Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2756/2023 15.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(013)-196/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh maşın təmiri üçün çuxurlar və çardaq tikintisi üçün istifadə etdiyi 840 ədəd mişar daşı, 8 kub/m çınqıl, 1 ədəd 5x5 taxta, 10 paçka şrup, 33 kisə sement, 7,5 kub/m qum, 24 metr metal boru, 5x7 36 ədəd taxta, (6 m-lik) 24 ədəd profnastel, 2 ədəd profnastel qapı, 6 ədəd kanyok, (120-lik) 4 kq 2,2 m mismar, 76,72 m 5,6 m turba, 40-lıq 160 metr, 1,7 m 50-lik 72 metr iqolnik, 32-lik 1 ədəd iqolnik və maşın mexanizmləri natura şəklində, əgər natura şəklində mümkün olmasa onların dəyərləri olan 3850 manat pul və 210 manat usta pulu olmaqla, cəmi 4060 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə münasibətləri yaxşı olmuşdur. Belə ki, Cavabdeh Ağdam rayonu, Dörd yol ərazisində mağazası olmuşdur. Eşitmişdir ki, o mağazanı icarəyə verir. xx.xx.2019-cu il tarixdə Ağdam rayonu, Dörd yol ərazisində Cavabdehla görüşmüş və icarə müqaviləsi bağlamaq haqqında danışmışlar. Məzahir bildirmişdir ki, mağazanın sənədlərində kəm-kəsir var, sənədləri tam 2020-ci ilin aprel ayına kimi düzəltdirəcək və rəsmi icarə müqaviləsi bağlayacaqlar. Cavabdeh ondan 2020-ci ilin aprel ayının axırına kimi olan müddətə görə 1500 manat icarə haqqı almışdır. Ancaq 2020-ci ilin aprel ayında sənədin yenə hazır olmadığını bildirmişdir. Cavabdehə bildirmişdir ki, orada iki yama tikməli və üstünü çardaq etməlidir. Cavabdeh isə bildirmişdir ki, xəstəsi var, 1500 manat pulu da ona görə almışdır. Yamanı və çardağı özü tiksinin, nə vaxt işləmək istəməszsə çəkdiyi xərci ödəyər, yamalar və çardax yerində qalar. O da cavabdehin bu təklifinə razılaşmış, yamaları tikdirmiş və çardağı düzəltdirmişdir. Yamalara və çardağa ümumilikdə 4060 manat xərc çəkmiş və işləməyə başlamışdır. Ayda 300 manat icarə haqqı vermişdir. Cavabdeh bildirmişdir ki, icarə haqqını qaldırır və 400 manat ödəməlidir. O, da çarəsiz qalıb, razılaşmışdır. 3-4 ay sonra yenidən cavabdeh bildirmişdir ki, icarə haqqını 600 manata qaldırır. O isə etiraz etdərək razılaşmamış və icarəni dayandırmışdır. O, cavabdehdən yamalara və çardağa çəkdiyi xərci tələb etmişdir. Məzahir isə bildirmişdir ki, pulu yoxdur, sök apar. O da razılaşmış, çardağı sökməyə başlayanda Məzahir mağazanı satdığını, müştəri olduğunu bildirmişdir. Buna görə də söküntünü dayandırmışdır. Sonra məlum olmuşdur ki, Məzahir yalan deyir. Bir neçə müddət sonra Məzahir tikdirdiyi yeri başqa şəxsə icarəyə vermişdir. O, çardağa özü müştəri tapmışdır. X1 ilə təkcə çardağa 2000 manat razılaşmışdır. Ziyafət bildirmişdir ki, səhər gəlib çardağı söküb pulunu verəcəkdir. Buna görə də Məzahirə zəng vurub, çardağı satdığını, səhər gəlib sökəcəklərini bildirmişdir. Məzahir isə demişdir ki, çardağı sökmə, 2ci günə kimi özü pulu ödəyəcək. O yenə də razılaşmışdır. İkinci gün Məzahirə zəng vurmuş və pulu istəmişdir. Lakin, cavabdeh pulun olmadığını bildirmiş, pulun düzəlməsi üçün bir qədər gözləməyi bildirmişdir. İkinci gün axşam isə zəng vurmuşdur ki, külək çardağı aşırmışdır. Səhəri ora getmiş və görmüşdür ki, çardağı külək aşırmış, ancaq bir o qədər ziyan dəyməyibdir. Məzahir çardağı bu vəziyyətdə neçəyə satmasını soruşduqda, 2000 manat verməsini demiş, o isə 500 manat vermək istəmiş, buna görə də razılaşmamışlar. Səhəri gedib çardağın şəklini çəkmiş və yamanı icarəyə götürənə demişdir ki, səhər fəhlə gəlib yamanı sökəcək. Həmin şəxs də onun sözünü Məzahirə demişdir. Məzahir də zəng edərək, ona heç bir şey apara bilməyəcəyini demişdir. Cavabdeh ona maddi zərər vurubdur. O, nə çəkdiyi xərci ona vermiş, nə də ki, materialları götürməyinə imkan verməmişdir. Buna görə də məhkəməyə müraciət etmişdir. Ağdam Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(013)-196/2023 saylı qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia qismən təmin edilərək, Cavabdeh 3414 (üç min dörd yüz on dörd) manatın alınaraq, İddiaçı verilməsi, iş üzrə ekspertiza xərcinə görə Cavabdeh 100 (yüz) manatın tutularaq dövlət büdcəsinə köçürülməsi, Cavabdeh 54 (əlli dörd) manat 14 (on dörd) qəpik dövlət rüsumunun tutulması və İddiaçı Cavabdeh qarşı iddiasının qalan – 646 (altı yüz qırx altı) manat tələbinə dair hissəsinin rədd edilməsi qət edilmişdir. İşdə olan sübutlar: Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 10/94 saylı rəyindən görünür ki, Ağdam rayonu Dördyol ərazisində yerləşən Cavabdeh məxsus mağazanın ərazisində yerləşən inşa olunmuş maşın təmiri üçün çuxur və çardağın inşasına sərf olunmuş tikinti materiallarının dəyəri bazar qiymətlərinə uyğun olaraq 3414 (üç min dörd yüz on dörd) manat məbləğində müəyyən olunur (hər birinin qiyməti 0,60 manat olan 945 ədəd mişar daşı ümumi dəyəri 567 manat, hər birinin qiyməti 7 manat olan 5 kisə sement ümumi dəyəri 35 manat, qiyməti 16 manat olan 0,8 kub/m qum 16 manat, hər birinin qiyməti 350 manat olan biri 12 metr uzunluqda 6 ədəd ferma ümumi dəyəri 2100 manat, hər birinin qiyməti 8 manat olan 85 ədəd metal şifer 680 manat, hər qutunun qiyməti 8 manat olan 2 qutu şrup ümumi dəyəri 16 manat). Apellyasiya şikayətinin dəlilləri. Ağdam Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(013)-196/2023 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(013)-196/2023 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən sübutlara obyektiv və hərtərəfli qiymət verməmişdir. İşin hallarından göründüyü kimi İddiaçı ilə aralarında olan şifahi razılaşmaya əsasən ona məxsus Ağdam rayonu Dördyol-2 qəsəbəsində yolun kənarında yerləşən tikinti obyektini İddiaçı 2019-cu ildə icarəyə vermişdir. İddiaçı öz iş fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı həmin obyektdən əlavə maşın təmiri üçün çuxur və çardaq inşa etmişdir. Gələcəkdə icarə müqaviləsinə xitam veriləcəyi halda görülmüş işlərin aqibəti barədə heç bir razılaşma olmamışdır. 2021-ci ilin may ayınadək İddiaçı orada Kamaz və digər böyük yük maşınlarının təmiri işlərini aparmış və müvafiq gəlir əldə etmişdir. 2021-ci ildə icarə müqaviləsi qarşılqlı razılaşmaya əsasən ləğv edilmişdir. Bu zaman İddiaçı əlavə inşa edilmiş və görülmüş işlərin dəyərini ondan tələb etdikdə o bütün tikdirdiyi obyektin inşaat materiallarını söküb aparmasını demişdir. İddiaçı dəfələrlə əlavə görülmüş işlərə sərf olunmuş inşat materiallarını söküb aparmasını tələb etsə də heç bir nəticəsi olmamışdır. Bu ərəfədə güclü külək çardağı götürüb yerə atmış, çardağın üstündəki dəmir şiferlərlərin əksəriyyəti əzilmişdir. İşi belə görən İddiaçı tez-tələsik məhkəmədə iddia qaldırmışdır. O etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, əlavə işlərə sərf olunmuş tikinti materialların və güclü külək nəticəsində aşmış çardağın materiallarının aparılmasına etiraz etmədiyini bildirmişdir. Materialların vaxtında aparılmamasının günahkarının isə onun xəbərdarlıqlarına məhəl qoymayan İddiaçı olduğunu bildirmişdir. O etirazının əsası kimi istinad etdiyi halı sübut etmək üçün 4 nəfər şahidi (X3, X7, X6, X4) məhkəməyə gətirmiş və məhkəmədə dinlənilməsini xahiş etmişdir. Ancaq, işə baxan hakim nədənsə şahidlərin dindirilməsi barədə vəsatətini təmin etməmişdir. Bundan başqa 12 aprel 2021-ci il tarixdə güclü külək səbəbindən İddiaçı inşa etdiyi çardağı aşırması barədə Ağdam RİH-nin nüməyəndələri hadisə yerinə gəlib zərər aktı tərtib ediblər. Həmin aktın surəti onda olmadığı üçün məhkəmədən həmin aktı Ağdam RİH-dərı tələb edilib götürülməsini də xahiş etmişdir. Ancaq, həmin vəsatəti də təmin edilməmişdir. Birinci instansiya məhkəməsinın iş üzrə tikinti-texniki ekspertizası təyin etməsini və Məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli rəyini də tamamilə əsassız hesab edir. Belə ki, İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış iddia ərizəsinin məzmunundan da göründüyü kimi o görülmüş işlərə sərf olunmuş tikinti materiallarını naturada, əgər bu mümkün olmazsa dəyərinin alınmasını tələb etmişdir. O da məhkəməyə ünvanladığı ərizədə və məhkəmə iclasında tikinti işlərinə sərf olunmuş materialların obyektdə olduğunu (çardağın külək aışrmış vəziyyətdə) bildirmiş və götürülməsinə etiraz etmədiyini qeyd etmişdir. Tələb olunan tikinti materialları mövcud olduğu halda və onun əmlaka zərər vurmadan ayrılması mümkün olduğu halda məhkəmə nəyə görə, hansı əsasla tikinti-texniki ekspertizası təyin etmişdir? Məhkəmə tikinti-texniki ekspertizasının rəyi də ekspert təyini barədə qərar kimi əsassız və qanunsuzdur. Rəyin məzmunundan da göründüyü kimi ona məxsus obyektə və əmlak baxış onun məlumatı və işirakı olmadan keşirilmişdir. Ancaq, nədənsə İddiaçı iştirakı təmin olunmuş və baxış keçirilmiş əmlaka əsassız olaraq həcmindən artıq ölçülər, artırılmış miqdar (məs; İddiaçı iddia ərizəsində maşın təmiri çuxuruna 840 ədəd mişar daşı işləndiyini, ekspert isə 945 ədəd mişar daşı sərf olunduğunu) və qiymətlər qoyulmuşdur. Bundan başqa ekspert 12x12 ölçüdə olan çardağın üzərinə 85 ədəd olmaqla hər birinin qiyməti 8 manat, ümumi qiyməti 680 manat olan dəmir şifer işləndiyi barədə rəy də tamamilə əsassızdır. Belə ki, rəyin əsaslandırıcı və nəticə hissəsindən də göründüyü kimi ekspert dəmir şiferin enini və uzunluğunu müəyyən etmədən 12x12 ölçüdə olan çardağa 85 ədəd dəmir şifer sərf olunduğunu necə müəyyən etmişdir? Bundan başqa ekspert rəyində əmlaka edilmiş yaxşlışdırmanın əmlakdan ayrılmasının ona zərər yetirmədən ayrılmasının mümkünn olmaması barədə heç bir rəy verməmişdir. Ancaq işin halları təsdiq edir ki, çuxura sərf olunmuş mişar daşını, ferma qurğusuna sərf olunmuş dəmir iqolnik ,şifer və digər digər materialların əmlaka zərər vurmadan ayrılması mümkün olmuşdur. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib, şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, obyektini satmaq üçün başqa şəxslə razılaşmış və ondan beh almışdır. Lakin, onun razılaşması öz obyektinə görə olmuş, alan şəxsə isə çardağın iddiaçıya məxus olduğunu və onunla danışmalı olduğunu bildirmişdir. Alan şəxs də iddiaçı ilə telefonla danışmış və razılığa gəlmişlər. Lakin, obyektin sənədlərini qaydasına sala bilmədiyindən alıcı ilə razılaşmaları baş tutmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu bildirib, şikayətin təmin edilməməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, həqiqətən də cavabdeh obyektini satmaq istəmiş və obyekti almaq istəyən şəxs ona zəng vuraraq, çardağı da alamq istədiyini bildirmişdir. O, da həmin şəxslə 3500 manata razılaşmışdır. Lakin, cavabdehlə həmin şəxsin razılaşması sonradan baş tutmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Müki Məcəlləsi: 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Kommersiya işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin Kommersiya və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şkayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər arasında cavabdehin istifadəsində olan Ağdam rayonu, Dörd yol ərazisində yerləşən obyekt və torpaq sahəsinə dair şifahi icarə müqaviləsi bağlanmış və icarə müddətində iddiaçı tərəfindən həmin yerdə avtomobillərin təmiri üçün çuxur və çardaq inşa edilmişdir. Sonradan onlar arasında bağlanmış icarə müqaviləsinə xitam verilmişdir. Avtomobillərin təmiri üçün inşa edilmiş çuxur təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyekt qismində daşınmaz əşya hesab olunmaqla, iddiaçının vicdanlı sahib kimi yaxşılaşdırma qismində həmin çuxurun yaradılması üçün sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmuşdur ki, bununla da birinci instansiya məhkəməsinin çuxurların inşası üçün çəkilmiş xərcin cavabdehdən tutulması ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Lakin, icarədə olmuş torpaq sahəsinə inşa edilmiş çardaq yerinin dəyişdirilməsi mümkün olan daşınar əşya qismində cavabdehin qanunsuz sahibliyində, iddiaçının isə vicdanlı sahib olaraq yaxşılaşdırma qismində həmin çardağı tələb etmək hüququ olmuşdur. İşin hallarından isə göründüyü kimi həmin çardağın sökülüb götürülməsi ilə əlaqədar tərəflər arasında hər hansı bir ciddi fikir ayrılığı olmamış, lakin obyektin başqa şəxs tərəfindən alınması və həmin alıcının da həmin çardağı almaq istəməsi, lakin həmin sövdələşmənin baş tutmaması səbəbindən çardaqla bağlı mübahisənin məhkəmədən kənar həll edilməsi mümkün olmamışdır. Cavabdeh də hazırda həmin çardağın iddiaçı tərəfindən sökülüb aparılmasına etiraz etməməkdədir. Birinci instansiya məhkəməsi isə çardağın daşınar əşya qismində iddiaçı tərəfindən götürülməsinin mümkünlüyünü nəzərə almayaraq, həmin əmlakın dəyərini cavabdehdən tutumaqla, düzgün olmayan nəticəyə gəlmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, Ağdam Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(013)-196/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(013)-196/2023 saylı qətnaməsi dəyişdirilərək, çuxurun yaradılması üçün sərf edilmiş zəruri məsrəflərin əvəzi qismində 618 manat cavabehdən alınaraq, iddiaçıya verilməli, həmçinin çardağın özü naturada, naturada mümkün olmadığı təqdirdə isə dəyəri qismində 2780 manat cavabdehdən alınaraq, iddiaçıya verilməli, apellyasiya şikayəti isə qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Ağdam Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(013)-196/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(013)-196/2023 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilsin. Cavabdeh çuxurun yaradılması üçün sərf edilmiş zəruri məsrəflərin əvəzi qismində 618 (altı yüz on səkkiz) manat alınaraq, İddiaçı verilsin. Cavabdeh çardaq naturada, naturada mümkün olmadığı təqdirdə isə dəyəri qismində 2780 (iki min yeddi yüz səksən) manat alınaraq, İddiaçı verilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.