Məhkəmə qərarları › İş №2(104)-2725/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-2725/2023

29.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2725/2023 29.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maddi zərərin ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-2098/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 29 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şatırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 555 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Kürdborakı kəndində qeydiyyatdadır.

2. Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işininin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Bərdə rayonu Şatırlı kəndində yaşayan X2 DİN-nin 102 xidmətinə müraciət edərək VAZ 2106 markalı 10ES557 dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus 1 baş inəyi vurub öldürməsi barədə məlumat vermiş, həmin məlumat əsasında araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Vaz 2106 markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə edərkən Bərdə rayon Nazırlı kənd yolunda hərəkətdə olan zaman X1 məxsus 1 baş inəyi avtomobillə vurmuşdur. Onun əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd olunmuş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin DYPB-nə göndərilmişdir

3. xx.xx.2022-ci il tarixli, 1371 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, hadisə baş verən zaman Cavabdeh orta dərəcəli sərxoşluq əlaməti olmuşdur.

4. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli Aktdan müəyyən olunur ki, X1 məxsus 1 baş inək avtomobil qəzası nəticəsində yaralanmış, tələf olmaması üçün başı kəsilmiş, lakin qida üçün yararsız olduğundan xx.xx.2022-ci il tarixdə məhv edilmişdir.

5. Bərdə Rayon Məhkəməsinin 3(021)1543/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Vaz 2106 markalı ** ES *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə edərkən Bərdə rayon Nazırlı kənd yolunda hərəkətdə olan zaman X1 məxsus 1 baş inəyi avtomobillə vurmuş, onun barəsində İXM-in 334.3-cü maddəsi ilə xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmiş, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinərək, 800 (səkkiz yüz) manat məbləğində cərimə edilmişdir.

6. Bərdə şəhər "xxxx" MMC-nin 413 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, 1 baş iribuynuzlu diri çəkisi 400 kq olan yerli sort boğaz inəyin (şves) hazırda real bazar qiyməti 1800 manat təşkil etdiyi göstərilmişdir.

7. “X3” MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1 baş 4 yaşında olan iribuynuzlu inəyin hazırki bazar qiyməti 1300 manat dəyərində qiymətləndirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus bir baş iribuynuzlu inəyin dəyəri olan 1800 manat məbləğində pul vəsaitinin Cavabdeh alınıb ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Bərdə şəhərindən Bərdə rayon Nazırlı kənd ərazi istiqamətinə hərəkət edən idarə etdiyi Vaz 2106 markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh sürücülük hüququ olmadan, sərxoş vəziyyətdə hərəkət edərkən, ona məxsus 1800 manat dəyərində bir baş inəyi vuraraq tələf etmişdir. Hadisə Bərdə rayon polis şöbəsinin təhqiqat bölməsi tərəfindən araşdırılmış qərar qəbul edilmiş, qərar üzrə cavabdeh Vaz 2106 markalı, ** ES *** dövlət nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə tədbir görülməsi üçün Bərdə rayon polis şöbəsinin DYPB-nə verilmişdir. Göründüyü kimi, Cavabdeh günahı ucbatından ona məxsus 1800 manat dəyərində inək tələf olmuşdur. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-2098/2023 nömrəli qətnaməsi (hakim Qamət Əbilov) ilə iddianın təmin edilməsi, Cavabdeh oğundan 1800 (bir min səkkiz yüz) manat məbləğində pul tutularaq iddiaçı X1 ödənilməsi, iş üzrə ödənilməmiş 33 manat dövlət rüsumu iddiaçı Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

11. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 386.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 106.1, 107, 119.2, 216-220, 227, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(021)-2098/2023 nömrəli qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, qeyd edilən məbləğ qanunsuz olduğundan onun maddi imkanı yoxdurki o həmin məbləği ödəsin. Maddi imkanı olduqca zəifdir. Maddi imkanının aşağı olması ilə əlaqədar o heç zaman həmin məbləği ödəyə bilməyəcək. Adına heç bir daşınar və ya daşınmaz əmlak yoxdur. Həqiqətən də müəyyən edilmiş məbləğ şişirdilmiş olaraq yazılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı İsrail Hüseynova məxsus bir baş inəyin qiyməti çox yazılmışdır. Belə ki, inək Ağcabədi malı olduğu üçün qiyməti ucuzdur və yaxşı sort növü hesab edilmir. İddiaçı həmin inəyi balası ilə birlikdə 900 manata almışdır. Ona görə də bir baş inəyin qiyməti ilə razılaşmır. Hazırda isə iddiaçıya vurduğu zərərə görə 1000 manat ödəniş etməyə hazırdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında göstərmişdir ki, Cavabdeh idarə etdiyi avtomobil ilə Bərdə rayon Nazırlı kənd yolunda hərəkətdə olan zaman ona məxsus 1 baş inəyi avtomobillə vurub tələf etmişdir. Həmin zaman cavabdeh onunla razılıq əldə etməmiş və ona dəymiş zərəri ödəməmişdir. Polisdə izahatında inəyin bazar qiymətini 1400 - 1500 manat göstərmişdir. Həmçinin, cavabdeh tərəfindən verilmiş mütəxəssis rəyi ilə razılaşmır. Çünki, həmin rəydə heç bir əsaslandırılma aparılmamış və tələf olmuş inəyə baxış keçirilməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

22. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

31. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

32. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

33. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

34. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

35. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

38. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

40. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da qeyd olunan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

41. Belə ki, işin halları ondan ibarətdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə “Vaz- 2106” markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə edərkən Bərdə rayon Nazırlı kənd yolunda hərəkətdə olan zaman iddiaçı X1 məxsus 1 baş inəyi avtomobillə vurmuşdur. Bərdə Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli qərarı ilə, cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd olunmuş və barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Bərdə RPŞ-nin DYPB-nə göndərilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(021)-1543/2022 nömrəli qərarı ilə, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinərək, 800 (səkkiz yüz) manat məbləğində cərimə edilmişdir.

42. İş materiallarından göründüyü kimi, apellyasiya şikayəti üzrə tərəflər arasında yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilməlidir.

43. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

44. Azərbaycan Respublikasının MM-in 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

45. Azərbaycan Respublikasının MM-in 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

46. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur.

47. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə “Vaz-2106” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə edərkən Bərdə rayon Nazırlı kənd yolunda hərəkətdə olan zaman iddiaçı İsrail Hüseynova məxsus 1 baş inəyi avtomobillə vurmuşdur. Buna görə də Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli cavabdeh Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilinərək, 800 (səkkiz yüz) manat məbləğində cərimə edilmişdir.

48. Göründüyü kimi, iş materialları ilə cavabdehin ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətməsi tam sübuta yetirilmişdir. Həmçinin, onun təqsirli hərəkəti ucbatından iddiaçının əmlakından məhrum olması nəticəsində sonuncuya maddi ziyan dəymişdir.

49. Lakin, birinci instansiya məhkəməsi tərəfindən maddi ziyanın 1800 manat həddində müəyyən edilməsi əsassız olmuşdur.

50. Belə ki, araşdırma zamanı ibtidai istintaq orqanına izahat vermiş İddiaçı izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə evdə olan zaman oğlu Səbuhi 2 baş iri buynuzlu heyvanı pay torpaq sahəsindən gətirməyə getmiş, həmin vaxt ona zəng edib inəyini Fəti adlı şəxs sərxoş halda maşın idarə edərkən vurub öldürdüyünü demişdirlər. O, həmin vaxt oraya getmiş və Bərdə rayon Nazırlı kəndində yaşayan Cavabdeh vaz 2106 markalı avtomobil ilə kənd yolunda onun baş inəyini vuraraq öldürmüşdür. O, həmin vaxt DİN-nin 102 xidmətinə müraciət etmişdir. Hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yerinə baxış keçirtmişdirlər. Ona məxsus 1 baş inək 4 yaşında və boğaz olmuşdur, həmin inəyin bazar qiyməti 1400-1500 manat olmuşdur.

51. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

52. Azərbaycan Respublikasının MPM-in 80, 81 və 89-cu maddələrinin tələbləri baxımından məhkəmə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verməlidir.

53. Azərbaycan Respublikasının MPM-in 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

54. Bu baxımdan əgər tərəflərdən biri sübut qismində məhkəməyə ibtidai araşdırma orqanlarında aparılmış araşdırma materiallarını, qəbul edilmiş qərarları, yaxud məhkəmə aktlarını və orada əksini tapmış izahatları təqdim edirsə, məhkəmə həmin sənədlərə yuxarıda istinad edilmiş prosessual hüquq normaları baxımından qiymət verməlidir.

55. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı tərəfindən ona məxsus olan 1 baş 4 yaşında olan boğaz inəyin bazar qiymətinin 1400-1500 manat olduğunu İddiaçı xx.xx.2022-ci il tarixdə Bərdə rayon Polis şöbəsinə verdiyi izahatında bildirmişdir. Məhkəmə Kollegiyası maddi zərərin miqdarını iddiaçının izahatında göstərdiyi qiymət həddində, yəni 1400 manat dəyərində müəyyən edilməsini ağlabatan hesab edir.

56. İddiaçı tərəfindən maddi zərərin məbləği barədə təqdim edilmiş Bərdə şəhər "xxxx" MMC-nin 413 nömrəli xx.xx.2022-ci il tarixli məktubu sübut növü kimi qəbul edilə bilməz. Çünki, həmin məktubda 1 baş iribuynuzlu diri çəkisi 400 kq olan yerli sort boğaz inəyin (şves) hazırda real bazar qiyməti 1800 manat təşkil etdiyi göstərilsə də, nəticəyə gəlinərkən hansı rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından istifadə edilməsi və s.göstərilməmişdir.

57. Həmçinin, birinci instansiya məhkəməsində təqdim edilmiş “X3” MMC-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1 baş 4 yaşında olan iribuynuzlu inəyin hazırki bazar qiyməti 1300 manat dəyərində qiymətləndirilmişdir.

58. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyləri qiymətləndirərək mötəbər sübut kimi qəbul etmir. Belə ki, MPM-nin 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

59. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

60. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsassızdır. Çünki, həmin rəy kifayət qədər əsaslandırılmamış və müfəssəl tərtib edilməmişdir.

61. Ona görə də, Məhkəmə Kollegiyası iddiaçının polis şöbəsində verdiyi izahatında - “mənə məxsus 1 baş inək 4 yaşında idi və boğaz olmuşdur, onun bazar qiyməti 1400- 1500 manatdır” - göstərdiyi kimi maddi zərərin 1400 manat miqdarında müəyyən edilməsini ədalətli hesab edir.

62. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

63. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

64. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşdur.

65. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

66. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

67. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

68. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

71. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

72. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia qismən təmin edilməli, cavabdehdən 1400 (bir min dörd yüz) manat və ödənilmiş 33 (otuz üç) manat dövlət rusumu alınaraq iddiaçıya verilməlidir.

73. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

74. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.2, 385.1.2, 385.1.4, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(021)-2098/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 1400 (bir min dörd yüz) manat alınaraq, İddiaçı verilsin. Cavabdeh ödənilmiş 33 (otuz üç) manat dövlət rusumu alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar