Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-2783/2023 06.12.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alimentin artırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə və cavabdehin vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(076)-2692/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 dekabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiqlənmiş surətindən görünür ki, Şəmilli Duyğu Ayxan qızı xx.xx.2019-cu il tarixdə doğulmuşdur. Şəhadətnamədə ata qrafasında Cavabdeh, ana adı qrafasında isə İddiaçı qeyd olunmuşdur.
2. Şəmkir rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2(076)- 619/2022 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 17 may 2019-cu il tarixdə Gəncə “Asan Xidmət” X1 bağlanmış və 1159 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması, boşanmadan sonra tərəflərin birgə nikahından 17 avqust 2019-cu il tarixdə doğulmuş Duyğu adlı uşağın İddiaçı yanında qalması müəyyən edilməsi və 19 yanvar 2022-ci il tarixdən başlayaraq, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir.
3. xx.xx.2023-cü il tarixli, MŞG/MT0032/2023-00789 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə saat 12:30-da keçirilməsi nəzərdə tutulan mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü Şəmilli Duyğu Ayxan qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılaraq, hər ay 220 manat olmaqla sabit pul məbləğində alimentin və mediasiya xərci olaraq 50 manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2018-ci ildə faktiki evlənməklə xx.xx.2019-cu il tarixdə nikahlarını rəsmi qeyd etdirmişlər. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü Şəmilli Duyğu Ayxan qızı adlı uşaqları doğulmuşdur. Cavabdehlə ailə münasibətləri ilk vaxtlar normal olsa da, sonradan aralarında baş vermiş narazılıqlara görə ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(076)- 619/2022 saylı qətnaməsi ilə hər ay bir uşağa görə 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Lakin hazırda Duyğu adlı uşağın maddi cəhətdən çətinlik çəkir. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği yetkinlik yaşına çatmamış, uşağın maddi cəhətdən saxlanmasında kifayət etmir. Cavabdeh fərdi əməklə məşğul olur, ayda yüksək qazanc əldə edir. Qeyd olunanları nəzərə alaraq xx.xx.2019-cu il təvəllüdlü Şəmilli Duyğu Ayxan qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin məbləğinin artırılaraq, hər ay 220 manat olmaqla sabit pul məbləğində alimentin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh iddia tələbinə dair birinci instansiya məhkəməsinə etiraz təqdim edərək, İddiaçı ona qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
7. Etiraz onunla əsaslandırmışdır ki, hazırda iddianı qəbul etmir. Belə ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ondan 150 manat alimentin tutulması qət edilmişdir. Lakin iddiaçının tələb etdiyi kimi onun hər ay 220 manat aliment ödəmək üçün maddi imkanı yoxdur. Həmçinin, iddiaçı iddia ərizəsində guya onun fərdi əməklə məşğul olmağı, ayda yüksək qazanc əldə etdiyi qeyd etmişdir. Halbuki, o heç bir yerdə işləmir, hər hansı qazancı və ya gəlir gətirən əmlakı yoxdur. Özü müharibə veteranı olmaqla, müharibə iştirakçısı olmuş, ayda 80 manat pensiya alır. Qeyd edir ki, himayəsində yaşlı atası və anası vardır, evin yeganə qazanc gətirəni odur. Ailəsi aldığı 80 manat pensiya ilə dolanır. Onun əksinə olaraq iddiaçı Neftçala rayonunda tarix müəlliməsi işləyir və yüksək əmək haqqı alır. Belə olan halda iddiaçıya ödədiyi alimentin məbləğini artıra bilmər. Təyin edilmiş alimenti belə güclə ödəyir. Hesab edir ki, alimentin məbləğinin artırılması onu, yaşlı atası və anası əlverişsiz vəziyyətə salacaqdır. O aldığı pensiya ailə valideynlərinin tələbatlarını, habelə alimenti çox çətinliklə ödəyir.
8. Şəmkir Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(076)-2692/2023 nömrəli qətnaməsi (hakim Həvayət Məhəmmədi) ilə iddianın qismən təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin 2(076)-619/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2019-cu il təvəllüdlü Şəmilli Duyğu Ayxan qızının saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, xx.xx.2019-cu il təvəllüdlü Şəmilli Duyğu Ayxan qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay bir uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat pul tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
9. Məhkəmə iddianı qismən təmin edərkən onunla əsaslandırmışdır ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (150 manat) isə hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsindən 1 ildən artıq müddət keçmiş, həmin müddətdə minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Bundan başqa məhkəmə qeyd edir ki, əvvəlki məhkəmə qətnaməsi ilə aliment müəyyən edildikdən sonra, tərəflərin ailə və maddi vəziyyətində hər hansı əsaslı dəyişiklik baş verməsə də, həmin vaxtdan bugünə kimi uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun məbləği dəyişmişdir. Belə ki, Azərbaycan Respublikasında 2022-ci il üçün uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edildiyi halda, 2023-cü il üçün bu məbləğ 220 manat həddində müəyyən edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşaqların valideyni olaraq onları saxlamaq vəzifəsinin olmasını və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməlidir.
10. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, 100.2 və 112.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 119.1, 119.2, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(076)-2692/2023 nömrəli qətnaməsinin dəyişdirilməsini və aliment məbləğinin artırılaraq 220 manat sabit pul məbləğində təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, göründüyü kimi azyaşlı uşağının minimum dolanacaq xərclərindən az olan məbləğdə aliment müəyyən edilmiş, hazırda isə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azyaşlı uşağının getdikcə artan tələbatlarını ödəməkdə çox çətinlik çəkir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, izahatında göstərmişdir ki, qızı Duyğunun 4 yaşı vardır. Uşaq böyüdükcə xərcləri də artır, uşağın saxlanması ilə bağlı gündəlik qayğılar onun üzərinə düşür. Hazırda Neftçala rayonunda Şorkənd kəndində müvəqqəti olaraq müqavilə ilə tarix müəlliməsi işləyir və 400 azn məbləğində əmək haqqı alır. Dərs saatı az olduğu üçün əmək haqqısı aşağıdır. Həmçinin, 180 manat məbləğində kirayə haqqı ödəyir. Birinci instansiya məhkəməsi tərəfindən artırılmış 170 manat məbləğində aliment isə uşağın saxlanmasına kifayət etmir. Cavabdeh avtomaşını olmaqla taksi fəaliyyəti ilə məşğuldur. Və özlərinə məxsus torpaq sahəsində istilikxanaları vardır. Cavabdehin maddi vəziyyəti çox yaxşıdır. O, isə ağır maddı ehtiyac içində yaşayır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilərək, aliment məbləğinin hər ay 220 manat sabit pul məbləğində təyin edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, oğlu Cavabdeh maddi imkanı çox aşağıdır. Cavabdeh qısa müddət taksi kimi fəaliyyət göstərmiş, lakin sonra işləməmişdir. Cavabdehin adına Qazel markalı, özünun isə Mersedes markalı avtomaşın vardır. Onlara məxsus torpaq sahəsində əvvəllər istilikxana olmaqla əkin işləri aparılmışdır. Cavabdeh, pensiya alır, aliment məbləğinin artırılmasını istəmir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili X3 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. O, nümayəndəsi və vəkili ilə təmsil olunmuşdur. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
18. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
19. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ həm də borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
20. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
21. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
22. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
23. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
24. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Konvensiya
25. Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
26. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
27. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır
28. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.
Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimimu haqqında Azərbaycan Respublikası Qanunu
29. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına
32. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə;
33. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
34. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
36. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
37. Maddə 402.2 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
38. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
41. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin yalnız təyin edilmiş alimentin miqdarını mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(076)- 2692/2023 nömrəli qətnaməsi mübahisələndirilən - xx.xx.2019-cu il təvəllüdlü Şəmilli Duyğu Ayxan qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay bir uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi - hissəsində dəyişdirilsin, xx.xx.2019-cu il təvəllüdlü Şəmilli Duyğu Ayxan qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün bu qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, Cavabdeh hər ay bir uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilməlidir.
43. Belə ki, işin halları ondan ibarətdir ki, tərəflər 2018-ci il tarixdə faktiki olaraq evlənmiş, xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü Şəmilli Duyğu Ayxan qızı adlı uşaqları doğulmuşdur. Daha sonra ailədaxili narazılıqlara görə faktiki olaraq ayrılmışlar. Şəmkir Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(076)-2692/2023 nömrəli qətnaməsi ilə, Cavabdeh ilə İddiaçı arasında 17 may 2019-cu il tarixdə Gəncə “Asan Xidmət” X1 bağlanmış və 1159 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması, boşanmadan sonra tərəflərin birgə nikahından 17 avqust 2019-cu il tarixdə doğulmuş Duyğu adlı uşağın İddiaçı yanında qalması müəyyən edilməsi və 19 yanvar 2022-ci il tarixdən başlayaraq, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Hazırda həmin məbləğdə aliment uşağın saxlanması üçün yetərli deyildir. Cavabdeh uşağın saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmir. Bundan başqa cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir.
44. Yuxarıda sadalanan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2023-cü il üçün 220 manat müəyyən edilmişdir. Hazırda Duyğu adlı uşaq üçün ödənilən 170 manat aliment, müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə əhəmiyyətli dərəcədə azdır və uşağın saxlanması üçün yetərli deyildir. Ona görə də, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Duyğu adlı uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsas vardır.
45. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir.
46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğininin artırılmasının mümkünlüyü barədə düzgün nəticəyə gəlsə də, alimentin miqdarını düzgün müəyyən etməmişdir.
47. Məhkəmə kollegiyası, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay 200 manat sabit pul məbləğində aliment müəyyən edilməsini onun mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir. Həmçinin cavabdehi əlverişsiz vəziyyətə salmır.
48. Uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi).
49. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə qismən əsaslıdır.
50. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddia tələbi qismən təmin edildiyindən ona hər ay cavabdeh tərəfindən ödənilməli olan sabit pul məbləğində alimentin artırılmış hissəsinin bir il ərzində məcmusu 600 manat təşkil edir.
51. Göründüyü kimi, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.3, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Şəmkir Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli, 2(076)-2692/2023 nömrəli qətnaməsi mübahisələndirilən - xx.xx.2019-cu il təvəllüdlü Şəmilli Duyğu Ayxan qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay bir uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi - hissəsində dəyişdirilsin. xx.xx.2019-cu il təvəllüdlü Şəmilli Duyğu Ayxan qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün, Cavabdeh bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay bir uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayət verilə bilməz.