş, cavab gəlmədiyindən məhkəməyə müraciət edilmişdir. Məhkəmə isə həmin bildirişi nəzərə almayaraq sübutun təqdim edilmədiyinə görə iddianı rədd etmişdir. Sonda apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiış etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, əlavə olaraq bildirmişdir ki, onlar notariusdan çıxdıqdan sonra Ruslanın atasının iştirakı ilə 35000 manat pulun hamısını tam şəkildə iddiaçıya vermişdir. Hazırki tələbin irəli sürülməsinin səbəbini anlamır. Bundan əlavə qeyd etmişdir ki, iddiaçı tərəfindən ona heç bir bildiriş göndərilməmişdir. İddiaçı ilə aralarında bağlanmış müqaviləyə əsasən müqaviləyə birtərəfli qaydada xitam verilə bilmədiyi halda iddiaçı təktərəfli olaraq müqaviləyə xitam vermişdir. Sonda şikayətin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1 –öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 –öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Maddə 448.2 –borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 406.1 –müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Maddə 329.2 –əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 700.1 –icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 710.1 –torpaq icarəsi haqqı tərəflərin razılığı ilə müəyyənləşdirilir. Maddə 710.3 –icarə haqqının ödənilməsi formaları və qaydaları torpaq icarəsi müqaviləsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 51 –torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. Maddə 55 –torpaq sahəsi üzərində hüquqların yaranması əsaslarından biri hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələrdir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununu Maddə 1 –torpaq icarəsi müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Maddə 10 – xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 270. Məhkəmə iclasında, habelə məhkəmə iclasından kənar hər bir ayrıca prosessual hərəkət barədə protokol tərtib edilir. Maddə 271.1. Protokol məhkəmə iclasının və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. Maddə 272.7. Protokol məhkəmə iclası qurtardıqdan sonra 10 gündən gec olmayaraq, ayrıca prosessual hərəkətlər barədə protokol isə onun edildiyindən sonrakı gündən gec olmayaraq tərtib edilməli və imzalanmalıdır. Maddə 273. İşdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Maddə 384.0.1 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlamaq səlahiyyəti vardır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsləri dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının iddia ərizəsindən müəyyən edilir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə müqavilə üzrə ödənilməmiş qalan 15000 manat məbləğində pulun ödənilməsi barədə cavabdehə bildiriş göndərdiyini iddia ərizəsində göstərmişdir. Lakin, iş materiallarının tədqiqindən müəyyən olunur ki, iddia ərizəsinə əlavə edilmiş sənədlər sırasında həmin bildirişin surətinin əlavə edildiyi göstərilməmiş və əlavə edilməmişdir. Məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası həmçinin göstərir ki, Azərbaycan Respublikasının MPM-in 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq “sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Artıq yuxarıda qeyd edildiyi kimi, iddiaçı iddia ərizəsində xx.xx.2023-cü il tarixdə müqavilə üzrə ödənilməmiş qalan 15000 manat məbləğində pulun ödənilməsi barədə cavabdehə bildiriş göndərdiyini göstərsə də, həmin (sonradan apellyasiya şikayətinə əlavə edilmiş) bildirişin surəti iddia ərizəsinə əlavə edilməmişdir. Apellyasiya şikayətində iddiaçı iddia etmişdir ki, həmin bildiriş məhkəmə hazırlıq iclasında məhkəməyə təqdim edilmişdir. Kollegiya şikayətin bu dəlilini əsassız sayır və qeyd edir ki, iş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikasının MPM-in 270-ci maddəsinin tələblərinə əsasən məhkəmə iclasında, habelə məhkəmə iclasından kənar hər bir ayrıca prosessual hərəkət barədə protokol tərtib edilir. Həmin Məcəllənin 271-ci maddəsinə əsasən, protokol məhkəmə iclasının və ya ayrıca prosessual hərəkətin bütün mühüm anlarını əks etdirməlidir. Həmin Məcəllənin 272.7-ci maddəsinə əsasən, protokol məhkəmə iclası qurtardıqdan sonra 10 gündən gec olmayaraq, ayrıca prosessual hərəkətlər barədə protokol isə onun edildiyindən sonrakı gündən gec olmayaraq tərtib edilməli və imzalanmalıdır. Həmin Məcəllənin 273-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Mülki işin materiallarında olan məhkəmənin 01 avqust 2023-cü il tarixli hazırlıq iclasının protokolundan müəyyən edilir ki, həmin iclasda iddiaçının nümayəndəsi Vəkil iştirak etmişdir. Ancaq, onun məhkəməyə hansısa əlavə bir sübut təqdim etməsi barədə protokolda qeyd yoxdur. Həmin tarixdə də işin məhkəmə baxışı xx.xx.2023-cü il tarixə təyin edilmiş və xx.xx.2023-cü il tarixdə qətnamə qəbul edilmişdir. Mülki işin materiallarının tədqiqindən müəyyən edilir ki, məhkəmə iclasından sonra iddiaçının nümayəndəsi Vəkil tərəfindən qanunla müəyyən edilmiş müddətlər ərzində protokol barədə yazılı qeydlər təqdim edilməmişdir. Sübutların işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməli olması barədə MPM-in tələblərinə diqqət çəkən kollegiya hesab edir ki, iddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş, müqavilə üzrə ödənilməmiş qalan 15000 manat məbləğində pulun ödənilməsi tələbi barədə cavabdehə ünvanlandığı iddia edilən xx.xx.2023-cü il tarixli bildiriş irəli sürülən iddianın təmin edilməsinə əsas verən sübut növü kimi qəbuledilən deyildir. Bundan başqa, kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 3M-419 reyestr nömrəli icarə müqaviləsinin mətnindən müəyyən edilir ki, icarə haqqının hissə-hissə ödənilməsinin mümkünlüyü barədə heç bir qeyd (şərt) nəzərdə tutulmamışdır. Ona görə də, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, irəli sürülən iddianın sübut olunmaması əsası ilə təmin edilməməsi barədə nəticəyə gələrkən birinci instansiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş və nəticə etibarilə haqlı olaraq iddianı təmin etməmişdir. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, məhkəmə kollegiyası belə qərara gəlir ki, apelyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(076)-2130/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 405 və 406-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(076)-2130/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar