Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-274/2023 06.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(013)-1187/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq cavabdehdən 8090 manat, pulun əsassız saxlamasına görə dəymiş ziyanın əvəzi 23100 manat, mənəvi ziyana görə 5000 manat olmaqla, cəmi 36190 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 2(013)-1187/2022 nömrəli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Kommersiya Məhkəməsinin 21 iyul 2022-ci il tarixli 2-2(115)- 1585/2022 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş məhkəmə aidiyyatinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya və İnzibati Kollegiyasının 29 iyul 2022-ci il tarixli 2-2-(102)-579/2022 nömrəli qərarı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş mahiyyəti üzrə baxılması üçün Ağdam Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ağdam Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(013)-1187/2022 nömrəli (hakim R.Məmmədov) qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin yanvar ayında əmisi olğlu, yəni hazırki iş üzrə Cavabdeh onunla birlikdə iş qurub gəlir əldə etməyi təklif edərək özünə məxsus “X1” MMC-ni (hazırda “Güvən Kamera” adlandırılır) birlikdə işlədəcəklərini vəd etmişdir. Bir neçə dəfə təklifi rədd etsə də, lakin əmisi oğlu israr etdiyindən 2019-cu ilin fevral ayında ona 4000 manat vermişdir. Cavabdeh ilə birlikdə Sədərək ticarət mərkəzinə mal almağa geetmişlər və sonuncu ondan götürdüyü 4000 manatdan 3600 manat dəyərində müxtəlif xırdavat mallar ( elektirk məişət əşyaları, telefon aksesuarları, geyim əşyaları, uşaq oyuncaqları və məktəb ləvazimatları) almış, 400 manatı isə mağazanın reklam löhvələri və digər məsrəfləri üçün xərcləmişdir. Mağaza işə başladıqdan 1 ay sonra cavabdeh əlavə malların alınması üçün ondan 1000 manat istəmiş, o da mağazaya gələrək pulu ona vermişdir. 2019-cu ilin mart ayında da mal alınması üçün cavabdehə 1000 manat vermişdir. Cavabdeh 3-4 ay sonra “Aliexpress” onlayın alış-veriş saytı vasitəsilə 1600 manat dəyərində mal sifariş verərək mağazaya gətizdirmiş və hissə-hissə olmaqla, yenidən ondan 1000 manat almışdır. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsində yerləşən 10 kv.m sahəsi olan mağaza fəaliyyətə başlamışdır. 2019-cu ilin oktyabr ayında mağazaya baş çəkən zaman qapısının kilidli, içərisinin isə boş olduğunu gördükdə, cavabdehə zəng edərək məsələyə aydınlıq gətirilməsini bilmək istədikdə, cvabadeh ona alverin getmədiyini və həmin əşyaları Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şossesində yerləşən mağazasında satacağını və boclu olduğu 7000 manatı yaxın vaxtda qaytaracağını bildirmişdir. Lakin iki ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh ona cəmi 300 ABŞ dolları qaytarmışdır. Həmçinin cavabdeh anası əməliyyat olunan zaman ondan 1600 manat borc almış və həmin məbləği də qaytarmaqdan imtina etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, cavabdeh borcu qaytaracağını ona bildirsədə, lakin pulu qaytarmamışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edənə İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdeh əmisi oğlu olduğundan ona etibar etmiş, bu səbəbdən də pulun verilməsi barədə ondan qəbz almamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Sonuncu məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, işə iştirakı olmadan baxılmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 385, 386, 1096-cı maddələrinə istinadən hesab etmişdir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1. maddəsi ilə müəyyən edilmişdir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2. maddəsinə görə isə, borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır. Kollegiya qeyd etməyi zəruri hesab edier ki, öhdəliyin əmələ gəlməsi üçün onun tərəfləri arasında əqdin bağlanması zəruridir. Əqddən yalnız o halda bəhs etmək mümkündür ki, əqdi əmələ gətirən iradə ifadəsi, görünüş etibarı ilə hüquqi nəticəni gerçəkləşdirmək məqsədilə edilmiş olsun. İradə ifadəsi müəyyən bir hüquqi nəticəyə yönəlmiş olmalı, hansı hüquqi nəticəni əmələ gətirmək üçün edildiyi müəyyən edilə bilinmədiyi təqdirdə əqd əmələ gəlmir. Qarşılıqlı bir-birinə uyğun iradə ifadələri nəticəsində əmələ gələn əqd növünə müqavilə deyilir. Əsas etibarı ilə müqavilələr fərqli mənafe və məqsədlərlə (məsələn biri satmaq digəri isə almaq) hərəkət edən şəxslər arasında müəyyən hüquqi nəticəni əmələ gətirmək üçün bağlanır. Müqavilə ikitərəfli əqd növüdür və bu anlayışı əmələ gətirən meyar öhdəlikdir. Əgər müqavilə üzrə tərəflərdən hər birinin öhdəliyi, sırf qarşı tərəfin öhdəliyinin yaranması əvəzində əmələ gəlirsə onda bu cür müqavilələrə tam ikitərəfli müqavilədir. Nəticə etibarı ilə qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən müqavilə anlayışına və müqavilələrin bağlanılmasının ümumi şərt və əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405-424 maddələri ilə tənzimlənən ümumi sisteminə uyğun olaraq razılaşma ilə əmələ gələn bir əqd mahiyyətindədir. İddiaçı Cavabdeh 8090 manat borc, tələb etsədə, lakin sonuncuya borc verməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də kollegiya hesab edir ki, iddianı həmin hissədə təmin etməməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İddiaçı Cavabdeh 8090 manat borc verməsi sübut olunmadığından kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin pulun əsassız saxlanılmasına görə dəymiş ziyanın əvəzi 23100 manat, mənəvi ziyana görə 5000 manat hissədə də iddianı təmin etməməkdə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Bundan əvvəldə qeyd olunduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlara obyektiv baxılması məhkəmədən tələb edir ki, subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlilləri və faktları qiymətləndirsin. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutlara hərtərəfli baxaraq qiymətləndirmək dedikdə, sübut edilməli olan halları və faktları həm təsdiq, həm də inkar edən sübutların dəqiq araşdırılaraq qiymətləndirilməsi, həm də istənilən sübutun qanunvericiliyin bütün tələblərinə cavab verib-vermədiyinin yoxlanılması başa düşülür. Apellyasiya şikayətinin işə baxılarkən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasi dəlilini kollegiya əsassız hesab edir və belə nəticəyə gəlir ki, həmin dəlil qətnamənin ləğvi üçün əsas deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli 2(013)-1187/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-274/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-274/2023
06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver