Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-271/2025 13.01.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alimentin artırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh etibarnamə nümayəndələri Nümayəndə1, Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2(125)-5062/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə 13 yanvar 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Doğum haqqında 01 may 2024-cü il tarixli AZ-İV seriyalı 984528 nömrəli şəhadətnamənin sürətindən görünür ki, Hüseynzadə Hüseyn Ramil oğlu 22 dekabr 2017-ci il tarixdə anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.
2. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2020-ci il tarixli 2(104)-2265/2020 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli, 2(104)-2265/2020 nömrəli qətnaməsi dəyişdirilmiş, 22 dekabr 2017-ci il təvəllüdlü Hüseynzadə Hüseyn Ramil oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 yanvar 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 140 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməsi qət olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2020-ci il tarixli, 2(104)-2265/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək 22 dekabr 2017-ci il tarixdə anadan olmuş Hüseynzadə Hüseyn Ramil oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2017-ci ildə faktiki olaraq ailə qurmuşlar və birgə yaşadıqları dövrdə 22 dekabr 2017-ci il tarixdə Hüseyn adlı uşaqları anadan olmuşdur. Münasibətləri pozulduğundan ayrılmışlar və uşaq onun himayəsində qalmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2020-ci il tarixli, 2(104)-2265/2020 nömrəli qətnaməsi ilə 22 dekabr 2017-ci il tarixdə anadan olmuş Hüseynzadə Hüseyn Ramil oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 140 manat sabit pul məbləğində alimentin İddiaçı xeyirinə tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi ilə alimentin təyin edilməsindən 7 il müddət keçmiş və hazırda həmin alimentin məbləği uşağın saxlanmasına kifayət etmir. Cavabdeh isə aliment ödənişlərindən əlavə ona hər hansı maddi köməklik göstərmir. Halbuki, cavabdeh Rusiya Federasiyasında işləyir və kifayət qədər qazanc əldə edir.
5. Gəncə Şəhər Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2(125)-5062/2024 nömrəli qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı iddiası qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2020-ci il tarixli, 2(104)- 2265/2020 nömrəli qətnaməsi ilə uşağın saxlanması üçün tutulması qət edilmiş alimentin miqdarı dəyişdirilməsi; Cavabdeh 22 dekabr 2017-ci il tarixdə anadan olmuş Hüseynzadə Hüseyn Ramil oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması; İddiaçı iddiası qalan hissədə təmin edilməməsi; Cavabdeh Sücəddin oğlundan ödənilmiş mediasiya xərcinin əvəzi qismində 55 (əlli beş) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulması; Miqdarı dəyişdirilmiş alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.
6. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, 112.1 maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107, 119, 216-220, 227, 358-360, 362 maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilməməsi hissədə qətnamənin ləğv edilməsini, həmin hissədə də iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara düzgün qiymət verməmiş, həmçinin uşağın mənafeyini nəzərə almamışdır. Belə ki, uşaq böyüdükcə tələbatı da artır, Cavabdeh isə alimentdən əlavə maddi köməklik göstərmir. Halbuki, Cavabdeh Rusiya Federasiyasında işləyir və kifayət qədər qazanc əldə edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdikdən sonra, əlavə olaraq bildirmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentlə uşağı saxlamaq olmaz. Cavabdeh Rusiya Federasiyasında taksi sürücüsü işləyir və kifayət qədər yaxşı qazanc əldə edir. Cavabdehin ən azı 200 manat aliment ödəməyə maddi imkanı çatar. Özü isə masajist işləyir, aylıq gəliri 500 manat olur. Buna baxmayaraq uşağı saxlamaqda çətinlik çəkir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə nümayəndəsi (atası) Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyək izahatında bildirmişdir ki, oğlu Rusiya Federasiyasında yaşasa da, hazırda işləmir. Belə ki oğlu yol nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb və onun 200 manat aliment ödəməyə maddi imkanı yoxdur. Nümayəndə1 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə nümayəndəsi (anası) Nümayəndə2 da Nümayəndə1 ilə eyni məzmunlu izahat vermişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilsədə sonuncu məhkəmə iclasına gəlməmişdir. Sonuncu məhkəmə iclasında nümayəndələri vastəsilə təmsil olunduğundan kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
14. Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
15. Maddə 34. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
16. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
17. Maddə 75. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
18. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər.
19. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
20. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
21. Maddə 4. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar.
22. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosialhüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
28. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
29. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək iddianın tam təmin olunması mübahisələndirildiyindən hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
33. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh faktiki nikahlarından 22 dekabr 2017-ci il tarixdə Hüseyn adlı uşaqları anadan olmuşdur. Münasibətləri pozulduğundan tərəflər ayrılmışlar. Uşaq ananın himayəsində qalmış və Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 sentyabr 2020-ci il tarixli 2(104)-2265/2020 nömrəli qətnaməsi ilə 22 dekabr 2017-ci il təvəllüdlü Hüseynzadə Hüseyn Ramil oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün 17 yanvar 2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 140 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı müəyyən olunmuş alimentlə uşağı saxlamaqda çətinlik çəkdiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı qismən təmin edərək alimentin məbləğini 180 manat müəyyən etmişdir.
34. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.
35. Belə ki, İddiaçı apellyasiya şikayətində Cavabdeh Rusiya Federasiyasında işlədiyini və kifayət qədər gəlir əldə etdiyini qeyd etsədə, lakin o bu barədə hər hansı bir möhtəbər subutu məhkəməyə təqdim etməmişdir. Halbu ki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. İşdən görünür ki, artırılmış alimentin bir illik məcmusu 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378- 382, 384, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli 2(125)-5062/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.