Məhkəmə qərarları › İş №2(104)-278/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-278/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-278/2024 21.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1977/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 21 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilərək ona Cavabdeh Şöhrət oğluna qarşı hər hansı bir tələbi və iddiası olarsa bu barədə mülki qaydada məhkəməyə müraciət etməsi izah olunması qərara alınmışdır.

2. Həmin qərarda İddiaçı izahat verərək bildirmişdir ki, 2008-ci ildən 2022-ci il tarixədək olan müddət ərzində Cavabdeh Şöhrət oğlu mütəmadi olaraq ondan ünvan 1 ünvanında yerləşən dükanda iri və xırda buynuzlu heyvanlar alıb kəsilərək satması ilə məşğul olaraq pulunu ödəmişdir. Həmin müddət ərzində müəyyən vaxtlarda Cavabdeh tərəfindən satılması üçün kəsilərək iri və xırda buynuzlu heyvanlar kəsilərək satılıb pulunun ödənilməsi üçün ona verilsə də, həmin malların pulu İddiaçı ödənilməmiş və Cavabdeh 46.200 manat məbləğində pul borcu qalmışdır. Həmin borcdan Cavabdeh 1500 manat ödəmiş və sonra isə borcunun ödənilməsi üçün 10.000 manat dəyərində olan «Lada Priora» markalı avtomaşınını Cavid Qasımova verərək qalan borcun sonradan ödənilməsi ilə razılaşmışlar. Lakin, həmin vaxtdan sonra Cavabdeh borclu olduğu 34.700 manat pulu İddiaçı ödəməmişdir.

3. Həmin qərarda Cavabdeh izahat verərək bildirmişdir ki, 2008-ci ildən 2022-ci il tarixədək olan müddət ərzində İddiaçı mütəmadi olaraq iri və xırda buynuzlu heyvanlar alıb kəsilərək Suraxanı rayonu Bül-Bülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən dükanda satışı ilə məşqul olmuşdur. Həmin müddət ərzində məlum olan 2019-cu il tarixdə «Korona Virus»-la bağlı ticarətin zəif olması səbəbindən ət dükanın fəaliyyətinin dayanmaması üçün İddiaçı alaraq kəsdiyi iri və xırda buynuzlu heyvan ətlərinin satılması mümkün olmadığı üçün 10-15 və bəzən 20 kq ətin atılmasına məcbur olmuşdur. Cavabdeh müflis olduğu üçün xx.xx.2022-ci il tarixdə işlətdiyi ət dükanını bağlamış və onun bununlada İddiaçı 32.000 manat borcu qaldığına görə borcundan 10.000 manatın çıxarılması səbəbi ilə aralarında olan razılaşmaya əsasən İddiaçı «Lada Priora» markalı avtomaşınını vermişdir. Cavabdeh bununlada İddiaçı 22.000 manat borcunun qaldığını qeyd etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 34.700 manat pulun və ödənilmiş 195 manat məbləğində dövlət rüsumunun, cəmi 34.895 manat pulun onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 15 ildir ki, tanıyır. Cavabdeh 2018-ci ildən ünvan 2 ünvanında yerləşən dükanda iri və xırda buynuzlu heyvanlar alıb kəsilməsi və satılması ilə məşğul olur. 2018-ci ildə Cavabdeh ondan ət götürərək başqa yerdə satıb pulunu ödəyəcəyini bildirmiş, razılaşaraq 2018-ci ildən 2022ci il tarixədək olan müddət ərzində Cavabdeh iri və xırda buynuzlu heyvanların satılması üçün müxtəlif vatlarda 46.200 manat məbləğində borca mal vermiş, həmin borcdan Cavabdeh 1500 manat ödəmiş və sonra isə borcunun ödənilməsi üçün 10.000 manat dəyərində olan LADA PRİORA markalı avtomobili pul əvəzi kimi vermiş, qalan 34.700 manat borcunu isə qısa müddət ərzində ödənilməsi üçün razılaşma əldə olunmuşdur. Lakin həmin vaxtdan sonra cavabdeh ona borclu olduğu 34.700 manat pulu ödəməmiş, bundan sonra dəfələrlə cavabdehə zəng edərək qalıq borcu tələb etməyinə baxmayaraq həmin pulu ondan ala bilməmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmışdır. Bir sözlə Cavabdeh onun etibarından sui-istifadə edərək onu aldatmış və nəticədə ona ziyan vurmuşdur. Məcburiyyət qarşısında qalıb Cavabdeh barəsində şikayət ərizəsi ilə Bakı Şəhəri Suraxanı Rayon Polis İdarəsinə rəsmi şəkildə müraciət etmişdir. Lakin xx.xx.2023-cü il tarixdə Cavabdeh ona olan borcunu etiraf etsə də, Suraxanı RPİ-nin 31-ci X1çısı, polis mayoru Namiq Məmmədov tərəfindən araşdırma aparılmış və sonda 20 mart 2023-cü il tarixli Cinayət İşinin Başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarda məsələnin mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi ona tövsiyyə olunmuşdur. Cavabdehin belə hərəkətləri səbəbindən hazırda məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh imkanı olduğu halda borclu olduğu məbləği qəsdən ödəmir. Ona görə də hesab edir ki, iddia tələbləri əsaslıdır, tələbinin təmin edilməsini xahiş edir.

6. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1977/2023 nömrəli qətnaməsi ilə (hakim Elşad Bayramov), iddianın təmin edilməsi, Cavabdeh - 34.700 (otuz dörd min yeddi yüz) manat pul və dövlət rüsumu kimi ödənilmiş 195 (bir yüz doxsan beş) manat, cəmi 34.895 (otuz dörd min səkkiz yüz doxsan beş) manat məbləğində pul tutuaraq İddiaçı xeyrinə verilməsi qət edilmişdir.

7. Məhkəmə mövqeyi ilə bağlı qeyd etmişdir ki, İddiaçı məhkəməyə təqdim etdiyi, Cavabdeh ilə apardığı alış-verişi özündə əks etdirən dəftərdə olan məlumatlardan görünür ki, iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi hallar barədə məhkəməyə sübut təqdim edir, həmin dəftər çıxarışlarından görünür ki, Cavabdeh İddiaçı həqiqətən təxminən 34.700 manat civarında borcu vardır.

8. Cavabdeh məhkəməyə İddiaçıla apardığı alış-verişlə bağlı əlyazılarını təqdim etsə də, orada yalnız İddiaçı verdiyi pulların məbləği öz əksini tapmış, hazırda özünün Cavada olan borc məbləğinin isə nələrdən ibarət olması görünmür.

9. Cavabdeh borcunun 22.000 manat olmasını bildirir, həmin məlumatların dəftərində qeyd edildiyini bildirir, lakin həmin dəftəri məhkəməyə təqdim etmir, uşaqların həmin dəftəri çırdığını bildirməklə ağlabatmayan dəlilə istinad edir.

10. Məhkəmə hesab edir ki, iddia tələbləri əsaslıdır və qanunamüvafiqdir.

11. Yuxarıda qeyd edildiyi kimi xx.xx.2023-cü il tarixli, Suraxanı Rayon Polis İdarəsinin 31-ci X1 Qrupunun cinayət işi başlanmasının rədd edilməsi barədə 20 mart 2023-cü il tarixli Qərarından görünür ki, hazırkı Cavabdeh İddiaçı iri və xırda buynuzlu heyvanlar aldığını etiraf etmiş, ona borclarının yarandığını bildirmiş, 2022-ci il tarixədək Cavaddan nisyə mallar götürdüyünü bildirmiş, lakin borcunun 22.000 manat olduğunu etiraf etmişdir.

12. Cavabdeh məhkəmə iclasında da borcunun 22.000 manat olmasını etiraf etmiş, lakin alış-veriş işlərini əks etdirən dəftər qeydlərinin uşaqları tərəfindən çırıldığını bildirmişdir.

13. Lakin qeyd edildiyi kimi İddiaçı məhkəməyə təqdim etdiyi hesabat sənədindən görünür ki, həmin əlyazısında Cavabdeh ilə aparılan bütün alış-veriş işləri müfəssəl şəkildə, illər üzrə ardıcılıqla aparılmış, həmin qeydlərin əsillərinə hər iki tərəfin iştirakı ilə məhkəmə iclasında baxıldı və həqiqəti əks etdirməsi məhkəmədə şübhə doğurmadı.

14. İddiaçı təqdim etdiyi həmin qeydiyyatlardan görünür ki, Cavabdeh nisyə aparılan alqı-satqılar üzrə 34.730 manat iddiaçıya borcları yığılmışdır.

15. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslandırılır, təmin edilməlidir, iddiaçı iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübut edir, bu barədə məhkəməyə müvafiq sənədləri təqdim edir.

16. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 14.1, 16.1, 329.2, 385.1 və 600.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 119 və 216-237-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

17. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1977/2023 nömrəli qətnaməsinin qismən ləğv edilməsini və ondan 22.000 manat məbləğində borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddaçı 34.700 manat məbləğində borcun olmasına dair heç bir sübut təqdim edə bilməmişdir. Bütün izahatlarda və məhkəmə prosesində onun borcumun 22.000 manat təşkil etdiyini bildirməyinə baxmayaraq məhkəmə bu faktlara heç bir məhəl qoymamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, o, 2018-ci ildən ünvan 2 ünvanında yerləşən dükanda iri və xırda buynuzlu heyvanlar alıb kəsilməsi və satılması ilə məşğul olur. 2018-ci ildə Cavabdeh ondan ət götürərək başqa yerdə satıb pulunu ödəyəcəyini bildirmiş, razılaşaraq 2018-ci ildən 2022-ci il tarixədək olan müddət ərzində Cavabdeh iri və xırda buynuzlu heyvanların satılması üçün müxtəlif vatlarda 46.200 manat məbləğində nisyə mal vermiş, həmin borcdan Cavabdeh 1500 manat ödəmiş və sonra isə borcunun ödənilməsi üçün 10.000 manat dəyərində olan Lada Priora markalı avtomobili pul əvəzi kimi vermiş, qalan 34.700 manat borcunu isə qısa müddət ərzində ödənilməsi üçün şifahi razılaşma əldə olunmuşdur. Lakin həmin vaxtdan sonra cavabdeh ona borclu olduğu 34.700 manat pulu ödəməmiş, bundan sonra dəfələrlə cavabdehə zəng edərək qalıq borcu tələb etməyinə baxmayaraq həmin pulu ondan ala bilməmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

21. İş üzrə Cavabdeh və nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

24. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

25. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

33. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

34. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

35. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

36. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

37. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

38. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

40. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin yalnız borc məbləğini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

42. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

43. Belə ki, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019cu il tarixli Qərarında göstərilmişdir ki, Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir.

44. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

45. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

46. Məhkəmə kollegiyası bildirir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

47. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

48. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

49. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

50. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək, bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Belə ki, Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə xx.xx.1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

51. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərar).

52. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə aktlarına irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edərək, bir sıra qərarlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir.

53. Avropa Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli Qərarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir.

54. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə müdafiəsi hüququ özündə ədalətli məhkəmə qərarının qəbul edilməsini ehtiva edir. Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində təsbit edilən təminatlara məhkəmələrin öz qərarlarını yetərli dərəcədə əsaslandırmaq öhdəliyi daxildir. Əsaslandırılmış qərar, tərəflərə işlərinə həqiqətən baxıldığını göstərir. Milli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (H.Belçikaya qarşı iş üzrə xx.xx.1987-ci il tarixli Qərar, §53; Suominen Finlandiyaya qarşı iş üzrə xx.xx.2003-cü il tarixli Qərar, §36-37). Tərəflərdən birinin təqdim etdiyi sübut prosesin nəticəsi üçün həlledici olduqda, məhkəmə ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verməlidir. Buna müvafiq olaraq, məhkəmələr tərəflərin əsas arqumentlərini diqqətlə araşdırmalıdırlar (Buzescu Rumıniyaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli Qərar, §67).

55. Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı Bratyakin Rusiyaya qarşı iş üzrə xx.xx.2006-cı il, Radçikov Rusiyaya qarşı iş üzrə xx.xx.2007-ci il, Lenskaya Rusiyaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir.

56. Bu kontekstdə, baxılan işdə birinci instansiya məhkəməsinin qətnaməsindən aydın olmur ki, həmin məhkəmə “Cavabdeh nisyə aparılan alqı-satqılar üzrə 34.730 manat iddiaçıya borcları yığılmışdır...” dedikdə, konkret olaraq olaraq hansı mötəbər sübutlar əsasında cavabdehin 34.730 manat məbləğində iddiaçıdan nisyə mal alması sübuta yetirilməmiş, faktın öz təsdiqini tapdığını dedikdə də hər hansı mötəbər sübuta istinad etməmişdir.

57. Halbuki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

58. Belə ki, işin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında iri və xırda buynuzlu heyvanların nisyə alqı-satqısına dair şifahi razılaşma olmuşdur. İddiaçı 46.200 manat borcunun olmasını, həmin borcdan 1.500 manat və 10.000 manat dəyərində olan “Lada Priora” markalı avtomobil verdikdən sonra 34.700 manat borcunun qaldığını, lakin qaytarmadığını bildirmişdir. Cavabdeh isə 32.000 manat borcu olduğunu, ondan 10.000 manat dəyərində olan avtomobili verdikdən sonra 22.000 manat borcunun qaldığını bildirmişdir.

59. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında iri və xırda buynuzlu heyvanların nisyə alqı-satqısı olmuşdur. Cavabdeh isə iddiaçıdan heyvanları aldığını bildirmiş, sonuncu tərəfindən əmlakların dəyəri mübahisələndirilməmişdir. Həmçinin, cavabdeh tərəfindən borc məbləğindən çıxılması üçün 10.000 manat dəyərində olan “Lada Priora” markalı avtomobil iddiaçıya verilmişdir.

60. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflərin arasında yaranmış mübahisə, nisyə satılmış əşyanın dəyərinin ödənilməsi münasibətləri üzrə yaranmışdır. Ona görə də işin hallarına nisyə satılmış əşyanın dəyərinin ödənilməsi ilə bağlı qanunvericiliyə əsasən hüquqi qiymət verilməli və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıdakı müddəaları əsasında həll olunmalıdır.

61. İş materialları ilə müəyyən olunur ki, cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda nisyə mal almış, pulunu qaytaracağına söz versə də aldığı malların pulunu tam qaytarmamışdır.

62. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 385-ci maddəsinə görə, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

63. Azərbaycan Respublikasının MM-in 425.1-ci maddəsinin tələbinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

64. Azərbaycan Respublikasının MM-in 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

65. Məhkəmə kollegiyası sadalanan hüquq normalarını işin faktik halları ilə birlikdə müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddianın tam həcmdə təmin edilməsi barədə məhkəmənin gəldiyi nəticə əsaslı deyildir.

66. Belə ki, hazırkı mübahisədə sübutetmə vəzifəsinin bölgüsü baxımından mallarən nisyə verildiyini və qalan pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir.

67. Bu baxımdan hazırki mübahisə araşdırılan zaman İddiaçı iddiasının əsası kimi, təhqiqat orqanının qərarını, hesablamalar apardığı dəftəri və şahidləri birinci instansiya məhkəməsinə təqdim etmişdir.

68. Nəzərə alınmalıdır ki, əgər tərəflərdən biri sübut qismində məhkəməyə təhqiqat orqanlarında aparılmış araşdırma materiallarını, qəbul edilmiş qərarları, yaxud məhkəmə aktlarını və orada əksini tapmış izahatları təqdim edirsə, məhkəmə həmin sənədlərə yuxarıda istinad edilmiş prosessual hüquq normaları baxımından qiymət verməlidir.

69. İş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh izahat verərək bildirmişdir ki, 2008-ci ildən 2022-ci il tarixədək olan müddət ərzində İddiaçı mütəmadi olaraq iri və xırda buynuzlu heyvanlar alıb kəsilərək Suraxanı rayonu Bül-Bülə qəsəbəsi, S.Əliyev küçəsində yerləşən dükanda satışı ilə məşqul olmuşdur. Həmin müddət ərzində məlum olan 2019-cu il tarixdə «Korona Virus»-la bağlı ticarətin zəif olması səbəbindən ət dükanın fəaliyyətinin dayanmaması üçün İddiaçı alaraq kəsdiyi iri və xırda buynuzlu heyvan ətlərinin satılması mümkün olmadığı üçün 10-15 və bəzən 20 kq ətin atılmasına məcbur olmuşdur. Cavabdeh müflis olduğu üçün xx.xx.2022-ci il tarixdə işlətdiyi ət dükanını bağlamış və onun bununlada İddiaçı 32.000 manat borcu qaldığına görə borcundan 10.000 manatın çıxarılması səbəbi ilə aralarında olan razılaşmaya əsasən İddiaçı «Lada Priora» markalı avtomaşınını vermişdir. Cavabdeh bununlada İddiaçı 22.000 manat borcunun qaldığını israrla qeyd etmişdir.

70. Göründüyü kimi, təhqiqat orqanlarında aparılmış araşdırma materialları zamanı cavabdeh ümumilikdə 32.000 manat borcunun olduğunu və həmin borc məbləğində 10.000 manat dəyərində olan “Lada Priora” markalı avtomobili iddiaçıya qaytardıqdan sonra 22.000 manat məbləğində borcunun qaldığını bildirmişdir. Həmin avtomobili iddiaçının özü də istər iddia ərizəsində, istərsə də məhkəmələrdə verdiyi izahatda cavabdehdən 10000 manata qəbul etdiyini təsdiq etmişdir.

71. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehin 10.000 manat dəyərində avtomobili ona verdikdən sonra 34.700 manat borcunun qalması barədə dəlillərini kollegiya əsassız hesab edir. Çünki, işin qeyd olunan halları iddiaçı tərəfindən sübuta yetirilə bilməmiş, bu barədə nə birinci instansiya məhkəməsinə, nə də ki apellyasiya instansiyası məhkəməsinə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

72. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

73. İddiaçı cavabdehin 34.700 manat məbləğində borcunun qalması barədə hesablamalar apardığı dəftəri təqdim etsə də, həmin qeydlər tərəflərin imzası ilə təsdiqlənməməklə və sadə kserosurət olmaqla təqdim edilmişdir ki, bu cür sənəd mülkiprosessual qanunvericiliyin tələbləri baxımından sübut kimi qəbul edilə bilməz.

74. Azərbaycan Respublikasının MPM-in 73.4.-cü maddəsinə əsasən, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir.

75. Azərbaycan Respublikasının MPM-in 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz. Sənədin iddianın təmin edilməsində maraqlı olan iddiaçının özü tərəfindən təsdiq edilməsi MPM-in 89.3-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada təsdiq edilmə hesab edilə bilməz.

76. Azərbaycan Respublikasının MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.

77. Göründüyü kimi, Mülki Prosessual Məcəllənin yazılı sübutlara qoyduğu bu tələbə riayət olunmadıqda həmin sənədlər məhkəmə tərəfindən sübut kimi qiymətləndirilə bilməz.

78. İddiaçı tərəfindən cavabdehə 34.700 manat pulun verilməsi barədə birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahid ifadələrini isə kollegiya mötəbər saymır. Çünki, ilk növbədə şahidlərdən ikisi, Asif Ələkbərov və Oruc Orucov iddiaçının kürəkəni və əmisioğludurlar. Yəni, onlar işin həllində maraqlıdır və ifadələri iddianın təmin olunmasına yönəlmişdir. Digər şahidlərin ifadəsi üzrə kollegiya hesab edir ki, şahidlər hadisəni aydın və məntiqi ardıcıllıqla ziddiyyətsiz şəkildə təsvir etməmiş, habelə sübut olunmalı faktın, yəni nisyə malın cavabdehə verilməsini və ona görə nə qədər pulun qaytarılmasını və ya qalmasını inandırıcı şəkildə göstərə bilməmiş, sadəcə olaraq mübahisə barədə ümumi və təxmini ifadələr vermişlər. Bu da kollegiyaya mübahisənin düzgün həll edilməsi baxımından inamlı nəticə çıxarmağa kifayət etmədiyi üçün kollegiya həmin şahidlərin ifadəsini sübut növü kimi qəbul etmir və nəzərə almır.

79. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

80. Həmçinin sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara mövcud olmayan hallar kimi qiymət verə və iddia tələbini rədd edə bilər.

81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

82. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

83. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

84. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

85. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

86. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

87. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

88. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

89. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

90. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməlidir.

91. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasibətdə ödənilmiş 156 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir.

92. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 403.1 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-1977/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Cavabdeh 22.000 (iyirmi iki min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 156 (bir yüz əlli altı) manat məbləğində pul alınaraq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar