Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2741/2023 22.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Süleymanov Loğman Srac oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 17 avqust 2011-ci il tarixli, 2(61)-418/2011 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Access Bank» Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 2702,25 manat məbləğində əsas kredit borcu, 486,90 manat faiz borcu, 3748 manat məbləğində cərimə, cəmi 6937,15 manat məbləğində borcun və iddia qaldırılması üçün 20 manat dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə bağlanmış 27 aprel 2010-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 18 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Bu müqaviləyə əsasən aylıq faiz dərəcəsi 3% olmaqla hesablanır. Cavabdeh1 müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirmədiyindən 2702,25 manat məbləğində əsas kredit borcu, 486,90 manat faiz borcu, 3748 manat məbləğində cərimə borcu qalmaqdadır. Həmin kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 27 aprel 2010-cu il tarixli zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında lazımı qaydada icra etməyən cavabdehlərin hazırda 2702,25 manat məbləğində əsas kredit borcu. 486,90 manat faiz borcu, 3748 manat məbləğində cərimə borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə borcun qaytarılması ilə bağlı müraciət edilməsinə baxmayaraq, onlar müqavilələrdən irəli gələ öhdəliklərini icra etməmişlər. Odur ki, mövcud qanunvericiliyə görə cavabdehlər aldıqları kredit məbləğini, həmçinin kreditdən istifadəyə görə faizləri, cərimə pulunu və digər çəkilmiş xərcləri ödəməlidir. Tərtər Rayon Məhkəməsinin 17 avqust 2011-ci il tarixli, 2(61)-418/2011 saylı qətnaməsi ilə (hakim İ.Həsənquliyev) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2702,25 manat məbləğində əsas kredit borcu, 486,90 manat faiz borcu, 3748 manat məbləğində cərimə, cəmi 6937,15 (altı min doqquz yüz otuz yeddi manat on beş qəpik) manat və iddia qaldırılması üçün 20 manat dövlət rüsumunun tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Tərtər Rayon Məhkəməsinin 17 avqust 2023-cü il tarixli, 2(61)-418/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın təmin edilmiş hissədə ləğv edilərək həmin hissədə rədd edilməsi barədə qətnamə çıxarımasını xahiş etmişdir. Cavabdeh2 apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə qətnamə qəbul edərkən maliyyə arayışına əsaslanmaqla, onun məhkəməyə göndərdiyi qəbzləri nəzərə almayaraq iddianı qismən təmin etmişdir. İştirakçılıqla bağlı prosessual məsələlər və izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh1 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahat verib bildirmişdir ki, iddiaçı tərəfindən ona ünvanlanmış 02 fevral 2011-ci il tarixli məktubda borcunun 2270,83 manat olması qeyd olunsa da ona qarşı qaldırılmış iddiada 2702,25 manat tələb edilmişdir. Bundan başqa məhkəmə cərimə məbləğinin həddən artıq yüksək olmasını da nəzərə almamışdır. Buna görə də cərimə məbləğinin azaldılmaqla, ədalətli qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X2 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin ediməməsini xahiş etmişdir. Mülki işdə olan sübutlar: 27 aprel 2010-cu il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 kredit razılaşması əsasında aylıq faiz dərəcəsi 3% olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə nissə hissə qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində kredit götürmüşdur. 27 aprel 2010-cu il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 İddiaçı ASC ilə Bayramov qQdim Çoban oğlu arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Ödənişlərə dair hesabdan çıxarışdan görünür ki, iddia qaldırılan tarixə kimi, yəni 24 may 2011-ci il tarixinədək cavabdeh tərəfindən 2068,12 manat ödəniş edilmişdir ki, həmin məbləğin də 770.37 manatı ödəniş cədvəlinə əsasən faiz məbləğinə silinmişdir. İddiaçı ASCnin ödənişlər məlumat vərəqinsən görünür ki, Tərtərə Rayon Məhkəməsinin 17 avqust 2011-ci il tarixli 2(061)-418/2011 saylı qətnaməsindən sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən cəmi 2233,81 manat (xx.xx.2014xx.xx.2023 tarixləri arasında) ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən cərimə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranı gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alır. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyi tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və gəldiyi nəticə:
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin 17 avqust 2011-ci il tarixli, 2(61)-418/2011 saylı qətnaməsi cərimə məbləği hissəsində ləğv edilməli, həmin həmin hissədə iddia tələbi qismən təmin edilməli, qalan hissədə isə apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 ilə iddiaçı bank arasında 27 aprel 2010-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən Cavabdeh1 18 ay müddətinə aylıq faiz dərəcəsi 3 faiz olmaqla 4000 manat məbləğində kredit verməyi, cavabdeh isə kredit müqaviləsi üzrə ödəniləri vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirmədiyindən 2702,25 manat məbləğində əsas kredit borcu, 486,90 manat faiz borcu, 3748 manat məbləğində cərimə borcu yaranmışdır. Lakin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cərimə məbləğinin tam tutulması ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi dəbbə pulunun tənasübsüz surətdə yüksək olmasına lazımı qiymət verməmişdir. Tələb olunan 3748 manat cərimə məbləği ədalətli və əsaslı hesab oluna bilməməklə, həmin cərimə məbləği əsas öhdəliyin həcminə münasibətdə həddən artıq tənasibsüz surətdə yüksək məbləğ hesab olunur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin 17 avqust 2011-ci il tarixli, 2(61)- 418/2011 saylı qətnaməsi cərimə məbləği hissəsində ləğv edilməli və həmin həmin hissədə iddia tələbi qismən təmin edilərək, cərimə məbləği 200 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə kollegiyası ödənişlərin nəzərə alınmaması ilə bağlı isə cavabdehin şikayətinin dəlilləri ilə razılşamayaraq qeyd edir ki, iş materiallarına əlavə edilmiş ödənişlərə dair hesabdan çıxarışdan görünür ki, iddia qaldırılan tarixə kimi, yəni 24 may 2011-ci il tarixinədək cavabdeh tərəfindən 2068,12 manat ödəniş edilmişdir ki, həmin məbləğin də 770.37 manatı ödəniş cədvəlinə əsasən faiz məbləğinə silinmişdir. Bununla da iddiaçının qalıq əsas borcunun 2702,25 manat məbləğində olması hər hansı bir şübhə yaratmamışdır. 2702,25 manat əsas borc məbləği isə iddiaçının 29 noyabr 2010-cu il tarixinədək qalıq əsas borc məbləği olmuşdur ki, həmin məbləğə hesablanmalı olan faiz məbləğinin aylıq 81,06 manat olması nəzərə alındıqda isə 29 noyabr 2010-cu il tarixindən iddia qaldırılan 24 may 2011-ci il tarixinədək 6 ay müddətin keçməsi nəzərə alındıqda isə tələb edilən 486,90 manat faiz məbləğinin də əsaslı olması öz təsdiqini tapır. İddiaçı isə hansı ödənişlərinin nəzərə alınmamasını əsaslandırmayaraq, öz gümanlarına əsasən qeyri-müəyyən dəlil irəli sürmüşdür. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi əsas borc və faiz məbləği hissəsində iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası 02 fevral 2011-ci il tarixli məktubda borcunun 2270,83 manat olmasının qeyd olunmasına münasibətdə isə qeyd edir ki, həmin məktubdan görünür ki, cavabdehə 27 dekabr 2010-cu il tarixə planlaşdırılmış 292,07 manatın ödənilmədiyi qeyd olunmaqla, 02 fevral 2011-ci il tarixinə ümumi ödənilməli olan borcun 965,51 manat, o cümlədən 560,51 manat əsas, 405 manat faiz borcunun olması bildirilərək, ödənilmədiyi təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməklə, bütün məbləğ olan 2270,83 manatın tələb ediləcəyi bildirilmişdir. 2270,83 manat ödəniş cədvəlinə əsasən hər hansı bir gecikdirmə olmadan ödənilmə halında 27 yanvar 2011-ci il tarixinə olan qalıq əsas borc olacaqdır ki, həmin məktubun məzmunu həm 27 yanvar 2011-ci il tarixindən sonra ödənilməli olan 2270,83 manat əsas borcun, həm də həmin tarixədək yaranmış 965,51 manat əsas və faiz məbləğinin mövcudluğunu özündə ehtiva etmişdir. Buna görə məhkəmə kollegiyası həmin məktuba əsasən cavabdehin əsas borc məbləğinin 2270,83 manat olması ilə bağlı dəlilini də əsassız hesab etmişdir. Bununla yanaşı məhkəmə kolegiyası qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədə əsasən birinci instansiya məhkəməsinin qətnaməsindən sonra borc məbləğindən 2233,81 manat ödəniş edilmişdir ki, həmin məbləğlər hazırkı qətnamə ilə qət edilən məbləğdən çıxılmalı və icra zamanı nəzərə alınmalı olan məbləğlər hesab olunur. Bundan başqa cavabdeh həmin məbləğdən artıq hər hansı bir məbləğ ödədiyini iddia etdiyi halda isə icra zamanı müvafiq sübutlarını icra orqanına təqdim etmək hüququna malikdir. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ:
Tərtər Rayon Məhkəməsinin 17 avqust 2011-ci il tarixli, 2(61)-418/2011 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 17 avqust 2011-ci il tarixli, 2(61)-418/2011 saylı qətnaməsi cavabdehlərdən tutulan cərimə məbləği hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2702,25 manat məbləğində əsas borc, 486,90 manat faiz, 200 manat cərimə məbləği olmaqla, cəmi 3389,15 (üç min üç yüz səksən doqquz manat on beş qəpik) manat borc məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qıtnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə biməz.